2 May 2014 11:23
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Abbasbəyli: “İctimai Komitə üzvü olaraq bizə qarşı irad olmayıb”

Ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində penitensiar sistemin müasirləşdirilməsi, məhkumların hüquqlarının qorunması üzrə ardıcıl işlər aparılır. Bu sahədə ictimai nəzarətin həyata keçirilməsi məqsədilə 2006-cı ildən ədliyyə nazirinin yanında İctimai Komitə fəaliyyət göstərir. Bu komitə tərəfindən penitensiar müəssisələrə müntəzəm olaraq başçəkmə həyata keçirilir, məhkumlara müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərilir.

İctimai Komitənin üzvü və Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli ilə məhkumlarla bağlı yaradılan şərait, problemlərin həlli istiqamətində görülən işlərlə bağlı müsahibəni təqdim edirik.

- Əhməd bəy, İctimai Komitənin indiki fəaliyyəti hansı istiqamətdədir?

- Bu komitə, ümumiyyətlə, cəzaçəkmə müəssisələrində şəffaflığın yaradılması, vətəndaş cəmiyyəti institutlarının bu proseslərlə yaxından tanış olması və iştirakı ilə bağlı fəaliyyət göstərir. Belə deyək ki, digər sahələrlə müqayisədə bu sistemdə ictimaiyyət nümayəndələri üçün şərait yaradılıb. Bu məqsədlə İctimai Komitə cəzaçəkmə müəssisələrinə gedir, monitorinq həyata keçirir, məhkumların şəraiti ilə maraqlanır. Eyni zamanda məhkumların şikayət və təkliflərini dinləyir. Hətta məhkum müraciət etdikdə onunla təkbətək görüş imkanı da olur. Məhkumların şikayət və təkliflərindən irəli gələrək komitə üzvləri Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və ya digər qurumlar qarşısında məsələ qaldırılır. Son dövrlər ən diqqət çəkən məsələ isə ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü yaradılmış komissiyalardır ki, bu komissiyalarda Ədliyyə Nazirliyinin ayrı-ayrı strukturlarının rəhbərləri və eyni zamanda İctimai Komitənin nümayəndələri də təmsil olunur. Bu komissiyalar cəzaçəkmə müəssisələrinə müraciət edərək gedir və orada məhkumların vaxtından əvvəl və yaxud şərti azadlığı, eləcə də məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilməsi məsələləri ilə bağlı məhkumlarla görüşür. Həmin məhkumların şərti azad olunma məsələsi və sair ilə bağlı rəy bildirir. Daha sonra isə həmin məhkumların azad olunması və ya daha yüngül rejimə keçməsi ilə bağlı məhkəməyə çıxması üçün öz münasibətini bildirir. Əslində, bu proses əvvəllər var idi, məsələn, məhkumların cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl şərti azad olunması da var idi. Amma bu başqa şəkildə həyata keçirilirdi. Belə ki, müəssisə rəhbərliyinin təklifi ilə və sairə və ilaxır. Xeyli müddətdir yaradılan bu komissiyaların fəaliyyəti nəticəsində məhkumlar maneəsiz, rahat üsullarla şərti və ya birdəfəlik azadlığa buraxılır. Burada söhbət bütün məhkumlardan getmir. Konkret olaraq, islah olunmuş, məhkumluq dövründə heç bir cəza tədbiri görülməyən məhkumların vaxtından əvvəl azad olunmasına şərait yaradılır. Bu bir tərəfdən həm məhkumun özü üçün yaxşıdır, ailəsinə qovuşması üçün şərait yaradılır, digər tərəfdən bu müsbət hal kimi başqa məhkumlar üçün təbliğat xarakterli aksiyadır. Çünki digər məhkumlar görür ki, onun məhkum yoldaşı daxili rejimi pozmur və islah olunaraq vaxtından əvvəl azadlığa çıxmaq şansı qazanır. Bu baxımdan qeyd olunanlar effektiv təbliğat materialıdır. Komissiyanın da bu sahədə işi, səmərəsi böyükdür.

- Nə mənada böyükdür?
- Son dövrlər komissiyaya müraciət edən və sonradan işi məhkəməyə təqdim olunan məhkumların sayı kifayət qədər çoxdur. Bu proses həm Penitensiar Xidmətdə və ümumiyyətlə, məhkumların vaxtından əvvəl azadlığa çıxması prosesində şəffaflığın yaradılması və bütövlükdə cəzaçəkmə müəssisələrində daha sağlam atmosferin olması üçün şərait yaradır.

- Məhkumlar daha çox hansı problemlə bağlı Sizə müraciət edirlər?
- Öncə bir məsələni deyim ki, xarici mütəxəssislər Azərbaycana səfəri zamanı İctimai Komitənin fəaliyyətini, eyni zamanda bu prosesi yüksək qiymətləndirirlər. Yəni, onlar Azərbaycanda bu sahədə olan işlərdən təəccübləndiklərini gizlətmirlər. İctimai Komitənin məhkumlarla görüşü, cəzaçəkmələrinə giriş imkanları onlar üçün də qəribə gəlir. Komitə üzvlərinin hər birinin cəzaçəkmə müəssisələrinə giriş imkanları var. Tutaq ki, məhkumlar, eləcə də, qohumları bizə müraciət etdiyi halda cəzaçəkmə müəssisələrinə girə bilərik. Bu çox xoş haldır ki, cəzaçəkmə müəssisələrində xeyli mütərəqqi işlər görülüb. Hətta Rusiyadan və digər ölkələrdən ekstradisiya olunan məhkumlar başqa ölkələrdəki saxlanma şəraiti ilə Azərbaycandakını müqayisə etməyə çətinlik çəkirlər. Bizdə müsbət mənada, məhkumlara münasibət həm əvvəlki illərə, həm də qonşu ölkələrə nisbətən çox fərqlidir. Son dövrlər bütün cəzaçəkmə müəssisələrində təmir işləri həyata keçirilib. Məhkumların həyat şəraiti yaxşılaşdırılıb və onlara qarşı münasibət dəyişib. Amma bu o demək deyil ki, problemlər yoxdur. Əlbəttə ki, problemlər var. Bu problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Bu işdə də Ədliyyə Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə İctimai Komitə fəal iştirak edir. Yəni, bu proseslərdə ictimaiyyət nümayəndələrinin iştirakı bir növ həm cəzaçəkmə müəssisələrində məhkumlarla rəftar, həm oradakı şəraitin yaxşılaşdırılması məsələlərində və digərlərində bir şəffaflıq yaradır. Məhkumların da qapalı şəraitdə olmaqla yanaşı, kiməsə müraciət etmək imkanı var. Bundan irəli gələrək, bu gün hər birimiz onlarla görüşə və vəziyyəti ilə tanış ola bilərik. Bu gün məhkumlar cəzaçəkmə müəssisələrində saxlanma şəraitindən şikayətçi deyillər. Daha onlar məhkəmə prosesləri, apelyasiya şikayətləri ilə bağlı narazılıqlarını bildirirlər.

- Nəzarətçilərin məhkumlarla davranışı ilə bağlı şikayətlər olurmu?
- Nəzarətçilərin məhkumlara qarşı davranışlarında müsbətə doğru dəyişikliklər var. Bütünlükdə demək olmaz ki, hər şey qaydasındadır. Problemlər var, amma bunlar təbiidir və həlli istiqamətində işlər görülür. Amma qeyd olunan məsələ ilə bağlı mətbuatda da bir sıra materiallar yer alıb. Onu deyə bilərəm ki, şəxsən özüm görüşdüyüm məhkumların nəzarətçilərlə bağlı problemləri olmayıb. Bunu heç özüm də eşitməmişəm. Ola bilər ki, problemlər var, mən bunu istisna eləmirəm. Lakin birmənalı şəkildə deyə bilərəm ki, bu problemli məsələlərin həlli ilə bağlı böyük inkişaf var və islahatlar həyata keçirilir. Maraqlı məsələlərdən biri odur ki, şərti azadlığa çıxmaq üçün keçirilən prosesə İctimai Komitə ilə yanaşı, məhkumların valideynləri dəvət olunur. Eləcə də valideynlərə məhkumların yaşayış şəraiti ilə tanış olmaq üçün şərait yaradılır. Bunu deməklə bir çox dövlət strukturlarının işinə kölgə salmaq istəmirəm, amma bu gün bu sahədə örnək ola biləcək şəffaflıq var. Fikrimcə, penitensiar sistem bəlkə də, ən qapalı strukturdur, lakin bu sahədə o qədər müsbətə doğru addımlar var ki, İctimai Komitə də bu işdə yaxından iştirak edir. Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib və qanuna görə ictimaiyyət nümayəndələri dövlət qurumlarının işində iştirak etməlidir. Lakin bu məsələyə bir çox dövlət qurumlarında diqqət ayırmadığı halda, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət sistemində artıq neçə illərdir ki, İctimai Komitə fəaliyyət göstərir. Bu proses də get-gedə inkişaf edir və bunun özü bir faktdır.

- İctimai Komitə ilə Ədliyyə Nazirliyi arasında hansısa fikir ayrılığı olurmu?
- Komitə üzvlərinin fikirlərinə, yanaşmasına, iradımıza və təklifimizə heç bir təzyiq və ya yönləndirmə yoxdur. Bu heç mümkün olan məsələ də deyil. Monitorinqə gedəndə hazırladığımız təklifləri, şikayətləri, problemləri birbaşa rəhbərliyə çatdırırıq. Hətta özüm şahidi olmuşam ki, qeyd olunan iradlarla bağlı dərhal reaksiya olub və nöqsanlar aradan qaldırılması üçün tədbirlər görülüb. Eləcə də, İctimai Komitə üzvü olaraq, bizə qarşı irad və ya konflikt olmayıb. Bundan sonra da əməkdaşlığın bu istiqamətdə gedəcəyinə əminəm.

- Sovet dönəmindən qalma cəzaçəkmə müəssisələri təmir olunsa belə, bunların bir çoxu istismara yaramır. İctimai Komitə yeni cəzaçəkmə müəssisələrinin tikilməsilə bağlı hər hansı təkliflər veribmi?
- Ədliyyə Nazirliyi tərəfindən bu sahədə işlər həyata keçirilib və bu proses davam etməkdədir. Artıq Şəkidə yeni müasir standartlara uyğun olaraq cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Bundan əvvəl Kürdəxanıda istintaq təcridxanası tikilib və burada da lazımi şərait yaradılıb. Məndə olan məlumata görə, bir neçə cəzaçəkmə müəssisəsinin tikintisi davam edir. Düşünürəm ki, yaxın dövrlərdə sovet dövründən qalmış və yeni standartlara cavab verməyən cəzaçəkmə müəssisələri yeniləri ilə əvəzlənməlidir. İctimai Komitə olaraq təklifimiz odur ki, Bakı şəhərinin mərkəzində olan cəzaçəkmə müəssisələri şəhər kənarına çıxarılsın. Düzdür, hazırda istifadə olunan cəzaçəkmə müəssisələri təmir edilib, məhkumların saxlanma şəraiti yaxşılığa doğru dəyişir. Amma onların yeni standartlara uyğun müəssisələrə yerləşdirilməsi daha yaxşı olar.

- Məhkumların ailə üzvləri ilə görüşməsində problemlər varmı?
- Hər bir cəzaçəkmə müəssisəsində məhkumların ailə üzvləri ilə görüşməsi üçün müəyyən olunmuş yerlər var. Hər bir müəssisədə məhkumlar qısa müddətli və uzun müddətli görüş yerləri var. Təbii ki, bu cəzaçəkmə müəssisələrinin rejimindən asılı olaraq, məhkumların ailə üzvləri ilə görüşməsində qanunvericilikdə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlər var. Bir çox cəzaçəkmə müəssisələrində normal görüş yerləri var. Açıq demək lazımdır ki, məhkumluq həyatını tərifləmək düzgün olmazdı. Ancaq burada məhkumların ailəsi ilə görüşməsi üçün çox normal şərait yaradılıb. Bundan başqa qeyd edım ki, bizim də eşitdiyimiz bir sıra məhkumlar dünyasını dəyişmiş yaxınlarının yas mərasimində iştirak ediblər. Ancaq bu istisna haldır.

- Ömürlük məhkumların cəza müddətinin azaldılması məsələsi necə həll edilir?
- Konkret olaraq, ömürlük məhkumların cəza müddətinin endirilməsi məsələsi ilə bağlı prosesdə iştirak etməmişəm. Amma başqa rejimli cəzaçəkmə müəssisələrindəki məhkumların şərti azadlığa və yaxud daha yüngül rejimə dəyişdirilməsiylə bağlı məsələlərdə iştirakım olub.

Bəxtiyar Məmmədli


Müəllif: