17 İyul 2015 23:45
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunları başa çatdı. Bununla Azərbaycan daha bir ilkə imza ataraq adını tarixə yazdı. Birinci Avropa Oyunları artıq arxada qalsa da, hələ uzun müddət xoş təəssüratla xatırlanacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov bununla bağlı öz təəssüratını oxucularımızla bölüşüb:

-Tarixdə ilk, yeni bir idman layihəsi həyata keçirildi. Avropa Olimpiya Oyunlarının mərkəzi olmasına baxmayaraq bu, Bakıda baş tutdu. Avropa Oyunlarının standartları Azərbaycanda qoyuldu. Cəmi 24 yaşı olan dövlətimizin bu müddətdə əldə etdiyi uğurları, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq, eyni zamanda, sülhün, barışın təntənəsi baxımından bu idman yarışı böyük tarixi hadisə idi. “Bakı-2015” ilk Avropa Oyunları dünyanın bir çox ölkələrində televiziya, radio vasitəsilə yayımlandı, qəzet və jurnallarda işıqlandırıldı. Əlbəttə, müəyyən zaman keçdikdən sonra bu möhtəşəm Oyunların əhəmiyyəti daha çox özünü büruzə verəcək. Tam qətiyyətlə demək olar ki, birinci Avropa Oyunları tarixdə ilk olaraq Azərbaycan standartlarının tətbiqi ilə yadda qaldı, sevildi və dünya tərəfindən maraqla izlənildi. Statistik məqamlara nəzər salsaq görərik ki, Azərbaycanda keçirilmiş qitənin bu böyük idman bayramı özündə olimpiya, qeyri-olimpiya və paralimpiya idman növlərini cəmləşdirdi ki, bu model də dünyada ilk dəfə tətbiq olundu. Çünki bu vaxtadək sadaladığımız idman yarışları ayrı-ayrılıqda keçirildi. Bundan başqa, qitənin beş aparıcı dövlətindən ikisinin Avropa Oyunlarına ev sahibliyi etməsi barədə istəyi də ilk Avropa Oyunlarının möhtəşəmliyinin bariz nümunəsidir. Deməli, ilk Avropa Oyunları gələcəkdə model olaraq inkişaf edəcək.

R.Abbasov bildirib ki, Azərbaycan kompleks idman yarışını 17 gün ərzində müxtəlif məkanlarda yüksək səviyyədə təşkil edə bildi. Hazırlıq prosesinin uğurla başa çatmasında “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanım Mehriban Əliyevanın çox böyük rolu oldu. Həmçinin Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan, əksəriyyəti azərbaycanlılardan ibarət olan beynəlmiləl komandanın yüksək peşəkarlığı və bacarığı gözlənildiyi kimi öz müsbət nəticəsini verdi. Avropa Olimpiya Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin, ayrı-ayrı idman növləri üzrə federasiyaların rəhbərləri KİV-lərə verdiyi açıqlamalarda bu Oyunların Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu təsdiqlədilər.

Onun sözlərinə görə, ilk Avropa Oyunlarında istifadə olunan arenalar bundan sonra da böyük turistlərin məkanı olacaq, xalqımıza xidmət göstərəcək. Yeni tikilmiş və yaxud da bərpa olunmuş idman qurğuları düşünülmüş strategiyaya uyğun olaraq növbəti illər üçün də ayrı-ayrı idman növləri ilə başqa sahələr üçün istifadə olunacaq. Bu idman tikililəri, müxtəlif sərgilər, konsertlər, toplantılar, konfranslarla yanaşı, 2016-cı ildə keçirilməsi nəzərdə tutulan Şahmat Olimpiadası, yenə 2016-cı ildə keçiriləcək “Formula-1” yarışları, 2017-ci ildə keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları üçün yararlı olacaq. Eyni zamanda, bu qurğular, nəinki milli yığma komandamız, həm də başqa ölkələrin idmançıları üçün təlim-məşq toplantılarının keçirilməsi üçün bir məkan olacaq.

R.Abbasov onu da əlavə edib ki, ilk Avropa Oyunlarında idmançılarımızın uğuru gənc nəslə nümunə oldu. Artıq yeniyetmə və gənclərdə idmana maraq daha da artıb və onlarda qaliblərə oxşamaq istəyi baş qaldırıb. Bu gün hər bir gənc Azərbaycan bayrağını yüksəklərə qaldırmaq barədə düşünür. Oyunlar başa çatandan sonra uşaq və yeniyetmələrin idman cəmiyyətlərinə, klublara axını başlayıb. Bu isə o deməkdir ki, Azərbaycanda sağlamlığa sərmayə qoyulub. Dövlət başçısının vurğuladığı kimi, insan resursuna qoyulan kapital öz bəhrəsini verdi.


Müəllif: