4 İyul 2015 20:38
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-dən 28-dək ölkəmizin ev sahibliyi etdiyi Avropa Oyunları zamanı ölkəmizin əldə etdiyi qazanc və dividendlər hələ də müzakirə olunur.

Ekspertlər hesab edirlər ki, Birinci Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkil edilməsi Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin və artan iqtisadi gücün nəticəsində mümkün oldu.

"Azərbaycan əksər ölkələrin edə bilməyəcəyini reallaşdırdı"

İqtisadçı alim Vüqar Bayramovun fikrincə, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi və həyata keçirilən islahatlar ölkəmizin Avropa tarixində yeni bir mərhələni başlatmağına imkan verdi: "Cəmi iki il yarım öncə ölkəmiz bu möhtəşəm oyunların təşkilinə başlayanda Avropadakı bəzi dairələr gənc dövlətin qısa zamanda bu işin öhdəsindən gələcəyinə inanmasalar da, Azərbaycan əksər ölkələrin edə bilməyəcəyini reallaşdırdı: qısa zamanda nəinki qədim qitəni, bütövlükdə bütün dünyanı heyran edəcək möhtəşəm yarışlar üçün infrastruktur və real baza formalaşdırdı. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxuna sahib olan Azərbaycanın Avropada ilk dəfə olaraq bu oyunlara ev sahibliyi etməsi və qitə tarixində yeni mərhələnin əsasını qoyması məhz onun iqtisadi və siyasi gücünün sintezi nəticəsində baş verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və şəxsi təşəbbüsü ilə reallaşan bu möhtəşəm yarışların kifayət qədər uğurlu təşkil edilməsinin əsas səbəbi məhz hazırlıq və eləcə də, yarışların təşkili işinə məhz Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etməsi idi. Azərbaycan Prezidentinin və onun xanımının idman yarışlarında milli komandamızın yanında olması, onlara dəstək verməsi məhz birinci Avropa Oyunlarında əldə etdiyimiz uğurların təməlini formalaşdırdı. Yarışlardan əvvəl və oyunlar müddətində müxtəlif daxili və xarici qərəzli qara "piar" kampaniyaları aparılsa da, Azərbaycan xalqının həmişəki kimi cənab Prezidentin təşəbbüsünü tamamilə dəstəkləməsi və müdafiə etməsi bu möhtəşəm oyunlarının uğurunun digər səbəbi idi".

"Turizm sektoru Oyunların keçirilməsindən birbaşa gəlir əldə edə bildi"

Onun sözlərinə görə, bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirilən zaman, təəssüf ki, bəzi hallarda xərclər cari gəlirlər ilə müqayisə edilirdi: "I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabelli oldu. Regional və qlobal yarışları təşkil edən zaman hər bir dövlət çalışır ki, daha çox turist cəlb etməklə iqtisadiyyatına sərmayə axınını genişləndirsin. Hər zaman xarici kapitala əlverişli biznes mühiti formalaşdıran ölkəmiz birinci Avropa Oyunları zamanı da öz imkanlarını xaricilərə bir daha tanıtdı. Etiraf etmək lazımdır ki, ölkəmiz müstəqillik tarixində heç zaman qısa müddətdə bu qədər çoxlu turist cəlb etməmişdi. Turistlərin sayının çox olması məhz qərəzli qara "piar" kampaniyalarına baxmayaraq, xaricdə də sözügedən oyunlara marağın yüksək olmasını göstərdi. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, hər bir turist ölkə iqtisadiyyatına 2000 dollardan artıq sərmayə yönəltdi. Bu isə o deməkdir ki, turizm sektoru Oyunların keçirilməsindən birbaşa gəlir əldə edə bildi. Turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru da gəlir əldə etmək imkanı qazandı. Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda bildik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq".

"Manata tələb yüksəldi"

V.Bayramov əlavə edib ki, qitədə ilk dəfə təşkil ediləcək bu oyunlar milli valyutaya tələbin artmasına səbəb oldu: "Azərbaycana gələn xaricilər özləri ilə xarici valyuta gətirdilər. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına gətirib çıxardı. Bu isə Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin maliyyə stabilliyinin möhkəmləndirilməsinə töhfə verməsi kimi qiymətləndirilməlidir. Bu möhtəşəm Oyunların keçirilməsindən iqtisadi baxımdan təbii ki, udan tərəflərdən biri də kiçik və orta sahibkarlıq oldu. Çoxlu sayda turistlərin ölkəmizə gəlməsi kafe və restoranlar daxil olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artmasına səbəb oldu".

Uzunmüddətli strateji faydalılıq

Onun fikrincə, əslində, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi əhəmiyyəti həm də ondan ibarət idi ki, indi formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının cüzi xərclə təşkil edilməsinə və strateji baxımdan Azərbaycanın ciddi gəlirlər əldə etməsinə imkan yaradacaq: "Azərbaycan "Formula-1", İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa çempionatının yarımfinal oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq inkişaf etmiş infrastruktur bizə imkan verəcək ki, həmin yarışların təşkilindən faydalana bilək. Sözügedən yarışların təşkili ölkəmizi yenidən çoxlu sayda turistlərin gəlməsi deməkdir. Deməli, iqtisadiyyatın müxtəlif sahələri faydalana biləcək".

"Bakı həmin statusu əldə etmiş oldu"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib ki, dövlətimizin böyük miqyaslı tədbirlərin təşkili baxımından təcrübəsinin olduğunu bilsək də, Avropa Oyunlarında bu qədər yüksək təşkilatçılığı gözləmirdik: "Gördüklərimiz - insanların qarşılanması, yola salınması, tədbirlərin təşkili məsələnin üst tərəfi idi, amma alt qatdakı nəhəng iş çox gözəl təşkil olunmuşdu. Azərbaycanda çox böyük idman strukturu yarandı. Bakı idman, mədəniyyət tədbiri keçirən şəhər sırasına daxil edildi. 1950-cı illərdə Melburn şəhəri olimpiadasına görə məşhurlaşdı, indi də o şəhər idman, mədəniyyət və incəsənət şəhəri kimi tanınır. İndi paytaxtımız Bakı da o statusu əldə etmiş oldu".

"Əvvəl şou qəhrəmanları tanınırdısa, indi idman qəhrəmanları yaddaşlara yazıldı"

Onun sözlərinə görə, Azərbaycan özünü dünyaya layiqincə təqdim edə bildi: "Xalqımız Oyunlarla bağlı səfərbər oldu. Maddi dividend vacib olsa da, onu birinci sıraya qoymuram, mənəvi dividendlərimiz böyük oldu. Ölkənin nüfuzunun möhkəmlənməsindən söhbət getməlidir, yaxşı idman yarışları idi. Azərbaycan gəncliyi pis vərdişlərdənsə, idmana daha çox yönəldi, artıq idman qəhrəmanlarımız var. Bizdə şou qəhrəmanları tanınırdı, indi isə idman qəhrəmanlarımız yaddaşlara yazıldı. Gənclər onlardan nümunə götürüb həyat yolunu seçə bilər".

"Azərbaycan bu sınaqdan üzüağ çıxdı"

Milli Məclisin deputatı, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev qeyd edib ki, bu idman yarışına hazırlaşmaq üçün ölkəmiz əlində olan müddətdən maksimum fayda ilə istifadə etdi: "Ölkə Prezidenti, möhtərəm İlham Əliyevin, birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti sayəsində Azərbaycan bu sınaqdan üzüağ çıxdı. Prezidentimizin də vurğuladığı kimi, bu işdə bütün cəmiyyət, xalqımız fəallıq göstərdi. Təkcə məşəlin qarşılanması mərasimlərində iki milyona yaxın insanın iştirakı Azərbaycan vətəndaşlarının Avropa Oyunlarına dəstəyinin parlaq ifadəsi sayılır. Yeni yaradılan idman infrastrukturu isə bundan sonra da ölkəmizdə idman hərəkatının vüsət almasına xidmət göstərəcək. Avropa Oyunlarının standartlarını yaradan Azərbaycan dövləti bundan sonra da genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək iddiasını ortaya qoydu. Bu, çox mühüm amildir".

Deputatın sözlərinə görə, dünyada gedən gərgin iqtisadi proseslərin fonunda öz inkişaf dinamikasını davam etdirən, sosial layihələr həyata keçirən, vətəndaşların rifahının yüksəlməsi yönündə mühüm addımları ilə seçilən Azərbaycan dövləti təntənəli idman yarışı keçirməklə bir sıra mühüm faktları ortaya qoymuş oldu: "Birincisi, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən iqtisadi siyasətimizin düzgün istiqamətləndirilməsi ölkəmizi bu cür nailiyyətlərə qovuşdurub. Azərbaycanda azad bazar iqtisadiyyatının formalaşdırılması, milli maraqlara söykənən siyasətin yürüdülməsi və ən əsası dövlət gəlirlərindən düzgün və səmərəli istifadə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin bazasını formalaşdıran elementlərdir. İlk Avropa Oyunları miqyasında yarışlar həm də ölkəmizin turizm potensialının tanıdılmasında, ölkəmizin təhlükəsiz bir dövlət olmasının təbliğində böyük rola malikdir. Bu baxımdan, Avropa Oyunları ümumilikdə Azərbaycanın potensialının dünyaya tanıdılmasına xidmət göstərdi".

"I Avropa Oyunları tarix yazdı"

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan I Avropa Oyunları ilə tarix yazdı: "Birinci Avropa Oyunları dünyada keçirilən istər Olimpiya Oyunları, istərsə də ayrı-ayrı turnirlər içərisində ən möhtəşəmi oldu. Ölkəmiz hədsiz dərəcədə uğurlu nəticələr əldə etdi. 50 Avropa ölkəsinin içərisində Azərbaycanın ikinci yerə çıxması böyük nailiyyətdir. Azərbaycan olimpiya hərəkatı sahəsində böyük uğurlar qazandı. Dövlətin idman siyasəti gənclər siyasətinin tərkib hissəsidir. Sağlam bədəndə sağlam ruh olar, fiziki kamillik mənəvi kamilliyin əsasıdır prinsipi yerinə yetirilir. Azərbaycanın hər yerində insanların sağlamlığı, mənəvi kamilliyi, asudə vaxtının keçirilməsi ilə bağlı hər cür şərait yaradılıb. Bütün bu siyasətin davamı idi ki, Azərbaycan Avropa komandaları içərisində ikinci yerə çıxdı. Uzun illər Avropa Oyunlarının sevinc duyğularını xatırlayacağıq. Avropa ölkələri gördü ki, ta qədim zamanlardan Azərbaycan sivilizasiyalara həmişə öz töhfəsini verib. Ölkəmizdə aparılan siyasət bir daha göstərir ki, Azərbaycan dövlət başçısı təkcə öz millətimizin rifahı üçün deyil, davamlı inkişaf, sülh, barış, qardaşlıq üçün çalışır".

NƏRGİZ


Müəllif: