1 İyul 2015 12:43
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-2015" Birinci Avropa Oyunları başa çatsa da bu elit idman yarışının, onun açılış və bağlanış mərasimlərinin təəssüratları hələ çox yaşayacaq. İncəsənət xadimlərinin də birbaşa iştirakı ilə baş tutan idman bayramı onlar üçün böyük təcrübə meydanı olub.

"İçimizdə həyəcandan daha çox qürur hissi var idi"

Avropa Oyunlarının bağlanış mərasimində qədim musiqi alətləri ilə müasir alətlərin maraqlı ifası, daha doğrusu, "deyişməsi"ndə iştirak edən əməkdar artist, tarzən Əliağa Seyidov stadionda baş verənlərdən danışır: "Öncə qeyd etmək lazımdır ki, "Bakı-2015" Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hamımız üçün böyük şərəf idi. İyun ayının 12-dən 28-ə kimi davam edən yarışların belə möhtəşəm keçməsi Azərbaycanın beynəlxalq aləmdə özünü bir daha təsdiq etməsi deməkdir. 56 medal qazanıb, siyahıda ikinci yerə çıxmağımız sevindirici haldır. İdmançılarımızla fəxr edirik. Avropa Oyunlarının açılış və bağlanış mərasimləri çox gözəl təşkil olunmuşdu. Bağlanış mərasimində işin bir hissəsi də bizim yəni mənimlə bərbər həmkarlarımın da öhdəmizə düşmüşdü: tarda mən, kamançada Elnur Mikayılov, Mehri Əsədullayeva, balabanda əməkdar artist Şirzad Fətəliyev, nağarada Kamran Kərimov, davulda Hüsaməddin Əzizov. Fevral ayında alman musiqiçiləri ilə tanış olduq, onlar layihə ilə bağlı bizimlə məsləhətləşməyə başladılar. Belə ki, onların bizim musiqi ilə bağlı tam anlayışları yox idi. Onların mövqeyini biləndən sonra biz onlara Azərbaycan xalq mahnılarını, rəqslərini təqdim etdik. "Ey nur" rəqsini çox bəyəndilər. Rəqslə bağlı müxtəlif improvizələr etdik və onlarla birgə bunu bağlanış mərasimində təqdim etdik. Ondan başqa biz onlara "Sarı gəlin" musiqisini dinlətdik, həmin musiqi layihəsinin başında duran Kristian mahnıya qulaq asandan sonra dedi ki: "Fikrimə görə, "Sarı gəlin" dünyanın ən gözəl mahnısıdır. Və bu Azərbaycan musiqisidir". Doğrudan da, biz çox sevindik ki, bağlanış mərasimində "Sarı gəlin" səsləndi, kaman və digər musiqi alətlərimiz ifa olundu. Mərasimin bədii rəhbəri Ceyms Hedlinin ideyasına əsasən, bir kamança ifaçısı xanım olmalı idi. Elə də oldu. Səhnədə çıxış edərkən həyəcandan daha çox qürur hissi var idi hər birimizdə. Bu qürur dövlət başçılarının iştirakı etdiyi belə bir tədbirə bizim də töhfə verməyimiz, həmçinin belə möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı idi. Şounun təhlükəsizliyi yüksək səviyyədə təşkil olunmuşdu. Bir sözlə, hər şey çox mükəmməl səviyyədə baş tutdu".

"Ölkəmiz hər zaman var olsun"

Xalq artisti Afaq Bəşirqızının fikrincə, Avropa Oyunları Azərbaycanın möhtəşəmliyini dünyaya sərgiləyib. Açılış və bağlanış mərasimində Azərbaycan mədəniyyətinin, musiqilərinin təbliği dünyaya mühüm mesajdır: "Avropa Oyunları zamanı ölkəmizə çoxlu sayda turistlər gəldi. Onlar bizim tariximizlə, mədəniyyətimizlə tanış olub, insanlığımıza, insana qarşı olan ünsiyyətimizə bələd oldular. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bir daha dövlətlər tərəfindən tanınması və qəbul edilməsi deməkdir. Başqa sözlə, bu Azərbaycanın sivilizasiyalı dövlət olmasının, qədimliyinin, öz torpaqlarını qiymətləndirməsinin, bu torpaqların rifahı naminə 24 saat quruculuqla məşğul olan Azərbaycan və azərbaycanlıların bir daha dünyada təsdiq olunmasıdır. Azərbaycan var olsun və hər zaman belə tədbirlərə ev sahibliyi etsin".

"Hamı gördü ki, Azərbaycan nələrə qadirdir"

Elit idman yarışlarını övladları ilə bərabər yaxından izləyən bəstəkar Məryəm Əlibəyli deyir ki, açılış və bağlanış mərasimlərində təqdim olunan səhnə performansları Azərbaycanı layiqincə təmsil edib: "Təəssüflər olsun bağlanış mərasiminə gedə bilmədim. Amma açılış mərasiminə getməmişdən öncə sosial şəbəkədə də yazmışdım ki, gedirəm adrenalin yaşamağa. Orada olanda mən və mənim kimi bir çoxları bilirdi ki, Azərbaycan nəyə qadirdir. Amma bu açılış mərasimi ilə bir çoxları da gördü ki, Azərbaycan nələrə qadirdir. Qara Qarayevin, Cövdət Hacıyevin, digər bəstəkarlarımızın musiqiləri çox məharətlə istifadə olunmuşdu. Hər şey xırdalığına qədər işlənmişdi. Yəni hiss olunurdu ki, həm açılış, həm də bağlanış mərasiminin üzərində çox möhtəşəm, çox ağıllı, vətəni düşünən insanlar işləyiblər. Amma çox istərdim ki, gələcəkdə Avropa Oyunlarının himni yazılsın, reklam olunsun. Bir şeyi də diqqətə çatdırmaq istəyirəm. Bilirsiniz ki, bu dönəmdə ölkəmizdə Avropa Oyunlarına həsr olunan çox musiqilər yarandı, amma mən səviyyəsindən narazı qaldım. Bir neçəsini dinlədim, əminliklə deyirəm, özfəaliyyət səviyyəsində idilər. Daha yaxşı bir şeylər fikirləşmək olardı.

Oyunlara gəlincə, hamısını izləməyə çalışırdım. Boks, voleybol yarışlarını isə əksər vaxtı zallarda izləyirdim. Qadınlardan ibarət voleybol komandamız çox güclü idi, istərdim ki, onlar qızıl medal qazansınlar. Amma alınmadı, heç bir yer tutmadılar. Bəziləri deyirdilər ki, ermənilər gəldi, medallarımızı apardı. Mən isə bu cür fikirləşmirəm və o adamlara deyirəm ki, görün Avropa Oyunları necə haqq-ədalətlə keçirilib. Həqiqətən oyunlardakı qərarlar obyektiv idi. Açılış mərasimindən sonra facebookda belə bir status yazmışdım: "Erməni idmançılar bu gün 100 faiz yata bilməyəcəklər. Bilirsiniz, niyə? Bu gün onlar Azərbaycanın möhtəşəmliyinin, qədimliyinin, böyüklüyünün şahidi oldular. Səhərəcən düşünəcəklər ki, axı bizim dövlət, bizim nadanlar, bu böyüklükdə Azərbaycan xalqından nə istəyirmişlər? Onların vicdansızlığı ucbatından biz bu gün böyük Azərbaycan xalqının qarşısından niyə başı aşağı keçdik?"

"Azərbaycanı xoş duyğularla xatırlayacaqlar"

Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, sülhün, dostluğun və birliyin rəmzi olan bu oyunlar Azərbaycan mədəniyyətinin təbliği baxımından da çox mühüm rol oynadı və nəinki Avropada, hətta bütün dünyada mədəni irsimizə böyük maraq yaradıb: "Ötən 17 gün ərzində dünyanın idman paytaxtına çevrilən Bakı Avropanın müxtəlif ölkələrindən gəlmiş qonaqları bütün cəhətləri ilə heyran etdi. Bu müddət ərzində qonaqlar mütəmadi olaraq müxtəlif sənət məbədlərimizi - muzeylərimizi, tarixi abidələrimizi, ələlxüsus da teatrlarımızı ziyarət edirdilər.17 gün ərzində xüsusi olaraq I Avropa Oyunları ilə əlaqədar təşkil olunmuş repertuara əsasən Musiqili Teatrda 15 tamaşa nümayiş olunub. Tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub. 11-28 iyun arası Musiqili Teatrda "Ər və arvad", "O olmasın, bu olsun", "Skapenin kələkləri", "Kimdir müqəssir?", "Talelər qovuşanda", "Fransızsayağı qarnir" və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya Federasiyası, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukranya və başqa dövlətlərdən gəlmiş əcnəbilər də olub. Həmin günlərdə nümayiş olunan uşaq tamaşalarında da - "Düyməcik", "Qırmızı papaq", "Bir dayan canavar" - qonaqlar yüksək fəallığı ilə diqqət çəkiblər. Tamaşalardan sonra teatr rəhbərliyi və yaradıcı kollektivlə söhbət edən qonaqlar Musiqili Teatrın unikal binasına, burada yaradılmış şəraitə heyran qaldıqlarını xüsusi olaraq vurğulayıblar. Qeyd ediblər ki, bənzərsiz Azərbaycan musiqisini, mədəniyyətini, Bakını, ümumilikdə Azərbaycanı, xalqımızı hər zaman xoş duyğularla xatırlayacaqlar. Bir sözlə, Azərbaycanda keçirilən I Avropa Oyunları dünya idman tarixində möhtəşəm bir səhifə oldu".

Nərmin Muradova


Müəllif: