3 İyul 2015 22:13
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” birinci Avropa Oyunları qarşıdan gələn Yay Olimpiya Oyunları öncəsi möhtəşəm idman yarışı oldu.

Bu sözləri birinci Avropa Oyunlarında Macarıstan komandasının rəhbəri Laslo Fabian AZƏRTAC-a müsahibəsində sözləyib.

Macarıstan milli komandasının Oyunlarda necə çıxış etməsi ilə bağlı suala cavabında L.Fabian bildirib ki, idmançılarımız qarşıya qoyulan tapşırıqları tamamilə yerinə yetiriblər. O, deyib: “Birinci Avropa Oyunlarında iştirak üçün ən perspektivli idmançıları üzə çıxardıq və ciddi hazırlıqlara başladıq. Yəni, biz öz vəzifəmizi yerinə yetirdik. Birinci Avropa Oyunları Rio-de-Janeyro Olimpiadasından əvvəl komandamızda olan çatızmamazlıqları üzə çıxardı.

Macarıstan komandasının nəticələrindən razı qaldığını vurğulayan L.Fabian bildirib: “İdmançılarımız iyirmi dəfə fəxri kürsüyə qalxdılar. Atletlərimiz 8 qızıl, 4 gümüş, 8 bürünc medal qazandılar. Ümumi hesabda 8-ci yeri tutduq. Mən bunu yaxşı nəticə hesab edirəm”.

Komanda rəhbəri vurğulayıb ki, bu mötəbər yarış rəsmən Olimpiya Oyunları adlandırılmasa da, Azərbaycan dövləti, “Bakı-2015” Təşkilatı Komitəsi, Avropa Olimpiya Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsi atletlərin özlərini əsl Olimpiya Oyunlarında hiss etmələri üçün mümkün olan hər cür şəraiti təmin etmişdi.

L.Fabian xüsusi vurğulayıb ki, Bakı və bütövlükdə Azərbaycan Olimpiya Oyunlarını keçirməyə tam hazırdır. O deyib: “Azərbaycan hökuməti namizədliyin yenidən irəli sürülməsi məsələsini nəzərdən keçirir. Axı, Olimpiadaya lazım olan idman obyektlərinin 80-90 faizi artıq inşa edilib. Amma Budapeşt də Bakıdan geri qalmır. Bu həftə Macarıstan parlamenti 2024-cü il Paralimpiya Oyunlarının Budapeştdə keçirilməsi üçün namizədliyin irəli sürülməsi məsələsini müzakirə edəcək.

Avropanın öz Oyunlarını keçirməyən sonuncu qitə olduğunu vurğulayan L.Fabian deyib: “Çox yaxşı ki, Azərbaycan bu təşəbbüsü öz əlinə aldı və birinci oldu. Bu, bütün Avropa idmançılarının mübarizə əzmini gücləndirəcək və Avropada Olimpiya ruhunu möhkəmləndirəcək”.


Müəllif: