6 May 2014 11:07
1 060

Əli Orucov: “Bu gün müxalifətdə olan liderlərin bir müddət kənara çəkilməsinə ehtiyac var”

“Partiyaların böyük əksəriyyəti sponsorlar tərəfindən qeyri-leqal şəkildə maliyyələşdirilirdi”

Azərbaycanın müxalifət düşərgəsində bir sıra insanlar var ki, kənara çəkilib, prosesləri izləməyə üstünlük verir. Bəzi müxalifət nümayəndələri də partiyadan uzaqlaşmadan fəaliyyət göstərir. Amma nədənsə, mətbu orqanların diqqətindən kənarda qalır. Belə insanlardan biri də Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Orucovdur. Ə. Orucovla təmsil olunduğu partiyadakı siyasi fəaliyyəti, müxalifətin durumu ətrafında söhbətləşdik.

- Əli bəy görünmürsünüz, haralardasınız?
- Bakıdayam (gülür). İşlərimlə məşğulam.

- AMİP-lə əlaqələriniz var?
- Bəli var, gedib-gəlirəm. Müəyyən tədbirlərə dəvət edirlər, iştirak edirəm. AMİP-in qərargahı ilə əlaqələrim var.

- Bir ara partiyadan uzaqlaşmışdınız. Bu nə ilə bağlı idi?
- Yox, partiyadan uzaqlaşmamışdım, partiyada tutduğum vəzifədən getmişdim. Mən 2005-ci ildən partiyanın mətbuat və təbliğat katibi postunu tuturdum. Sonradan partiyanın rəhbərliyi ilə aramızda fikir ayrılıqları yarandı, buna görə də tutduğum postdan istefa verdim. Hazırda isə AMİP-in Mərkəzi Şurasının üzvüyəm, eyni zamanda “Millət” qəzetinin baş redaktoruyam. Qəzetin internet saytı da fəaliyyət göstərir. Həmin sayta Etibar bəyin şəxsi ofisində şərait yaradılıb və buna görə Etibar bəyə təşəkkür edirəm. Bu da mətbuata bir dəstəkdir.

- Etibar bəyin köməkçisi vəzifəsində deyilsiniz?
- Elə də izah oluna bilər.

- Seçki dönəmində və seçkidən sonra AMİP-in fəaliyyəti bir o qədər gözə çarpmır. Bu nə ilə bağlıdır?
- AMİP fəaliyyət göstərir, gündəlik işlərini görür. Dediyiniz durğunluq amili tək AMİP üçün keçərli deyil. Normal ölkələrdə də belədir ki, seçki prosesindən sonra seçki əhval-ruhiyyəsi, gərginliyi və emosiyaları səngiyir və növbəti dönəm üçün hazırlıq prosesinə başlanılır. Ona görə də cəmiyyətin özündə də bir durğunluq hökm sürür. Təbii ki, cəmiyyətdə olan siyasi fəallıq siyasi partiyalara da sirayət edir. Ancaq hesab edirəm ki, yaxın müddətdə siyasi təzyiq yüksələcək, çünki qarşıda bələdiyyə seçkiləri gəlir.

- Bələdiyyə seçkiləri Azərbaycanda bir o qədər ciddi qəbul olunmur. Elə deyilmi?
- Ümumiyyətlə, Azərbaycanda aktiv və passiv seçki hüququ olan insanlar bu prosesə o qədər həvəslə qoşulmurlar. Dünyada və regionda çox sürətli demokratikləşmə prosesi gedir. Dünyada qlobal siyasətin istiqamətinin dəyişməsi dinamik xarakter alır. Ona görə də heç kim deyə bilməz ki, sabah və ya 3-5 gün sonra Azərbaycanda, yaxud regionda hansı siyasi proseslər baş verəcək. Bu baxımdan hər an hər hansı siyasi situasiyaya hazır olmaq lazımdır. Türkiyədə son bələdiyyə seçkilərinə nəzər salsaq, görərik ki, necə qızğın mübarizə getdi. Azərbaycanda da hesab edirəm ki, bu cür yanaşma olacaq və bələdiyyələrin nüfuzu da, inam da yüksələn templə davam edəcək. Mən buna inanıram.

- Müxalifətin birləşməsi mümkündürmü?
- İlkin olaraq, müxalifətin özünün təsnifatını versək, görərik ki, Azərbaycanda müxalifət çox çeşidlidir, rəngarəngdir. Sağ, sol yönümlüsü, liberalı var və s. Bu partiyaların böyük əksəriyyətinin bu və digər məqsədlər, maraqlar naminə yaradılmasını nəzərə alsaq, bu sualın cavabını tapmaq olar. Çünki seçkilərdə rəqabət normal məcraya yönələndə zəif, bir nəfərdən ibarət olan partiyalar və yaxud bir “papka”sı olan, şəxsi maraqların təminatçısına çevrilən siyasi təşkilatlar istər-istəməz ya gündəmdən çıxacaq, ya da böyük partiyalar arasında it-bata düşəcək. Bu prosesləri də inzibati yolla həll eləmək mümkün deyil. Təbii ki, bu da ölkədə müxalifətin birliyinə nail olmağı çətinləşdirir. Həm də burada marginal maraqları, sponsorların maraqlarını nəzərə almaq lazımdır. Bu və ya digər səbəblər təbii ki, müxalifətin birliyinə maneçilik törədir. Amma söhbət birləşməkdən getmir, müxalifətin vahid platformada, ideyada, mübarizə taktikasında birgə addımlamağından gedir.

- Milli Şuradan parçalanmalar bu üzdənmi baş verir?
- Bu normaldır, belə qurumlar müəyyən mərhələ üçün yaranır və missiyasını başa vurur. Süni surətdə kimisə saxlamaq da mümkün olmadığı kimi, can verənə süni nəfəs verməklə yaşatmaq da düzgün deyil. Ona görə də hesab edirəm ki, Milli Şuranın üzərində baş sındırmaqdansa, vaxtı daha çox müxalifətin yeni birliyinə, inteqrasiya yollarına, əməkdaşlıq formalarına həsr eləmək daha münasib olardı. Çünki hər bir səylərin sonda müsbət nəticələri də olur. Yəni, yeniliyə, birliyə dair təşəbbüskarlıq olmasa, köhnə vaxtlardakı kimi yerimizdə saymaqla heç nəyə nail ola bilmərik.

- Seçkidən sonra bir-birini ittiham etmək doğrudurmu?
- Məhz birliyə maneə törədən amillərdən biri budur. Qarşılıqlı ittihamlar, suçlamalar sonra elə vəziyyət yaradır ki, birlik məsələsi aktual olanda bu psixoloji baryer həddinə gətirib çıxarır. Yəni, artıq insanlar keçmişi unuda bilmir. Yaxud da bu fakt cəmiyyətin özündə də partiyalara qarşı ikrah hissi yaradır və o birliyin də səmimi olması inandırıcı olmur. Tutaq ki, bu gün bir-birinə qarşı kəskin ittihamlar səsləndirən, bəyənməyən siyasi qüvvələr bir arada olanda cəmiyyət bunu səmimi qəbul eləmir. Əksinə cəmiyyətdə ikrah hissi formalaşdırır ki, dünənə qədər bir- birinə kəskin ifadələr səsləndirən bu gün nədən bir yerdədir. Yəni, bu cür yanaşmalar da olmalıdır. Amma çox təəssüflər olsun ki, bilərəkdən və ya bilməyərəkdən müxalifətçi dostlarımız belə provokasiyalara gedirlər.

- Bəlkə, partiya rəhbərlərinin dəyişməsinə ehtiyac var?
- Ümumiyyətlə, cəmiyyətdə dəyişikliklərə ehtiyac var. Təkcə partiya sədrləri, liderlər deyil, cəmiyyətin özü də dəyişməlidir. Onlar uzun illərdir eyni postu tuturlar. Bütövlükdə Azərbaycanda siyasi qüvvələrin əksəriyyəti xarizmatik lider ətrafında formalaşdırılıb. Amma bu da bir faktdır ki, xarizmatik liderin xarizmasının tükənən vaxtı olur. Misal üçün, həmin lider elektrovoz kimi digər qüvvələri çəkib aparmasına gücü, enerjisi çatmır. Ona görə də zamanında həmin liderlər nüfuzlarını itirməmiş kənara dursalar, həm özlərinə hörməti saxlaya bilərlər, həm də zamanı gələn də siyasi proseslərə effektiv müdaxilə imkanlarını özlərində qoruya bilirlər. Bu baxımdan da təbii ki, bu gün müxalifətdə olan liderlərin bir müddət kənara çəkilməsinə ehtiyac var. Doğrudur, həmin partiyalarda bu hal müəyyən fəsadlar verə bilər. Nəzərə almaq lazımdır ki, yeniliklər hər zaman asanlıqla başa gəlmir. Məsələn, Azərbaycan Milli İstiqlal Partiyasında Etibar bəydən sonra yaşananlar məlumdur. Amma fakt odur ki, partiyada yeni simalar, gənclər var və yeniliyə can atan qüvvələr mövcuddur. Bu o demək deyil ki, köhnə liderlər yeniliyə can atmır. İstər-istəməz onların da bir dövrü var. Hər bir dövr onlar üçün əlverişli olmur.

- Sizcə, Müsavatın qurultayı keçiriləcəyi halda şanslı namizəd kim olacaq?
- Proqnoz vermək çətindir. Müsavat partiyasında başqanlığa iddialı olan şəxslər var və müəyyən adlar səsləndirilir. Burada Qubad İbadoğlu, Arif Hacılı, Aqil Səmədbəylinin adı çəkilir. Bu insanlar öz iddialarını ortaya qoyublar, seçilib-seçilməmək imkanları artıq onların öz partiyalarının daxili işidir. Amma elə insan namizəd olmalıdır ki, o, partiyanın ümumi çoxluğu tərəfindən qəbul olunsun. Hər halda başqanlığa kimlər gələcək, kimlər gedəcək, bu artıq partiyanın öz işidir. Etikadan kənara çıxıb onların daxili işlərinə qarışmaq istəməzdik. Hər halda bir vətəndaş kimi deyə bilərəm ki, oradakı müəyyən insanlar bu məsuliyyəti öz üzərinə götürə bilərlər.

- Azərbaycandakı partiyaların sponsorları varmı?
- Ölkəmizdə bir çox partiyalar “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilənə qədər hamıya məlum idi ki, partiyaların böyük əksəriyyəti sponsorlar tərəfindən qeyri-leqal şəkildə maliyyələşdirilirdi. İndi də bir sıra partiyaların maliyyəsinin müəyyən hissəsi qeyri-leqaldır. Ona görə də sponsorların maliyyələşdirdiyi partiyalarda fəaliyyətin şəffaf olmaması həmin partiyanın siyasətinə də təsir göstərir. Məsələn, sponsorların marağına hansı siyasət uyğundursa, həmin partiya da məcbur olur ki, siyasi kursunu o cür müəyyənləşdirsin. Yaxşı olardı ki, Azərbaycanda proseslərə təsir edə biləcək partiyalar dövlət tərəfindən maliyyələşdirilsin. Həmin partiyalar maliyyələşmədən kənar qalmamalıdır ki, kiminsə təsiri altına düşməyə imkan yaranmasın.

- Onda belə çıxır ki, hələ də qeyri-leqal maliyyəşən partiyalar var.
- Bu gün demək olar ki, elədir. Amma elə partiya da var ki, üzvlərin hesabına, müəyyən yardımlar, ianələr hesabına maliyyələşir. Amma bir məqamı da deyim ki, Azərbaycanda müxalifət partiyalarına elə geniş maliyyə də cəlb olunmur. Onların çoxunun böyük qərargahları, yerlərdə fəaliyyət göstərən təşkilatlarının ofisləri, avadanlıqları, işçi qüvvələri yoxdur. Ona görə də az pul tələb olunur. Lakin maliyyələşmə açıq surətdə və qaneedici olarsa, o zaman partiyalarda da, siyasi proseslərdə də canlanma yaranar.

- Sponsorların içərisində xarici qüvvələr varmı?
- Bu məsələnin dəqiqliyinə, dürüstlüyünə əmin ola bilmədən nəsə deyə bilmərəm. Belə məsələləri hüquq-mühafizə orqanları müəyyənləşdirməlidirlər və araşdırmalıdırlar ki, belə bir hal var, ya yox. Çünki bu çox təhlükəli məsələdir. Xaricdən maliyyələşən nəinki siyasi partiyanın, hətta vətəndaşın siyasətlə məşğul olması ölkə üçün təhlükəlidir.

Bəxtiyar MƏMMƏDLİ


Müəllif: