7 Aprel 2016 12:04
1 197

Bu gün Cəlil Məhəmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin çap etdiyi "Molla Nəsrəddin" jurnalının yaranmasından 110 il ötür. Teleqraf.com Dilqəm Əhmədin "Fərqlilər" kitabında yer alan ""Molla Nəsrəddin" necə yarandı?" məqaləsini təqdim edir:

***

Onun altı yaşı olanda Çar ordusu Osmanlı ilə savaşmaq üçün uzun yola çıxmışdı. Rus əsgərlərinin keçdiyi yolda doğulduğu Axalsix qəzasının Azqur kəndi yerləşirdi. Bütün kənd sakinləri əsgərləri, onların atlarını həyəcanla izləyirdi. Ömər də bu həyəcandan məhrum qalmamaq üçün molla məktəbindən qaçır. Qaçmağın cəzası ertəsi gün falaqqa olacağına görə, dostu İsmayılla birlikdə hökumət məktəbinə gedir.

Onun bu hərəkətini atası dəstəkləyir, anası isə qınayır: “Ömərim, sən onun bunun sözünə baxma, o kafir məktəbini burax, yenə müsəlman məktəbinə get, Quran oxu, adam olmağa çalış, oğlum”.

Ömər isə falaqqanın, saatlarla yerdə əyləşmənin, zorakı şəriət dərslərinin olmadığı, şən uşaqların oxuduğu, əyləncəli, qorxusuz dərslərin keçirildiyi hökumət məktəbini seçir.

Atası bir neçə ildən sonra Ömərin Qori seminariyasında oxuması üçün məktəbə ərizə yollayır. Ömər Qoriyə qəbul olsa da, anasının israrlı və atasından gizli işləri nəticəsində orada oxuya bilmir. Atası onun molla olmağına qarşı idi: “Deyək ki, oğlum molla oldu. Xeyri? Böyük işi nə olacaq? Namaz qıldırmaq, ölü çimdirmək. Müsəlman üçün bundan böyük sənət yoxdur, deyəsən”.

Anası isə oğlunun İstanbuldan gələn əfəndilər kimi olmasını – orada molla olub, sonra kəndə qayıdıb böyük adam olmasını istəyirdi. Ona görə də, əri Ömərin xəstə bibisini görmək üçün Qoki kəndinə gedərkən, oğlunu qardaşı Osman əfəndi ilə birlikdə İstanbula yollayır.

***

“Anacan! İstanbul çox böyük və gözəl şəhərdir. Dayımın yanındayam. Yaxşı oxurum, sənin duanla tez adam olurum”.

İstanbuldan anasına yazdığı bu məktubda yazılanlara baxmayaraq, Ömər anasının istədiyi adamlardan olmur. Çünki Fateh mədrəsəsində də eynilə Azqurdakı mollaların keçdiyi üsulla dərs deyilirdi. Ömər Faiq xatirələrində yazır: “Çox vaxt əlimdə kitab “nəsərə, nəsəra, nəsəru, nəsərat, nəsərəta, nəsərnə...” əzbərlərkən yuxuya tutulur, saatlarla öylə qalırmışam ki, dayım ayağı ilə acıqlı acıqlı vurub məni zorla oyandırırdı”.

Belə əzablı günlərin birində Osman əfəndi ilə Sultan Səlim məscidinə gedərkən Darüşşəfəqə məktəbi, oradakı sevincli uşaqlar gözünə sataşır. Dayısı məktəbdə olarkən evdən çıxaraq oraya qaçır, uşaqlarla, müdirlə danışır, burada oxumaq istədiyini deyir. Lakin dayısının icazəsi olmadan oxumasının mümkün olmayacağı bildirilir. Ömərin oxumaq eşqi, dayısının öyrətdiklərini istəməməyi nəticəsində Osman əfəndi məcbur qalaraq Darüşşəfəqədə oxumasına razılıq verir.

Darüşşəfəqə məktəbi

Ömər Faiqin 1883-1891 ci illərdə təhsil aldığı bu məktəb Altunbuynuz adlanan ərazidə yerləşirdi. Burada dördüncü sinifdə oxuyarkən atasının ölüm xəbərini eşidir. Anasına ünvanladığı məktubda Ömər yazır: “Atamın ölümü məni də ölü halına qoydu. Gözlərim qaralmış, ürəyim sönmüş, beynim donmuş kimidir”.

Bu məktəbdə şəriət dərsləri ilə yanaşı, fizika, kimya, kosmoqrafiya dərsləri keçirilirdi. Tələbələr həftədə bir dəfə məktəbdən kənara çıxdığı zaman əldə etdikləri qəzet və dərgilərdən, ədəbiyyat nümunələrindən Namiq Kamalın sultan istibdadına qarşı yazdıqlarını oxuyub dünyagörüşlərini zənginləşdirirdilər.

Darüşşəfəqə artıq sultana qarşı üsyan ocağına çevrilirdi. Nəhayət, yenilikçi tələbələrlə məktəb rəhbərliyi arasında qarşıdurma baş verir, tələbələr rəhbərliyə hücuma keçir. Lakin qiyam yatırılır, əsas iştirakçılar həbs olunur, digərləri isə zopa ilə cəzalandırılır. Ömər Faiqə 30 zopa və bir ay həbs qismət olur. Quru taxtanın üzərində yatmaqla, quru çörəyə möhtac olmaqla keçən həbsxana həyatından sonra iki ay da xəstəxanada yatmalı olur.

Məktəbi bitirdikdən sonra Ömər Qalata teleqrafxanasının şöbələrindən birinə təyin edilir. Burada işləyərkən Avropadan gələn qəzetləri mütaliə edir, dünyagörüşünü zənginləşdirir. Xarici qəzetləri oxumaq ona qadağan edilsə də, gizli yolla Avropadan gələn xəbərləri oxuyur, dostları ilə birlikdə toplantılar keçirir. Lakin tezliklə təhlükə hiss edir və Qalata limanından bir xarici gəmiyə minərək qaçır. Batumda gəmi yoxlanılarkən heç bir sənədi olmadığından həbs olunur. Bir ay həbsdən sonra batumlu Osman əfəndinin zəmanəti ilə azad olunur, Azqura qayıdır.

Gavur Ömər

Anası və qohumları onu molla qiyafəsində gözlədikləri, tanınmış ruhani kimi görmək istədikləri halda, o, kənddə elmi mübahisələr aparmağa, dünyəvi və şəriət məsələlərini müzakirə etməyə başlayır. Bütün bunlara görə o, kənddə “Gavur Ömər” kimi çağırılır.

Ömər Faiq Azqurda məktəb açmaq istəyir, lakin icazə ala bilmir. Tiflisdə də iş tapmadığına görə 1894-cü ildə Şəkiyə yollanır.

Həmin vaxt Şəkidə Qafqazın üsuli cədid üzrə ilk nizamlı türk məktəbi açılmışdı. Ömər Faiq bu məktəbdə müəllimliyə başlayır: türk dili, tarix, coğrafiya, hesab və imladan dərs verir. Xüsusən, imla dərslərində şagirdlərə modern həyatın üstünlüklərini izah edən Ömər Faiq, az da olsa, bu yolla cəhalətlə mübarizə aparmağın mümkünlüyünü düşünürdü:

“Bütün düşüncələrin dini mövhumata, bütün mübahisələrin sünni şiəliyə, bütün söhbətlərin mömin kafirliyə, bütün ümid və qayğıların cənnət və cəhənnəmə, bütün xəyalların köhnəliyə bağlandığı vaxtda bir məmləkətdə ilk açılan milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi”.

Məktəbi sünni müsəlmanlar açdığına görə, şiə uşaqları bura az gəlirdi. Ona görə də, sünnilərdən ayrı yaşayan şiələr tezliklə öz məktəbini açır, Qorini bitirmiş Təhmasib adlı müəllimi məktəbə dəvət edirlər. Daha sonra Şəkidə üçüncü bir məktəb də açılır.

Şəkidəki fəaliyyəti müddətində Ömər Faiq Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” pyesini tamaşaya qoyur, “Müsyö Jordan” rolunu özü oynayır.

Şəkidə onun başına maraqlı hadisələr gəlir. Bir dəfə müəllim Abdullabəy Əfəndizadə ilə Zəyzid kəndinə gedərkən yolu “Öskürək” pirinin yanından düşür. Burada bir ağacın üstündəki ipləri görən Ömər Faiq kibrit yandıraraq onların üzərinə atır və pir yanmağa başlayır. Alovun yüksəldiyi an cəld qaçırlar. Kəndə çatdıqları zaman isə iki müəllim itlərin hücumuna məruz qalır. Bunu aralarında zarafata salaraq “pirin qəzəbi” kimi yozurlar.

Bu dönəmdə Ömər Faiqi düşündürən əsas problemlərdən biri qadın hüquqları idi: “Hər yanda olduğu kimi burada da qadın hüququ yox idi. Qadınlar kişilərin tam mənası ilə əsiri və qulu idi”.

Ömər Faiqə görə, şəriətin və kişi istibdadının buxovlarından qadınlar yalnız öz iradəsi ilə çıxa bilər.
1896-cı ilin yazında Şəkidə xəstələndiyinə görə Ömər Faiq Gəncəyə gəlir. Gəncənin durumu onu dərindən sarsıdır. O, dövrün Gəncəsini belə təsvir edir:

“Bu tərəfdə uca və əzəmətli Şah Abbas məscidinin qapı və həyəti namaza gələn aftafalı möminlərin çoxluğundan görünmür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünki qoca bir millətin müqəddəratı burada həll olunur. Dəstə dəstə ibadətə gələn camaatın başı ruhanilərin ətəklərinə doğru əyilir. Ulu bir kütlənin mənliyi burada yerə sərilir. Cavan, qoca, oxumuş, oxumamış – hamı burada, yalnız öz yaşayış və səadət ümidini ruhanilərdən diləyir. İştə Nizaminin vətəni Gəncənin 1896-cı ildəki halı!”.

Ömər Faiq ümid ardınca yenidən Tiflisə gedir, lakin burada da heç nə edə bilmir: “Görüşdüyüm ziyalıların çoxu hökumət qulluqçusu, qorxaq, dinçi, sarayda, Mirzə Fətəlinin yerində olanlar isə milli mədəniyyətdən, elmdən uzaq qara rus quyruqları idi”.

1898-ci ildə Ömər Faiq yenidən Şəkiyə gedir. 1900-cü ildə isə ilk dəfə Bakıya gəlir. Bakıda yeganə uğurun Qızlar məktəbi olduğunu görən Ömər Faiq kapitalizmin geniş vüsət aldığı bu şəhəri belə təsvir edir: “Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatik, ən qorxulu maarif düşməni, ən birinci millət xaini burada idi”.

Sonralar 1907-ci ilin 20 avqustunda “Molla Nəsrəddin” jurnalında Ömər Faiq Nemanzadənin “Dəli” imzası ilə “Bakının əlacı” adlı yazısı çap olunur. Nemanzadə fəryad çəkirdi: “Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan sonra səbir eləmək mümkün deyil. Heç mümkün deyil səbir eləmək. Bakının üfunəti dünya və aləmə dağılıb, qoymur nəfəs almağa”.

Ömər Faiq çıxış yolu kimi bunları göstərirdi:

• Bakı bir az kasıblamalıdır. Bakıda pulu saxlamağa yer tapmırlar, odur ki, bir milyonçu bir cavana yüz min manat verib deyir ki, get filankəsi öldür. Yüz min nədir, yüz manat mənə versinlər, hər kəsi deyirlər o qədər döyüm ki, Molla Yusif də şagirdləri elə döyə bilməsin.

• Neft mədənlərinin yarısını İrəvana, yarısını Gəncəyə köçürmək lazımdır ki, oradakı müəllimlər də maaş alsınlar.

• Bakının cəmi qoçusunu Cavad mahalına göndərmək lazımdır ki, İran quldurlarının Arazı keçib fəqir müsəlmanların kəndlərini dağıtmalarına qoymasınlar.

• Bakı mollalarının bir qismini İrəvan quberniyasının Yelenovka adlı malakan kəndinə, hacıların da bir parasını Rəştə göndərmək lazımdır.

• İtbazları Nehrəm kəndinə, uşaqbazları Varşavaya, arvadbazları Xorasana, qumarbazları Nuxaya, çaxırbazları Salahlı kəndinə, mütrübbazları Peterburqa göndərmək lazımdır.

• Bakının cəmi şəhər məktəblərini bağlamaq və müsəlman müəllimlərini Firəngistana Monte Karlo şəhərinə göndərmək lazımdır.

• Ən əsası, İran hambalları yekə arx qazsınlar, Mühit dəryası ilə Bakı dəryası birləşsin, su o qədər yuxarı qalxsın ki, bakılılar atılıb minsinlər gəmilərə və 365 gün suyun üzündə qalsınlar.

Bakını tərk edən Ömər Faiq Şamaxıya gəlir, 1900-1902 ci illərdə burada qalır. Təriqət mollalarının fanatik kütləni talaması, kütlənin ruhanilərin əlini, ayağını, bu, “qismət olmadıqda” isə atının ayağını öpən insanlardan iyrənərək gələcək yazıları üçün material toplayır. Ömərin buradakı müəllimliyi 1902-ci il zəlzələsi baş verdiyi dövrə qədər davam edir. Zəlzələdə hər bir şeyini itirən Ömər Faiq xanımı ilə birlikdə Axalsixə dönür.

“Şərqi Rus” qəzeti

Nəhayət, Ömər Faiq arzusuna yetir. Məhəmməd ağa Şahtaxtlının sahibi və redaktoru olduğu, türkcə dərc edilən “Şərqi Rus” qəzetində yazmağa başlayır. Lakin tezliklə redaktorla onun arasında münaqişə başlayır. O, qəzetdə daha çox yeni fikirlər işıqlandırmaq, ruhaniliyin əleyhinə yazmaq istədiyinə, Şahtaxtlı isə mollaların yazılarına önəm verdiyinə görə aralarında qarşıdurma yaranırdı. Ömər Faiq yazır ki, bütün bunlara rəğmən, o mənsiz, mən isə onsuz ola bilmirdim. Çünki səhərdən axşamadək pulsuz işləyəcək birini tapa bilməyəcəkdi.

Ömər Faiqin bu dövrdəki bir xidməti Tiflisdə əldə satılan kitablar arasından “Kəmalüddövlə məktublarını” alması və onun çapı ilə məşğul olması olur. Onun əldə etdiyi nüsxə əsasında sonralar həmin əsəri Ağamalıoğlu çap etdirir.

“Şərqi Rus” qəzetində işləyərkən Ömər Faiq mollaların məscidlərdə xütbəni ərəbcə deyil, türkcə oxumasının, qadınlara edilən zülmün aradan qaldırılmasının vacibliyi ilə bağlı məqalələr çap etdirir. Türk dilinə önəm verən Ömər Faiq yazırdı: “Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz”.

Iki dostun “Qeyrət”i


Qarabağın tanınmış xanımlarından Həmidə xanım Cavanşir mərhum atası Əhməd bəy Cavanşirin əsərlərini və tərcümələrini çap etmək istəyir. Həmin vaxt o, qızı Minanı Tiflis Qızlar İnstitutuna aparmaq üçün Qafqazın Mədəniyyət Mərkəzinə gəlmişdi: “Dostlarım məsləhət görmüşdülər ki, “Qeyrət” mətbəəsinin yiyəsi Mirzə Cəlil Məhəmmədquluzadəyə müraciət edim”.

Oktyabrın 13 də Mirzə Cəlil dostu Ömər Faiqlə birlikdə onunla görüşür.

“Mirzə Cəlil arıq, bəstədən bir azca hündür boylu idi. Səliqə ilə geyinmişdi. Əynində nişastalı yaxalıq, köbəli mahud sürtük vardı. O, hədsiz ciddi idi, üzü heç gülmürdü, sanki çiyinlərində qəm yükü vardı”.

Tərəflər anlaşır. “Qeyrət” mətbəəsinin sahibləri min nüsxə kitabı 240 manata çap etməyə razı olur və müqavilə bağlanır. Bu tanışlıq gələcəkdə təkcə kitab müqaviləsi ilə deyil, nikah müqaviləsi ilə də bitəcəkdi.

Gələcək ailənin qurulmasına səbəb olacaq bu mətbəə iki dostun – Cəlil Məmmədquluzadənin və Ömər Faiq Nemanzadənin zəhməti ilə başa gəlmişdi. Bu iki dostun Tiflisə gəlməsi isə müxtəlif səbəblərdən olmuşdu. Ömər Faiqi qeyd etdik.

Mirzə Cəlilin Tiflisə gəlişi

Mirzə Cəlilin Tiflisə gəlməsi isə xanımının naxoşlaması ilə bağlı idi. 1903 cü ilin dekabrında Mirzə Cəlilin xanımı Nazlı şiddətli xəstəliyə düçar olur. Xəstənin müalicə üçün Tiflisə aparılması qərarı verilir. Mirzə Cəlil yeznəsi Məhəmmədqulu bəylə birlikdə yola çıxır. Tiflisə gedən yolçulardan birinin cibində hələ çap olunmamış hekayə vardı: “Poçt qutusu”.

Tiflisə çatdıqdan sonra xəstəni Mixaylovski xəstəxanasına aparırlar. Sonra isə yemək üçün şəhərin tanınmış yeməkxanalarından birinə yollanırlar. Burada onlar Məhəmməd ağa Şahtaxtlı ilə rastlaşırlar. Onun masasında əyləşirlər. Mətbuat və ədəbiyyat ətrafında başlanan söhbət Məhəmmədqulunun “Poçt qutusu”nu Şahtaxtlıya təqdim etməsi ilə yekunlaşır. Əsəri oxuyan Şahtaxtlı bəyənir və Mirzə Cəlilə təklif edir ki, İrəvana dönməyib sahibi olduğu “Şərqi Rus” qəzetində çalışsın. Sonuncu isə razılaşır.

Bu yerdə Məhəmməd ağa Şahtaxtlının kimliyi önəm daşıyır.

M.Şahtaxtlı 1846-cı ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olub. 1863-cü ildə Tiflis klassik kişi gimnaziyasını bitirib. 1873-cü ildə Leypsiq Universitetinin Ədəbiyyat, Tarix və Fəlsəfə fakültəsini bitirdikdən sonra Parisdə Şərq dilləri Məktəbində mühazirələr dinləyib, fransız dilini öyrənib. Parisdə yaşadığı müddətdə Sarbonna Universitetində tədqiqat işi aparıb, 1899-cu ildə Beynəlxalq Fonetika Cəmiyyətinin, 1900-cü ildə Beynəlxalq Asiya Cəmiyyətinin, 1903-cü ildə isə Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü seçilib. Axundovdan sonra yeni əlifba islahatı layihəsi hazırlayıb, çar Rusiyasının tanınmış qəzetlərində məqalələr dərc etdirib. 1902-ci ildə Tiflisdə xüsusi mətbəə açıb, 1903-cü ildə burada “Şərqi Rus” qəzetinin nəşrinə nail olub.

7 min manata alınan mətbəə

Beləliklə, Şahtaxtlı ilə razılaşan Mirzə Cəlil Tiflisdə qalır və onun yanında çalışan iki nəfərlə də tanış olur. Ömər Faiq Nemanzadə və Səmədağa Qayıbov.

Bu ərəfədə M.Şahtaxtlı borca düşdüyü üçün mətbəəsini satmaq qərarına gəlir. Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə, alverçi dostu Məşədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir, sonuncu isə mətbəəni satın alır. Adını “Qeyrət” qoyurlar.

Naxçıvanlı tacir Məşədi Ələsgər 1868-ci ildə doğulub, 1904-cü ildə Tiflisə köçüb. Vorontsov küçəsindəki dükanında şirniyyat, kitab, dəftər, yazı ləvazimatları satıb. Onun dükanı həmçinin yazıçıların toplaşdığı klub funksiyasını daşıyıb. Ömər Faiq, Ə.Haqverdiyev, Q.Şərifzadə, E.Sultanov, H.Cavid, Ə.Qəmküsar yollarını buradan tez tez salırmışlar. Mirzə Cəlil Məşədi Ələsgər haqqında yazırdı: “Məşədi yoldaşımı hədsiz təşəkkürlə yad edirəm. O qədər ki, maarifə və maarif yolunda xərc qoymağa həvəsi vardı, az bir qeyri Məşədidə bir belə həvəs ola bilər. “Qeyrət” mətbəəsinin möhkəmlənməyi və pansionumuzun davamı yolunda da onun xeyli xərci çıxdı və bunlar hamısı onun üçün nəticədə zərərdən başqa bir özgə şey olmadı”.

Mirzə Cəlil xeyriyyəçi insana, sadəcə, jurnalın hər nüsxəsindən göndərməklə borcunu ödədi.

Beləliklə, “Qeyrət”mətbəəsi fəaliyyətə başlayır. Mətbəənin rəsmi müdiri Mirzə Cəlil olur. Ömər Faiqin Türkiyə təhsili alması buna imkan verməmişdi.

Ilk çap olunan əsər

“Qeyrət”də çap olunan ilk kitab Ömər Faiqin “Nəşri asarə dəvət” (“Əsərlərin nəşrinə dəvət”) əsəri olur. Bu əsər həm də Azərbaycan mətbəə və mətbuat tarixi haqqında ilk kitabdır. Ömər Faiq yazırdı: “Bizim üçün istifadə və tərəqqi qapısı imdilik, top, tüfəng və dinamit vasitəsilə aşılmaz. Biz bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik. Maarif və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri isə kitab və qəzetlərdir – mətbuatdır”.

Ömər Faiq əsərində “Tərcüman” mətbəəsinin və eyniadlı qəzetin uğurlarını sadalayır. Haqlı olaraq yazır: “Bir “Tərcüman”la 30 milyon xalqın ehtiyacı görülə bilməz. Rusiyada ruslardan sonra çoxluğumuza görə bizə 5-10 deyil, 100 mətbəə, 1-2 deyil, 15-20 qəzet və jurnal lazımdır”.

Əsərdə mətbuatın önəmini qeyd edən, qonşu ermənilərin bir neçə qəzet və jurnalı daha tez qeydiyyatdan keçirməsini yazan Ömər Faiq bu hadisələr fonunda “Qeyrət”i yaratdıqlarını bildirir:


““Cənab Həqq şərik olanlarla – ittifaq edənlərlə bərabərdir” hökmünə əməl edib, əziz yoldaşlarım: əhli qələmdən Məhəmmədquluzadə, tüccardan Şeyx Ələsgər Bağırzadə (və mən) – bu üçümüz ittihad edib Allahın tövfiqilə Tiflisdə bir müsəlman mətbəəsi açdıq, adını “Qeyrət” təsmiə etdik (adlandırdıq)”.

Mətbəənin ilk elanında deyilirdi: “Tiflisdə “Qeyrət” mətbəəsi türkcə, farsca, ərəbcə, rusca və firəngcə hər növ kitab, məcmuə və hər cür tüccar və divanxana dəftər və kağızları ən gözəl hərf ilə çap edir”.

“Qeyrət”də ictimai siyasi və dini kitablar, bədii əsərlər, pedaqoji ədəbiyyat, intibahnamələr, vərəqələr və təqvimlər, həmçinin rus, ərəb, fars dillərində tərcümə əsərləri də nəşr olunurdu.

1907-ci ildə ittifaq edən üçlük mətbəəni daha da böyütmək məqsədilə “Qeyrət kampaniyası” adı altında bir şirkət yaratmaq istəyir. O, mətbəənin 7 min manatlıq qiymətini 28 paya bölür hər paya 250 manat hesabı ilə hər biri iki pay götürür, 22 payı satışa buraxır. Bir müddət mətbəə şirkət olaraq, “Qeyrət” adı ilə 28 payçının ixtiyarına keçir.

Ö.F.Nemanzadənin xatirələrindən bəlli olur ki, mətbəədə böyük çap maşını, bir “Amerikanka” maşını, 10 mürəttib işləyəcək qədər hərf və hərf kassaları olub. Maşınlar Moskvadakı “Modern” alman firmasından alınıb.
Mətbəədə Mirzə Cəlilin “Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal” hekayələri, Ə.Haqverdiyevin “Millət dostları” pyesi, Əhməd bəy Cavanşirin “Şeirlər məcmuəsi”, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi və digər əsərlər çap olunur. Tərcümə materiallarından Mirzə Melkum xanın “Məbdəi tərəqqi”, “Şeyx və vəzir”, Ağa Mir zə Ələkbərin “Tərcümeyi istifta”, Namiq Kamalın “Röya”, Rəşid bəy Əfəndiyevin tərcüməsi olaraq, Firdovsinin “Şahnamə”sindən “Rüstəm və Söhrab” hekayəsi nəşr edilir.

Həmidə xanım Cavanşir “Xatirələrim”də yazır ki, Tiflisdə “Qeyrət” və “Şərq” mətbəələri şəriət əleyhinə “tuği lənət” kimi dəhşətli kitablar və kitabçalar nəşr edirdi. Buna görə də, mollalar mətbəənin çap etdiyi nəşrlərdən hökumət orqanlarına şikayət edirdi. Bunun nəticəsində 1906-cı ilin sonlarında Tiflisin 6-cı ərazi polisi mətbəədə ax tarış aparır. Olqa Volkenşteynin “Söz və yığıncaq nümayiş azadlığı nəyə gərəkdir” kitabçasının tərcümə olunmuş 2 500 nüsxəsi müsadirə edilir. Dekabrın 12 də mətbəəyə verilmiş göstərişə əsasən, “Qeyrət” xüsusi sərəncam olmadan əsla bu kimi kitablar çap edə bilməzdi. Lakin növbəti il Mirzə Cəlil rəsmi məktubla müsadirə edilən kitabların geri qaytarılmasına və yayılmasına icazə ala bilir.

“Qeyrət”in ən böyük uğuru

Artıq mətbəə sahibi olan Ömər Faiq və Mirzə Cəlil yeni planlar qururlar. Lakin Ömər Faiqin “Torpaq” jurnalına onun Türkiyədə təhsil alması səbəbindən icazə verilmir. Mirzə Cəlilin “Novruz” qəzetinə də razılıq olmur.
Nəhayət, onlar Azərbaycan jurnalistikasının ən böyük dəyərlərindən olan “Molla Nəsrəddin” jurnalının çapına nail olur. Ömər Faiq yazır: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək ətək söyüş, lənət, nifrət yağır, “əməkçi” deyilən aşağı təbəqədən isə hörmət qalxırdı”.

“Qeyrət” mətbəəsi üç otaqda yerləşirdi. Mirzə Cəlilin yazdığına görə, birində mürəttiblər işləyir. Kiçik otaqda tək bircə çap maşını qurulmuşdu, digər otaqda da mətbəənin müdiri əyləşirdi: “Maşın əl ilə işləyirdi. O vaxt Tiflisdə elektriklə işləyən çapxana maşınları məhz böyük mətbəələrdə vardı ki, onlar da, söz yox, böyük pullara başa gəlmişdi. 6-7 min manatla qurulmuş olan “Qeyrət” mətbəəsinə elektriklə işləyən böyük maşınları gətirə bilməzdik”.

Həmin gecə “Molla Nəsrəddin”in ilk beş yüz nüsxəsində təkcə fəhlələr işləsə də, digər beş yüz nüsxənin vurulmasında fəhlə kimi Ömər Faiqlə, Mirzə Cəlilin özü işləyir.

“Tamam gecənin yarısında bu iki fəhləni azad etdik və ikiqat zəh mət haqlarını verdik, çıxıb getdilər. Qaldıq üçümüz: maşınçı Cahangir yoldaş, Ömər Faiq yoldaş və mən özüm. Heç çarə yox. Maşını başladıq özümüz hərləməyə.

- Hı! Faiq yoldaş, maşını bas!
- Hı! Cəlil yoldaş, maşını bas!”.

“Molla Nəsrəddin” jurnalı 1911-ci ilədək “Qeyrət”də çap olunur. Lakin “Qeyrət” bir müddət şirkətə çevrilsə də, davam etdirmək imkanlarını itirdiyi üçün fəaliyyətini dayandırmağa məcbur olur.

Mirzə Cəlillə Həmidə xanım Cavanşirə gəldikdə isə, 1907-ci il iyunun 15 də ailə həyatı qururlar.


Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu. Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər ziyalılar kimi Ömər Faiqi də hiddətləndirirdi: “Ey qafqazlı türk, sən çoxdan islamın qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib, təkcə müsəlman olmaq xəyalına düşmüsən”.

“Molla Nəsrəddin” jurnalı Ömər Faiqin şəriətlə mübarizə aparması üçün geniş bir meydan idi. “Bir neçə günlüyə” adlı məqaləsində yazırdı: “Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan qurbağaya sataşmaqdır”.

“Molla Nəsrəddin”in yaranmasından 6-7 il sonra işlər Mirzə Cəlillə onun planlaşdırdığı şəkildə getmir. 1912-1915-ci illərdə Ömər Faiq imzası mətbuatda görünmür. Bu dövrdə həm Ömər Faiq, həm də Mirzə Cəlil xəstələndiyi üçün, həmçinin jurnala basqılar artdığı üçün “Molla Nəsrəddin” əvvəlki kimi çap oluna bilmir.

Nəhayət, 1915 ci ildə Ömər Faiq yenidən məqalələrini yazmağa davam edir. Həmin ildə “İqbal” qəzetində məqalə ilə çıxış edir. Toxunduğu mövzu isə “I Dünya savaşı və onun doğurduğu acı nəticələr” idi.

Fevral burjua inqilabından sonra Axalsixdə Sovetlərin nəzdin də yaradılmış Milli Komitə rəhbərlərindən biri də Ömər Faiq olur. Bu komitə çərçivəsində Ömər Faiq maarifçiliklə məşğul olur, müsəlman əhalisinin inkişafı üçün çalışırdı. Onun təşəbbüsü ilə müəllimlər üçün kurslar açılmışdı. Gürcüstanın müstəqilliyindən sonra Ömər Faiqlə gürcü milli qüvvələri arasında anlaşılmazlıq yaranır, ona qarşı təzyiqlər başlayır. 1918-ci ildə o, ev dustağına çevrilir, bir il sonra yanvarda isə kəndlilər arasında siyasi təbliğata görə həbs edilərək üç ay Tiflisdə Metex qalasında saxlanılır. Lakin onun həbsi həm Gürcüstanda yaşayan ziyalıları, həm də Azərbaycandakı qələm dostlarını hiddətləndirir, bu barədə yazılar yazılır.

1920-ci ildə Ömər Faiq “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru, “Yeni fikir” qəzetinin redaksiya heyətinin üzvü, 1921-22-ci illərdə Gürcüstan İnqilab Komitəsində yaradılmış müsəlman sektorunun sədri işləyir. 1920-ci illərin axırlarında isə Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru işləyir. 1927-ci ildə xidməti və xəstəliyi nəzərə alınaraq, ona ömürlük təqaüd kəsilir.


Ömrünün qürub çağında Ömər Faiq xatirələrini yazmağa başlayır. Başı qalmaqallardan açılmayan Ömər Faiq bəlkə də son günlərini yaşadığını hiss etmişdi. Ona görə də, gələcək üçün gördüyü işləri detallı şəkildə yazmağı düşünürdü. Amma Sovetin “ziyalı qırğını” ondan da yan keçmədi. 1937-ci ilin iyulunda Axalsixdə həbs olunur, üç ay sonra güllələnir.

Qaynaqlar:

1. Ö.F.Nemanzadə. “Xatirələrim”, “Gənclik”, 1985
2. Ö.F.Nemanzadə. “Seçilmiş əsərləri”, “Yazıçı”, 1992
3. Ö.F.Nemanzadə. “Nəşri asarə dəvət”, “Qanun”, 2013
4. Cəlil Məmmədquluzadə. “Əsərləri”, IV cild, “Öndər”, 2004
5. Həmidə Cavanşir. “Xatirələrim”, “Apostrof”, 2011


Müəllif: