1 İyun 2016 17:18
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həzin musiqilərin ifaçısı, əməkdar artist İlqar Muradov bu dəfə Dronqo obrazında qarşımıza çıxdı. Çingiz Abdullayevin əsəri əsasında “Azərfilm”də istehsalı olunmuş “Xeyirlə Şərin rəqsi” filminin baş qəhrəmanını canlandıran müğənni ilə elə filmin təqdimat mərasimində görüşüb, ayaüstü söhbətləşdik.

-Bu rola təklif alanda necə qarşıladınız?

-Düzünü desəm, heç vaxt hansısa filmdə aktyor kimi çəkiləcəyimi düşünməmişəm. Ona görə bu təklif gələndə çox təəccübləndim.

-İlk sözünüz, reaksiyanız...

-Tez-tez özümə bu rolu oynaya bilərəmmi sualını verirdim. Filmin rejissoru Yavər Rzayev məni Dronqo obrazında gördüyünü və çəkmək istədiyini təkidlə deyəndə, razılaşdım. Rola hazırlıqlardan sonra düşündüm ki, bu rolun öhdəsindən gələ bilərəm.

-Sizdən öncə məşhur fransız aktyor Jan Renonun bu filmə çəkilməsi məsələsi gündəmdə idi. Bu fakt sizi qorxutmadı ki?

-Hər şeydən qorxurdum... Çünki mən professional aktyor deyiləm. Amma bu gün filmi təqdim edirik və sevinirəm ki, belə çətin və məsuliyyətli işin içində mən də varam. Həm Çingiz Abdullayev kimi bir yazıçının yaratdığı qəhrəmanı oynamaqdan, həm də başda Yavər müəllim olmaqla bütün yaradıcı qrupun sayəsində ilk dəfə filmə çəkilməyimdən məmnunam.

-Kinostudiyanın direktoru Müşfiq Hətəmov bizə müsahibəsində sizin filmdə çəkilməyiniz əleyhinə olduğunu demişdi, bildiyimiz qədər Bədii Şura sizin namizədliyinizi dəstəkləmirdi.

-Mən rejissor Yavər Rzayevin dəvəti və məhz onun sayəsində bu rola çəkildim. Ən böyük əziyyəti onun üzərinə düşdü. Amma bilirəm ki, kinostudiyanın Bədii Şurasında da ifam bəyənildiyinə görə məni seçdilər.

-Filmdə çətinlik çəkdiyiniz səhnələr hansılar idi?

-Ümumiyyətlə, filmdə olan bütün səhnələri oynamaq mənim üçün çətin idi. Yenə deyirəm, mən professional deyiləm. Ona görə professional aktyorlardan üzr istəyirəm ki, bu işə baş qoşmuşam.

-Dronqonun hansı xüsusiyyəti xoşunuza gəlir?

-Çingiz Abdullayevin məşhur Dronqo obrazı ilə çoxdan tanış idim. Dronqonun başına gələn müxtəlif hadisələrin əks olunduğu kitabları oxumuşam. Dronqo çox tanınmış dedektivdir. Ağıllı, savadlı, hər sahəni bilən qəhrəmandır. Onun bütün həyatını sevirəm, çünki çox bacarıqlı adamdır.

-Keçən dəfə sizinlə telefonda danışanda bir də filmdə çəkilməyəcəyinizi bildirirdiniz. Hələ də o fikrinizin üzərində qalırsınız?

-Çəkilmək istəmirəm, çünki çox yoruldum. Kino çox çətin sənətdir. Aktyor kimi isə ilk işim olduğundan mənə ikiqat əziyyət verirdi. Dronqo filmdə baş roldur və əlbəttə, heç vaxt filmdə rol oynamayan biri kimi bu obrazı canlandırmaq çətin, eyni zamanda da məsuliyyətli idi.

-Deyirsiz, kino çətin sənətdir. Bəs musiqi sahəsində özünü təsdiqləmək, professional musiqi ilə məşğul olmaq asandır?

-Mən heç vaxt özümü şou-biznes adamı hesab etməmişəm. Musiqi uzun illərdir ki, məşğul olduğum sahədir. Hər zaman dinləyicilərimə, tamaşaçılarıma keyfiyyətli, zövqlü musiqi təqdim etməyə çalışıram. Bizim sahənin də özünəməxsus çətinlikləri var. Hər bir sahədə olduğu kimi... Çox təəssüf ki, bu sahəyə pul qazanmaq məqsədi ilə gələnlər də var. Həmişə deyirəm ki, bu sənətə təsadüfi gələn insanlar bu sənətdən tez də gedirlər. İnsanların musiqi zövqü ilə oynamaq yolverilməzdir bu yolla heç vaxt uğur qazanmaq olmur.

-İncəsənət Universitetində dərs deyirsiniz, tələbələriniz var, onlara bu sənətlə bağlı nəyi məsləhət görürsünüz?

- Onlara tövsiyyəm odur ki, yaradıcılıqlarını düzgün istiqamətdə inkişaf etdirsinlər. Onlara bayağı mahnılar ifa etməyə icazə vermirəm.

Nərmin Muradova


Müəllif: