24 Mart 2015 23:09

Bu gün Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, açılış mərasimində “Şirin Neşat: Gözlərimin Evi” sərgisi təqdim edilib. Sərgi 23 iyun 2015-ci il tarixinədək davam edəcək.

Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da sərgilənib. Bu sərgidə işləri ilə Azərbaycanda rezonans doğuran dünya şöhrətli rəssamlarla yanaşı, Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən rəssamların da əsərlərini görmək mümkündür.

Şirin Neşatın işlərində insanın mədəni kimliyi və gender problemləri araşdırılaraq, “şəxsiyyət” anlayışına dair həm müasir konsepsiyalara, həm də İrana xas olan ənənəvi təsəvvürlərə müstəqil münasibət bildirilir. Son vaxtlar Şirin Neşat özünün fotoqrafiya yaradıcılığında daha çox portret janrına üstünlük verilir. Şirin Neşat, portretdən süzgəc kimi istifadə edərək, şəkildəki adamın daxili dünyasının dəyişilməsini, həyat hekayətlərini araşdırıb üzə çıxarır – sanki, əsər qəhrəmanının üzünə baxınca onun tarixçəsini “oxumaq” olur.

Şirin Neşatın “Gözlərimin Evi” (2015) adlı foto-silsiləsinin yaranması elə məhz müəllifin portret janrına artan marağından irəli gəlib. 2014-cü ildə Azərbaycanda olarkən, Şirin Neşat 50-dən çox adamın foto-portretini çəkib. Ölkəmizin müxtəlif bölgələrini təmsil edən bu adamların yaşı 2-dən 80-nə qədər olub. Çəkiliş zamanı Şirin Neşat həmin adamlara onların doğma ocaq və mədəni kimlik anlayışlarına dair bir sıra suallar verib. Cavablar xəttatlıq üsuluyla hərənin öz portreti üzərinə yazılıb.

Çəkilən şəxslər sırasında YARAT-ın təsisçisi və direktoru Aida Mahmudova və qızı da var.

Şirin Neşat öz fikrini belə anladır: “Bu yeni portretlər silsiləsini əsrlər boyu ən müxtəlif millətlər, dinlər və dillər üçün qarşılıqlı ünsiyyət meydanı olmuş ölkənin portreti kimi qiymətləndirirəm. Müxtəlif nəsilləri təmsil edən 55 kişi və qadın portretindən ibarət olan bu silsilə Azərbaycanın zəngin tarixinə və müxtəlifliyinə həsr etdiyim insan palitrasıdır”.

Qeyd edək ki, YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgiləmə yeridir, hərçənd, təsisçisi və bədii rəhbəri Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox layihə həyata keçirib. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 m2 təşkil edən, vaxtilə sovetlər dövrünün möhtəşəm hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra, indi o, YARAT-a məxsusdur və müasir incəsənətin, eləcə də incəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır. Tədris-təlim işi, ümumiyyətlə, YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən sahədir. Bu proqramın ehtiyaclarını təmin etmək üçün yeni mərkəzdə kitabxana və toplantı salonu olan tədris bazasına da yer ayırılıb.

YARAT Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təbliğ və təmsil olunması ilə məşğuldur.

YARAT (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 80-dən artıq layihə həyata keçirilib.

Təşkilat böyüməkdə davam edir. 2014-cü ildə YARAT-ın yeni bir binası istifadəyə verilib. Bu binada rəssam emalatxanaları, eləcə də “art-rezident” proqramı üçün mənzillər yerləşirBu gün isə YARAT Müasir İncəsənət Mərkəzi də açılıb. YARAT-ın ilk daimi sərgiləmə yeri olan bu yeni mərkəz Qafqaz, Orta Asiya və qonşu ölkələri əhatə etməklə müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaq olacaq. YARAT-ın proqramları təşkilatın təsisçisi və bədii rəhbəri Aida Mahmudova, icraçı direktoru Fərid Abdullayev və mərkəzin kurator-direktoru Suad Qarayeva tərəfindən tərtib və təşkil olunurlar.

Şirin Neşat haqqında

İran əsilli rəssam Şirin Neşata gəlincə, o, xaricdə təhsil almaq üçün 1974-cü ildə İranı tərk edib, bir də vətəninə 1990-cı ildə səfər edib. Onun bu səfəri bütün gələcək yaradıcılığına güclü təsir göstərir, sənətində novator olmağı üçün ona ilham verir. 1993-1997-ci illərdə ərsəyə gətirdiyi “Allahın qadınları” ağ-qara fotolar silsiləsinində Şirin Neşat əsərlərindəki qəhrəmanların əl-üzünə xəttalıq üslubunda fars yazılarını düzərək öz novatorluğunu nümayiş etdirir. 1999-cu ildə “Coşqun” (Turbulent) adlı filminə görə Venesiya Biennalesinin beynəlxalq mükafatını qazandığından sonra ona dünya şöhrəti gəlir. 2000-ci ildə Londondakı Serpentine qalereyasında Şirin Neşatın fərdi sərgisi keçirilir. Şirin Neşat bir çox mükafatlara layiq görülür, o cümlədən 2014-cü ildə Davosda Dünya Biznes Forumunun Büllur prizi, 2000-ci ildə Koreya Biennalesində Qran-pri, 2008-ci ildə “Kişilərsiz qadınlar” adlı filminə görə Venesiya Beynəlxalq Kino Festivalının “Ən yaxşı rejissor işi” nominasiyasında Gümüş Şir mükafatı ona təqdim edilir.

Şirin Neşat Nyu-Yorkda yaşayıb çalışır.

Sərgidən fotoları təqdim edirik. Fotolar Teleqraf.com-a məxsusdur.

Nərgiz Ehlamqızı

Nərmin Muradova


Müəllif: