19 May 2014 12:15
510

Beynəlxalq Muzeylər Şurasının (İCOM) 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.

Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Əsas məqsəd hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irs, muzeylərin müasir vəziyyəti və bu sahədə mövcud olan problemlərə cəlb etməkdir.

Azərbaycanda da hər il Beynəlxalq Muzeylər günü müxtəlif kütləvi tədbirlər, sərgilər, təmir olunmuş muzeylərdə yeni ekspozisiyaların açılış mərasimləri ilə qeyd olunur.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Mətbuat Xidmətindən Teleqraf. Com-a verilən məlumata görə, hər il olduğu kimi, bu il də 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Açıq qapı” günü keçirilib. Bu münasibətlə Milli Azərbaycan Ədəbiyyatı Muzeyini gün ərzində çoxlu sayda insan ziyarət edərək, buradakı sərgi, ekspozisiya, müxtəlif sənədlər, əlyazmalar və s. ilə yanaşı, qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış olublar.

Ziyarətçilərə, həmçinin Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi haqqında ətraflı məlumat verilib.

NİGAR


Müəllif: