14 Fevral 2015 13:17
3 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"in qonağı əməkdar artist, Prezident təqaüdçüsü Babək Niftəliyevdir. "Muğam televiziya müsabiqə"sinin tanıtdırdığı gənclərdən olan Babək Niftəliyev bu gün də öz üzərində çalışdığını söyləyir. Avtomobilinə Kəlbəcərdəki girovlarımızın fotoşəklini vuran B.Niftəliyev bu iki həmyerlimizin başına gələn hadisənin təkcə kəlbəcərlilər üçün yox, bütünlükdə azərbaycanlılar üçün ağrılı olduğunu dilə gətirdi. Kəlbəcərlə bağlı xatirələrini danışan xanəndəmiz saza marağından və muğam sənətinə gəlişindən söz açdı. "Gündəlik Teleqraf"çıların suallarını cavablandırandan sonra gənc xanəndə bizə mahnı da ərməğan etdi.

Taleh Şahsuvarlı: Maşınınızda Kəlbəcərdə girov düşən Dilqəm Əsgərov və Şahbaz Quliyevin şəkilləri diqqətimi çəkdi...
- Dilqəm Əsgərovla yaxın tanışlığım olub. Sosial şəbəkələrdə - Facebook-da, İnstaqram-da, Whatsapp-da onunla olan şəklimi profilimə qoymuşam. Əsirlərimiz gedəndən üzüm gülmür, demək olar ki, el şənliklərində qol qaldırıb oynamıram. Vətənpərvər kimi maşınıma onların şəkillərini qoymuşam.

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov düşməsi mənə də çox pis təsir elədi"

T.Şahsuvarlı: Bunda Sizin Kəlbəcərli olmağınız, onların da Kəlbəcərdə girov düşməyinin rolu nə qədərdir?
- Onlar neçə illərdir gedib Kəlbəcərdə çəkiliş aparıb gəlirdilər. Hər ilin öz çəkilişləri vardı. Biz baxıb fəxr edirdik ki, belə oğlanlarımız var. Çox təəssüflər olsun ki, indi böyük ağrı-acı içindəyik. Bir Kəlbəcərimiz gedəndə bizlər üçün ağır dərd olmuşdu, bir də Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov düşməsi mənə də çox pis təsir elədi.

Aqil Lətifov: Torpaqlarımızın geri qaytarılması istiqamətində insanlarda əhval-ruhiyyə necədir? Cəmiyyətdə və KİV-lərdəki təbliğat Sizi qane edir?
- Allahın köməkliyi ilə ali baş komandanımızın rəhbərliyi altında torpaqlarımızı qaytararıq.

T.Şahsuvarlı: Özünüz Kəlbəcəri nə qədər xatırlayırsınız?
- Özüm Kəlbəcərdən çıxanda 8 yaşım olub. "Taxta düzü" yaylağında olmuşam, oralar yadıma düşür. Oxuduğum 2 nömrəli məktəbi, düz deyilən yerdə həlak olmuş insanlarımızın məzarı vardı, onları xatırlayıram.

"Dağ görəndə hönkürüb ağlayıram"

T.Şahsuvarlı: Burada kəlbəcərliliyi nə qədər yaşaya bilirsiniz?
- Burada kəlbəcərliliyi ancaq xəyallarda yaşayırıq. Dağa, dərəyə, bulaqlara vurğun olduğuma görə dağlara gedəndə çox kövrəlirəm. Elə olur hönkürüb ağlayıram. Uşaqlar soruşur ki, belə gözəl təbiətdə niyə ağlayırsan? Deyirəm ki, vallah, bizim yerlər buralardan daha gözəl idi. Nə etmək olar, qismət, tale belə imiş. İnşallah, o torpaqlara qayıdarıq.

T.Şahsuvarlı: Bəs Kəlbəcərin koloritini harada daha çox hiss etmək olur? Azərbaycanın ən gözəl yerlərindən, bəlkə də, birincisi Kəlbəcər idi. Amma onun digər rayonlarla bənzərliyi yoxdur.
- Kəlbəcərin iyini Kəpəzdən, Hacıkənddən, Toğanadan alıram. Bir də Qubada Xınalığa gedən yolu elə təsəvvür edirəm ki, ikinci Kəlbəcərdir.

Bəxtiyar Məmmədli: Kəlbəcər, Laçında, adətən, aşıqlar yetişir. Nə əcəb aşıq yox, xanəndə oldunuz?
- Kəlbəcər elimiz Dədə Şəmşir ocağı olduğuna görə hər bir kəlbəcərli istər-istəməz arzulayıb ki, Dədə Şəmşir məktəbinə yaxınlaşsın. O da bizim qanımızdadır. Çünki bizdə əsasən saz, söz inkişaf edib və hamı gücü saza verib. Muğam bir o qədər inkişaf etməyib. Mən özüm də uşaq vaxtlarımda saz çalıb oxumuşam. Sonra aşkar ediblər ki, məndə aşıq səsi yox, xanəndə səsidir.

Nərgiz Ehlamqızı: Kim aşkarladı, ailə üzvləriniz, yoxsa müəllimləriniz?
- Mən də aşıq istiqamətinə gedirdim. Evdə atam, anam dedi ki, səsin aşıq səsi deyil.

“Aşıqlar deyir ki, sən aşıq olsaydın, çörəyimiz əldən çıxardı”

Naibə Qurbanova: Valideynləriniz musiqi təhsillidir?
- Bəli, musiqi təhsillidirlər. Kəlbəcər musiqi məktəbini bitirmişəm, müəllimim Bahadur müəllim olub. Aşıqlarımızdan da öyrənmişəm. Sadəcə olaraq, sazı evdə özüm üçün çalıram. Məz saz çalanda çox aşıqlar deyir ki, Babək, sənin çox gözəl barmaqların, ürəyin var, səsin aşıq səsinə uyğundur, sən aşıq olsaydın, çörəyimiz əldən çıxardı (gülür).

“Qardaşımın toyunda saz çalmışam”

B.Məmmədli: Olubmu, toylarda bala Ədalət kimi saz götürüb ürəkdən ifa edəsiniz?
- Mən heç vaxt toylarda saz götürüb çalmaram. Çünki aşıq deyiləm. Hərənin bir sənəti var. İstəmirəm aşıq kimi tanınam. Əsas odur ki, bizi xanəndə kimi tanıyıb seçiblər. Bircə qardaşımın toyunda ürəyim açılıb saz götürüb çalmışam. Dəlidağlı Ədalət, aşıq Mehdi, Mübariz ordaydı. Ustadlarımızdan üzr istəyərək saz ifa etmişəm.

Nərmin Muradova: Dastanları bilirsiniz?
- Yox, yenə də deyirəm, aşıq deyiləm ki, dastan biləm. Sadəcə olaraq, özüm üçün məşğul oluram.

A.Lətifov: Bu yaxınlarda əməkdar artist adını aldınız, prezident təqaüdçüsüsünüz, çoxsaylı mükafatlarınız var. Bütün bunlar baş gicəlləndirici deyil ki?
- Xeyr. Biz muğam ifaçıları həmişə çalışmışıq ki, oturuşumuzda, duruşumuzda, geyimimizdə, danışığımızda bəzi sənət nümayəndələrindən seçilək.

N.Ehlamqızı: Muğam müsabiqəsindən sonra bir çox gənc xanəndələr kifayət qədər tanındı. Sonuncu dəfə mükafat alanlar sırasında gənc xanəndələrdən yalnız Siz əməkdar artist adına layiq görüldünüz. Həmkarlarınızdan özünüzə qarşı qısqanclıq hiss etmirsiniz?
- Müsabiqə iştirakçılarından Təyyar Bayramov 2009-cu ildə əməkdar artist adına layiq görüldü. Ondan sonra isə ad alan mənəm. Ola bilsin qısqanclıq var, amma mən hiss etməmişəm.

N.Muradova: O adın məsuliyyətini nədə hiss edirsiniz?
- Adın məsuliyyəti çox böyükdür. Çünki dövlətimiz tərəfindən muğama, milli musiqiyə, incəsənət xadimlərinə böyük diqqət var. Biz də çalışmalıyıq ki, o adı layiqincə qoruyub saxlayaq. Azərbaycanın bayrağını bütün dünyada dalğalandıraq və muğamımızı hər zaman uca tutaq.

B.Məmmədli: Müəllim kimi fəaliyyət göstərirsiniz?
- Yox, müəllim kimi fəaliyyət göstərmirəm. Bu ildən dəvət ediblər. Mədəni-maarif kollecində müəllim kimi fəaliyyət göstərəcəyik. Dövlət tədbirləri, Heydər Əliyev Fondunun tədbirləri baxımından qrafikimiz sıx olduğuna görə baş qarışıq olur.

B.Məmmədli: Bir ara görkəmli xanəndə Əlibaba Məmmədov deyirdi ki, Babək səsini qorumur, toylara çox gedir.
- Toya getməməklə səsi qorumaq mümkün deyil axı. Əsas odur ki, gərək səsə ziyan olan şeylərdən uzaq olasan. Ziyanlı şeylərdən birincisi siqaret, ikincisi spirtli içkidir, üçüncüsü soyuqdur. Bir çox şərtlər var ki, onlara əməl etməlisən.

N.Qurbanova: Şərtlərə əməl edirsiniz?
- Bəli, toylara getmək o demək deyil ki, səsinə nəsə olur. Toylardan səs batmaz. Bütün böyük xanəndələrimiz toyxanalardan çıxıb.

Dilqəm Əhməd: Onlar da içki içməyib?
- Bəziləri olub ki, içib, onların aqibəti görünüb də necə olub.

D.Əhməd: O vaxtlar toylar 40 gün 40 gecə keçirilirdi, bunun, şübhəsiz, yeməyi, içməyi var.
- Düzdür, toyun yeməyi-içməyi var (gülür). Yenə də deyirəm, səsinə qulaq asmayanlar tez sıradan çıxıblar.

B.Məmmədli: Mahnı janrında ifanız olub?
- Bəli, gözəl xalq artistimiz Ramiz Mirişlinin bir neçə mahnısını ifa etmişəm. Maestro Ceyhunun lirik bəstəsi vardı, onu oxumuşam.

N.Muradova: Özləri müraciət edir?
- Hə, özləri müraciət edib ki, bu mahnı sənin səsinə düşər, istəyirəm sən ifa edəsən. Mən də ifa etmişəm.

N.Qurbanova: Sizi bir musiqiçi kimi kim kəşf edib?
- İlk dəfə atam Gəncədə Bahadur müəllimə dedi ki, istəyirəm Babəkə bir saz aləti düzəldəsən, onun musiqiçi olmasını arzu edirəm. Saz düzəldi, bir gün Bahadur müəllim bizi çağırdı ki, artıq saz hazırdır, özü də gəlsin, uşağa baxım. Sazla ilk tanışlıq idi. Sazı əlimə götürdüm, mizrabı simə vurdum, Bahadur müəllim dedi ki, bu uşağın yaxşı istedadı var. Ana tərəfdən qohumumuz Qəmkeş Allahverdi böyük ustad olub. Dəlidağlı Ədalətin, bir çox aşıqların müəllimi idi. Atam məni onun da yanına apardı. Simlərin ikisini aşıqdan boşaltdı, dedi ki, simi kökləsən, biləcəm ki, sənin istedadın var. Mən də simi o biri simə uyğunlaşdırdım, dedi ki, bu uşaqda nəsə var, axırı yaxşı olacaq.

B.Məmmədli: Bəs muğam sənətinə necə gəldiniz?
- Bayaq qeyd etdiyim kimi atamla anam dedi ki, sənin səsin aşıq səsi yox, xanəndə səsidir. Məni birinci ustadım Sərdar Bağırovun sinfinə qoydu. Onun yanında ifa etməyə başladım. 8 ay müddətinə respublika uşaq muğam müsabiqəsində 3-cü yerə layiq görüldüm.

"Muğamı fonoqram ifa etmək qəbahət deyil"

N.Ehlamqızı: Estrada janrlarının ifaçıları kimi çox vaxt muğam ifaçıları da fonoqram ifa edirlər. Hətta tarzən, kaman ifaçısı studiyada olsa da, xanəndə canlı ifaya üstünlük vermir. Studiyanın şəraitsizliyindən irəli gəlir, yoxsa başqa səbəb var?
- Elə olur ki, mən də fonoqram ifa edirəm. Bu, qəbahət deyil. Çünki təbiət qoynundasansa, havanın küləkli olmağı mikrofona əks təsir göstərir, yoldan keçən maşının siqnalı lentə yazıla bilər. Ona görə də televiziyanın özü də bizdən fonoqram istəyir ki, ifa təmiz olsun. Studiya şəraitinə gəlincə, xanəndə də robot deyil ki. İncə səs tellərimiz var. Xəstə olanda fonoqram oxumaq məcburiyyətində qalırıq. Yaxud elə aranjiman var ki, onu canlı ifada alındıra bilməzsən.

Qurban Yaquboğlu: Hansısa məclisdən, verilişdən, ifadan imtina etdiyiniz olub?
- Bəli, imtina etdiyim verilişlər olub. Muğam ifaçılarında ağırlıq var, həmişə çalışırıq öz sambalımızı qoruyaq. Yaxud xəstə olanda səhhətimlə bağlı verilişə getməmişəm. Amma çalışıram ki, tədbirlərə, efirə dəvət olunanda iştirak edim.

Q.Yaquboğlu: Muğam ifaçılarından qadınlar "Leyli", kişilər "Məcnun" olmağa can atır. Sizin Opera və Balet teatrında "Məcnun" rolunu ifa etmək istəyiniz varmı?
- İstəyim var, dəvət etsələr, böyük məmnuniyyətlə qəbul edərəm. Sadəcə olaraq, hələ dəvət etmirlər. Bilmirəm nə məsələdir, səbəbi məlum deyil.

N.Muradova: Özünüz də müraciət etməmisiniz?
- Özüm müraciət etmərəm ki, məni "Məcnun" obrazı üçün hazırlayın. Özləri dəvət etməlidir. Bir xasiyyətim var, harasa dəvət olunmuramsa, oraya getmirəm. Deyir çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə.

N.Ehlamqızı: Bəs başqa teatrla əməkdaşlıq edirsiniz?
- Arif Qazıyevin rəhbərliyi ilə Muğam Teatrında çalışmışam. 2007-ci ildən teatrın solisti olmuşam, 2010-cu ildə isə ləğv olundu.

N.Muradova: Muğam Teatrının bağlanmasına münasibətiniz necə oldu?
- Artıq Muğam Mərkəzimiz açıldı. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban xanım sağ olsun, bizlər üçün muğam ocağı inşa etdirdi. Ürəklə deyə bilirik ki, artıq bir evimiz var. Sənətçi dostlarımla, musiqi xadimləri ilə çox vaxt orada görüşürük.

N.Muradova: Muğam Teatrı elə idi ki, orada ifalar da edirdiniz. Ştatda işçilər vardı. Yəqin Muğam Mərkəzində ancaq tədbirlərdə çıxış edirsiniz...
- Tədbirlərdə də çıxış edirik. Bəzi çəkilişlərimiz var ki, orada çıxışlar edirik, dəstgahlarımız yazılır, muğamlarımız, xalq mahnılarımız oxunur. Böyük sənətkarların yubiley gecələri keçirilir. Bu yaxınlarda Əlibaba Məmmədovun 85 illiyi ilə bağlı yubiley gecəsi keçirildi, orada çıxış elədik.

N.Muradova: İndi Arif Qazıyevlə münasibətiniz necədir?
- Arif müəllim bizim gözəl sənətkarımızdır. Tədbirlərdə, el şənliklərində görüşürük.

N.Ehlamqızı: “Məcnun”u ifa etsəniz, səhnəmizin hansı “Leyli”si ilə ifanız daha yaxşı alınar?
- Bizim bir-birindən gözəl “Leyli”lərimiz var. Birinin adını çəkib, o birilərinin adını çəkməsəm bu, söz-söhbətə səbəb olar. Mən də söz-söhbətdən qaçan adamam.

"Mənim "Leyli"m həyat yoldaşımdır"

A.Lətifov: Sualı onda belə qoyaq: kimin “Leyli”niz olmasını istərdiniz?
- Üzr istəyirəm, mənim “Leyli”m həyat yoldaşımdır (gülür).

D.Əhməd: “Məcnun”luğun kriteriyası nədir ki, Sizi gözlədirlər? Xanəndə öz şəxsi həyatında çoxmu əzab çəkməlidir?
- Yox, o, əzab deyil ki, həyatdır.

D.Əhməd: Yəqin, “Leyli”nin qabiliyyətindən əlavə gözəlliyi də olmalıdır. Bəs Məcnunda?
- “Leyli”nin əsas səsi olmalıdır. Vaxtilə “Leyli” rolunu kişilər oynayardı. Çünki o vaxt heç kəs xanımının teatrda çalışması ilə razılaşmazdı.

A.Lətifov: İndi niyə razılaşırlar? Nə dəyişdi?
- O vaxt xanəndənin özünə mütrüb kimi baxardılar. Başıpapaqlı kişilər qoymazdılar ki, öz övladları musiqi sənətinə getsin. Seyid Şuşinski, dahi Üzeyir bəyimiz ortaq məxrəcə gəliblər. Mən bunu Firudin Şuşinskinin kitabından oxumuşam. Onlar deyiblər ki, biz əl qoymasaq, bu sənət itib batacaq. Nəinki qadın, kişi ifaçıların da musiqi aləti çalmasına, mahnı ifa etməsinə pis baxardılar. İndi dövr dəyişib. Gözəl səsli xanəndələrimiz, xanım ifaçılarımız var.

D.Əhməd: Muğamın çoxluğun deyil, azlığın dinlədiyi musiqi olduğu deyilir. Konsertə nə qədər könüllü şəkildə muğamı sevən dinləyici gəlir?
- Tamaşaçının sayı ifaçıdan asılıdır.

N.Ehlamqızı: Sizin nə qədər auditoriyanız var?
- Onu mən yox, xalq deyə bilər. Solo konsertim olmayıb, inşallah, gərək bir gün konsert verəm, onda bilmək olar ki, nə qədər tamaşaçı gələcək. Bir dəfə mənə dedilər ki, sənin sənətçi dostların artıq konsert verib, bəs sən niyə konsert vermirsən? Mən də zarafatyana dedim ki, vallah, mənim qohum-əqrəbam burada yaşamır, azdır, onlar burada çox olanda mən də konsert verərəm. Çünki baxırsan ki, konsertdə çox vaxt qohum-əqrəban olur, biletləri özün verirsən, zəng edirsən ki, dur gəl konsertə. Fanatlarım həddən artıq çoxdur. Gərək konsert edib baxaq.

B.Məmmədli: Konsertinizi Filarmoniya, Muğam mərkəzi, yoxsa Heydər Əliyev sarayında keçirmək istəyirsiniz?
- Musiqi ocaqlarımızın hamısı bir-birindən gözəl və zəngindir. Hansı sarayda olsa, böyük məmnuniyyətlə çıxış edəcəyəm. Bildiyiniz kimi orada maddi qonorar var. Onları yoluna qoyan insan olsa, günü bu gün konsert edərdim.

A.Lətifov: Suallara diplomatik cavab verirsiniz. Sanki ehtiyatlı davranırsınız...
- Çox dərinə getsək, boğularıq ( gülür).

A.Lətifov: Elə məqam olubmu muğam yox, estrada ifaçısı olmaq ürəyinizdən keçib. Maddi baxımdan estrada müğənniləri daha çox qazanc əldə edirlər...
- Şükürlər olsun, səsimiz var, muğam ifa edirik. Muğam oxuyanın iki oktava yarım səsi olmalıdır. Dəstgahların hamısını birə-bir oxumalıdır. Muğam ifaçıları ölkəni dünyada təmsil edən insanlardır. Ölkəni xaricdə estrada ifaçıları təmsil etmir. Qardaşımızın toyu olsa belə, onun toyuna getməyib dövlət tədbirinə qatılmalısan.

“Roka, caza, repə, meyxanaya da qulaq asıram”

Q.Yaquboğlu: İnsanlar muğamlara qulaq asır, təsirlənir, kövrəlir. Bəs Sizə kimlərin ifaları, hansı musiqilər təsirli gəlir?
- Təkcə muğamlara yox, olur ki, roka, caza, repə, meyxanaya da qulaq asıram. Fars muğamları, Pakistan ifaları, ərəb musiqilərini də dinləyirəm. Bizimkilərdən isə gənc nəsildən daha çox yaşlı nəslin ifasına üstünlük verirəm. Çünki yaşlı nəslin nümayəndələri muğamı bugünkü dövrə qədər gətirib çatdırıblar. Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Keçəçioğlu Məhəmməd, Məşədi Məmmədfərzəliyev kimi nəhənglərə, kökə qulaq asırıq ki, kökdən kənara çıxmayaq. Çalışırıq ki, o kök qanımıza, ruhumuza hopsun.

Q.Yaquboğlu: Vaxtilə televiziyada Şuşinskinin silsilə verilişləri vardı, o, muğam məktəblərini bölmüşdü: Şirvan, Bakı, Qarabağ məktəbi və s. Sizin bölgülərə münasibətiniz necədir? Fərqləri hiss edirsinizmi?
- Vallah, bölgülərə çox pis baxıram. Çünki Azərbaycanı xarici ölkədə təmsil edəndə orada demirlər bu insan şamaxılı, ağdamlı, laçınlı, kəlbəcərli yaxud bakılıdır. Orada təqdimatda deyirlər ki, “çıxış edir azərbaycanlı”. Azərbaycanın hər bir bölgəsində istedadlı var.

Q.Yaquboğlu: Yəqin, oxu fərqləri olmamış olmaz.
- Segah segahdır, başı sonluğu eynidir. Sadəcə hər bir ifaçı eyni qaydada oxuyub eyni naxışları vura bilməz. Onda hamı bir nəfərə, orijinal kimdirsə, ona qulaq asar. Əlibaba Məmmədovun bir sözü var, hər xanəndə oxuyanda öz naxışını vurur. Hər gülün bir ətri olduğu kimi, muğam ifaçılarının da öz oxu tərzi var.

Q.Yaquboğlu: Sizin müəlliminiz kim olub?
- İlk müəllimim Gəncə musiqi məktəbində Sərdar Bağırov olub. 5 il orada oxumuşam. Sonra isə Biləcəridə 6 nömrəli musiqi məktəbində mərhum sənətkarımız Məmmədbağır Bağırzadənin sinfində 2 il təhsil almışam. 2003-cü ildə isə Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum, orada müəllimim professor Canəli Əkbərov oldu. Milli Konservatoriyada isə Arif Babayevin sinfinə qəbul oldum. Hazırda magistraturada oxuyuram, inşallah, bu il bitirəcəyəm.

N.Muradova: “Leyli”nizi harada, necə tapmısınız?
- Axtaran tapar (gülür).

N.Qubanova: Sonra da deyirlər Qarabağ zonası mühafizəkardır. Ona görə də suallarımıza cavab vermək zorundasınız...
- Ailəmlə bağlı çox danışmağı xoşlamıram. Onu qeyd etmək istərdim ki, iki övladım var, birinin adı Mehdidir, 3 yaşı var, o biri oğlumun adı Cavidandır, bu yaxınlardan doğulub. Allah olmayanlara qismət eləsin.

N.Qubanova: Siz məclislərə gedən, ətrafınızda kifayət qədər gözəl xanımlar olan adamsınız. Ailənizdə söz-söhbətlər olmur ki?
- Şərtimizi şumda kəsmişik ki, xırmanda yabalaşmayaq. Musiqiçi ailəsi olmaq çox çətindir.

N.Qubanova: Xanımınız da musiqiçidir?
- Yox, musiqiçi deyil, evdar xanımdır. Mən rayonların hansındansa gələndə elə olur gecə saat 3-də çatıram. İstər-istəməz evdə nigaran qalırlar.

N.Qubanova: Qısqanclıq olmur?
- Qısqanclıq, əlbəttə, olmalıdır. Əgər sən ailəni qısqanmırsansa, xanımın səni qısqanmırsa, deməli sevmir. Çox vaxt deyirlər ki, niyə qısqanırsan, inam olmalıdır. Deyirəm, vallah, qısqanmırsa, sevmir. Düzdür, inam vacibdir, amma qısqanclıq da olmalıdır.

“Həm kişi, həm də qadın qısqanc olmalıdır”

N.Qurbanova: Sizcə, qısqanclıq zəiflik əlaməti deyil?
- Yox, istər kişi, istərsə də qadın qısqanc olmalıdır. Qadın qısqanc olmasa, ortaya çox işlər çıxar (gülür).

N.Qurbanova: 3 ildir ki, atasınız, ictimaiyyət içində olan adam üçün ailə həyatı nəyi dəyişdi? Gənclərə necə tövsiyə verərdiniz?
- Ailə həyatı insanı bəzi səhlənkar, boş işlərdən uzaqlaşdırır, evə bağlı edir. Bilirsən ki, səni evdə gözləyən var, evə tez gəlməyə çalışmalısan. Evə bazarlıq edib gətirirsən (gülür). Uşağın üstünə yüyürüb “ata” deyəndə ruhlanırsan. Hər bir yaşın öz dövrü var, evliliyin də başqa aləmi var.

B.Məmmədli: Tanınmış musiqişünas Ramiz Zöhrabov deyir ki, xanəndələr daha çox oxunan qəzəllərə üstünlük verirlər, yeni qəzəl öyrənmək istəmirlər. Yeni qəzəllər bölgü etmək baxımından çətindir yoxsa başqa səbəb var?
- Artıq qəzəlləri böyük xanəndələr oxuyub, onlar insanların beyninə həkk olunub. Dinləyicilər o qəzəlləri daha çox mənimsəyirlər. Allah Əliağa Vahidə və bir çox qəzəl yazarlarımıza rəhmət eləsin, sadə yazıblar. Məhəmməd Füzuli yazıb ki, “Pənbeyi-daği-cünun içrə nihandır bədənim”. İstər-istəməz tamaşaçı soruşur ki, nə deyirdin o misrada. İndi gəl, bunu açıqla. Amma məsələn, Vahid yazıb ki, “Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir, Eşqdən məhrum olan insanlığa biganədir”. Bu misra isə daha aydındır. O vaxtkı yazarlarımız əsasən fars və ərəb mənşəli sözlərdən istifadə ediblər deyə elə də yadda qalımlı olmur. Vallah, indiki dövrdə də həmin qəzəlləri oxumaq hamısından yaxşıdır. Düzdür, təzə qəzəl öyrənməlisən, gözəl yazarlarımız var, onların qoşmalarını oxumalısan. Ancaq bu dəqiqə xalqımıza, demək olar ki, qoşma və gəraylılar çatır.

B.Məmmədli: Bölgüləri özünüz edirsiniz?
- Bölgünü özümüz də seçirik. Amma dövlət tədbirlərində olsaq, yaxud dəstgahları yazanda mütləq qəzəl oxumalıyıq, qoşma oxumaq olmaz. Çünki muğama qoşma oxumaq yaraşmır.

N.Qurbanova: Qadın sənətçilər arasında intriqa olanda daha tez büruzə verir. Kişilər arasındakı intriqa isə elə də üzə çıxmır. Sizi qalmaqala çəkmək istəyənlər var?
- Muğam ifaçıları arasında ancaq sağlam rəqabətdir. Biri yaxşı qəzəl oxuyursa, deyirsən ki, çalışım ondan yaxşı qəzəl ifa edim. Aramızda “filankəsin villası var, ondan tikim, yaxud bahalı maşınından mən də alım kimi” rəqabət getmir. Bizdəki sənət rəqabətidir.

D.Əhməd: Dövlət tədbirlərinə dəvət etalon sayılır?
- Muğam ifaçıları, gənclər arasında xarici ölkələrdə çıxışlar olanda bölgü aparılır. Bir nəfər bütün ölkələrdə çıxış edə bilməz axı. Mədəniyyət və Turizm Nazirliyi ardıcıllıqla xanəndələri müxtəlif ölkələrə yazırlar.

B.Məmmədli: Albom barədə düşünmürsünüz?
- 2011-ci ildə diskim çıxıb. Bu yaxınlarda yeni albomum işıq üzü görəcək. Diskdə xalq, estrada mahnıları və muğamlar yer alacaq.

N.Ehlamqızı: Bədii ədəbiyyata marağınız var?
- Bu dəqiqə kitab oxumağa vaxt yoxdur. Qəzəlləri oxuyub çatdırırıqsa, o, böyük şeydir, vallah.

N.Qurbanova: Bir ara muğam ifaçıları ancaq yaşlı nəsil idi, eyni repertuarla çıxış edirdilər, göz yorulmuşdu. Muğam müsabiqəsindən sonra çox gənc tanındı. Amma hiss olunur ki, gənclər bəlli mərhələyə çatanda, ad alıb, beynəlxalq tədbirlərə gedib, solo konsert verəndən sonra sanki işlərini bitmiş hesab edirlər. Bu arxayınlıqdır? Səhv etmirəmsə, üç nəfər idiniz, Sizin haqqınızda film də çəkildi.
- Üç nəfər yox, indi muğam ordusu alınıb. Söhbət ad alandan sonra arxayınlıqdan getmir. İçi mən qarışıq musiqiçilər həmişə öz üzərində çalışırlar. Bəzilərində arxayınlaşma ola bilər, amma məndə yoxdur. İzləyənlər bilir ki, muğam ifaçıları nələrə qadirdir.

N.Ehlamqızı: Ailənizlə birgə istirahətinizi necə təşkil edirsiniz?
- Mən təbiətə üstünlük verirəm. Dağ adamı olduğum üçün çalışıram ki, dağlara çıxam, gözəl bulaqlardan dadam.

N.Muradova: Evdə məşq edirsiniz?
- Bəli.

N.Muradova: Qonşular nə deyir?
- (Gülür) öz üslublarımdan istifadə edirəm deyə qonşular narahat olmur. Səsin öz gimnastikası var, səs açma qaydaları var. Səhər 9.00-da tədbirdə oxumalısansa, saat 5-dən oyaq olmalıyıq ki, səs tellərimiz muğamlara getsin. Hər xanəndənin səsin açılması, yumşalması üçün öz qaydaları var. Yediyin qidalara diqqət yetirməlisən.

D.Əhməd: Qida olaraq səsə nə ziyandır?
- İstiot, limon, ağartı, göy-göyərti, soğan, sarımsaq ziyandır. Hər qidanı yeyəndən sonra oxuyuram görüm necə təsir göstərdi. Ziyan olanda menyudan kənarlaşdırıram.

B.Məmmədli: İdmanla məşğul olursunuz?
- 4 il boksla, 3 il yarım güləşlə məşğul olmuşam.

Söhbətimizi bitirəndə xanəndədən bizə mahnı ifa etməsini xahiş etdik. Babək Niftəliyev Teleqraf-çılara “Bu ayrılıq nədən oldu” mahnısını oxudu. Mahnı bitər bitməz mədəniyyət yazarımız Nərmin Muradova soruşdu : Həyat yoldaşınızla küsəndə, yəqin, belə mahnılar dadınıza çatır.
- Hərdən olur. Hər ailədə söz-söhbət olur. Amma çalışmalısan ki, yoluna qoyasan.
Beynəlxalq Sevgililər günündə xanımına nə hədiyyə edəcəyini soruşanda isə “hələ fikirləşirəm” cavabını verdi.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: