20 May 2014 16:55
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Azərbaycanda ilk dəfə uşaq ifalarından ibarət “Bu mənəm” albomu işıq üzü görüb.

Bunu Teleqraf.com-a açıqlamasında layihənin rəhbərlərindən biri bəstəkar Ülviyyə Vəliyeva deyib. Onun sözlərinə görə, əsasən uşaq mahnılarından ibarət diskin buraxılmasının məqsədi uşaq mahnılarının təbliği, istedadlı uşaqlara dəstəkdir. Alboma daxil olan mahnılar Azərbaycanın istedadlı balaca ulduzları, Azərbaycanı Avroviziya müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox müsabiqələrin qalibləri tərəfindən ifa olunub.

O bildirib ki, may ayının 27-də “Bu mənəm” adlı diskin təqdimatı və konsert proqramı keçiriləcək. Konsertdə həmçinin Azərbaycanda ilk dəfə “Rəngarəng duyğular” uşaq rəsm studiyasının moda nümayişi olacaq. Konsertdən sonra Jazz Band öz ifası ilə dinləyicilərə gözəl musiqi dəqiqələri bəxş edəcək.

Konsertə tanınmış müğənnilər, həmçinin başqa sahələrin tanınan simaları qonaq qismində iştirak edəcəklər. Tədbirdə həmçinin istedadlı uşaqlara dəstək aksiyası keçiriləcək.

Qeyd edək ki, tədbir Bakı Caz Mərkəzində keçiriləcək.

Nərmin


Müəllif: