7 İyul 2015 01:30
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə Azərbaycanda Koreya kinosu festivalının açılışı olub.

AZƏRTAC xəbər veriri ki, Koreya Fondu, SEBA (Seul-Bakı) Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən festivala YAP Gəncə şəhər təşkilatının iclas salonunda start verilib.

Festivalın açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva çıxış edərək, Azərbaycan-Koreya əməkdaşlığının gündən-günə genişlənməsindən danışıb və belə təbirlərin iki ölkənin insanlarını və mədəniyyətlərini birləşdirmək üçün körpü rolunu oynadığını vurğulayıb. Bildirib ki, festival Azərbaycan tamaşaçılarının Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-siyasi həyatını tanımalarına, Şərq mədəniyyəti ilə daha yaxından tanış olmalarına şərait yaradacaqdır.

Açılış mərasimində Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-İn, SEBA Assosiasiyasının sədr müavini İrina Zeynalova və Assosiasiyanın şöbə müdiri İradə Nəcəfova çıxış edərək diqqətə çatdırıblar ki, festival Gəncədən sonra Lənkəranda, Sumqayıtda, Ağdaşda və nəhayət Qəbələdə davam etdiriləcək. Hər rayonda 10 film nümayiş olunacaqdır ki, bu filmlər də SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilib. Filmlər əsasən ictimai-siyasi, elm, təhsil, məhəbbət, gözəllik və humanizm mövzularındadır.

Sonra festivalın ilk filminin nümayişinə başlanılıb. 2008-ci ildə rejissor Yim Soon-ryenin çəkdiyi “Əbədi an” filmində 2004-cü ildə Koreyadakı qadınlardan ibarət həndbol komandasının keçirdiyi böhrandan, komanda dağıldıqdan sonra oyunçuların bir qisminin işsiz qalmasından, lakin böyük ümidlə yenidən uğurlara imza atmasından bəhs edilir.


Müəllif: