7 May 2016 14:34
722

Tənqidçi Əsəd Cahangirin sosial şəbəkədə teatrı “şeytan yuvası” adlandırması teatr xadimlərinin etirazına səbəb olub.

Teleqraf.com sosial şəbəkədə yayılmış həmin fikirləri təqdim edir:

Gənc Tamaşaçılar Teatrının rejissoru və aktyoru, əməkdar artist Nofəl Vəliyev: “Təklif edirəm ki, teatrı şeytan yuvası adlandıranı teatra buraxmayaq”.

“Son fəsil” serialı ilə məşhurlaşan aktrisa Flora Hüseynova: “Tənqidçi olsa belə kimsə teatrı güzgü olduğu üçün sevməyə bilər. Teatrı təhdid etməklə yəqin bu ədəbi bədii tənqidçi bu sənət ocağını məbəd sayan yüzlərlə aktyor və aktrisanı, minlərlə teatrı tamaşaçısını təhqir etdiyinin fərqindədir. Şeytanın yuvası məkan deyil, şeytan xislətli insanların ürəyidir.

Teatr məbəddir - birmənalı... Bu tənqidçinin yanaşması məndə acı gülüş doğurdu. Bir-iki “tənqidçi”nin sözü ilə cılızlaşmayacaq qədər böyük və müqəddəsdir teatr”.

Hazırda Türkiyədə yaşayan gənc aktrisa Nigar Bahadırqızı: “Cahil insanlar teatrın “şeytan yuvası” deyil, məbəd olduğunu anlamaz”.

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov: “Bunu hər hansı cahil birisi desəydi, təəccüb doğurmazdı. Peşə baxımından teatra bir köynək yaxın birisi belə ifadə işlədəndə düşünürsən ki, ya bunu teatrın ildirımı vurub gic eləyib, ya da bu adam geni dəyişdirilmiş meyvələrdən həddən ziyadə gözünə təpib”.

Əməkdar artist Naibə Allahverdiyev: “Şeytan yuvası Allahu əkbər deyib insanların qanını tökən irticaçı islamçılardır ki, artıq ziyalıların da beyninə, təfəkkürünə təsir edib. Tanrının evi insanlıq, saflıq olan hər yerdir. Fərqi yoxdur teatrda, yoxsa məsciddə”.

Musiqili Teatrın “Pərvanələrin rəqsi” serialı ilə tanınan aktyoru Elçin İmanov: “Maraqlıdır, siz o şeytan yuvasında çalışan sənət fədailəri ilə üz-üzə gələndə özünüzü necə aparırsınız? Doğurdanmı bizlər şeytanıq? Doğurdanmı “ziyalı” dediyimiz, tanıdığımız birisi bizə şeytan deyir. Və bizi elə tanıyır... Axı həmişə özünüz də o “şeytan yuvası”nda işləyənlərə dostluq göndərmisiniz. Çox təəssüf edirəm ki, bu dostluğu qəbul etmişəm”.

Qeyd edək ki, tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir Teleqraf.com-a açıqlamasında yazdığı statusa belə aydınlıq gətirmişdi: “Mən sözün fəlsəfi mənasında teatrı şeytan yuvası hesab edirəm. Bu o demək deyil ki, teatrı sevmirəm, orda işləyənləri pis adamlar hesab edirəm. Xeyr.

Mən beş yaşımdan tamaşalara baxıram, tamaşalar haqda çoxlu sayda məqalələr yazmışam, rejissorlar, aktyorlar, aktrisalardan müsahibələr götürmüşəm. Demək olar ki, hər həftə Akademik Milli Dram Teatrındayam. Bu sözü deyəndə konkret öz teatrlarımızı nəzərdə tutub demirəm.

Ümumən dünyada teatrlar yarananda mövcud olan teatr anlayışını nəzərdə tutub deyirəm ki, teatr şeytani mahiyyət daşıyır. Ümumən sənət şeytani mahiyyət daşıyır”.

Pərvin


Müəllif: