15 Aprel 2014 15:44
666

<b>Sərdar Cəlaloğlu: "Demokratiya bələdiyyə seçkilərindən başlayır"</b>

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bələdiyyə seçkilərilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Bir müddət öncə bələdiyyə seçkilərində əməkdaşlıqla bağlı Müsavat Partiyasına təklif vermişdiz. Amma təklifinizə müsbət cavab verilməyib. Sizcə müraciətinizə "hə" deyilməməsi partiyanıza olan münasibətdən irəli gəlir, yoxsa bələdiyyəyə marağın azlığından?
- Azərbaycanda bütün partiyalar bir-birinə qarşı müsbət münasibətdə deyil. Siyasi münasibətlər rasional müstəvidə qurulmayıb. İrəli sürülən təklifin nə dərəcədə əhəmiyyətli olub-olmaması deyil, həmin təklifin müəllifinin kimliyi əsas götürülür. Müxalifət partiyaları təkcə bələdiyyə seçkilərilə bağlı deyil, bütün digər seçkilər ərəfəsində, milli məsələlərlə bağlı əməkdaşlıqda maraqlı görünmürlər. Bütün siyasi proseslərə sanki şəxsi maraqlar konteksindən yanaşırlar. Hətta bu gün Ukraynada baş verən proseslərin fonunda Azərbaycanı gözləyən təhlükələr müxalifəti bir araya gətirə bilmir. Bu da siyasi partiyaların keyfiyyətcə deformasiya uğramasından xəbər verir.

- Partiyaların bələdiyyə seçkilərinə maraqlarının aşağı olmasının səbəblərini nə ilə izah etmək olar?
- Demokratiya bələdiyyə seçkilərindən başlayır. Deputatlardan və prezidentdən fərqli olaraq bələdiyyə sədrləri, üzvləri xalqa daha yaxın olurlar. Hakimiyyətə gedən yol bələdiyyə seçkilərindən keçir. Türkiyədə bizim icra başçısı adlandırdığımız valiləri tanıyan yoxdur, amma bələdiyyə sədrlərini hamı tanıyır. Azərbaycanda da bələdiyyələrin nüfuzunun qaldırılması lazımdır. Mən başa düşürəm ki, Azərbaycanda bələdiyyələrin statusları azdır. Avropa Yerli Özünüidarəetmə Xartiyasının tələbləri yerinə yetirilsə, bizdə də bələdiyyələrin səlahiyyətləri icra hakimiyyətlərinin səlahiyyətlərindən geniş olacaq. Regional hakimiyyətlə bələdiyyələrdə olmalıdır. Vətəndaşların gündəlik, fərdi problemlərilə bələdiyyələr məşğul olmalıdır. Bu olmadığı üçün Azərbaycanda bələdiyyələrə maraq yoxdur.

- Ölkədə bələdiyyələrin problemlərini daha çox QHT-lər hansısa qrant layihəsi çərçivəsində müzakirəyə çıxarır. Partiyalar bələdiyyələrin problemlərini niyə qabartmırlar?
- Tamamilə doğru deyirsiz ki, bizdə bələdiyyələrin problemləri geniş müzakirəyə çıxarılmır. Bəzi partiyalar var ki, onları yalnız prezident postu maraqlandırır. Və ya parlament seçkilərinə önəm verirlər. Rayon təşkilatlarının üzvlərinin seçkili orqanlarda təmsilçiliyində maraqlı olmayan, buna dəstək verməyən partiya rəhbərlərinin deputat, prezident seçilməsi də mümkün deyil. Çünki sən pariya üzvünün seçkilərdə iştirak edib, qələbə əldə etməsi üçün heç bir addım atmırsansa, o da sənin prezident və ya deputat olmağın üçün gərəkən işi görməyəcək. Hər bir partiya sədri çalışmalıdır ki, bələdiyyələrdə daha çox üzvlə təmsil olunsunlar.

- Bələdiyyədə təmsil olunan ADP üzvləri varmı?
- Xeyir. Ötən seçkilərdə bələdiyyələrdə heç bir yer tuta bilmədik. Demokratik seçkilər keçirilsə, yüzlərlə üzvümüz bələdiyyələrə seçilə bilərlər.

- Bu dəfə keçiriləcək bələdiyyə seçkilərində partiyanızın imkanlarını necə qiymətləndirirsiz?
- Bizim partiyanın imkanları genişdir. Seçkilərdə uğur qazanmaq üçün bizdən asılı olan hər şeyimiz var. Biz ümidlə yaşamırıq. Əsgər torpaqları azad edəcəyinə ümid bəsləməməlidir. Buna inanmalıdır. Biz də qələbəmizə inanırıq. Demokratiya iştirakçılığı tələb edir. Nəticənin necə olacağı başqa məsələdir. Biz mütləq bələdiyyə seçkilərində iştirak edəcəyik. İndidən hansı nəticə əldə edəcəyimizi deyə bilmərəm.

- Seçkiöncəsi partiyalarla əməkdaşlıq edəcəksiz?
- Biz "Bələdiyyələr Haqqında" Qanun və Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinin tərəfdarıyıq. Bununla bağlı hazırda təkliflər paketi hazırlayırıq. Seçkiqabağı təkliflər paketini müzakirəyə çıxaracağıq. İndi hansı partiya təklifimiz qəbul edib müzakirələrə qoşulacaqsa, bu istiqamətdə onlarla əməkdaşlıq quracağıq. Əgər, müzakirələrdə iştirak etmək istəməyəcəklərsə, bizimlə əməkdaşlıqdan imtina edəcəklərsə, problem deyil, uduzan yenə onlar olacaq. "Qarabağ" blokunun hazırladığı sənəd müxalifətim ümumi maraqlarına uyğundur. Təəssüflər olsun ki, digər partiyalar "Qarabağ" bloku ilə əməkdaşlıqda maraqlı görünmürlər. Məsələn, Müsavat Partiyası Ümid Partiyasına görə, həmin blokun hazırladığı təkliflərin müzakirəsinə qoşulmaq istəmir. Mənim müraciətimə "yox" cavabı veriblər. Gələcəkdə bələdiyyə seçkilərilə bağlı əməkdaşlıq etmək istəyəcəklərsə, biz buna hazırıq.

Ruslan Xəlil


Müəllif: Ruslan Xəlil