18 Dekabr 2015 15:11
3 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Heykəllərlə söhbət” rubrikasında Sərvər Şirin Mirzə Fətəli Axundzadənin heykəli ilə xəyali söhbəti təqdim edir:

Axundzadə ilə görüşə gedəndə gah Firudin bəy Köçərlinin, gah Cəlil Məmmədquluzadənin, gah da Əbdürrəhim bəy Haqverdiyevin onun haqqında dediyi çox dəyərli sözləri xatırlayırdım. Onların bəzisi mənə ürək-dirək verir, həyəcanımı azaldır, bəzisi isə əksinə, həyəcanımı artırırdı. Məsələn, Mirzə Cəlilin “Axundov haqqında ya çox yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır” fikri məni az qala yolumdan saxlayacaqdı. Axı ayaqüstü bir müsahibədə Axundov haqqında çox yazmaq mümkün deyil. Lakin Əbdürrəhim bəy Haqverdiyevin “Axundov çar mundiri altında xalq üçün döyünən bir ürək gəzdirirdi” sözləri məni onun hüzuruna getməyə sövq elədi. Fikirləşdim ki, “xalq üçün döyünən ürək sahibi” ilə görüşüb söhbət etmək maraqlı və faydalı olar.

Budur, Axundov bağında – Mirzə Fətəlinin hüzurundayam. Ənənəvi olaraq mən də ona “Mirzə” deyə müraciət etməyi üstün tuturam. Hal-əhval tutub, keçirəm ilk suala:

- Mirzə , sizin Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində misilsiz xidmətləriniz olub. Bir çox “ilk”lərə imza atmısınız. İlk komediyanı, ilk dramı, ilk realist nəsri məhz siz yaratmısınız. Yaxın və Orta Şərqdə ictimai maarifçilik hərəkatının böyük avanqardı və ideoloqu olmusunuz. Ancaq mənim üçün ən heyrətamiz cəhət bu cür gözəl komediyalar yazmağınızdır.
- Mən Şəkidə doğulmuşam, orada böyüyüb yaşa dolmuşam. Şəki camaatı da lətifəyə, yumora çox meyillidir. Şəki mühiti məndə gülüş ovqatının yaranmasında mühüm rol oynayıb. Lakin əlbəttə, mənim komediya yazmağımın əsas səbəbi Avropa ədəbiyyatı ilə tanışlığım olub. XIX əsrdə xalqın vəziyyəti çox ağır idi. Yalançı kimyagərlər, cadugərlər, saray xadimləri, ruhanilər, məhkəmə işçiləri camaatın avamlığından və mütiliyindən istifadə edib onların başına oyun açırdılar. Belə bir zəmanədə mən qəzəliyyata deyil, tənqidi əsərlərə, o cümlədən, komediyaya üstünlük vermək qərarına gəldim. Hətta “Füzuli şair deyil, nəzm ustasıdır” deyib, şairləri xəyal aləmindən çəkindirməyə çalışdım.

- Sizin komediyalar təkcə məzmunca deyil, bədii cəhətdən də misilsizdir. Firudin bəy Köçərli sizin haqqınızda deyirdi: “İlk dəfə yazasan və misilsiz yazasan”. Hacı Qaranın dükandakı qarğışları, Tükəzin Hacı Qaraya qarğışları, Gülçöhrə ilə bacısı Şərəfnisənin söhbəti, Dərviş Məstəli Şahın monoloqu, Heydər bəyin naçalniklə dialoqu adamı heyrətə salır.
- Niyə?

- Siz Azərbaycan xalqının məişət həyatını, məişət dilini-üslubunu necə gözəl bilmisiniz. Həm də axı sizin ədəbi təhsiliniz olmayıb! Azərbaycan dilinin leksik-semantik zənginliyi, milli koloriti komediyalarınızda öz əksini tapıb. Dramaturq kimi istedadınız qeyri-adidir, ilahi vergidir. Bu məsələyə münasibətinizi bilmək istərdim.
- Mən bu əsərləri yazmaq qərarına gələndə xalq danışıq dilini dərindən öyrənməyə başladım. Hacı Qara kimilərinin, Şahbaz bəylərin həyat tərzinə, danışığına ciddi fikir verdim, qeydlər apardım. Məhz uzunmüddətli və ciddi müşahidələr nəticəsində milli-xəlqi obrazlar yaratdım.

- Mirzə, məni bir məsələ çox maraqlandırır. Bəlkə də, bu məsələ barədə sizə sual vermək münasib deyil. Ancaq maraq məni üzür.
- Buyur, heç nədən çəkinmə. Səni nə maraqlandırırsa, soruş.

- Sizin həyatınız o qədər də fərəhli keçməyib. Bu qəmli həyatdan gülüş dolu səhnələri necə çıxarırdınız?
- Bilirsinizmi, mən Mirzə Şəfinin təsiri ilə ruhanilikdən uzaqlaşanda bu qərara gəlmişdim ki, ictimai həyatla bağlı işlər ardınca gedim. Tiflisdə yaşayanda yeni ədəbiyyat yaratmaq fikrinə düşdüm. Bu fikir, bu məqsəd mənim idealıma çevrildi. Öz işimə bütün varlığımla bağlandım, aludə oldum. Əlbəttə, övladlarımın vaxtsız ölümü məni kədərləndirirdi. Mən bir ata kimi hər bir övladımın ölümünü canımla-qanımla yaşayırdım. Lakin öz məqsəd və amalımdan əl çəkə bilməzdim. Ədəbiyyat mənim üçün bir təskinlik, sığınacaq idi.

- Yəni siz öz işinizə xalq işi kimi, ictimai faydalı iş kimi baxırdınız.
- Bəli. Mən öz istedadımı xalqımdan əsirgəmək istəmirdim. Avam camaatın gözünü açmaq, onları pis günə qoyanları ifşa etmək şövqü mənə güc, dəyanət verirdi.

- Mirzə, bəziləri sizin övladlarınızın tez-tez vəfat etməsini sizin ateist olmağınızla bağlayırlar. Deyirlər ki, bütün dinləri puç və əfsanə hesab etdiyiniz üçün Allah da sizi bu cür cəzalandırıb. Mənim üçün bir məsələ çox təəccüblüdür.
- Hansı məsələ?

- Dünyanın, insanın quruluşuna baxan hər bir adam aydınca görər ki, bunların yaradılışında bir mükəməllik var. İnsanın vücudu, qaşı, gözü, burnu xüsusi olaraq yaradılıb. Dünyanın, insanın Tanrı tərəfindən yaradılmasını inkar edənlər, yəni ateistlərin mövqeyi məndə təəccüb doğurur.
- Mən bu barədə fikirlərimi “Kəmalüddovlə məktubları”nda şərh etmişəm.

- Bilirəm. O, kitabı məndə oxumuşam və təəssüf etmişəm. Sizin kimi zəkalı bir insanın dinə qarşı belə fikirlər yazması məni ağrıdır. Ümumiyyətlə, ateistlərin sadəlövhlüyü məni təəccübləndirir. Halbuki onlar zəkalı, dərin düşüncəli insanlar olublar. Atam deyərdi ki, mən Lenin kimi savadlı bir insanın ateist olmasına təəccüb edirəm...
- Bilirsən, oğlum, hərənin öz əqidəsi var.

- Mirzə, sizin məşhur əsərlərinizdən biri də “Aldanmış Kəvakib” povestidir. Bu əsər ədəbiyyatımızda yeni tipli ilk realist nəsr əsəridir. Məlumdur ki, bu əsərdə siz Şah Abbası və onun saray xadimlərini kəskin tənqid etmiş, məsxərəyə qoymusunuz. Lakin bu yaxınlarda Cəsur Qurbanov adlı bir müəllifin “Şah Abbas” kitabını oxudum. Bu kitabda Şah Abbasın çox bacarıqlı, ağıllı, tədbirli olması, onun sayəsində Səfəvilər dövlətinin qüdrətlənməsi göstərilmişdi.
- Mən öz povestimi İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi” kitabının məzmunundan götürmüşəm. Hər bir tarixi hadisəyə yeni baxış ola bilər. Siz Azərbaycanın müstəqil olduğu indiki dövrdə yaşayırsınız. Şah Abbasın fəaliyyətinə yeni mövqedən qiymət verə bilərsiniz. Mənim dövrümdə Şah Abbasa münasibət mənfi olub. Bu povestin əsas ideyalarından biri Yusif Sərracın simasında mütərəqqi hökmdar sürəti yaratmaq, Şərq hökmdarlarını onun kimi olmağa istiqamətləndirmək idi.

- Mirzə, ümumiyyətlə, görkəmli ictimai xadimlərin fəaliyyətində ziddiyyətlər olur. Siz də bu cür keşməkeşli ömür sürmüsünüz. Belə ikili cəhət sizin vəfatınız zamanı da özünü göstərib...
- Bu, mənim taleyimdir.

- Mirzə, bu yolu seçməkdə Mirzə Şəfi Vazehin sizə böyük təsiri olub. Yəqin ki, ruhani olsaydınız, varlı, məmnun, rahat ömür yaşayardınız. Heç olubmu ki, sizi əziyyətli, çətin, ağrılı-acılı yola saldığına görə Mirzə Şəfidən narazı qalasınız?
- Yox, heç vaxt. Mirzə Şəfi məni narahat, ağrılı-acılı yola salıb, amma bu yol həm də şərəfli, faydalı yoldur. Onun sayəsində mən öz ömrümü mənalı, dəyərli yaşamışam. Xalq üçün gördüyüm işlər mənə öz əzablarımı unutdurub. Əgər mən Mirzə Şəfidən incik olsaydım, vəsiyyət etməzdim ki, məni onun yanında dəfn eləsinlər.

- Mirzə, mən sizi heykəl yox, canlı insan hesab edirəm. Düşünürəm ki, yenə də fəaliyyət göstərirsiniz. Əlinə qələm alan hər bir gənc yazıçı-dramaturq sənətkarlığı sizdən öyrənir. Bu isə sizin işinizin davam etməsi deməkdir. Elmi dillə desək, Axundzadə ədəbi bədii məktəbi bu gün də fəaliyyətdədir.
- Bəli, elədir. Sevinirəm ki, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Cəfər Cabbarlı kimi böyük sənətkarlar mənim işimi layqincə davam etdiriblər.

- Mirzə, ədəbiyyat kitablarında həm də azərbaycançılığı yaradan görkəmli qələm sahiblərindən biri kimi təqdim olunursunuz. Həqiqətən də siz böyük vətənpərvər, öz millətini sevən bir ziyalı olmusunuz. Hətta komediyalarınızda da imkan daxilində Azərbaycan oğullarının igid və cəsarətli olduqlarını göstərmisiniz. “Hacı Qara” komediyasındakı bir hadisəni xatırlamaq istərdim.
- Hansı hadisəni?

- Heydər bəyin Ohan Yüzbaşının dəstəsini darmadağın etdiyi səhnə...
- Qırx ilə yaxın Qafqaz canişiliyində tərcüməçi işləmişəm. İşimlə əlaqədar bu kimi hadisələrə çox rast gəlmişəm. Heydər bəy də, Hacı Qara da, Ohan Yüzbaşı da real surətlərdir. Hətta Molla İbrahimxəlil kimyagər obrazını da mən həyatdan götürmüşəm. O vaxtı Tiflisdə bir dələduz kimyagər peyda olmuşdu. O, hətta canişinliyi də iksirinə inandırmış və misi gümüşə çevirmək adı ilə dövlətdən bu iş üçün xeyli pul almışdı.

- Mirzə, Hacı Qara komediyasının sonunda Ohan Yüzbaşı erməniləri təmizə çıxarmaq istəyəndə naçalnik özü də ona təpinib deyir ki, kəs səsini, bu sizin doğruçuluğunuzdan deyil, cürətsiz, bacarıqsız olduğunuzdan irəli gəlir.
- Bu sözlər də real hadisələrə əsaslanır.

- Mirzə, mən yavaş-yavaş mürəxxəs olum. Nəsə sözünüz-tapşırığınız...
- Yaxşı yol, bala, çalışın, xalq üçün, vətən üçün, cəmiyyət üçün faydalı işlər görün.

Sərvər Şirin


Müəllif: