1 İyul 2015 18:50

Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin Bakı-2015 Avropa Oyunlarının yekunlarına həsr olunmuş iclası keçirilib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən (ARMPK) Teleqraf.com-a verilən məlumata görə, iclasda ARMPK-nin prezidenti İlqar Rəhimov qeyd edib ki, Bakı-2015 Avropa Oyunlarının yüksək səviyyədə keçirilərək ugurla başa catması ölkəmızın qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi: “Azərbaycan idmançıları yüksək nəticələr əldə edərək, 50 ölkə arasında ikinci yerə çıxmaqla Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanın da sürətlə inkişaf etdiyini sübut etdilər. Sevindirici haldır ki, yarış keçirilən bütün idman arenalarında fiziki məhdudiyyətli şəxslər üçün beynəlxalq standartlara cavab verən şərait yaradılıb və həmin şəxslər böyük həvəslə bütün yarışları izləyiblər”.

O, Oyunlar zamanı Prezident İlham Əliyevin və Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın paralimpiyaçı idmançılara xüsusi diqqət yetirdiklərini bidirərək, onlara Paralimpiya ailəsi adından təşəkkür edib. Bu Oyunların Milli Paralimpiya Komitəsi üçün xüsusi önəm daşıdığını vurqulayaraq, Komitə tərəfindən qarşıya qoyulmuş məqsədin layiqincə yerinə yetirildiyini və Oyunlarda iştirak edən üç idmançının bir qızıl, bir gümüş və bir bürünc medal qazandığını qeyd edib.

Daha sonra I Bakı-2015 Avropa Oyunlarının çempionu İlham Zəkiyev, ikinci yerin qalibi Səbinə Abdullayeva, bürünc medal qazanmış Zakir Mislimov və onların məşqçiləri çıxış edərək öz təəssüratlarını bölüşməklə yanaşı, belə bir möhtəşəm tədbirin Bakıda keçirildiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

İclasın sonunda Azərbaycan Respublikası Paralimpiya Hərəkatının inkişafında göstətdiyi xidmətlərinə görə idmançı Zəkiyev İlham Əzizağa oğlu Milli Paralimpiya Komitəsinin "Paralimpiya" medalı ilə, Bakı-2015 I Avropa Oyunlarında yüksək nailiyyətlərinə görə idmançı Abdullayeva Səbinə Xanlar qızı, idmançı Mislimov Zakir Qafur oğlu, baş məşqçi İbrahimov İbrahim Eldar oğlu, şəxsi məşqçilər Rəcəbli Elxan Əhməddin oğlu, Əliyev Yangibar Eldar oğlu və Baratov Pərviz Qədəş oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Fəxri fərmanı ilə təltif ediliblər.

Bununla yanaşı, I Avropa Oyunlarının hazırlanıb keçirilməsində fəal iştiraklarına görə hakim Hüseynov Fariz Adil oğlu, ARMPK-nin şöbə müdiri Məmmədov Kamal Cabir oğlu və ARMPK-nin mütəxəssisi Məhərrəmov İlham Adil oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin diplomu ilə təltif olunublar.

Qeyd edək ki, Avropada ilk dəfə təşkil edilən Avropa Oyunlarında keçirilən yarışlarda cüdo idman növü üzrə 2 çəkidə 10 ölkədən 16 nəfər paralimpiyaçı iştirak edib. Azərbaycan Milli Paralimpiya Komitəsinin 3 idmançısı - İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva da həmin yarışlara qatılıblar. Nəticə olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları oyunlarda 3 medal qazanıblar. Belə ki, paralimpiyaçı qadın cüdoçular arasında mübarizə aparan Səbinə Abdullayeva gümüş medal, kişi paralimpiyaçılarımızdan ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev qızıl medal, Zakir Mislimov isə bürünc medala sahib olublar.

Umimiyyətlə, Oyunlarda 20 idman növü üzrə yarışlar keçirilib, azərbaycanlı idmançılar 6 idman növü üzrə qızıl medal qazanıblar ki, bunlardan biri də paralimpiya cüdosudur.


Müəllif:
Загрузка...