1 İyul 2015 11:29
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 17 gün ərzində ev sahibliyi etdiyi "Bakı-2015" birinci Avropa Oyunları uğurla yekunlaşdı. Ölkəmiz "Bakı-2015" yarışlarının keçirildiyi müddətdə 6 min atleti, çoxsaylı turistləri, rəsmi qonaqları qəbul etdi. 7-dən 77-yə hər kəs bu idman bayramının möhtəşəm keçirilməsi üçün əlindən gələni etdi.

Minlərlə könüllü, bütünlükdə hər bir azərbaycanlı zəhmət çəkdi, insanlarımız sevinc və həyəcanla arenalara axın etdi, idmançılarımız isə gücünü ortaya qoyub bizlərə qələbə sevinci yaşatdı. Beləliklə, Azərbaycan aktivinə yazdırdığı 56 medalla ikinci sırada yer aldı. Bu müddət ərzində bəzi qrupların bu mötəbər tədbirin keçirilməsinin qarşısını almaq üçün etdiyi cəhdlər isə fiaskoya uğradı.

Elə bu məqama işarə edərək Azərbaycanın birinci xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevə müraciət edərək söyləyib: "Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Mən idman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir".

"Hansısa ölkənin Azərbaycandakı kimi Avropa Oyunları keçirəcəyinə inanmıram"

Avropa Oyunlarının Azərbaycanda keçirilməsini şərh edən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimovun sözlərinə görə, biz sübut etdik ki, Avropa elə məhz Azərbaycandan başlanır: "Avropa artıq Azərbaycan standartlarını həyata keçirməlidir. Azərbaycan standartlarına uyğun olaraq növbəti Oyunları keçirməlidirlər. Görək, keçirə biləcəklər, ya yox?! Mən inanmıram hansısa Avropa ölkəsi gələcəkdə Azərbaycanın bu standartlarına cavab verə biləcək yüksək səviyyəli Avropa Oyunları keçirə bilsin".

"İdmanla biz güclü siyasətimizi dünyaya göstərə bildik"

E.İbrahimov qeyd edib ki, Oyunlar ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil edən qüvvələrə yüksək hazırlığı ilə layiqincə cavab verdi: "Onlar özləri də başa düşdülər ki, boş-boş danışdılar, lakin Azərbaycan öz işini gördü. Azərbaycan dünyaya sübut etdi ki, biz güclü dövlətik və idman yüksək səviyyədədir. İdmanla da biz güclü siyasətimizi dünyaya göstərə bildik. Onlar danışıb neynədilər?! Kim nə danışır, danışsın, bu qarayaxma ilk dəfə deyil. Azərbaycanda hansısa böyük tədbirlər keçiriləndə onlar "fəaliyyətə" başlayırlar. Artıq ölkəmizə gələn turistlər haqqımızda xoş fikirlər səsləndirirlər. Başqa ölkələrdə 5-7 ilə keçirilə biləcək Avropa Oyunları bizdə 2 il yarıma yüksək səviyyədə hazır oldu. Hamı biləcək ki, Azərbaycanda bu Oyunlar necə yüksək səviyyədə keçirildi. Mən özüm də şərəf duydum ki, mənsub olduğum Azərbaycan xalqı və ölkə başçımız İlham Əliyev belə bir tədbiri çox yüksək səviyyədə təşkil etdi. Bundan başqa Azərbaycan idmançıları bu oyunlarda öz sözlərini deyə bildilər".

"Bu bayramı işğaldan azad edəcəyimiz gözəl bölgələrimizdə də keçirəcəyik"

Millət vəkili Qənirə Paşayevanın fikrincə, bu mötəbər tədbirə vətənimiz Azərbaycan, paytaxtımız Bakı şəhəri ən yüksək şəkildə ev sahibliyi etdi: "Açılış mərasimi kimi, bağlanış mərasimi də möhtəşəm təşkil olunmuşdu. Biz də həmkarlarımızla bu tədbirdə iştirak etdik, ömrü boyu yaddaşımızda qalacaq unudulmaz bayrama şahidlik etdik. 68 minlik stadionda gözəl himnimizin səslənməsi və əsrarəngiz bir proqramla qürür duyduq. Əziyyəti keçən hər kəsi təbrik edirəm! Qoy, hər zaman Azərbaycanımız daha da inkişaf etsin. Cənab Prezidenti, Mehriban xanımı, xalqımızı təbrik edirəm. İnşallah, bu cür möhtəşəm tədbirləri işğaldan azad edəcəyimiz o gözəl bölgələrimizdə də keçirəcəyik. Doğrudan da, duyğulu anlar yaşadıq".

"Dünyaya müsəlman dövlət kimi tolerant olduğumuzu sübut etdik"

İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Avropa Oyunlarının Azərbaycanda keçirilməsini qürur hissi ilə qarşıladığını söyləyib: "Azərbaycan müsəlman dövlət kimi bütün dünyaya özünü göstərə bildi. Bu gün dünyada müsəlmanlara qarşı böyük kampaniya aparılır. Azərbaycan bütün ölkələrə müsəlman dövlət kimi tolerant və humanist olduğunu sübut etdi. Açılış mərasimində "Leyli və Məcnun" kompozisiyasında gender bərabərliyinin tərənnümü ilə göstərildi ki, biz Qərb dövlətlərindən heç də aşağı dövlət deyilik".

O, yarışları televiziya vasitəsilə izlədiyini bildirib: "Özümün voleyboldan xoşum gəlir, türkiyəli qızların udması mənə ləzzət elədi".

N.Cəfəroğlu Oyunlar ərəfəsində boykot çağırışları ilə bağlı səslənlər fikirlərlə bağlı da münasibətini açıqlayıb: "Bu çağırışlara reaksiyam çox pisdir. Avropa Oyunları, mədəniyyət, idman ayrı şeydir. Oyunları boykota çağıranlara nəyə nail oldular? Heç nəyə!"

"Azərbaycan xalqı haqda dünya öz təsəvvürünü bir daha genişləndirdi"

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyevin fikrincə, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi faktı dünya idmanının və Avropanın Azərbaycanı bir idman dövləti kimi təsdiqinin ifadəsi idi: "Oyunlarla bağlı hazırlıq işlərinin cəmi 2 il yarım ərzində başa çatması və yarışların yüksək səviyyədə keçirilməsi Azərbaycan dövlətinin gücünün, qüdrətinin və Azərbaycan xalqının mədəniyyətinin göstəricisi idi. Azərbaycan xalqı haqda dünya öz təsəvvürünü bir daha genişləndirdi və yenilədi. Yüz il sonra belə ilk Avropa Oyunlarından söhbət düşəndə Azərbaycan xatırlanacaq. Necə ki, Olimpiya Oyunlarından söhbət gedəndə qədim Yunanıstan və Afina yada düşür. Azərbaycanın "Bakı-2015"ə ev sahibliyi etməsinin ictimai-siyasi, iqtisadi, turizm, istərsə də mədəniyyətimiz, tariximizin dünyaya nümayiş olunması baxımından çox böyük əhəmiyyəti oldu".

"Avropada fəaliyyət göstərən Azərbaycan diasporu yeni dostlar qazandı"

M.Quliyev əlavə edib ki, Avropanın 50 ölkəsindən gələn 6 min idmançının yarışdığı Oyunları dünyadakı on minlərlə insan izlədi. Onların hamısı xoş təəssüratla öz ölkələrinə qayıtdılar. Şübhəsiz ki, onların bir çoxu artıq Azərbaycanın dostu və təbliğatçısına çevrildi. Avropada fəaliyyət göstərən Azərbaycan diasporu yeni dostlar və dəstək qazandı. Gələcək beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin bünövrəsi qoyuldu, ölkəmiz beynəlxalq idman yarışlarına daha müsbət şərtlərlə ev sahibliyi edəcəyi imkanını əldə etdi. Gələn il Şahmat üzrə Dünya Çempionatının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının 4 oyununun ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycanı dünyada bir idman ölkəsi kimi tanıtdı".

"Bakı-2015" həm də Azərbaycanın dövlət kimi gücünün göstəricidir

Deputat vurğulayıb ki, xalqımızın tolerant xalq olduğunu, müxtəlif mədəniyyətlərə, dinə və milli mənsubiyyətə məxsus insanların Azərbaycanda dostluq və həmrəylik içərisində yaşadığı bir daha dünyaya bəyan olundu: "Ermənilərin uzun illər Azərbaycan xalqı əleyhinə apardığı bu təbliğata da son qoyuldu ki, Azərbaycan xalqı ilə nəinki bir yerdə yaşamaq mümkündür, həm də bu, lazımdır. Ermənilər həmişə deyirdi ki, bizim mədəniyyət və düşüncə fərqlərimiz olduğuna görə bu xalqla bir yerdə yaşaya bilmərik. Amma dünyanın hər yerindən gələn on minlərlə insan gördü ki, Azərbaycan xalqı tolerant xalqdır, ölkəmizin qanunlarına hörmət edən hər kəsin burada bərabər imkanlar şəraitində yaşamaq, uğur qazanmaq şansı var. "Bakı-2015" həm də Azərbaycanın dövlət kimi gücünün göstəricidir. Cəmi 24 ildir öz müstəqilliyini əldə edən bir dövlət bu qədər uğurlara nail oldu. Oyunlar zamanı Prezident-xalq birliyi bir daha nümayiş olundu. Xalqın öz rəhbərini necə dəstəklədiyinin şahidi olduq. Bütövlükdə bu uğurların əldə olunmasında ölkə Prezidentinin, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi üzrə məsul şəxs olan birinci xanım Mehriban Əliyevanın çox böyük zəhməti və əməyi var".

Oğlu ilə birgə Kristal Zalda boks yarışlarını izlədiyini deyən deputat qeyd edib ki, yarışlardan yüksək təəssüratla ayrılıb.

"Bu Oyunlar Azərbaycanın ciddi uğurudur"

Millət vəkili Fuad Muradov bildirib ki, Avropa Oyunları Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, BAOƏK sədri Mehriban Əliyevanın nümayiş etdirdiyi yüksək peşəkarlıq sayəsində uğurla başa çatdı.

Onun sözlərinə görə, Bakıda keçirilən Birinci Avropa Oyunları Azərbaycanın ciddi uğuru kimi qəbul olunmalıdır: "I Avropa Oyunlarının Azərbaycanın dünyada daha da tanınması, tarix və mədəniyyətinin nümayiş etdirilməsi, eyni zamanda idman sahəsində əldə etdiyi nəticələr baxımından çox böyük əhəmiyyət kəsb edir. Əgər bu, bir tərəfdən idman yarışı idisə, digər tərəfdən də ciddi ictimai-siyasi və beynəlxalq əhəmiyyətə malik bir tədbir idi. Çünki həm Avropadan, həm də dünyanın bir çox ölkələrindən birinci şəxslərin, rəsmi şəxslərin və çoxsaylı turistlərin gəlməsi Azərbaycana qarşı olan etimadın göstəricisi idi".

F.Muradov Birinci Avropa Oyunlarını Azərbaycan üçün daha bir təcrübə və bundan sonrakı hədəflərə çatmaqda önəmli hadisə kimi dəyərləndirib: "2017-ci ildə ölkəmizdə keçirilməsi planlaşdırılan İslam Həmrəylik Oyunları Azərbaycanın həm də müsəlman ölkəsi kimi tolerant və təhlükəsiz bir dövlət olduğunu ortaya qoymuş olur. İnanıram ki, bundan sonrakı hədəflərdə Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi olacaq. Azərbaycan bundan əvvəl və indi olduğu kimi gələcəkdə də qarşısına qoyduğu məqsəd və hədəflərə uğurla çatacaq".

NƏRGİZ


Müəllif: