14 İyun 2014 18:23
2 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva tamaşaçısı bizdən qat-qat zəifdir"

Bölgə teatrları nə edir, necə edir, nə ilə edir?

II yazı

Azərbaycanda xeyli sayda bölgə teatrları var ki, onlar məskunlaşdığı ərazidə əhaliyə teatr mədəniyyətini aşılayır, mədəni obyektlər kimi fəaliyyət göstərirlər. Bakıda yerləşən və fəaliyyətini quran teatrlardan fərqli olaraq, onların "dərdlər"i kifayət qədərdir. Yeri gəlmişkən, ötən ilin son günlərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev illik hesabat çıxışında bölgə teatrlarını tənbeh etmiş, bəzi iradlarını dilə gətirmişdi. İradlardan sonra teatrlarda vəziyyət necədir? Bu, bu mövzuda "Artırma" layihəsi çərçivəsində hazırladığımız ikinci yazıdır. Bu dəfə Naxçıvan və Şəki Dövlət Teatrlarının işini gün üzünə çıxarıb, qayğılarından danışacağıq. Bu arada, qeyd edək ki, Şəki Dram Teatrının direktoru çox maraqlı və iddialı açıqlamalar verib.

Naxçıvan Teatrının yeni direktoru kimdir?

Mart ayının 17-dən Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor vəzifəsinə təyin olunan Rza Xuduyev "Gündəlik Teleqraf"a təyinatı dövründən üzü bu tərəfə teatrdakı yaradıcı mühitdən danışıb: "Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə şair-dramaturq Həsənəli Eyvazlının muxtariyyət qazanmasının çətin, mürəkkəb tarixini əks etdirən "Araz sahilində doğan Günəş" əsəri əsasında hazırlanan tamaşanı təhvil verib. Bu gün (yəni dünən - N.M) Henrix İbsenin "Kuklalar" əsərini səhnələşdirdiyimiz eyniadlı tamaşanın ictimai baxışı idi. O tamaşanı tamaşaçılara təqdim edib, məzuniyyətə yollanacağıq. Gələn il isə Taleh Əmirlinin "Yəhya bəy Dilqəm" əsərini tamaşaya hazırlayacağıq. Daha bir tamaşanı isə plandan kənar hazırlamağa çalışacağıq".

İki və üç manat

"Naxçıvan çox böyük ərazi deyil, ona görə də tamaşaçı potensialı geniş deyil. Həftə ərzində iki yaxud üç tamaşa oynayırıq. Biz əsasən universitet, texnikum, kolleclərlə işləyirik. Tamaşa problemimiz yoxdur, amma yalandan da deyə bilmərəm ki, bizdə hər gün anşlaqdır. Gündüz tamaşalarının qiyməti iki manat, gecə tamaşaları isə üç manat dəyərindədir. Saytımız isə yoxdur, amma sosial şəbəkədə səhifəmiz fəaliyyət göstərir".

"Universitetdən gələn yoxdur"

"Son dövrlər Mədəniyyət və İncəsənət Universitetindən bizə aktyor gəlmir. Çünki onlar paytaxtda qalmaq istəyirlər. Teatrın nəzdində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yaranan "Təməl" teatr studiyası fəaliyyət göstərir. Bu sənətə marağı olan gəncləri müsabiqə yolu ilə studiyaya qəbul edirik, təcrübəli aktyorlarımız onlara bu sənətin nəzəri və praktik tərəflərini tədris edir. İki illik kursu bitirən gənclər arasından istedadlılarını seçib aktyor truppasına qəbul edirik. Artıq studiyanı bitirən gənclərdən 5 nəfər kollektivə qəbul edilib. Naxçıvan Dövlət Universitetində üç ildir ki, aktyorluq fakültəsi açılıb. Gələn il oranı bitirənlər teatrımıza üz tutacaqlar".

"Gəldi-gedərlərlə işləmək çətin olur"

Direktorun sözlərinə görə, teatrın böyük problemləri yoxdur: "Xırda problemləri də özümüz həll edirik. Akademik Dram Teatrından sonra respublikada ikinci yaşlı teatr bizimkidir. Binamızın 50 yaşı var. İndi teatr ən müasir tələblərə cavab verən yeni binada fəaliyyət göstərir İşıq, səs sistemləri, səhnənin texniki avadanlıqları bizə daha mükəmməl səhnə tərtibatları ilə seçilə bilən tamaşalar hazırlamaq imkanı verir. Aktyorların qrim otaqları ən müasir avadanlıqlarla təmin edilib, tamaşaçı zalı yüksək səviyyədədir. Bir sözlə, bina ilə bağlı heç bir problemimiz yoxdur".

Teatr əcnəbi rejissorlarla işləməyi sevməyən teatrdır. Bu qənaətə gəlməyimizə səbəb direktorun bu sözləri olub: "İstər aktyor, istərsə də rejissor potensialını öz resursumuz hesabına həll etməyə çalışırıq. Gəldi-gedərlərlə işləmək çətin olur".

Tarixi əsərlər üzərində qurulan repertuar

Vaxtilə teatrın keçmiş direktoru Kamran Quliyev isə bizimlə söhbətində Naxçıvan tamaşaçılarının xüsusi özəlliyindən danışarkən bunları demişdi:"Teatrlar əyləncədən daha çox maarifləndirici missiyanı yerinə yetirməlidir. Əgər tamaşaçı zaldan çıxdıqdan sonra tamaşanın təəssüratı ilə yaşamırsa, deməli, teatr qarşısına qoyduğu məqsədə nail olmayıb. Naxçıvan teatrı yarandığı gündən bəri tamaşaçıları öz arxasınca aparmağa çalışıb. Bizim repertuar siyasətimiz də məhz bu istiqamətdə qurulub. Müstəqillik illərində biz repertuarımızı daha çox tarixi əsərlər üzərində qurmuşuq. Səbəbi isə tamaşaçılarımızla bağlıdır. Naxçıvan tamaşaçılarını digər tamaşaçılardan fərqləndirən əsas cəhət tarixi tamaşaları, ciddi janrda qoyulan əsərləri daha çox sevməsidir. Onlar bizdən məhz bu cür tamaşalar tələb edirlər".

Hər şeyi olan teatr?

Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili bu ilki mövsümü qısaca olaraq belə şərh edib:"Bu il də teatr üçün adi mövsüm bağlanışlarından biridir. Amma ümumilikdə mövsümü çox sevindirici bir hadisə və qürur hissi ilə yola salacağıq. Belə ki, vaxtilə heç bir şeyi olmayan teatrın indi artıq hər bir şeyi var. Bu il teatrımızın binası təmir olunmuş vəziyyətdə yaradıcı heyətə təhvil verildi və inanın, səhnə üçün yaradılan hər cür şərait aktyorun, rejissorun potensialının üzə çıxmasına çox kömək edir. Biz builki mövsümü "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşası ilə bağlayıb, növbəti mövsümü də onunla açacağıq. Eyni zamanda, Moskvada yaşayan, azərbaycanlı rejissor Mərdan Feyzullayev Səməd Vurğunun "Vaqif" əsərinin motivləri əsasında teatrımızda yeni tamaşa hazırlayacaq. Bilirsiniz ki, Şah Qaçar milli Azərbaycan qəhrəmanı olub, amma tarixən o çox qəddar şəxs kimi qələmə verilib".

"Biz rejissor sarıdan heç vaxt korluq çəkməmişik. Azərbaycanın ən böyük rejissorları Şəkidə yetişib: Hüseynağa Atakişiyev, Vaqif Abbasov, Mərdan Feyzullayev, Cahangir Novruzov, Mirbala Səlimli, Rövşən Almuradlı, Mərahim Fərzəlibəyov. Şəki Azərbaycanın ən böyük teatr mərkəzidir".

"Moskva tamaşaçısı bizdən qat-qat zəifdir"

Direktor maraqlı bir məqama toxunub və bəzi teatr xadimlərini ad çəkməsə də, tənqid etdi: "Qəribə burasıdır ki, hər hansı teatrı əcnəbi ölkələrə dəvət edirlər, orada tamaşa oynayırlar, gəlib burada çox tərifli-tərifli danışırlar. Açığı, o tamaşaya mən də baxmışam, əgər Moskvada da ona sən deyən kimi baxıblarsa, Moskva tamaşaçısı bizdən qat-qat zəifdir. Orada həmin tamaşaya baxan rejissor bizimlə söhbətində dedi ki, çox biabırçı tamaşa idi. Yalan ayaq açar, yeriməz. Bizim teatrın inkişafı ondan asılı olacaq ki, hazırladığımız hər hansı sənət əsərinin şişirdilməsinə yox, ona düzgün qiymət verilməsinə çalışaq. Əgər o olmasa, bizdə heç vaxt teatr olmayacaq".

"Planı, tamaşaçı sayını yerinə yetirə bilmirik"

Nazirin iradları ilə bağlı məsələyə aydınlıq gətirən direktor razı olduğu məqamlardan danışıb: "İradlardan xəbərim var, oxumuşam. O iradların birbaşa aidiyyəti olan, olmayan teatrları var. Məsələn, bizim teatra iradı nə ola bilərdi? Planı, tamaşaçı sayını yerinə yetirə bilmirik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Amma tamaşanın bədii estetik səviyyəsinə nəzər salanda Azərbaycanda yeganə Şəki Dövlət Dram Teatrıdır ki, onun ən uğursuz tamaşası paytaxtın ən populyar teatrının tamaşasından çox-çox səviyyəlidir. Və bunu siz görəcəksiniz. Teatrımızın Bakı qastrolu olacaq, orada biz Molyer, İlyas Əfəndiyev, Əbdülrəhim bəy Haqverdiyevin əsəri əsasında hazırlanan tamaşalar nümayiş etdirəcəyik. Həmin gün biz özümüzü təsdiq edəcəyik: Azərbaycan teatrı, siz özünüzü silkələyin, görün teatr, aktyor necə olur. Sənət haqqında hər yerdə böyük-böyük danışmayın. Sənət budur və belə olur".


"Qalaq-qalaq pyeslər var"

Şəki teatrın baş rejissoru Mirbala Səlimli teatrın repertuarından danışıb:"Klassik əsər tamaşaya qoyan rejissorlardan biri də mənəm. Burada bir neçə mühüm məqam var. İlk öncə qeyd edim ki, klassik dramaturgiyada əbədi mövzular - iki insanın ölümü, yaşayışı, gerçək məhəbbət, əsl kişilik və insan məğrurluğu- daha qabarıq, daha çarpıcı əksini tapıb. İkinci, aktyor səhnədə məhz klassikanı oynamaqla yetişir. Çünki oynadığı qəhrəmanı hər bir aktyor daha çox öyrənməyə çalışır. Bu da aktyorun inkişafına səbəb olur. İdeya, müasirlik, kollektivlik - bax bu üç prinsipə xidmət edən klassik dramaturgiya tamaşaya qoyula bilər. Amma əlbəttə, hər dövrdə o dövrün ab-havasını, mövzularını üzə çıxarmaq üçün yeni dramaturgiyanın yaranması vacibdir. Elçinin əsərlərinə müraciət edən müəlliflər dövrün problemlərini o əsərlərdə görürlər. Bu da rejissorların baxış nöqtəsidir. Amma inanın ki, müasir pyesləri səhnəyə qoymağı çox istəyirəm. Stolumun üstündə qalaq-qalaq pyeslər var". Müasir pyeslərin teatr səhnəsində azlığının günahını rejissor pyes yazanların günün nəbzini tutmamaq və səhnəni bilməməkdə də görür:

"Müasir dramaturqlar içərisində yaxşı mövzusu olan, amma səhnəni bilməməyinə görə natamam olan əsərlər yazan müəlliflər var. Ona görə hesab edirəm ki, müasir dramaturqların ən böyük problemi səhnəni bilməmələridir. Öz təcrübəmdən deyirəm, yanıma əsərin gətirən dramaturq ən azından üç ildə səhnələşdirdiyimiz heç bir tamaşaya baxmayıb".

Nərmin Muradova


Müəllif: