30 Aprel 2014 10:09

Əli Əliyev: “Üçüncü qüvvə ortaya çıxmalıdır”

Vətəndaş və İnkişaf Partiyası ilə Azərbaycan Demokrat Partiyasının birləşəcəyi haqda xəbərlər yayılıb. Hər iki partiyanın sədri görüşərək bu istiqamətdə ciddi müzakirələr aparıb, müvafiq komissiya yaradılıb. VİP sədri Əli Əliyev qəzetimizə müsahibəsi zamanı əsasən bu mövzuda danışıb. Müsahibimiz eyni zamanda müxalifətdə AXCP və Müsavatın iştirakı olmadan yeni ittifaqın yaranması, onun perspektivləri, Eldəniz Quliyevlə bağlı məhkəmə prosesi, Müsavatın mitinqi və digər mövzulardan danışıb.

- Əli bəy, Eldəniz Quliyevlə bağlı məhkəmə prosesi nə yerdədir?

- Bizim xüsusi ittiham qaydasında məhkəməyə etdiyimiz müraciət icraatdadır. Nizami rayon məhkəməsinə etdiyimiz müraciət aidiyyət məsələsi üzrə Xətai məhkəməsinə istiqamətləndirilib.

- Məhkəmə prosesi gedirmi?

- Bu artıq məhkəmənin səlahiyyətində olan məsələdir. Bu haqda bizə yəqin ki, öncədən məlumat veriləcək. Nizami məhkəməsi işə baxıb və yaşayış yeri səbəbindən Xətai məhkəməsinə istiqamətləndirilib.

- Müsavat Partiyasının mayın 4-də mitinq keçirmək haqda qərarına münasibətiniz necədir?

- Çox normaldır. Hər bir siyasi partiyanın belə hüququ var. Siyasi təşkilatların fəal siyasi etirazı lazımlıdır. Həmin partiyaya uğur arzu edirəm.

- VİP bu aksiyaya qoşulacaqmı?

- Biz bu cür məsələləri partiyanın kollegial qurumlarında müzakirəyə çıxarırıq. Bu həftənin sonunda Siyasi Şuranın toplantısı keçiriləcək və bu məsələ dəyərləndiriləcək. Belə məsələlərin müzakirəsi zamanı əsasən iki istiqamətdə qərar veririk. Ya tədbirə qatılmağa qadağa qoyuruq, ya da üzvlərimizin iştirakı sərbəst olur. Çünki bu başqa partiyanın tədbiridir. Əgər ictimai maraq baxımından əhəmiyyət kəsb etsə, üzvlərimizə sərbəst rejim tətbiq edirik.

- Müsavat elan edib ki, ictimai-siyasi qurumlarla mitinqlə bağlı müzakirə aparılacaq ki, digər qüvvələr də prosesə qoşulsun. Sizinlə müzakirə aparılıbmı?

- Hələlik belə müzakirə yoxdur. Əgər olacaqsa, biz də dəyərləndirərik.

- Bəs Müsavat başqa partiyalarla belə müzakirələr aparırmı?

- Mən bu haqda məlumatsızam.

- İnsanlar mitinqə gəlmir. Bu mənada mitinqin keçirilməsi nə dərəcədə effektiv ola bilər?

- Hər partiya real situasiyanı dəyərləndirərək qərarını çıxarır. Əgər Müsavatda hesab edirlərsə ki, mitinq keçirmək real situasiyaya uyğundur, bu zaman biz qərara hörmətlə yanaşmalıyıq. İnsanların kütləvi mitinqlərə qatılması problemi mövcuddur. Bunun da müəyyən səbəbləri var. Bizim ictimai rəydə mitinqlərin keçirilməsini az qala hakimiyyət dəyişikliyi kimi başa düşürlər. Bu yanaşma səhvdir. Hər bir təşkilat aktual hesab etdiyi məsələni ictimaiyyətlə müzakirə edə bilər. İndi cəmiyyət kütləvi tədbirlərə təhlükə mənbəyi kimi baxır.

- Son prezident seçkilərində seçki ab-havası var idi, amma mitinqlərə az sayda insan gəlirdi...

- Siyasi proseslərdə uğur əldə etmək üçün istinad nöqtəsi lazımdır, cəmiyyətin yanaşmasının formalaşması vacibliyi var. İnsanların kütləvi tədbirlərə qatılması intensivliyi ötən əsrin 90-cı illərində olduğu tərzdə deyil. Təbii ki, bunun başqa səbəbləri də var. Cəmiyyət önündə lazım olan siyasi komandanı görmür, ola bilsin ki, siyasi şüarlar insanları qane etmir, sosial şərait bunu vacib etmir. Başqa səbəblər də var-beynəlxalq güclərin Azərbaycanda güddüyü və umduğu siyasi situasiya. Mən 2001-ci ildə rayonlara gedəndə ucqar kəndlərdə soruşurdular ki, Amerika bu məsələyə nə deyir. İndi insanların məlumat bazası genişlənib və anlayırlar ki, ölkənin daxili resursları ilə ciddi addım atmaq olmaz. Bu mənada indi müşahidə etdiyimiz passivlik başa düşüləndir.

- Bu passivliyi aradan qaldırmaq üçün müzakirələr gedirmi, yoxsa siyasi partiyalar qınına çəkilərək öz taleləri haqda düşünürlər?

- Təəssüf olsun ki, arzu etdiyimiz əməkdaşlıq mühiti mövcud deyil. Əslində bunun səbəbləri bir deyil. Məncə, bir neçə amilin üst-üstə düşməsi zamanı proseslərin inkişafında fəallıq yarada bilər. Bu ilk növbədə ölkənin daxili güclərinin təmərküzləşməsidir. Söhbət hakimiyyətə rəqib ola biləcək güclərdən gedir. Göründüyü kimi, Azərbaycanda 25 il mübarizə aparan siyasi qüvvələr bir araya gələ bilmirlər. Əksinə, şəxsi, partiya və qrup maraqları güc gəlir. Bu da anlaşılandır. Uzun müddət uğursuzluq silsiləsində və qarşıda dəyişiklik ab-havası görünmədiyi şəraitdə partiyalar öz haqları barədə düşünməyə meylli görünürlər. Məncə, ilk olaraq müxalifət qüvvələrinin vahid platformada birləşməsi məsələsi reallaşmalıdır. Bu geniş spektrli məsələləri özündə ehtiva etməməlidir. Bir və ya iki məsələ ortaya atılıb və bunun ətrafında toparlanmaq lazımdır. Parlament seçkiləri bu toparlanmanı təmin edə biləcək platforma ola bilər. İndi dünyanın yenidən qayçılanması prosesi baş verir. Bu qayçılanmaq prosesində Azərbaycanın hanası tərəfdə qalacağı mühüm əhəmiyyət kəsb edir. Odur ki, müxalifət parlament seçkiləri məsələsində bir araya gələ bilər. Əslində, mən bu təklifi irəli sürmüşəm. Müxalifət adına 125 deputatın formalaşmasına və ona qədər də Seçki Məcəlləsinin dəyişməsinə, proporsional seçki sisteminin tətbiq olunmasına çalışmaq lazımdır.

- Sizcə, problem müxalifətin bir araya gəlməsidir, yoxsa birləşdikdən sonra bir-birini ittiham etməsidir?

- Bu vaxta olanları qapamaq, önə baxmaq lazımdır. Əgər bu məsələyə qayıdılsa, müxalifət heç vaxt bir araya gələ bilməyəcək. Bu müxalifətin təşkilatlanması üçün bir neçə amil var. Birincisi, qeyd etdim ki, bir və ya iki məsələ ətrafında təşkilatlanmaq lazımdır. Burada firqə maraqlarını kənara qoymaq, konkret hədəf seçərək onu doğru getmək lazımdır. Təbii ki, burada beynəlxalq aspektdə müzakirə olunan məsələlər əhəmiyyət kəsb edir.

- VİP-lə ADP-nin birləşəcəyi deyilir. Məsələyə dəqiq və konkret aydınlıq gətirə bilərsinizmi?

- Biz partiyaların birləşməsi gündəliyi ilə danışıqlara başlamamışıq. Bunu sadəcə olaraq mətbuat bu formada təqdim edib. Biz sadəcə olaraq partiyaların əməkdaşlığını mümkün olma imkanları haqda danışıqlara baş vurmuşuq. VİP-in bir həftə əvvəl keçirilən Siyasi Şurada müxalifətin inteqrasiyası, partiyanın 2014-cü ildə keçiriləcək bələdiyyə və 2015-də keçiriləcək Milli Məclis seçkiləri ilə bağlı tərəf müqabillərinin müəyyənləşdirilməsi üçün komissiya formalaşdırılıb. Bu komissiyanın formalaşdırılmasına mənim ADP sədri Sərdar Cəlaloğlu ilə görüşümün təsiri olub. Lakin biz partiyaların birləşməsi deyil, daha geniş çalarda müzakirələrin aparılmasının tərəfdarıyıq. Müzakirə edilən məsələlər sırasında partiyaların birləşməsi mövzusu da müzakirə oluna bilər. Biz müzakirələrin aparılmasının tərəfdarıyıq. Ancaq partiyaların birləşməsi müzakirə edilən yeganə məsələ deyil. Həm də mən hesab etmirəm ki, bir günün içərisində belə koordinal dəyişikliyə gətirəcək addımlar atmaq mümkündür. Nəzərə almaq lazımdır ki, bunun psixoloji baryerləri də var. Zənnimcə, partiyaların daha xəfif əməkdaşlıqdan başlamış daha dərin münasibətlərə apara bilən inteqrasiya yoluna çıxarmaq lazımdır. Əgər bu faydalı olarsa, bundan sonra partiyaların yaxınlaşması və ya birləşməsi haqda düşünmək olar. Partiyanın Siyasi Şurasında da bu məsələ dəyərləndirilən zaman danışıq aparan komissiya nümayəndələrinə çərçivə müəyyən edilib. Onlar konkret məsələlərin sərhədində müzakirə aparmaq səlahiyyətinə malikdirlər.

- Birləşmək məsələsi də bu çərçivəyə aid edilibmi?

- Toplantıda belə qərara gəlinib ki, bu gün siyasi partiyaların birləşməsi çətin, bəlkə də, məqsədəuyğun deyil. Ondan kənarda əməkdaşlığın müxtəlif addımları dəyərləndirilə bilər.

- Belə görünür ki, bir neçə aydan sonra müxalifət partiyalarının yenidən əməkdaşlığı məsələsi aktuallıq kəsb edir. Sizcə, AXCP və Müsavatın iştirakı olmadan hansısa blok yaratmaq mümkündürmü?

- Hesab edirəm ki, bu mümkündür. Amma iş ondadır ki, bunun qarşısını alırlar. Azərbaycanın siyasi dizaynını tərtib edən siyasi texnoloqlar qəribə mənzərə yaradırlar. Biz həm 2010-cu il Milli Məclis seçkilərində, həm də 2013-cü il prezident seçkilərində bunu müşahidə etdik. Siyasi texnoloqlar mənzərəni formalaşdıran zaman bu mənzərənin bir qütbündə indiki hakimiyyət, digər qütbündə isə 1992-1993-cü ildə hakimiyyətdə olanları göstərməyə üstünlük verirlər. Hesab edirəm ki, Azərbaycanda 1992-1993-cü illərdə hakimiyyətdə olanlardan kənarda, bu hakimiyyətin məsuliyyətini daşımayan xeyli sayda siyasətçilər nəsli yetişib və onların təmsil etdiyi siyasi təşkilatlar formalaşıb. Bir tərəfdə iqtidar, bir tərəfdə də AXCP-Müsavat cütlüyü kimi siyasi mənzərədən imtina etməyin vaxtıdır. Azərbaycana üçüncü qüvvəni təqdim etmək lazımdır. Fikrimcə, üçüncü qüvvə ortaya çıxmalıdır. Bir komandanı təqdim etməyin vaxtıdır. Nə AXCP, nə də Müsavat Partiyası həlledici güc deyil və ola da bilməzlər. Bu gün cəmiyyətin onlara etimad göstərmədiyi göz önündədir.

Nemət Hüseynli


Müəllif: