1 İyul 2015 20:23
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Art Villa” qalereyasında ilk dəfə fotoillüstrasiya üslubunda portretlər sərgisi açılıb. Teleqraf.com-un xəbərinə görə, müəllifi gənc qrafik dizayner Rəsul Həsənov olan “Düha” adlı portretlər sərgisi “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının dəstəyi ilə həyata keçirilib.

Layihədə portretlərlə yanaşı, obrazlı rəsm əsərləri da nümayiş olunub. Müəllifin fotorealistik üslubda hazırladığı 20 rəsm portretində görkəmli ədəbiyyat və incəsənət xadimlərinin obrazları canlandırılır və tədricən unudulmuş keçmiş yenidən bərpa edilir. Bir sıra incəsənət nümayəndələrinin və ölkəmizdə olan xarici qonaqların da qatıldığı sərgi böyük maraqla qarşılanıb.
Tədbiri açıq elan edən Rəsul Həsənov sərginin “Düha” adlandırılmasını tariximizdə mühüm rol oynamış dahi şəxslərin portretlərinin bura daxil etməsi ilə əlaqələndirib.
Qeyd edək ki, sərgidə portretlərlə yanaşı obrazlar da nümayiş etdirilib. Portretlər və obrazlar arasında Hüseyn Cavid, Mikayıl Müşfiq, Fətəli Xan Xoyski, Vaqif Mustafazadə, Üzeyir Hacıbəyov, Abbasqulu ağa Bakıxanov, Xurşudbanu Natəvan, eləcə də Lev Tolstoy, Frank Sinatra və digərləri kimi dünya tarixində böyük rol oynamış şəxslər yer alıb.

Qrafik dizayner və illüstrator Rəsul Həsənov 1991-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnologiya və Dizayn” fakultəsini bitirib. 2004-cü ildən dizayn sahəsində çalışmağa başlayıb. Portretlər silsiləsinin yaranma tarixi isə üç il əvvələ söykənir. Fotorealistik üslubda hazırlanan portretlər həmin şəxsləri yenidən canlandırmağa, tədricən unudulmuş keçmişi yenidən oyatmağa yönəldilib.

Nərmin


Müəllif: