28 İyul 2015 01:54
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, festivalın proqramına uyğun olaraq iyulun 27-də Heydər Əliyev adına Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə İspaniyanın “Barselona və Flamenko” ansamblının möhtəşəm konserti olub.

Tanınmış xoreoqraf Rafael Amarqonun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenko sənətini və yüksək keyfiyyətə malik teatr tamaşalarını təqdim edib. On ildən çoxdur ki, fəaliyyət göstərən ansambl konsert iştirakçılarına “Opera və Flamenko” və “Qran Qala Flamenko” tamaşalarını təqdim edib. Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub. Yüksək ifa tərzi ilə dünyada tanınan Barselona ansamblı tamaşaçıların rəğbətini qazanıb və alqışlanıb.

Qeyd edək ki, bu ansamblın tamaşaları Barselonada ən çox baxılan tamaşalardır. “Barselona və Flamenko”nun kollektivi hər il Avropada və Şimali Amerikada çıxışlar edir.


Müəllif: