17 Aprel 2014 16:11
1 115

"Məqsədimiz insanı çılpaq göstərmək deyil"

Oda Teatrı cəsarətli addım atacaq. Teatr çılpaq səhnələrlə bol yeni tamaşa təqdim edəcək. Bunu teatrın rəhbəri Elmin Bədəlov qəzetimizə açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Dram Teatrının səhnəsində oynanılan "Qatil" tamaşasının ətrafında yaranan söz-söhbət də onları qorxutmur: "Heç kimdən çəkinmirik, tamaşanı tezliklə təqdim edəcəyik. Əslində, biz əsəri hazırlamağa başlayanda "Qatil"lə bağlı o məlum qalmaqal baş verməmişdi. Amma qalmaqal bizi bu əsərdən imtina etməyə məcbur etmədi.

Məşqlərimiz tam gücü ilə davam edir. Tamaşada iki nəfər - bir xanım aktrisa və bir də mən iştirak edirəm. Tamaşada açıq səhnələr yer alacaq, amma pyesin mövzusu çox dərindir. Tamaşaya baxan hər kəs başa düşəcək ki, bizim məqsədimiz hər hansı insanı çılpaq göstərmək deyil. Əsər rus dramaturqunun əsəridir.

Afişalarda öncədən 18+ işarəsi qeyd olunacaq. Mən deyərdim ki, cinsəl səhnələr yox, daha çox düşündürücü səhnələrlə bol tamaşadır. Qəhrəmanlar səbəbsiz yerə çılpaq olmayacaq. Tamaşanın rejissoru İmam Həsəndir". Xanım aktrisanın adını açıqlamaq istəməyən Elmin Bədəlov bu rol üçün aktrisa tapmağın çətinliyindən danışıb: "Əslində, bu vaxta kimi tamaşanı təqdim edə bilməməyimizin əsas səbəbi məhz aktrisanın tapılmaması idi. Çünki xanım aktrisalar bu rolda oynamaq istəmirdilər. Biz çox axtardıq.

Gələnlərə pyesi təqdim edib, səhnədə baş verə biləcəkləri deyəndə onlar imtina edirdilər. Onlar deyirdilər ki, biz başa düşürük sizi, sadəcə ailəmiz bizə problem yaradacaq. Hətta iki aktrisa ilə məşqlərə başlamışdıq, amma sonra evdən təzyiqlər nəticəsində imtina etdilər. Hazırda biri ilə işləyirik, hələ ki, imtina etməyib. Maksimum dərəcədə çalışırıq ki, tamaşanı tez hazırlayıb təqdim edək. Aktrisa ilə bağlı problem çıxmasa, tamaşanın premyerası tezliklə baş tutacaq".

Nərmin


Müəllif: