3 İyul 2015 14:39
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-2015" I Avropa Oyunları başa çatsa da, ölkəmizin bu mötəbər yarışlar zamanı əldə etdiyi qazanc, dividendlər müzakirə mövzusudur. Oyunlar zamanı ölkəyə çoxlu sayda rəsmi şəxslər, idmançılar, turistlər gəldi. Hər bir səlahiyyətli şəxs, o cümlədən Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları, istərsə də polislər, könüllülər, jurnalistlər üzərinə düşən işi layiqincə görməyə çalışdı. Ölkəmizə təşrif buyuran qonaqların yüksək səviyyədə qarşılanması və onların razı qalması üçün böyük əmək sərf olundu.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov da bəyan edib ki, Daxili İşlər Nazirliyinin I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirib. Onun sözlərinə görə, bu yarışların ölkəmizin adına və nüfuzuna layiq bir səviyyədə, təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün digər dövlət orqanları ilə birgə böyük bir fəaliyyət ortaya qoyub.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox yüksək təşkilatçılıq bacarığı və böyük xidmətləri sayəsində ölkəmiz üzərinə götürdüyü öhdəliyi 30 ay ərzində yerinə yetirib.

"Bakı-2015" dünyada ən yüksək idman standartlarını təqdim edib"

R.Usubov dövlətimizin qarşıya qoyduğu hədəflərə çatmasında son 10 ildə ölkədə idmanın inkişafı, xüsusən kütləviliyinin təmin edilməsi üçün həyata keçirilən mühüm tədbirlərin, o cümlədən onlarla müasir Olimpiya mərkəzinin inşa edilib gənclərimizin istifadəsinə verilməsinin də böyük rolu olduğunu diqqətə çatdırıb: "Bakı-2015" dünyada ən yüksək idman standartlarını təqdim edib. Respublikamız, onun bütün dövlət strukturları və vətəndaş cəmiyyəti üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən layiqincə gəldi. Bütün Azərbaycanda 17 gün əsl bayram ab-havası hökm sürdü. 1996-cı ildə müstəqil dövlət kimi Olimpiya Oyunlarına 23 idmançı ilə qatılaraq yalnız bir gümüş medal əldə edən ölkəmiz artıq ilk Avropa Oyunlarında yüksək nəticələr göstərərək 21-i qızıl olmaqla 56 medal qazandı, qitə ölkələri arasında ikinci yeri tutdu. Ümumən, Azərbaycan, bu mühüm əhəmiyyətli tədbiri keçirməklə dünyaya açıq ölkə olduğunu bir daha təsdiqlədi, sülhün, dostluğun, milli həmrəyliyin, Prezident-xalq birliyinin təntənəsini bir daha nümayiş etdirdi".

"Bakının gözəlliyini dünyaya tanıtdı"

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə qeyd edib ki, Azərbaycan iyunun 12-dən 28-dək ilk Avropa Oyunlarına layiqli ev sahibliyi etdi: "Bu 17 gün ərzində bütün dünyanın gözü Azərbaycanda idi. Azərbaycan bu sınaqdan şərəflə çıxdı, yeni tarixə, möhtəşəm uğura imza atdı. İlk Avropa Oyunları dinamik inkişaf edən Azərbaycanı kəşf etməyə imkan verdi. Onun mədəniyyətini, ənənələrini, qonaqpərvərliyini, ölkəmizin və Bakının gözəlliyini dünyaya tanıtdı".

"Qərb ölkələrinə örnək olan Azərbaycan polisinin fəaliyyətini gördük"

PA rəsmisinin fikrincə, xüsusilə ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təkrarolunmazlığı və möhtəşəmliyi dövlətimizin qüdrətini, zəngin tarixi ənənələrini nümayiş etdirdi: "Dünya yüksək təşkilatçılığın nümunəsini gördü. Yarışların, idmançıların və qonaqların mühafizəsinin yüksək şəkildə təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının rolu əvəzolunmazdır. Onlar asayişin və yarışların keçirildiyi obyektlərin qorunması, idmançıların, azarkeşlərin və digər qonaqların təhlükəsizliyinin təmin edilməsi, ölkəmizə gəlmiş dövlət və hökumət rəhbərlərinin müşayiəti və digər mühüm vəzifələri ən yüksək səviyyədə yerinə yetiriblər. Bu mötəbər tədbirin əmin-amanlıq şəraitində keçməsinə töhfələr veriblər. Deyərdim ki, biz Qərb ölkələrinə örnək ola biləcək mədəni və nəzakətli, insan hüquqlarına riayət edən və onu rəhbər tutan yeni Azərbaycan polisinin fəaliyyətini gördük".

"Belə böyük tədbiri çox az müddətə təşkil etməyi bacardıq"

Maliyyə naziri Samir Şərifov vurğulayıb ki, I Avropa Oyunları Avropa və xüsusilə Azərbaycan üçün mühüm və əhəmiyyətli hadisə oldu: "İlk Avropa Oyunları bu günlərdə başa çatdı. 17 gün ərzində Azərbaycan 50 ölkədən 6 min idmançını qürurla qəbul etdi. Azərbaycan belə böyük tədbiri çox az müddətə təşkil etməyi bacardı".

Bununla yanaşı, nazir I Avropa Oyunlarını həm yerli, həm beynəlxalq sığorta şirkətlərinin dəstəklədiyini xüsusi vurğulayıb.

"Avropa Oyunlarını ən yüksək səviyyədə keçirdik"

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük tarixi bayram idi. Onun fikrincə, ölkəmizin gücü, qüdrəti, güclü iqtisadiyyatı, düzgün və düşünülmüş siyasəti və dünyadakı nüfuzuna görə Oyunların keçirilməsi Azərbaycana həvalə olunmuşdu: "Biz bu Oyunları ən yüksək səviyyədə keçirdik. Hər bir Azərbaycansevər insan öz Vətəninin uğuru ilə qürurlanır.

Çox sevinirəm ki, ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən cənab İlham Əliyevin apardığı siyasət nəticəsində doğma Azərbaycan bu uğura imza atdı. Ölkəmlə nəfəs alan azərbaycanlı kimi prezidentimizin, xalqımızın bu Oyunlara yanaşmasını görüb qürurlandım, fəxr etdim ki, azərbaycanlıyam".

R.Rzayev qeyd edib ki, ərazisinin 20 faizi işğal altında və 1 milyon qaçqın və məcburi köçkünü olan başqa bir dövlət idman sahəsində bu qədər uğuru əldə edə bilməzdi: "Ölkəmiz Avropa Oyunları ilə göstərdi ki, sülhsevər, qonaqpərvər dünyaya açıq dövlətdir. Azərbaycanı istəyən qüvvələr, ölkəmizin inkişafına nail olmaq istəyən insanların sayı həddən artıq çoxdur. Xalqla iqtidar arasında böyük birlik var. Mən arzu edirəm ki, Azərbaycan bundan da böyük uğurlara imza atsın. Tam əminəm ki, Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təntənəsinin də zirvəsində dayanan insan olacaq. Arzu edirəm ki, Azərbaycan idmançıları bayrağımızı doğma Qarabağımızda qaldırsınlar və biz də o günün şahidi olaq. Düşünürəm ki, Azərbaycan bu qüdrətini göstərməklə dünyada öz imicinə müsbət xal gətirdi. Təəssüf edirəm ki, Azərbaycanı istəməyən qüvvələrin yanaşmasını da şahidi olduq. Amma nə qədər Azərbaycana qarşı ədalətsiz münasibət göstərəcəklərsə, bir o qədər ölkəmiz güclü və uğurlu addımları ilə xalqını irəli aparacaq. İdman qurğularının tikilməsi, Azərbaycanda infrastrukturun bu qədər möhtəşəmliyi və çox sayda qonaq qəbul etməyə imkan və vəsaitimizin olması qürurverici hallardır. Səmimi qəlbdən sevinirəm ki, dövlətimiz belə böyük imkanlarla bu gözəl bayramı Azərbaycan xalqına yaşatdı".

"Dünyaya nəyə qadir olduğumuzu göstərdik"

Milli Məclisin deputatı Elmira Axundova qeyd edib ki, Azərbaycanda keçirilən İlk Avropa Oyunları hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib: "Bu yarışın təşkili ilə bütün dünyaya göstərdik ki, biz nəyə qadirik, nə kimi inkişafa nail olmuşuq, necə güclü idarəçilik sistemimiz var. Əvvəla, Avropa Oyunlarında könüllü kimi iştirak edən 20 minə yaxın gənc iş təcrübəsi topladı, dil öyrəndi, xaricilərlə işləmə bacarığı qazandı. İkincisi, Azərbaycanda tikilən idman qurğuları dünyada analoqu olmayan qurğulardır və Avropa Oyunlarından sonra bu obyektlərdə keçiriləcək yarışlardan Azərbaycan qazanc əldə edəcək. Eyni zamanda, burada yüzlərlə, minlərlə insan üçün yeni iş yeri təmin olunacaq. Ən əsası isə yarışlarında cənab Prezidentin iştirak etməsi, idmançılarımızı şəxsən mükafatlandırması xalqımızda, xüsusən gənc nəsildə idmana marağın artmasına böyük təkan, stimul verəcək".

Millət vəkili Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası cəhdlərinə də toxunub: "İdmançılar hökuməti yox, xalqı, milləti təmsil edir. Amma mən çox sevinirəm ki, Prezidentimizin arxasında xalq dayanır. Millətimiz qədirbilən xalqdır və öz Prezidentinə sahib çıxmağı bacarır. Xalqımız heç bir fitnə-fəsada uymadan sona qədər öz liderinin arxasında olmalıdır. Unutmayaq ki, bizim müstəqil siyasətimiz iri maliyyə institutlarını, Qərbin bəzi strateji-araşdırma mərkəzlərini qıcıqlandırır. Onların dedikləri ilə oturub-durmamağımız bizə qarşı bu cür kampaniyalar həyata keçirmələrinə səbəb olur. Biz xalq olaraq ayıq olmalıyıq, onların dedikləri ilə oturub-duranların aqibəti göz qabağındadır. Eyni taleyi yaşamamaq üçün Prezidentimizin ətrafında sıx birləşməliyik, 90-cı illərdəki ərzaq qıtlığı, iqtisadi tənəzzül, hərbi uğursuzluqlar, torpaqların itirilməsi dövrünə bir daha qayıtmağa ən azından mənəvi haqqımız yoxdur. "5-ci kolon" adlandırılanlara və xarici qüvvələrə imkan verməməliyik ki, bizim bu xoşbəxtçiliyimizi, sabitliyimizi, rifahımızı əlimizdən alsınlar".

"Azərbaycan həqiqətləri dünyaya çatdırıldı"

Deputat Leyla Abdullayeva vurğulayıb ki, Avropa Oyunları zamanı bütün dünya Azərbaycanı tanıdı, onun qüdrətinin şahidi oldu: "Bundan başqa, ölkəmiz idman ölkəsi kimi tanınmaqla yanaşı, turizm potensialını ortalığa qoya bildi. Zənnimcə, turizm sektoru bundan sonra daha da ölkəmizdə inkişaf edəcək. Eyni zamanda, Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. Azərbaycan sülhsevər, tolerant bir ölkə olaraq dünyaya öz qapılarını açdı. Ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı böyük bir təcrübə qazandı. Bu Oyunlar bizim müasir, tolerant, multikulturalizm nümunəsi olaraq tanınmağımıza daha bir şans yaratdı. Minlərlə könüllülər beynəlxalq təcrübə qazandı, bu, onların həyat və karyerasına gələcəkdə çox müsbət təsir edəcək".

L.Abdullayeva əmindir ki, Oyunlardan sonra gənclərin idmana marağı daha da artacaq: "Bakı-2015" çərçivəsində tikilən idman arenaları onlara imkan verəcək ki, öz potensiallarını reallaşdırsınlar. Ölkədə nəhəng idman infrastrukturu - stadion, qurğular istifadəyə verildi. Bütün bunlara görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya çox minnətdarıq. Məhz onların rəhbərliyi ilə bu böyük idman və dostluq bayramı baş tutdu".

NƏRGİZ


Müəllif: