11 İyun 2014 12:51
2 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqiçi ailəsində doğulub, musiqinin içində böyüyüb və sonra da gələcək həyatını musiqi ilə bağlayıb. O 1989-cu ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu ixtisası üzrə maestro İlya Aleksandroviç Musinin sinfini bitirəndən sonra Vyana Musiqi Akademiyasının aspiranturasına qəbul olunub. Mükəmməl təhsil alandan sonra vətənə qayıdıb. Azərbaycanda işləyə-işləyə bütün dünyaya musiqimizi tanıtdırmaqla məşğuldur. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə yanaşı, Rusiya Milli Orkestri, P.İ.Çaykovski adına Böyük Simfonik Orkestri, Sankt-Peterburq Filarmoniyasının orkestri, ABŞ, İspaniya, Avstriya, Belçika, Rumıniya, Türkiyə, Macarıstan və bir çox başqa simfonik orkestrlərlə əməkdaşlıq edib və hazırda da edir.

Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, tanınmış bəstəkar Vasif Adıgözəlovun oğlu Yalçın Adıgözəlovun Teleqraf.com-a verdiyi müsahibəni təqdim edirik.

“Əlimdən gələni edirəm”

-Yalçın bəy, yalan olmasın, aprel ayından sizinlə görüşüb söhbətləşmək istəyirəm. Amma hər dəfə xarici ölkələrdə verəcəyiniz konsertinizə yola düşürdünüz. Nəhayət, qismət bu günə imiş. Gəlin, səfərlərinizdən başlayaq. Haralarda oldunuz, kimlər üçün konsert verdiniz?
-Azərbaycan musiqisi hər zaman çox yüksək səviyyədə olub. Üzeyir Hacıbəyovdan başlayan bu proses onun davamçıları Qara Qarayev, Fikrət Əmirov, maestro Niyazi, Arif Məlikov, Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Oqtay Zülfiqarov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Ramiz Mustafayev, İbrahim Məmmədovla bu günə qədər gəldi. Azərbaycan musiqi baxımından 20-ci əsrdə SSRİ-də aparıcı ölkələrdən biri olub. Bizimlə ancaq böyük Rusiya rəqabət apara bilərdi. Nə Ukrayna, nə Belorusiya, nə Baltikyanı ölkələr, nə orta Asiya ölkələri bir sözlə heç kim özünü Azərbaycanla müqayisə edə bilməz və bizimlə yarışa çıxa bilməzdilər. Rəqimizin yox idi. Biz o qədər musiqidə inkişaf etmişdik ki, hamı bunu başa düşür, qəbul edirdi. Nə yaxşı ki, bu bəstəkarlar var idi. İnanın, bu, bizim ən böyük xoşbəxtliyimizdir. Üzeyir bəy çox dahi şəxsiyyət idi. O olmasaydı, Allah bilir bizim işimiz necə olardı. Çünki təməlini o qoydu. Bu həyatda hərəmizin öz missiyası var. Mən öz missiyamı Azərbaycan musiqisini dünyaya tanıtmaqda görürəm. Dirijoram, bəstəkar oğluyam, amma heç vaxt bəstəkarlıqla məşğul olmamışam. Heç istəmirəm də. Çox yüksək təhsil almışam. Belə ki, dünyada ən məşhur məktəbi - 1989-cu ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu ixtisası üzrə maestro İlya Aleksandroviç Musinin sinfini bitirmişəm. Ondan böyük müəllim olmayıb. Mən öz musiqimizi bütün dünyaya tanıtdırmaq arzusu ilə yaşayıram. Və əlimdən gələni edirəm.

-Bu missiyanı nə vaxtdan çiyninizdə hiss etmisiniz?
-1990-ci illərdə vəziyyət çox çətin idi. Sovetlər dağıldı, biz bir ölkə olaraq azadlıq qazandıq, sərhədlər açıldı. Vaxtında maestro Niyazi Praqaya, İngiltərəyə, Fransaya gedirdi. Amma bunun üçün gərək öncə Moskvaya gedib, icazə almalı idi. İndi isə Azərbaycan müstəqil dövlətdir və bu, bizim üçün çox böyük şansdır. Bizdən gələn nəslin isə şansı daha da böyük olacaq. Bu gün tələbələrimiz xaricdə təhsil alır. O vaxt isə bu, çox çətin idi. İndi hamı öz musiqi, ədəbiyyat, rəssamlıq tarixini ortalığa qoysun, kimin nəyə qadir olduğunu görək.
Mən çox uzağa getməyib, bu il musiqimizi təmsil etdiyim ölkələrin, şəhərlərin adını çəkəcəm: Meksika, Braziliya, Çin, London, Budapeşt (iki konsert), Moskva, Türkiyə, Kiyev, Minsk, Düşənbə.

“Elə səfirlər var ki...”

-Hansı üsulla gedirsiniz: dəvətlə, yoxsa festivallarda iştirakla?
-Dəvətlər də olur, festivallarda iştirak da. Səfirliklərimiz çox fəal işləyir. Onlar istəyirlər ki, Azərbaycanı dünyaya musiqi ilə tanıtdıraq. Elə səfirlər var ki, deyirlər bizim siyasətdən sonra ikinci işimiz mədəniyyətimizi tanıtdırmaqdır. Çox yaxşı səfirlərimiz var, bizi dəvət edirlər və biz də həmin ölkələrin orkestrləri ilə çıxış edirik. Mən ilk azərbaycanlı dirijoram ki, Braziliyada olmuşam. Braziliyanın paytaxtı Braziliya, Rio de Janeyro, San- Paulo şəhərlərində konsert verdim. Oradakı orkestlər bizim musiqini ifa edəndən sonra şoka düşmüşdülər. Deyirdilər ki, bu səviyyədə bizdə konsert olmayıb. Çox böyük həyəcan yaşadılar, inanın. Meksikada da eyni şəkildə. Düşənbədə “Leyli və Məcnun”u səhnələşdirdik. Bu çox böyük uğur idi, fars dilli insanlara bu operanı türk dilində oxutdurmaq çox çətin olsa da, alındı. Hər il Londonda aparıcı orkestrlərlə konsertlərimiz olur. Hər il də böyük uğur qazanırıq, zal dolu və ora gələnlər ancaq Azərbaycan musiqisinə qulaq asırlar.

-Repertuarda hansı bəstəkarların əsərlərinə yer verirsiniz?
-Sözsüz ki, Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Soltan Hacıbəyov, Cövdət Hacıyevin əsərlərinə.

“Deyə bilmərəm”

-Bəs, gənclərdən necə repertuara sala biləcəyiniz bəstəkarlar yoxdur?
-Var. Ayaz Qəmbərli, Vasif, Ceyhun Allahverdiyevlər. Hər il Qəbələ Festivalında biz çalışırıq ki, bu bəstəkarların əsərlərindən ifa edək. Ötən il Ayaz Qəmbərlinin fortepianino konsertinin premyerası oldu. Çox yüksək səviyyədə gözəl əsər yazıb. Mən o oğlana çox böyük ümid bəstələyirəm.

-Mən sizin bir müsahibənizi oxumuşdum. Orda belə bir fikrinizə rast gəldim: indi Azərbaycanda bəstəkarlar yetişmir və məktəb yoxdur.
-Mən o fikri çoxdan demişəm. Hardasa 10-15 il bundan əvvəl. O vaxt vəziyyət ağır idi. Amma indi bu sözü deyə bilmərəm. Çünki sərhədlər açılıb, gənclərimiz xaricdə asanlıqla təhsil ala bilirlər. Amerikada təhsil alan bəstəkarlarımız var, məsələn biri Türkay Qasımzadə. Çox istedadlı gəncdir. Mən o adamların adlarını çəkirəm ki, onların bəstələrini ifa etmişəm. Amma say çoxdur. Baxın, müsabiqələrdə qələbələr qazanan nə qədər pianoçularımız, skripkaçılarımız, vokalçılarımız var... Hətta sizə deyim ki, vokal sənətimizdə çox böyük irəliləmə var. Elçin Əzizov “Bolşoy Teatrda”, Əvəz Abdulla Almaniyada çox böyük uğur qazanırlar. 7-8 il bundan əvvəl belə uğurlar yox idi. Bundan da yaxşı olacaq. Artıq optimistəm.

-Son dövrlər söhbətləşdiyim orta nəsil, yaşlı nəsil nümayəndələri içərisində yalnız siz belə deyirsiniz. Onlar çox ümidsizdirlər.
-Ümidsiz olmaq olmaz. Dünyada belə bir tendensiya var: klassika gənclər arasında keçmişdəki kimi populyar deyil. Amma bəzi ölkələrdə konsert salonları hələ də doludur. İtaliyada bu baxımdan krizis yaşanır, amma Almaniya, Baltikyanı ölkələrdə vəziyyət çox yaxşıdır, zallar hər zaman doludur. Uzağa getməyin, elə Bakını misal çəkək. Burda da zallar doludur, beş festivalımız var. Dövlət tərəfindən dəstək olmasa bunlara nail olmaq olmazdı. Bilmirsən Filarmoniyaya, Opera və Balet Teatrına, yoxsa Muğam Mərkəzinə gedəsən. Heydər Əliyev Fondu çox böyük işlər gördü. Mehriban xanım Əliyeva olmasaydı muğamımızı itirəcəkdik. Bunu səmimi deyirəm. Çünki muğam artıq uçuruma gedirdi, amma indi artıq inkişafdadır.

-Mən bildiyim qədər xaricdə təhsil alan gənclər sonra geri qayıtmır.
-Qayıtmasa belə yenə Azərbaycan bəstəkarıdır. Azərbaycan bəstəkarı yenə Azərbaycan musiqisi yazacaq. Adı, soyadı ki, azərbaycanlı olacaq. Və onu səhnədə təqdim edəndə hamı onu azərbaycanlı biləcək. O baxımdan gənc getsinlər, xaricdə təhsil alsınlar, ölkəmizin şöhrəti bütün dünyaya yaysınlar. XXI əsrdə temp, sürət başqadır.

“Artıq bəsdir”

-Bəs, dirijorların sayı və keyfiyyəti barədə nə düşünürsünüz?
-Dirijorluq çox mürəkkəb sahədir. Və dirijorlar çox ola bilməz.

-Azərbaycan üçün neçə dirijor kifayətdir?
-Artıq bəsdir. Və hətta çoxdur. İş sayda deyil, keyfiyyətdədir. Keyfiyyət də yoxdur, təəssüflər olsun. Hər adam əlinə çubuq alıb orkestrin qabağına çıxırsa, o dirijor demək deyil. Mən əvvəl elə bilirdim dirijorluq 40 yaşından sonra başlayır. Sonra başa düşdüm ki, əslində 50 yaşından sonra başlayır. Bu yaxınlarda xarici ölkədə olanda bir nəfər yaşımı soruşdu. “50” deyincə, “Sən hələ uşaqsan ki...Dirijorluq 60 yaşından sonra başlayır”, dedi. Dirijor hamıdan çox bilməlidir, hamıdan çox təhsili olmalıdır, hamıdan çox kitab oxumalı, tarixə, incəsənətə yiyələnməli, hamıdan daha artıq kişi xasiyyətinə malik olmalı, hamıdan ağıllı, alicənab, nizam-intizamlı eyni zamanda da ürəyi çox yumşaq olmalıdır. İnsanlar onu, o da insanları sevməlidir. Musiqini sevməlidir. Bunların hamısını bir yerə cəm etmək asandır?

-Asan deyil.
-Bunların hamısını edə bilirsənsə, demək sən dirijorsan. Elə bununla da müsahibəni bitirək.

-Amma sizə hələ suallarım bitməyib. Madam ki, tələsirsiniz, qısaca olaraq atanız barədə soruşmaq istəyirəm.
-Vasif Adıgözəlovun oğlu olmaq asan deyil. Çox böyük qürur hissi verir və eyni zamanda da məsuliyyət hiss etdirir. Və bir də mən ömrümün sonuna qədər ata həsrəti çəkəcəm.

-Bu sənəti seçəndə atanızın ən böyük nəsihəti, məsləhəti nə idi?
-Həyatı. Onun həyatı mənim üçün örnək idi. Atam istəyirdi mən onun sənətini davam etdirim. Mənim böyük oğlum və qızım sənətimi davam etdirmədi. Mən də onların seçimlərinə qarışmadım. Son ümidim balaca oğlumdur. Bəlkə o istəyər.

-Bəs, niyə bəstəkar olmadınız?
-Ətrafımda çox bəstəkar var. Mənim bəstəkar olmağıma gərək yoxdur.

Nərmin Muradova


Müəllif: