29 İyul 2015 13:26
699

Avqust ayının 2-i Azərbaycanda Milli Kino Günüdür. Bu il kino günü iyul ayının 31-də qeyd olunacaq. Adətən həmin gün rəsmi çıxışlardan sonra yeni çəkilən Azərbaycan filminin təqdimatı keçirilir. Bu dəfə isə Kino Günündə böyük maraqla gözlənən layihələrdən biri, Müşfiq Hətəmovun rəhbəri olduğu Prodüserlər Gildiyasının “4.1 Şəhər Motivləri” kinoalmanaxının nümayişi olacaq.

Beş qısametrajlı filmdən ibarət kinoalmanaxda xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissor çalışıb. Həmin gənc rejissorlar daha öncə müstəqil fəaliyyət göstərərək bir sıra beynəlxalq nailiyyətlərə imza atıblar. Bir neçə il öncə Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Belkin), “Yuxarıda və aşağıda” (rejissor Timur İsmailov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi 86" (rejissor Cəfər Axundzadə, operator Əlişir Həmidhocayev), və ”Zabit şərəfi" (rejissor Vüqar İslamzadə, operator Cəbrayıl Rəfiyev) filmləri daxildir.

Yeni filmin quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”).

Gəlin, almanaxa daxil olan filmlərlə tanış olaq:

Qorxan fəhlə

“Yuxarıda və aşağıda” filmi komediya janrındadır. Film hündürlükdən qorxan bir gənc fəhlədən bəhs edir. Hadisələrin gedişində kran operatorunu xilas etmək üçün bu qorxu hissini üstələməli olur. Filmin rejissoru və ssenaristi Hollandiya Film və Televiziya Akademiyasının 2009-cu il məzunu Timur İsmayılovdur.

Başlanğıc?

“Qonşu qadın” qısametrajlı filmi melodram janrındadır. Yenicə köçmüş qadın qonşusunun ayrılıq səhnəsinin şahidi olur. Bu hadisədən sonra qonşular hisslərə qapanaraq xırda münaqişələrə girirlər. Bəlkə də bu ciddi münasibətlərin başlanğıcı ola bilər. Filmin rejissoru S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya Universitetinin 2011-ci il məzunu Anar Abbasovdur.

Gənc oğlan, qoca qadın

“Dmitriyev küçəsi, ev 86" dramatik hekayədir. Hadisələr gecə yarısı bir gənclə evini axtaran qoca qadının təsadüfi qarşılaşması fonunda təqdim edilir. Qadın tamamilə yeni və müasir Bakı ilə tanış olur. Ekran əsərinin bütün çəkilişləri gecə həyata keçirilib. Filmin rejissoru 2008-ci ildən ”Rosiyya" telekanalında fəaliyyət göstərən, 5 bədii televiziya filminin müəllifi Cəfər Axundzadədir.

Bəxti açılan musiqiçi

“Kədərim” filmi bəxti gətirməyən bir musiqiçi haqqındadır. O, tüfeyli həyat tərzi keçirir, valideynləri və həyat yoldaşı bundan narazıdırlar. Amma günlərin birində, sanki bəxti açılır və onu möhtəşəm bir yığıncaqda ifa etməyə çağırırlar. Filmin rejissoru ABŞ-ın Beyts Kollecinin 2009-cu il məzunu Rüfət Həsənovdur.

Ekşnla bol film

“Zabitin şərəfi” qısametrajlı film ekşn janrındadır. Detektiv hekayə cinayətkar qrup və onların qarşısını alan xüsusi xidmət orqanı işçisi haqqındadır. Filmdə döyüş səhnələri və digər janr elementlərindən istifadə olunub. Filmin rejissoru Azərbaycanda yeganə “action” janrında kino təhsili olan Vüqar İslamzadədir.

“Azərbaycan kinosuna gənc nəsil gəlir”

Layihənin unikallığı barədə danışan Müşfiq Hətəmov ümidverici filmlərdən danışıb: “Xüsusilə, qeyd etməliyəm ki, onların içərisində Azərbaycanda ilk dəfə ən çox qrafikadan istifadə olunaraq hazırlanan ağır bir film var. Onun müəllifi Vüqar İslamzadədir. Siz bu filmlərə baxanda kinomuzda yeni bir prosesin başlanğıcını görüb, Azərbaycan gəncliyində müasir kino düşüncə ilə film çəkən gəncləri tanıyacaqsınız. Hörmətli nazir Əbülfəs Qarayevlə tez-tez müzakirə olunan mövzulardan biri məhz kinomuza gənc nəfəsin gətirilməsi, gənclərə şərait yaradılmasıdır. Sənətdə peşəkarlar, istedadlılar və iddialılar var. Bunların arasında seçim etmək və onları üzə çıxarmaq çox çətindir. Bu gün Azərbaycan kinosuna çox gözəl gənc nəsil gəlir. Ancaq o gənc nəslin meydana çıxması üçün kino bazarının olması vacibdir. Əfsuslar olsun ki, bizim kino bazarımız çox zəifdir”.

“Gənclərimizi önə çəkməliyik”

Filmlərdən ikisində aktyor və məsləhətçi kimi çalışan Şeyx Əbdül Mahmudbəyov layihə çərçivəsində çəkilən filmləri yüksək qiymətləndirib: "Öncə razılaşmamışdım, amma sonra ssenarini oxudum və çox bəyəndim. Əslində, mən üzümü yaşlı həmkarlarına tutub demək istəyirəm ki, biz indiyə kimi nə bacarmışıqsa, etmişik. Halal xoşumuz olsun. Pis filmlər də çəkməmişik, Azərbaycan xalqı hələ də bizim filmlərimizə baxır. İndi biz kənara çəkilib, gənclərimizi önə çəkməliyik. Əminəm ki, bu uşaqlar yeni enerji, yeni təfəkkürlə hazırda ölü vəziyyətində olan kinomuzu dirçəldəcəklər".

“Çəkilişlər çox ağır keçdi”

Əməkdar artist Zemfira Sadıqova kinoalmanaxda yer alan iki qısametrajlı filmdə: “Kədərim” və “Dmityev küçəsi, ev 86" filmlərinə çəkilib: ”Çəkildiyim “Dmityev küçəsi, ev 86" filmini qeyd etmək istəyirəm. Rejissor Cəfər Axundzadənin çəkdiyi film qısametrajlı film olsa da, çəkilişləri çox ağır keçdi. Yeddi gecə o filmə çəkilmişəm, axşam 7-də evdən çıxıb, səhər 9-10-da evə gəlirdim. Bir çox rejissorlarla işləmişəm, amma Cəfər Axundzadə kimi hər bir sözə müdaxilə edən rejissor görməmişəm. Bütün film söz üzərində gedir. Amma bununla yanaşı dinamik filmdir. Özüm böyük həsrətlə o filmi gözləyirəm. Çünki orada çatışmayan şeylər var, ola bilsin bunları tamaşaçılar heç hiss etməsin. Sadəcə, mən onları yaşadığıma görə bunu əminliklə deyirəm. Çəkilişlər zamanı üzümü natəmiz şəkildə qrim etdiklərinə görə əməlli başlı diksindim, üzüm şişdi, yara əmələ gəldi. Təsəvvür edin ki, o vəziyyətdə mən çəkilirdim. Rekvizitor işini lazımi şəkildə görə bilmirdi: sırğalarımı qoyub çantama, mənim də bundan xəbərim yox. Sırğasız da çəkildim. Nə qədər həyəcan keçirirəm, bilsəniz. Tamaşaçı deyəcək ki, bu səhnədə sırğası var, o birisində yox. Sovet dövründə belə şeylər olmazdı. Bir qrim rəssamı var idi, Beliznikov. O, əsl rəssam idi. Qrim rəssamı aktyorun üzünə diqqətlə baxıb, çatışmayan hissələri düzəltməyi bacarmalıdır. Bilirsiniz, nə ilə məşğul olursan ol, gərək peşəkar olasan. Bütün bunlara baxmayaraq sevinirəm ki, filmlərə çəkilirəm. Çünki yaşıma baxmayaraq çəkilmək, yaşamaq, sənətdə öz sözümü demək istəyirəm”.

Nərmin


Müəllif: