21 İyun 2014 19:05
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Direktor: "Nazirlik bölgələrə təyinatla kadrlar göndərmir"

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında teatrların repertuarından narazılıq edərək, bölgə teatrları ilə bağlı ciddi narahatlığını dilə gətirmişdi.

Tamaşaların mütəmadi göstərilməməsi, uşaq tamaşalarının azlığı ilə bağlı bölgə teatrlarına tutduğu iradların direktorlar tərəfindən nəzərə alınıb-alınmaması ilə bağlı "Gündəlik Teleqraf" olaraq mütəmadi yazılar dərc edirik. Bu dəfə suallarımızı Gəncə Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov cavablandırıb.


- İradlar yerində deyilmiş iradlar idi. Bilirsiniz ki, nəinki bölgələrdə elə bütün paytaxt teatrlarında tamaşaçı problemi yaşanır. Bu baxımdan Gəncə Teatrı da müstəsna deyil. Həqiqətən, tamaşaçı baxımından sıxıntı çəkirik. Uşaq tamaşalarına gəlincə, teatrımızda yay, qış tətillərində ən çox nümayiş olunan və teatr kimi əlimizdən tutan tamaşalar məhz uşaq tamaşalarıdır. Qalan tamaşalara biz istəyən səviyyədə tamaşaçı cəlb edə bilmirik. Bunu açıq etiraf etmək lazımdır. Tamaşaçı axını əvvəlki səviyyədə deyil.

- Teatrlarda tamaşaçıların aktivliyi hansı səviyyədədir?
- Tamaşa var ki, tamaşaçını özümüz təşkil edirik. Elə tamaşa var ki, tamaşaçı ona öz istəyi ilə gəlir. Bir çox hallarda zalda 20-30, 50-60 tamaşaçının əyləşdiyini görürük. Bəzən hətta tamaşaya 10 nəfər baxır. Məktəblərdə bilet satışı qadağan olunub, amma hansı məktəb könüllü olaraq bizə müraciət etsə, tamaşalarımız barədə mütəmadi məlumat almaq istəsə, o zaman təşkil edirik. Universitetlərlə isə daim əlaqə saxlayırıq, bütün premyeralarımıza onlar gəlirlər. Müəllimlər başda olmaqla tələbələr tamaşalara baxırlar.

- Nazirin bir iradı da tamaşaların mütəmadi nümayiş olunmaması ilə bağlı idi. Bu istiqamətdə teatrda vəziyyət necədir?
- Həftədə iki-üç tamaşa nümayiş etdirə bilirik. Bu da əsasən həftə içi baş tutur. Çünki əsas tamaşaçı kütləmiz tələbələrdir və onlar həftəsonları çox vaxt Gəncədə olmurlar. Gündüz tamaşalar saat 12:00, axşam tamaşalarımız isə 17:00-da başlayır. Biletlərin qiymətlərinə gəlincə, bu nazirliyin təsdiqlədiyi formada müəyyənləşib. Qiymət 2 manat məbləğindədir. Amma tamaşalara nələrsə əlavə olunanda qiymət bir az baha olur.

- Əksər teatr rəhbəri ziyalı təbəqəsinin teatrlara az gəlməsindən şikayətlənir. Sizdə bu sahədə vəziyyət necədir?
- Ziyalı təbəqəsi teatrda daha çox "Vaqif" dramı, yaxud Cəfər Cabbarlının klassik əsərlərinə hazırlanan tamaşaları görmək istəyir. Amma gəlin baxaq, həmin əsərlər bu gün hansı səviyyədə özünü doğrulda biləcək? Bu barədə heç kim düşünmür. Ona görə teatr bu gün bir çox problemləri həll etməlidir. Həm tamaşaçı, həm repertuar, həm də kassaya xidmət edən tamaşalar hazırlamaq baxımından bir çox problemlərimiz var. Çox vaxt tələblə təklif üst-üstə düşmür.

- Gəncə Teatr bunu necə tənzimləyir?
- Bilirsiniz, hər bir ərazinin tamaşaçılarının bəyəndikləri tamaşalar var. Repertuarı məhz buna uyğun qururuq.

- Komediya, yoxsa dram daha üstünlük təşkil edir?
- Gəncə tamaşaçısı tarix etibari ilə, elə bu gün də çox maraqlı tamaşaçı olub. Tələbləri həmişə böyükdür. Komediyanı hər yerdə xoşlayırlar, bu, öz yerində. Gəncə tamaşaçısı komediya ilə barəbər klassik əsərlərə də üstünlük verir. Bizim teatrın son dövrlərə qədər öz yerli dramaturqları olub və teatr mütəmadi olaraq onlarla işləyib. Həmin əlaqələr artıq çox zəifləyib. Yerli yazarımız Aydın Murovdağlının "Alın yazısı" poeması əsasında hazırlanan tamaşa Amerikaya dəvət aldı. Amma təəssüf ki, maliyyə çətinlikləri ucbatından o tamaşanı Amerikaya göndərə bilmədik. Elə təyyarə bileti xeyli maliyyə tələb edirdi. Bu tamaşa ulu öndərin yubileyi ilə bağlı tədbirlər silsiləsi çərçivəsində nümayiş olunmalı idi.

- Belə çıxır xarici festivallara gedə bilmirsiniz?
- Gedirik, amma baxır hara. Son 4 ildə 6 dəfə xarici dövlətlərdə keçirilən festivallarda iştirak etmişik. Bunların əksəriyyəti teatrın öz imkanları hesabına başa gəlib. Ukraynada keçirilən festivalda Gəncə Teatrının aktyoru "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyasında qalib olub.

- Əcnəbi rejissorları teatra dəvət edə bilirsinizmi?
- Əcnəbi rejissorları dəvət etməyə maliyyə vəsaitimiz imkan vermir. Amma respublika daxili müxtəlif teatrlarda işləyən rejissorları dəvət edirik. Məsələn, Bəhram Osmanov, Loğman Kərimov, Əsgər Əsgərov. Mən işlədiyim dövrdə Gəncə Teatrında iki dəfə baş rejissor dəyişib. Hazırda teatrda baş rejissor yoxdur. İxtisaslı kadrlarımız olmadığına görə teatrın tərkibindən baş rejissor seçə bilmirik. Təklif olunan yoldaşlar da o məsuliyyəti boyunlarına götürə bilmirlər. Bununla bağlı nazirliyə müraciət etmişik. Bilirsiniz, əvvəllər təyinatla teatrda gələn kadrlar olurdusa, indi bu proses baş vermir. Çünki gələn kadrların burda təminatları olmur. Ona görə də heç kim gəlmir. Yerli kadrlardan da ixtisaslıları yoxdur, olanlar yaşlı nəslin nümayəndələridir ki, onlarla müqavilə əsasında iş görürük. Gəncə Teatrı təsadüfü teatr deyil, hər zaman özünün yaradıcılıq üslubları ilə seçilib. Elə bu gün güman edirəm ki, imicini saxlaya bilib. Amma bunun nə faydası. İçərimizdən çıxan Bakıda təhsil alan, püxtələşən insanlar geri qayıtmaq istəmirlər. Bakının mühiti, şəraiti başqa cürdür, regionlarda başqa. Ona görə təəssüflər olsun ki, Bakıdan aralanmaq istəyi çox azdır.

- Bir direktor kimi teatrın əsas problemini nədə görürsünüz?
- Çox problemlərimiz var. Birinci tamaşaçı problemidir. İkincisi, teatrımızın binası 1868-ci ildə tikilən binadır, teatr binası deyil. Binanı alman qardaşları tikib. O zaman bu bina anbar kimi istifadə olunub. 1932-ci ildə bina teatr binası üçün uyğunlaşdırılıb. Bu gün texniki avadanlıq baxımından çox zəifik: işıq, səs avandanlıqları yarıtmaz vəziyyətdədir. Son dövrlər Cənab Prezident teatrların inkişafına təkan verəcək sərəncamlar verir. Prezidentimiz Gəncəyə son səfərində teatrla yaxından maraqlandı və yeni binanın tikilməsi üçün sərəncam verdi. Binanın artıq yeri müəyyənləşib. Vəsait ayrılıb, inşallah şəhər rəhbərliyinin göstərişi ilə yaxın vaxtlarda tikintisinə başlanacaq.

Nərmin


Müəllif: