16 Aprel 2014 12:00
3 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elnarə Xəlilova: “İstəmirəm məndə də elə olsun”

Onunla tədbirlərin birində rastlaşdıq yeni işlərindən, gələcək planlarından, şou-biznesdəki son olaylardan və şəxsi biznesindən danışdıq. Teleqraf.com tanınmış müğənni Elnarə Xəlilova ilə “ayaqüstü” alınmış qısa müsahibəni təqdim edir.

-Yaradıcılığınızda nə kimi yeniliklər var?

-Bu yaxınlarda bəstəsi və sözləri İlkin Hüseynova aid olan “Dörd il” mahnımı təqdim etdim. Bundan sonra “Like elə” adlı iri bir layihəm gələcək. Söz və musiqisi Zülfi Bədəlova aiddir. Mahnıya gözəl bir klip çəkiləcək, burda hər şey peşəkar səviyyədə olacaq. Tamaşaçılar gözəl xoreoqrafiya, imicmeyker, stilist, eləcə də rejissor işi görəcəklər.

-Bəs albom hazırlamaq, yaxud konsert vermək kimi fikriniz yoxdur? Son zamanlar konsert vermək şou-biznes müğənniləri arasında dəb halına düşüb.

-İndi nə albom, nə də konsert verməyi düşünmürəm. Çünki Azərbaycanda ifaçı nə albom satışından, nə də konsert verməklə pul qazana bilmir. Təəssüflər olsun.

-Yəni, deyirsiniz heç kim qazana bilmir?

-Bəli, heç kim qazana bilmir. Ən azından mən elə bir adam tanımıram.

-Bəs onda onlar bunu nə üçün edirlər?

-Bunlar hamısı piar, reklama sərf olunan pullardır. O pulu sanki küləyə sovurursan. O pul sənə heç bir şəkildə geri qayıtmır. Mən istəmirəm məndə də elə olsun. Əgər mən ona vaxt sərf edib, zəhmət çəkirəmsə, deməli o işdə marağım olmalıdır. Yoxsa ki, mən işləyim başqası yesin, qazansın, bu düzgün deyil. Ona görə gözləyirəm. Nə vaxt Azərbaycanda da albom satışı, konsert biznesi Avropada, dünyada olduğu kimi olacaq, ancaq o zaman albom hazırlayacam.

-Son günlər Rəmişin “Şou biznes adamlarının 99 faizi narkomandır” açıqlaması şou-biznes gündəmini silkələdi. Bu açıqlamaya sizin də münasibətinizi bilmək istərdim.

-Sözün açığı, mən bu barədə heç nə danışmaq istəmirəm. Bu elə bir problemdir ki, bütün zamanlar, bütün məkanlar üçün keçərlidir. İndi bunu bu qədər açıb ağartmaq onun təbliğini həyata keçirmək deməkdir. Mən “Facebook”da çox aktiv istifadəçiyəm. Dostluğumda olan biriləri istənilən şüar, yaxud elə antireklam formasında nəsə yazırsa, həmin adamın “inbox”-suna yazıram ki, niyə bunu yazmısan? O sözü işlətmək artıq təbliğdir. Hər halda hələ də 12-13 yaşlı oğlan və qızlar var ki, narkomaniyanın nə olduğunu bilmirlər. Şəxsən, mən o yaşda bunu bilmirdim.

-Şou-biznesin içində olan adam kimi bu açıqlama sizə pis təsir etmədi?

-Əlbəttə, təsir etdi. Mənim üç uşağım var, hələ şou-biznes adamı olduğumu kənara qoyuram. İstəmirəm ki, mənim uşaqlarım belə açıqlamalara görə bizim telekanallara baxsınlar, saytlarımızı oxusunlar. Gərək öncə biz danışdığımıza fikir verək ki, nəyi, necə danışırıq. Siz isə jurnalistsiniz.

Bəlkə mən qızdırmalıyam, dediyim sözləri sayıqlayaraq deyə də bilərəm. Siz mətbuat olaraq bunların hamısını filtirdən keçirərək insanlara təqdim etməlisiniz. O mənada daha böyük qurumlar məsələn, Milli Televiziya və Radio Şurası buna nəzarət etməlidir.

-Uşaqlarınız hansı kanallara baxır?

-Belə bəyanatlər səslənməyən kanallara.

-Yenidən televiziya aparıcılığına qayıdacaqsınızmı?

-Qayıdacam. Daha böyük, daha geniş layihələrdə işləmək istəyirəm. Bilirsiniz ki, mən təkrarçılığı sevmirəm. Musiqidə də belədir. 15 ildir ki, səhnədəyəm, yalnız pop musiqisi ifa etmirəm. Müxtəlif istiqamətlərə zaman-zaman baş vurduğum vaxtlar olub və bundan sonra da olacaq. Bir sözlə, yerimdə addımlamağı sevmirəm.

-Daha böyük layihələr deyəndə nəyi nəzərdə tutursunuz? Bura sosial yönümlü televiziya layihələri də daxildirmi?

-Böyük məmnuniyyətlə iştirak edərdim. Təəssüf ki, indi televiziya layihələri arasında yemək bişirməkdən başqa heç nə gözümə dəymir. Bir mahnı oxuyurlar, bir də yemək bişirirlər.

-Bir ara sizi rəngli geyimlərdə, rəngli saç düzümlərində görürdük.

-Elə indi də eləyəm. Mən fikirləşirəm ki, hər zaman dəyişiklik etmək lazımdır. Xüsusən də səhnədə olan adam.

-Stilistiniz varmı?

-Var, hər zaman da olub. Amma həmişə ona müraciət etməmişəm. Düşünürəm ki, mənim özümün də kifayət qədər dünyagörüşüm var. Moda jurnallarını vərəqləyə bilərəm, “Fashion” TV-yə baxa bilərəm ki, dünyada nələrin baş verdiyindən xəbərim olsun.

-Bəs xüsusi biznesiniz varmı?

-Hazırda yoxdur, amma ola bilər.

-Nə ilə bağlı olacaq?

-Heç vaxt düşünməmişəm. Amma yəqin ki, qadınla, gözəlliklə bağlı ola bilər.

Pərvin

Fotolar Elçin Muradındır


Müəllif: