25 Aprel 2014 13:18
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədovun sözçüsü Ruslan Məmmədov təmsil etdiyi şəxs və şirkət haqda mühüm açıqlamalar verdi

“Qarant Holdinq” şirkətlər qrupu media quruluşları şəbəkəsi - “Qarant Media Holdinq” yaratmağa qərar verib. “Media forum” saytı bu münasibətlə “Qarant Holdinq” şirkətlər qrupunun Müşahidə Şurasının üzvü, qurumun Direktorlar Şurasının sədri Anar Məmmədovun sözçüsü Ruslan Məmmədovla söhbətləşib.

- “Qarant Media Holdinq” nə vaxt fəaliyyətə başlayacaq?

- Media holdinqinin saytı gələn həftədən işə düşəcək. Bütün məlumatlar orda yerləşdiriləcək, ictimaiyyətə açıqlanacaq. Hazırda saytın təqdim olunması üçün intensiv iş gedir. Biz saytı aprelin 25-də təqdim etməyi nəzərdə tuturduq, amma bəzi texniki məsələlərə görə təqdimat yubandı. Sayt gələn həftənin ortalarında yüksək səviyyədə təqdim olunacaq.
Biz “National Geographic” jurnalının Azərbaycan dilində çap edilməsi və televiziyada yayılması hüququnu əldə etmişik. Bunu ilk olaraq biz Amerikadan Azərbaycana gətirmişik. Hələ ki, gündəmdə olan bu layihəni reallaşdırmaqdır.

- Televiziya verilişi deyəndə nəyi nəzərdə tutursuz?

- “Discovery” kanalı və “National Geographic” kanalı türk, Ukrayna, rus və ingilis dillərində var. Amma Azərbaycan dilində yoxudur. Niyə Azərbaycan dilində belə bir kanal olmasın?! Bu, dünyada təbiəti, onun mühafizəsini təbliğ edən, bu sahədə xalqı maarifləndirən bir verilişdir. Nə siyasi, nə iqtisadi kanaldır. Həmçinin bu sahə ilə bağlı jurnal da çap olunacaq.

- Bəs televiziya formatı necə olacaq?

- Bir veriliş olacaq. Verilişin hansı televiziyada yayımlanması ilə bağlı danışıqlar aparırıq, müzakirələr yekunlaşmayıb. Hələ ki, əsas diqqəti jurnalın dərcinə yönəltmişik, bununla məşğul oluruq. Jurnal yaxın günlərdə çap olunacaq.

- “Qarant Media Holdinq” televiziya da açacaqmı?

- Xeyr, belə fikrimiz yoxdur.

- Holdinqə rəhbər təyin olunubmu?

- Hələ ki, yox.

- “Qarant Media Holdinq”in rəhbəri “Qarant Holdinq”in Direktorlar Şurasının sədri Anar Məmmədov olacaq?

- Xeyr.

- Azərbaycan dilində fəaliyyət göstərən yerli saytlardan da “Qarant Media Holdinq”ə daxil olanlar varmı?

- Holdinqə daxil olan saytlar var. Onlar haqqında məlumatlar da “Qarant Media Holdinq”in saytında yerləşdiriləcək.

- Həmin saytlar yeni yaradılıb, yoxsa əvvəl fəaliyyət göstərmiş saytlardır?

- Holdinqə həm yeni yaradılan, həm də köhnə saytlar daxildir.

- “1news.az”, “Gun.az”, “Bakupost.az” saytları da “Qarant Media Holdinq”ə daxildir?

- “1news.az” saytı bizim media holdinqinə daxil deyil. Amma digər saytlarla bağlı bir söz deyə bilməyəcəm. Bütün məlumatlar holdinqin saytında olacaq.

- Anar Məmmədov “Qarant Media Holdinq”in yaradılmasında hansı formada iştirak edir?

- Bir neçə ay əvvəl mətbuatda Anar müəllimin Amerikada danışıqlar apararaq “National Geographic”i Azərbaycana dəvət etməyə nail olması haqda xəbərlər getmişdi. Bu jurnal kifayət qədər sanballı bir mətbuat orqanıdır. Uzun danışıqlardan sonra bu hüququ Anar müəllimə veriblər. İndi Anar müəllim bunu öz dostunun, qardaşının və ya başqa strukturun adından eləyə bilər. Bu, texniki məsələdir.

- Yəni layihənin ideya müəllifi Anar Məmmədovdur?

- Bəli.

- “Qrant Media Holdinq”i Anar Məmmədovun böyük siyasətə gəlişi kimi qiymətləndirmək olarmı?

- Anar müəllimin siyasətə gəlməsi hələ gündəmdə deyil. Anar müəllim holdinqin inkişafı, sosial layihələrin həyata keçirilməsi və Azərbaycanın tanıdılması ilə məşğuldur. Yaxın zamanlarda Anar Məmmədovun siyasətə gəlməsi kimi fikri yoxdur.

- Yəni Anar Məmmədov yaxın zamanlarda siyasətdə olmayacaq?

- Olmayacaq. Hər halda mən belə fikirləşirəm.

- “Qarant Media Holdinq”in təsis olunduğu açıqlanandan sonra Məmmədovlar ailəsi haqda – istər Anar Məmmədovun özü, istərsə də onun atası nəqliyyat naziri Ziya Məmmədov, əmisi deputat Elton Məmmədov və əmisi oğlu Aynar Məmmədov haqda tənqidi yazıların sayı artıb. Anar Məmmədov bu yazıları necə qiymətləndirir?

- Anar Məmmədov sahibkardır. Gördüyü işlər də göz önündədir, ictimaiyyət bunları daima izləyir. Bilirsiz ki, Amerikada indi Azərbaycanı tanıdan ən işlək diaspor təşkilatı Anar Məmmədovun rəhbərlik etdiyi Amerika Azərbaycan Alyansıdır. “National Geographic”i Azərbaycana gətirən Anar müəllimdir. İndiyə kimi bunu heç kim edə bilməmişdi.

O ki qaldı atası Ziya müəllimə, əmisi Elton müəllimə və əmisi oğlanlarına, onların öz şəxsi həyatı və işləri var, bunları bir-birinə qatmayaq. Kimsə nəsə edibsə, burda Anar müəllimin nə günahı var?! Anar müəllim əmisi oğlunun hansısa bir yaxşı və ya pis hərəkətinin məsuliyyətini niyə daşımalıdır?!

- Anar Məmmədovla bağlı yazılanları onu istəməyən şəxslər təşkil edə bilərmi?

- Bunun arxasında nə dayandığını deyə bilmərəm.

- Anar Məmmədovun özü son müddət baş verən bu məsələlərlə bağlı nə düşünür?

- Bu məlumatlar mətbuatda hələ yeni yayılıb. Anar müəllim də hələ bilmir ki, bu məsələ düzdür, ya səhv. Gəlin bir müddət gözləyək, hər şey aydın olacaq.

- Sizcə, bu, kampaniyadırmı?

- Bəlkə də kampaniyadır.

- Son günlər internetdə avtoxuliqanlıqla bağlı xeyli video yayılıb. Həmin videolarda avtomobillər yüksək sürətlə hərəkət edir. O avtomobillərin Aynar Məmmədova məxsus olduğu və həmin avtomobillərdən birinin Anar Məmmədovun toy karvanında da göründüyü bildirilir. Bu, doğrudurmu?

- Həmin avtomobillərin Anar Məmmədova heç bir aidiyyəti yoxdur. Kimsə nəsə edibsə, bu onun öz işdir, ondan soruşmaq, məsələni onu edənin adı ilə bağlamaq lazımdır. Biz araşdırmışıq, Anar Məmmədovun toy karvanında belə bir avtomobil olmayıb. Bizim şirkət normal inkişaf edir, dəyərli layihələr həyata keçiririk, kimsə istəyir, kimsə istəmir, gözü götürmür. Son məsələlərin arxasında nə durduğunu bilmirəm. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək.


Müəllif: