25 İyul 2015 01:48
428

Dərbənd Azərbaycan Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin eyniadli əsəri əsasında hazırlanan “Ac həriflər” tamaşasına daxili baxış keçirilib. Janrı tragikomediya kimi təyin olunan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru ƏR-Toğrul, rejissor assistenti Mədinə Hacıağayeva, quruluşçu rəssamı Naidə Əlimetova (teatrın baş rəssamı), musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Rejissor AZƏRTAC-a bildirib ki, tamaşada rolları Dağıstanın əməkdar artisti Mahir Məlikov, Canpolat Əliyev, Dinşah Əbdulqafarov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Mədinə Hacıağayeva, Səidə Əliyeva, Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Zemfira Ağabəyova ifa edirlər.

Tamaşa əsərdən fərqli şəkildə səhnələşdirildiyindən personajların adlarında dəyişikliklər edilib. Tamaşada hadisələr dəlixanada baş verir. Süjetin əsas xəttini keçmiş və müasir dövrün qarşıdurması, oxşarlıqları və fərqlilikləri təşkil edir. Tamaşanın sonunda aydın olur ki, zaman və məkan dəyişsə də, insanlar batində dəyişməz qalıblar, dəyişən isə yalnız zahirləri, görünüşləridir.

​ Tamaşanın premyerasının sentyabrda teatr mövsümünün açılışı günündə oynanılması nəzərdə tutulur.


Müəllif: