20 Mart 2015 21:44
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konsert, tamaşalar...

"Gündəlik Teleqraf" sənət ocaqlarının Novruz "xonça"sını təqdim edir:

"Azdrama"nın "Novruz kompozisiyası"

Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov qəzetimizə açıqlamasında deyib ki, teatrda mart ayının 20-dən 25-nə kimi "Novruz kompozisiyası" nümayiş olunacaq. Kompozisiyada müxtəlif musiqili nömrələr təqdim olunacaq, Kosa və Keçəl uşaqları əyləndirəcək. Musiqili Teatrın mətbuat xidmətinin əməkdaşı Ağca Muxtarlı deyib ki, teatrda mart ayının 22-də səhər saatlarında "Qırmızı papaq", axşam saatlarında isə "Ər və arvad" tamaşaları nümayiş olunacaq.

Gənc Tamaşaçılar Teatrında balaca tamaşaçılar üçün bu ayın 21-də "Qoğalın nağılı", 22-də "Qırmızı papağın nağılı", 23-də "Dəcəl keçi", 24-də "Məlikməmməd və sehrli almalar" tamaşaları nümayiş olunacaq. Martın 28-də "Çəkməli pişik"lə, "Gözəllik kraliçası", 29-da isə ərəb nağılı "Əlibaba və qırx quldur", Şekspirin "III Riçard" tamaşaları nümayiş olunacaq.

Tamaşadan bol teatr

Kukla Teatrının mart repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu gün A.Şaiqin "Tiq-tıq və Taq-taqın nağılı", Canni Rodarinin "Çipollino" tamaşaları göstəriləcək. Uşaqlar "Çipollino"ya ayın 25 və 27-də də baxa bilərlər. "Qoçaq Əhməd" tamaşası martın 22, 26 və 29-u tarixləri üçün də teatrın repertuarındadır. "Pinokkionun sərgüzəştləri"nə balaca tamaşaçılar ayın 24-də, "Qoğal" rus xalq nağılına isə martın 21, 23 və 28-də baxa biləcəklər. "Məlikməmməd" tamaşası martın 26-da, "Göyçək Fatma" ayın 28-də, xalq nağılımız "Sehrli üzük" 21-də, Nicat Kazımovun "Ələddin" tamaşası martın 22 və 29-da, Əli Səmədlinin "Cik-cik xanım"ı isə 25-də nümayiş olunacaq.

"Çipollinonun macəraları"

Rus Dram Teatrında balacalar Moskva Teatrı aktyorlarının qastrolu çərçivəsində martın 20-21-də "Çəkməli pişik", martın 22-23-də "Çipollinonun macəraları" tamaşalarını izləmək imkanı qazanacaqlar. Həmçinin "Durna balığının buyruğu ilə", "Maşa və ayı" tamaşaları isə martın 28-də və 29-da oynanılacaq. Bundan başqa teatrda martın 26-da Ostrovskinin "Qurdlar və qoyunlar", 27-də Mixail Zadornovun "Ər almaq istəyirəm", 28-də Lermontovun "Maskarad" dramı, 29-da Ceyms Ostinin "Qürur və qərəz" tamaşası göstəriləcək.

"Qızıl dördlük"

Bakı Dövlət Sirki "Sirk Çinizelli"nin təqdimatında Bakıda ilk dəfə olaraq "Qızıl dördlük" adlı sirk şousunu təqdim edəcək. Bakı Dövlət Sirkinin Novruz Bayramı münasibətilə təşkil edəcəyi möhtəşəm sirk şousunda Böyük Moskva, Nikulin, Çinizelli və Belarus sirklərinin artistlərinin çıxışı olacaq. Proqramda akrobatlar qrupu, timsahlar, şar içində motosikletçilər, "Professor Yermakovun itlər məktəbi", ekzotik tutuquşular, atlar və dəvələr, hava nömrələri, qeyri-adi lazer və işıq effektləri, şən klounlar olacaq. Martın 14-dən başlayan bu proqram ayın 30-dək davam edəcək.

Sarayda şənlik şənliyə qarışacaq

Bayram münasibəti ilə martın 22-23-də Heydər Əliyev adına Sarayda "Xonçalı Novruz gəlir" şənliyi təşkil olunacaq. Əsasən uşaqlar üçün nəzərdə tutulan bu şənlikdə Bahar qızı, Kosa və Keçəl, eyni zamanda "Asiman", "Zirvə", "Natiq" rəqs qruplarının, eləcə də məşhur estrada müğənniləri iştirak edəcəklər. Şənlikdə iştirak üçün biletlərin qiyməti 5-15 manat arasında dəyişəcək. Martın 25-də isə Sarayda açıq qapı günü keçiriləcək. Belə ki, sözügedən məkanda təşkil olunan "Xoş gəlmisən, Novruzum" adlı bayram konsertinə giriş sərbəst olacaq. Bayram konsertində Teyyub Aslanov, Gövhər Rzayev, Səlim Abbasov, müğənnilər Samir Piriyev, Günay İbrahimli, Vasif Məhərrəmli, Gülay Qədirova və başqaları iştirak edəcək.

Nərmin


Müəllif: