22 May 2014 10:30
855

Kinematoqrafiyamız qadınlara diqqət ayırırmı?

Kino incəsənətin elə növüdür ki, burda cəmiyyətin bütün təbəqələri, uşaq, böyük, qadın, kişi də daxil olmaqla, hər kəsin problemləri işıqlandırıla bilər və bu, hətta vacibdir. Kinematoqrafiyanın zənginliyi, mövzu müxtəlifliyi, cəmiyyətə təsiretmə vasitəsi kimi duruşu da məhz bu məqamda üzə çıxır. Əlalxüsus da bir filmdə qadın dünyası, problemləri, qarşı cinslə münasibətləri və s. araşdırılanda. Görəsən, qadınlara Azərbaycan kinematoqrafı nə dərəcədə diqqət ayıra, onların problemlərini necə işıqlandıra bilir? “Gündəlik Teleqraf” bunu xanım aktrisalardan soruşdu.

“Ən maraqsız obraz özüməm”

Xalq artisti Həmidə Ömərova bir müddət filmlərə, seriallara çəkilməməsinin səbəbini məhz bununla əlaqələndirib. Hətta deməkdən artıq yorulub, özü də qələmi əlinə alıb qadınlardan yazmağa başlayıb. O deyir ki, orta yaşlı qadınların həyatından bəhs edən ssenarilərin yoxluğu böyük problemdir. Məhz ona görə də orta yaşlı qadınların yaşantılarını, problemlərini qələmə almağa başlayıb:

“İndiki filmlərdə bizim yaşda qadınların problemləri ortaya qoyulmur. Sanki Azərbaycanda biz yaşda qadın, problemlərimiz , həyatımız yoxdur. Amm dünya kinematoqrafiyasında hər yaş təbəqəsindən xanımların həyatı canlandırılır. Özümün yazdığım ssenari isə çoxdan yazılıb. Hətta birinin 30, digərinin 40 seriyası hazırdır. Ssenarini bitirmişdim, kompyuterdə sonuncu epizodunu yazanda birdən düşündüm ki, hər şeyi tamamlayan şəxs haqda çox az məlumat var, amma çox maraqlı fiqurdur. Bir il də onun haqqında yazmağa başladım və 180 səhifə ona həsr olundu. Bu ssenaridə bütün sənət adamları əksini tapır. Orda özümüm də obrazım var. Amma çox maraqsız obrazdır”.

“Yaxşı ki, seriallar var”

Əməkdar artist Xalidə Quliyeva da bildirib ki, indi orta yaşlı qadın aktrisalar üçün çox az ssenarilər yazılır:

“Kinolarımızda qadın obrazı görə bilmirik. Bunu bir dəfə demişəm, yenə deyirəm indi İlqar Fəhmidən başqa heç kim qadınlar üçün ssenari yazmır. Yəni, orta yaşlı qadınların həyata baxışları, arzuları, görmək istədikləri qələmə alınmır. Bircə, İlqar bütün ssenarilərində qadın problemlərinə toxunur”. Onun fikrincə, Azərbaycan dünya kinematoqrafiyasına çıxmaq istəyirsə mütləq qadınlarımıza yer ayırmalıdır. Filmlərdən fərqli olaraq seriallarda qadın problemlərinin işıqlandığını deyən Xalidə xanım buna da şükür etdi: “Yaxşı ki, seriallar var. Bir serialda mən 50 yaşını haqlamış tək qadını canlandırırdım”.

Əməkdar artist Naibə Allahverdiyeva da şikayətçi danışıb. O nəinki filmlərdə, hətta seriallarda, teatr səhnəsində aktrisaların istedadının yetərincə qiymətləndirilməməsindən gileylənib.

Nərmin


Müəllif: