24 May 2014 18:16
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xeyli sayda bölgə teatrları var ki, onlar məskunlaşdığı ərazidə əhaliyə teatr mədəniyyətini aşılayır, mədəni obyektlər kimi fəaliyyət göstərirlər. Bakıda yerləşən və fəaliyyətini quran teatrlardan fərqli olaraq ,onların "dərdlər"i kifayət qədərdir. "Artırma"da bu dəfə bəzi bölgə teatrlarının işini gün üzünə çıxarıb, qayğılarından danışacağıq.

I yazı

Qalmaqallar

Yer gəlmişkən, ötən ilin son günlərində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev illik hesabat çıxışında bölgə teatrlarını tənbeh etmişdi. Bunun nəticəsində lazımi tədbirlər görülüb, direktorların bəziləri öz ərizələri ilə işdən çıxıblar. Hər halda mediaya açıqlamaları bu formada olub. Tənbehlərə, heç şübhəsiz, mətbuat orqanlarında dərc olunan narazılıqlar, qalmaqallar da təsir edib. Məsələn, uzun müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrının keçmiş direktoru Mehman Şükürov teatrda çalışan Anar Bayramovla olan söz-söhbətləri ilə yadda qalıb. Məhkəməyə qədər gedib çıxan çəkişmənin sonunda direktor ərizəsini yazaraq işdən ayrılıb. Yerinə Lənkəran Dövlət Dram teatrının direktoru İslam Həsənov təyin olunub. İslam bəyi isə Lənkəran Teatrında Tofiq Heydərov əvəzləyib.

Yerdəyişmələr nə vəd edir?

Teatrın ona qədərki müəyyən problemlərindən danışan İslam Həsənov bildirib ki, əsas məsələ teatrda axşam seanslarını bərpa etməkdir. Bu istiqamətdə teatrda işlər qaydasına salınıb. O bildirib ki, teatrının səs-sorağı respublikamızın hüdudlarından kənarda daha tez-tez eşidiləcək: "İndi texniki imkanlarımızı genişləndirməyə çalışırıq. Bu məsələni də mövsümün sonuna kimi həll etməliyik ki, növbəti mövsümdən xarici ölkələrin teatrları ilə işbirliyi qura bilək. Teatrın strukturunda, ştat cədvəlində müəyyən dəyişiklər olacaq. Eləcə də teatrımız müəyyən bir çərçivədən çıxmış olacaq. Çoxdan idi ki, teatr bu missiyanı tam yerinə yetirə bilmirdi. Bununla bağlı Bədii Şurada baş rejissor və aktyorlarla müzakirələrimiz olub. Yalnız onu deyə bilərəm ki, yeni mövsümdən maraqlı tamaşalarla repertuarımız zənginləşəcək. Jan Anuyun "Antiqona", Raffi Şartın "Arvadımın adı Marisdir", türk yazarı Əziz Nesinin "Öldür məni, can-ciyər", Əhməd Orucun "Açarı itirənlər" əsərləri üzərində iş davam etdirilir".

Çıxarılanlar qayıdıb

Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənov da işdən çıxıb. Qeyd edək ki, o da mətbuatda teatrın aktyorları ilə bağlı qalmaqallarla yadda qalıb. İş hətta aktyorların işdən çıxarılmasına qədər gedib çıxmışdı. Hazırda teatrın yeni direktoru Səxavət Məmmədovdur. O qəzetimizə açıqlamasında bildirib ki, işdən çıxarılanların bəziləri yenidən teatra cəlb olunub: "Məlumatınız var ki, teatrda baş verən bəzi hadisələr nəticəsində aktyorlar işdən çıxarılmışdı. Onların əlində işə bərpa olunmaları ilə bağlı məhkəmə qərarı var idi. Onları işə bərpa etdik və tövsiyələrimizi verdik. 1 il 6 aydır biri işsiz, ikisi isə tamaşalarımızda iştirak etməyən aktyorlarımızı işə cəlb etmişik".

Direktor: "Fərda Xudaverdiyevi dəvət etdik"

O bildirib ki, yeni repertuar planına əsasən bir yeni tamaşanı təhvil veriblər: "Mövsümün sonuna daha bir tamaşanın premyerasını edəcəyik. Avqust ayının sonlarında iki uşaq tamaşasının məşqlərinə başlanılacaq. Bundan sonra tamaşaçılar tamaşalarımıza həftədə iki dəfə ancaq axşam saatlarında baxacaq. Mingəçevir əhalisinin teatra diqqətini cəlb etmək üçün digər tədbirlər keçirilir. Bunlara misal olaraq konsert proqramları təşkil etmişik. Gülüş günü ilə əlaqədar olaraq Bakıdan şoumen Fərda Xudaverdiyevi dəvət etdik. Teatrın mənə qədər saytı var idi ki, mən onun fəaliyyətini dayandırdım. Buna səbəb saytı köklü dəyişdirməkdir. Hazırda sosial şəbəkələrdə teatrın səhifələrini yaratmışıq, daim aktivdir və 570-ə yaxın izləyicimiz var. Bundan başqa şəhərin mərkəzində üç şüşəli afişa tumbaları qoyulacaq, biri isə artıq gələn həftədən tamaşaçıların ixtiyarına veriləcək".

Baş rejissorsuz qalıblar

"Mən vəzifəyə gələnə qədər teatrın baş rejissor vəzifəsi boş idi. Belə ki, Günay xanımın vəzifəsi müqavilə əsasında bitmiş və Bakıya geri çağırılmışdı. Rejissor sənəti ilə bağlı regionda peşəkar mütəxəssis tapmaq çox çətindir. Ona görə də hələ ki, repertuarımızda yer alan tamaşaları Bakıdan dəvət etdiyimiz rejissorlar hazırlayırlar. Məsələni nazirlikdə qaldırmışıq, inşallah bu posta yeni rejissor təyin olunacaq".

"Təhsilli aktyor yoxdur"

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov deyir ki, nazirlik, həm də digər teatr cameəsi tərəfindən Qax Kukla Teatrının tanınması, özünü təsdiqləməsi 2005-ci ildən sonra başlayıb:

"Teatr özünün xoşməramlı fəaliyyəti ilə uşaq dünyasına rəng qatmaq, balacaları səhnəyə, böyük sənətə bağlamaq amalı yaşayır. "Həmçinin öz tamaşalarımıza biz balacalara estetik zövq aşılayırıq. İstər sovetlər dövründə, istərsə də ölkəmiz müstəqillik əldə etdikdən sonra iştirakçısı olduğumuz beynəlxalq teatr festivalları, əldə etdiyimiz uğurlar buna əyani sübutdur. Teatr, həqiqətən də, inkişaf edir. Həm tamaşaçı, həm də tamaşa baxımından. Hazırda teatrın binası şəhərin mərkəzində, parkın içində yerləşir. Bina teatrın özünün balansındadır. Bakı teatrları ilə müqayisədə əsaslı təmirə ehtiyacı var. Prezidentin sərəncamına görə, "2009- 2019 teatrların inkişafına dair" dövlət proqramına əsasən, bizim teatr da təmir olunmalıdır. Ümid edirik ki, bəlkə, gələn il bu baş tutar". Onun sözlərinə görə, teatrda ən böyük problem təhsilli aktyor və aktrisaların olmamasıdır. Hazırda teatrda çalışan aktyorlar orta məktəbi təhsili olanlardır. Orta məktəbdən sonra onlar bizdə kurs keçib, işə başlayıblar. Ümumiyyətlə, bizdə kadr yoxdur".

Repertuar məsələsinə gəlincə, direktor bildirib ki, bunu balanslaşdıra bilir: "Hər bir teatrın özünəməxsus repertuar siyasəti var. Bizim repertuar siyasətimiz yaşadığımız dövrün tələbi, klassik tamaşaların təbliği, beynəlmiləlçilik ideyalarının tərənnümü, vətənpərvərlik və əsası, millilik bizim üçün əsas meyardır".

Ən böyük problem- tamaşaçı

Salyan Dövlət Kukla Teatrının direktoru Yavər Cəbrayılov isə deyir ki, teatrda təqdim olunan tamaşalar uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünyagörüşlərinin formalaşmasında böyük rol oynayır: "Bu günə qədər teatrın repertuarında 60-dan çox tamaşa oynanılıb. Biz mədəni hadisələrdən geri qalmırıq. Belə ki, Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar olaraq dövlət sifarişi ilə "Xırs quldurbasan" tamaşasını hazırlamışıq". O bildirib ki, teatrın özünün kukla sexi var və daim fəaliyyətdədir. Direktor deyir ki, tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilir. Bura Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Biləsuvar, Cəlilabad, Masallı aiddir:

"Teatrın aktyorları yerli sənət adamlarından təşkil olunub. Kollektivimizdə 14 nəfərdən ibarət yaradıcı heyət çalışır. Çox yaxşı, işgüzar və sənətini sevən kollektivdir. Aktyorlarımızın hamısı istedadlıdırlar. Teatrımızda işləmək üçün nə qədər insan bizə müraciət edir. Biz kadr qıtlığı ilə üzləşməmək üçün həvəskarlar studiyası yaratmışıq".

O bildirib ki, teatrın ən böyük problemi tamaşaçı problemidir: "Amma bu, tək bizdə deyil, bütün teatrlar bu problemlə qarşılaşırlar".

Nərmin Muradova


Müəllif: