2 İyul 2015 13:46
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niyaməddin Orduxanlı: "I Avropa Oyunları ilə Azərbaycanın tolerant, demokratik, hüquqi ənənələrə sahib bir ölkə olduğunu sübut etdik"

I Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycana dünyanın baxışı müsbət mənada dəyişib. Ölkəmiz bu idman yarışını yüksək şəkildə keçirməklə Avropa ölkələrindən geri qalmadığını nümayiş etdirdi.

Oyunların nəticələri ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik:

- Azərbaycan I Avropa Oyunlarından nə əldə etdi?
- Ölkəmiz bu idman yarışından siyasi mənada böyük dividend əldə etdi. Eyni zamanda, açılış zamanı Azərbaycan dünyaya çoxlu mesajlar vermiş oldu.

Azərbaycan milyonlarla insana göstərdi ki, "Sarı gəlin" mahnısı bizə məxsusdur və ermənilərin bu istiqamətdə apardığı kampaniyanı tamamilə sıradan çıxardı. Yaxud da, müxtəlif kompozisiyalarla Azərbaycanın necə bir qədim dövlət olduğu nümayiş etdirildi və o cümlədən ölkəmizin müasir dünya sivilizasiyasının bir parçası olmasını da ortaya qoymuş olduq. Həmçinin, bu qəbildən olan elementlər içərisində Azərbaycanın Avropa dəyərlərini özündə daşıyan dövlət olduğunu göstərdik. I Avropa Oyunları ilə uzun illərdir müstəqil Azərbaycanın əleyhinə olan ermənilərin və ermənipərəst qüvvələrin apardığı təbliğatın kökündən dağıdılmasına nail ola bildik. Qədim, müasir, o cümlədən Nizami Gəncəvi kimi bir dahisi olan Azərbaycanı Oyunların açılış mərasimi ilə təxminən 1 milyarddan artıq tamaşaçı izlədi, gördü. Kimin nə deməsindən asılı olmayaraq, göstərdik ki, Azərbaycan xalqı belə ənənələrə malikdir və əsl Azərbaycan gerçəkliyi budur. Ermənipərəst qüvvələrin Azərbaycanın timsalında uzun illər təbliğ etməyə çalışdığı "vəhşi müsəlman" obrazını yerlə bir etməyə nail olduq. Ən əsası Azərbaycanın tolerant, demokratik, hüquqi ənənələrə sahib bir ölkə olduğunu sübut etdik.

- Azərbaycan idmançıları bu Oyunlarda böyük uğura imza atdı. Bütün bunlar Azərbaycan idmanına nə vəd edir?
- Həqiqətən, Azərbaycan idmançılarının çıxışı bizi həddən artıq sevindirdi, o cümlədən qələbələri. Sözün açığı, idmançılarımızın bu qədər nailiyyət əldə edə biləcəyini gözləmirdim. 56 medal və onun 21-nin qızıl olması çox böyük göstəricidir. Bu uğurlar xalqımız üçün böyük sevinc bəxş etdi. Bu qələbələr Azərbaycan gəncliyinə böyük bir stimul vermiş oldu ki, onların bundan sonra idmana marağı daha çox olacaq. Həm də bu cür uğur əldə etməyimizin səbəbi bu oldu ki, həqiqətən də, Azərbaycan bir idman ölkəsidir. Avropa şahidi oldu ki, bütün idman növləri üzrə Azərbaycanda kifayət qədər peşəkar idmançılar var. Azərbaycan idmançıları böyük uğurlar əldə etmiş Olimpiya, Avropa, Dünya çempionlarını məğlub edərək qızıl medala sahib oldular. Yəni, Bakıya gələnlər təsadüfi idmançılar deyildi, onlar Avropanın güclüləri idi. Bu fakt özü bir daha Azərbaycanda idmanın inkişafının göstəricisi oldu.

- Oyunlar ərəfəsində və keçirildiyi müddətdə Azərbaycana qarşı təzyiqlər oldu. Bunun arxasında hansı məqsədlər dayanırdı?
- Çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinə, xüsusilə, Prezident İlham Əliyevə təzyiqlər göstərmək üçün I Avropa Oyunları bir bəhanə oldu. Bundan əvvəl də "Avroviziya" mahnı müsabiqəsi zamanı Azərbaycan dövlətinə qarşı kampaniya təşkil etdilər. Amma Oyunlar ərəfəsində bu təzyiqlərin daha geniş şəkildə həyata keçrildiyinin şahidi olduq. Avropanın bir sıra qurumları, bəzi beynəlxalq təşkilatlar 5-10 nəfər adamın guya hüquqlarının pozulması adı altında kampaniya apardılar. Şəxsən mən və bizim partiya bir nəfərin belə hüquqlarının pozulmasının və 3-5 nəfərin həbsdə qalmasının tərəfdarı deyilik. Amma söhbət ondan gedir ki, Azərbaycan əleyhinə olan təşkilatlar açıq şəkildə ölkəmizə yönəlik kampaniya keçirməklə bağlı öz mövqelərini ortaya qoydular. Hətta bu təşkilatlar aciz şəkildə Avropadan gələn idmançılara müraciət etdilər ki, 2-3 nəfərin guya hüquqlarının pozulması məsələsini idman oyunları zamanı qabartsınlar. BMT-nin Bakı Ofisi, Avropa Şurası və ATƏT kimi təşkilatlar belə müraciətlər yaymışdılar. Azərbaycana 6 min idmançı gəlmişdi, bir nəfər, hətta düşmən Ermənistanın atletləri belə onların çağırışına əhəmiyyət vermədi. Onlar özlərini gülünc vəziyyətə qoydular və həqiqətən də, idmanı siyasiləşdirmək olmaz. Bu qara qüvvələrin məqsədi o idi ki, Azərbaycan öz müstəqil siyasətindən geri çəkilsin, onların yürütdüyü siyasətə uyğun siyasət qursun. Deyərdim ki, yeganə amil bu idi. Amma digər tərəfdən bu təşkilatlara paralel olaraq, fürsətdən istifadə edən erməni diasporu, ermənipərəst qüvvələr bu kampaniyaya dəstək verdilər. Onların da marağı bu idi ki, Azərbaycan bu cür tədbir keçirməsin. Həmin qüvvələrin beyin mərkəzləri Azərbaycanın bu Oyunlara ev sahibliyi etməklə, dünyaya ölkəmizin həqiqətlərini göstərəcəyini yaxşı anlayırdılar. Bu qüvvələr milyonlarla insanın, ayrı-ayrı dövlətlərin Azərbaycanı yaxından tanıyacağına narahat idi. Qərb və Avropa siyasi qurumları isə Azərbaycan dövlətinin, xüsusilə, Prezident İlham Əliyevin apardığı siyasətə qarşı kampaniya mövqeyini tutmuşdular. Həmin qurumlar düşünür ki, Azərbaycan qonşuluq, enerji siyasətini onların istəyinə uyğun aparmalıdır. Bunu görməyəndə isə Azərbaycanı gözdən salmağa cəhd etdilər, təzyiq kampaniyası aparmağa başladılar.

"2013-cü ildə Rusiyanın əlində oyuncaq olan Əli Kərimli bu dəfə özünü Qərbin çomağı kimi nümayiş etdirdi"

- Ölkə daxilindən bu kampaniyalara dəstək verənlər oldu..
- Qərb və Avropanın bəzi dairələri özlərinin ölkəmizdə olan "5-ci kolon"larının, yəni Xədicə İsmayıl, Leyla Yunus və digərlərinin həbs olunmasından narahatlıq keçirirlər. Çünki adını qeyd etdiyim şəxslərə və digərlərinə Qərb institutları son 2 il ərzində milyonlarla dollar qrant verib. Azərbaycanda 3 mindən artıq qeyri-hökumət təşkilatı olduğu halda yalnız eyni təşkilatlara qrantlar veriblər. Bu faktın özü onu göstərir ki, həmin təşkilatlar Qərbin Azərbaycandakı "5-ci kolon"udur. Siyasi partiyalara gəldikdə isə, çox təəssüf ki, yenə də radikal siyasi düşərgələr, Azərbaycan cəmiyyətində dəstəyi olmayan Əli Kərimlinin təmsil etdiyi partiya hər gün Qərbdəki təşkilatlara özlərini nümayiş etdirdilər. Onların dəstəkçisi olduğunu göstərdilər ki, Azərbaycanda Avropa Oyunları keçirilməsin. 2013-cü ildə Milli Şura layihəsini həyata keçirən Rusiyanın əlində oyuncaq olan Əli Kərimli bu dəfə də özünü Qərbin çomağı kimi nümayiş etdirdi. Təəssüflər olsun ki, Azərbaycanın çörəyini yeyən, suyunu içən şəxslər bu kampaniyada Qərbin dəstəkçisi oldular.

BƏXTİYAR


Müəllif: