7 Aprel 2016 23:38
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev adına Sarayda "Xalq artisti, bəstəkar Emin Sabitoğlunun musiqi dünyası" adlı konsert proqramı keçirilib.


Gecədə iştirak edən mərhumun qızı Ceyran Mahmudova Teleqraf.com-a bildirib ki, Heydər Əliyev Sarayında konsertin keçirməsinə çox şaddır: "Konsertdə atamın mahnılarını gənc nəslin nümayəndələri ifa edirlər. Ümumiyyətlə, Emin müəllimin mahnılarını Azərbaycanın bütün tanınmış müğənniləri ifa edib. Çox təqdirə layiqdir ki, yeni nəsil də atamın mahnılarına müraciət edir. Gördüyünüz kimi konsert salonu tamaşaçılarla doludur. Atamın 60 illiyi keçiriləndə də zal dolu idi. Çünki onun musiqisinə tələbat var. Bu gecəyə görə Heydər Əliyev Sarayının rəhbərliyinə və burada çıxış edən müğənnilərə təşəkkürümü bildirirəm".

Məşhur bəstəkarın bacısı Gültəkin Əzizova da qardaşı haqqında təəssüratlarını saytımıza bölüşüb: "Emin müəllim hər zaman qəlbimizdədir. Heç vaxt unudulmur. Biz onun xatirəsi ilə yaşayırıq. Çox şadam ki, sarayda belə bir konsert təşkil edilib. Məmuniyyətlə, konserti seyr edirik. Gənc ifaçılar da qardaşımın mahnılarını çox gözəl oxuyurlar. Sağ olsunlar".

Gecədə xalq artistlər Flora Kərimova, Aygün Bayramova Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, əməkdar artist Aygün Bəylər, müğənnilər Elçin Cəfərov, Natavan Həbibi və Mirkamil Mirkamilov bəstəkarın bəstələrini ifa ediblər.

Bəstəkarın ailə üzvlərindən isə qızı Ceyran Mahmudova və mərhumun iki bacısı iştirak edib. Xalq artistinin Türkiyədə yaşayan ikinci həyat yoldaşı Xədicə Abbasova konsertdə iştirak etməyib.

Qeyd edək ki, konsertdən əldə edilən məbləği Müdafiə Nazirliyinin yardım fonduna keçiriləcək.

Rəqsanə


Müəllif: