23 May 2014 13:20
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Park Cinema” kinoteatrlar şəbəkəsində “X adamlar: Gələcəyin keçmiş günləri” filminin nümayişinə başlanıb.

Kinoteatrın müdiri Namiq Quliyev Teleqraf.com-a açıqlamasında deyib ki, bu film də digər öncəki bölümləri kimi maraq doğuracaq. O, əlavə edib ki, “X adamlar: Gələcəyin keçmiş günləri” - Marvel Comics personajları haqqında yeddinci, rejissor Brayan Singerin çəkdiyi üçüncü filmdir.

Onun sözlərinə görə, ssenari 1981-ci ilin Kris Klermont və Con Birnin məşhur “Days of Future Past” komiksinə əsaslanır.

N.Quliyev qeyd edib ki, blokbaster eyni zamanda 3 filmin sikvelidir: “X adamlar: Sonuncu döyüş”, “Rosomaxa: Ölməz” və “X adamlar: Birinci Klass”. Filmin süjetində indiki və gələcək zamanın mübarizəsi görünür.

“Gələcəkdə - azadlıqdan məhrum olmuş mutantlar üçün düşərgə, indiki zamanda isə Mistik başda olmaqla qəzəbli mutantların Qardaşlığı ilə dayanmayan qarşıdurma, keçmişdə isə-mutantları təcrid edə biləcək keşikçilərin hökmranlığının qarşısını almaq imkanı. Üstəlik zamanda səyahət etmək bacarığı sayəsində gələcəkdə yaşayan Kitti Prayd indiki mutantlara onları nə gözlədiyindən xəbərdarlıq edir. Lakin bu kifayət deyil, çünki gələcəkdən indiyə həmçinin pis qüvvələri də gəlib. Mən əminəm ki, Cennifer Lourens və Hyu Cekmanın mükəmməl oyunu ilə kinomanları 140 dəqiqə maraqlı süjet gözləyir. “Park Cinema” öz ənənələrinə sadiq qalır. Dünya premyerasından öncə film jurnalistlərə göstəriləcək. Məhz onlar aktyorların oyununa və rejissorun istedadına birinci qiymət verəcəklər”.

Xatırladaq ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan “Park Cinema” 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. “Park Cinema” kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında “Park Cinema Zaqulba”da 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. “Park Cinema Fıame Tower” isə şəbəkənin 6-cı kinoteatrıdır.

Kinoteatrın bir zalı İMAX texnologiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunub və kinoproyeksiya sahəsində təqdim olunan aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Aytən Həsənova


Müəllif: