24 May 2017 08:50
12 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizdən Ərdəbilə yola düşərkən şəhərdə şaxta olacağını dedilər. Yol boyu torpağın üzərində buza çevrilən qar bələdçini haqlı çıxarsa da, Ərdəbil soyuq deyildi.

Sərab şəhərində isti çay içib, bu şəhərdə də xatirə fotosu çəkdirib yolumuza davam elədik.

Xəyalımda Ərdəbili daha köhnə şəhər kimi təsəvvür edirdim. Lakin terminaldan taksiylə otelə yola düşərkən yanıldığımı gördüm. Taksi sürücüsü “Naderi” adlı bir hostelə gətirdi, Bakıdan gələnlərin daha çox burada qaldığını dedi.

Yaxınlaşıb qiymətləri soruşuruq, adam başına 20 manat deyirlər. Etirazımızı bildirir, Təbrizdə qiymətlərin daha münasib olduğunu deyib başqa bir yer axtarmaq istəyirdik ki, kənardan bizi dinləyən otelin müdiri yaxınlaşır:

- Mən icazə vermərəm ki, kimsə mənim otelimdən geri qayıtsın. Siz on manata qalacaqsınız.

Təşəkkür edib, otaqlarımıza yerləşdik, qısa istirahət edib Şeyx Səfi məqbərəsini ziyarət etmək üçün yola düşdük. Təbrizlə müqayisədə Ərdəbil küçələrində adam çox idi. Artıq bayramın iki günü arxada qaldığı üçün dükanlar açılmağa başlamışdı. Yol boyu gözümüzə sataşan daha çox şirniyyat və ədviyyat dükanları oldu. Daha çox isə isti halva satılırdı. Əgər Təbrizdəki ləhcə bizə daha yaxın idisə, Ərdəbildə bir qədər fərqlidir. Bu da Ərdəbillə müqayisədə Təbrizlə Bakı arasındakı gediş-gəlişin çoxlu ilə bağlıdır. Şeyx Səfi Kompleksinin bilet kassasına yaxınlaşırıq. Yerlilər üçün 3 min tümən (1.5 manat), xaricilər üçün 20 min tümən (10 manat). Yəni 5 nəfər üçün 50 manat pul verəcəkdik, birtəhər bizim də yerli sayıldığımızı izah edib 40 manata içəri daxil olduq. Şeyx Səfi məqbərəsi ətrafında tikilmiş kompleks XVI-XVII əsrlərə aid abidədir. Bu kompleksə Şeyx Səfi türbəsindən başqa bir neçə türbə, o cümlədən Şah İsmayıl türbəsi, Çinixana deyilən bina, məscid, zəvvarlar üçün otaqlar və s. daxildir.

Ərdəbil şeyxləri kimlərdir?

Qeyd edək ki, XIII əsrin ikinci yarısında Ərdəbil şəhərində bir sufi cəmiyyəti yaranır. Buranın şeyxi əsli Gilandan olan Şeyx Zahid idi. O, qızı Bibi Fatmanı müridi Səfiəddinə ərə verir. Şeyx Zahid vəfat edincə cəmiyyətin şeyxi Səfiəddin olur. Şeyx Səfiəddin 1252-ci ildə Ərdəbildə doğulub. O, 1334-cü ildə Ərdəbildə vəfat etdikdən sonra onun davamçıları bunlar idi; Şeyx Sədrəddin Musa (1334-1392), Şeyx Xoca Əli (1392-1427), Şeyx İbrahim (1427-1447), Şeyx Cüneyd (1447-1460), Şeyx Heydər (1460-1488), Şeyx Sultan Əli (1488-1494), Şeyx İsmayıl (1494-1501), sonralar isə Şah İsmayıl (1501-1524).

Bu sülalə ilə bağlı 1357-ci ildə Şeyx Səfiəddinin oğlu Şeyx Sədrəddinin tövsiyəsi ilə yazılan “Səfvət-üs-səfa” adlı əsərdə Şeyx Səfiəddinin və müəllimi Şeyx Zahidin kəramətlərindən bəhs edilir.

Səfəvilər dövlətinin adı da Şeyx Səfiəddin Ərdəbilinin adından götürülüb. Şair Arif Ərdəbili Şeyx Səfini “din və millət hamisi” adlandırır. V.V.Bartold yazır ki, "Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər”. İ.P.Petruşevski isə bildirir: “İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olub”.

... Məşhur Şeyx Səfi xalçası da XVI əsrdə bu kompleks üçün toxunub. Məqbərənin bələdçisi deyir ki, vaxtilə mülk sahibi onu ingilislərə satdığına görə geri qaytarılması mümkün deyil.

Ziyarətə gələnlər çox idi. Azərbaycan tarixi üçün hələ də kifayət qədər qaranlıq məqamları olan Ərdəbil şeyxləri, onların qurduğu möhtəşəm xanədanlıqla bağlı indi də bir çox müəmmalar qalır.

38 yaşında vəfat edən şah

Geniş əraziyə sahib olan bu dövlətin qurucusu Şah İsmayılın məzarına şüşə arxasından baxa bildik. Məzarın üzərinə sənduqə qoyulub, içəridə isə kiçik portreti var. Şeyx Səfinin, onun oğlu Şeyx Sədrəddinin və Səfinin nəvəsinin məzarları yanaşı idi. Bələdçinin dediyinə görə, Şeyx Səfinin məzarının arxasında Şeyx Heydərin məzarı var.

Şah İsmayıl 1524-cü ildə vəfat edib.
Xətai barədə ilk məlumatı оğlu Sam Mirzə “Töhfeyi-Sami” əsərində verib.

Yazılanlara görə, Çaldıran məğlubiyyətindən sоnra Şah İsmayıl оn il yaşasa da, heç bir ciddi hərbi səfər etmir. Оnun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl yоrğunluq hiss etdiyindən оva çıxır. О, sağalmaq ümidilə Şəki mahalına gəlib çıxır. Şahdağda оv edir. Оna Şahdağda çоx qədim zamanlardan qalmış bir çоx ev heyvanlarının, vəhşi at ilxılarının оlduğunu xəbər vermişdilər. Şah İsmayıl оva çıxmazdan əvvəl yerli əhali оna həmin yerdə оv etməyin, Şahdağdakı heyvanları оvlamağın sınaqlı оlduğunu, yaxşı nəticələr vermədiyini bildirirlər. Şah İsmayıl bu sözlərə əhəmiyyət vermir və öz adamları ilə cərgə оvu təşkil edir. Оv şənliyi qurtarar-qurtarmaz о, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burda da оnun halı yaxşılaşmır. Tələsik Təbrizə yоla düşürlər. Yоlda Sarab yaxınlığındakı Mənqutay adlı yerdə halı о qədər ağırlaşır ki, düşərgə salmalı оlurlar. Həkimlərin səyi, müalicəsi bir fayda vermir. O, 1524-cü ildə iyunun 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər. Bu zaman cəmi 38 yaşı vardı.

Çinixana

Kompleksə daxil olan Çinixanada vaxtilə qiymətli saxsı qablar və kitablar saxlanılıb. Burada Təhmasib dönəminə aid Quran və IX əsrə aid kufi xətti ilə yazılmış Quran sərgilənir. Eləcə də müxtəlif çini qablar və Səfəvilərin möhürü ziyarətçilərə təqdim edilir. İçəridə bir saatdan çox olduq.
Aşağıda təqdim etdiyimiz videoda bələdçinin verdiyi bilgilər olduğuna görə, onları yazmağa ehtiyac duymuruq.
Ərdəbildə növbəti gün Şörəbil dəryaçasını görməyə getdik. Gölün ətrafında uşaqlar üçün əyləncə yerləri var, uzaqdan isə Savalan dağı möhtəşəm şəkildə görünürdü...

2017, Mart

Dilqəm Əhməd
Foto/Video: Mülkədar Rüstəmov


Müəllif: