21 Mart 2015 20:47
3 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı həftəsində tanınmış jurnalist Xoşqədəm Hidayətqızı “Brifinq”in qonağı oldu. Aparıcısı olduğu “Səni axtarıram” verilişinin 5 illik yubileyini qeyd edən layihə rəhbəri verilişin ərsəyə gəlməsindən, komandasının işgüzarlığından və bu proyektin uğur sirrindən danışdı. Nailiyyətlərini əziyyəti hesabına qazandığını deyən Xoşqədəm xanım yeni qurduğu ailəsindən söz açdı. O, sənətçi həyat yoldaşı Doğuşla yollarının necə birləşməsindən bəhs etdi, onun tamaşaçılar və fanatları üçün bəlli olmayan xarakterini açdı.

Tanınmış jurnalist bu il keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəyi barədə sualı da cavablandırdı.

Fainə Hənifəyeva: Bu günlərdə müəllifi və aparıcısı olduğunuz “Səni axtarıram” verilişinin 5 illik yubileyi olacaq. Ötən müddət ərzində nələrə nail olmusunuz? İstədiklərinizi reallaşdıra bilmisinizmi, öz gözünüzdə verilişin çatışmazlıqları nədədir?
- 5 il televiziya layihəsi üçün, həqiqətən, böyük vaxtdır. Bu müddətdə reytinqi saxlamaq fədakarlıq tələb edir. Təbii ki, mükəmməl heç nə yoxdur. İş varsa, orada çatışmayan nələrsə olacaq. Ola bilsin, “Səni axtarıram”da çatışmayan nələrsə var, amma ən azından bu verilişdə bir nəticə var. Sonda illərlə bir-birindən uzaq olan insanlar bir araya gəlir. Buna görə, bəlkə də, çatışmayan cəhətlərə göz yummaq olar. O ki qaldı nailiyyətlərə, televiziya uşaqlıq arzum idi, mən öz arzuma çatdım. Televiziyadan insanlara xitab etdim, onların evinə gəldim. Çoxları inanmırdı ki, yazılı mətbuatda olan insan televiziyada uğur qazana bilər. Həm də onu sübut etdim ki, yazılı mətbuatda çalışan jurnalistlər televiziyalarda daha böyük uğur qazanır.

Taleh Şahsuvarlı: Belə fikir var ki, əslində yazılı mətbuatdakılar intellektual baxımdan həmişə tv jurnalistlərindən daha güclü olur.
- Mən bu fikirlə razıyam. Şəxsən mən “Səni axtarıram”ı yaradanda birinci növbədə yanımda qəzetdə işləyən jurnalistlərin olmasını istəyirdim. Mənə görə qəzetdə süpürgəçi işləmiş insan televiziyaya gəlirsə, o, artıq akademiyanı qurtarıb gəlir (gülür). Çox əziyyət çəkdim, o zaman özlüyümdə dedim ki, nə yaxşı, yazılı mətbuatdan gəlmişəm.

“Qazandıqlarımı televiziyaya qurban vermişəm”

T.Şahsuvarlı: Sanki televiziyaya keçəndən sonra təsisçisi olduğunuz “Üç nöqtə” qəzeti bir az arxa planda qaldı.
- Bəli, 5 il qəzetə vaxt ayırmadım. Bəlkə də, səhv etdim, deyə bilmərəm. O gün bir yazı yazmaq istədim, kompüterin arxasında oturub xeyli dayandım. Nə qədər elədim, cümlələri bir-birinin ardınca gətirə bilmədim. Halbuki, mən oturub yazı yazmaq istəyəndə bu, uzağı yarım saat çəkirdi. Hiss elədim ki, 14 il öncə qazandıqlarımı televiziyaya qurban vermişəm. Çünki TV-də uzun-uzadı danışmağa ehtiyac yoxdur. Qəzetdə yazdığımız 5-6 min işarəlik mətni 1-2 dəqiqəlik süjetdə tamaşaçıya çatdıra bilirsən. Yəni konkretlik məni bir çox şeydən uzaq tutub.

“Rəhbər olsaydım, qəzet təcrübəsi keçməyən heç kəsi işə götürməzdim”

F.Hənifəyeva: Televiziyada aparıcıların savadsızlığını, səviyyəsizliyini görürük. Düşünürəm ki, televiziyada iş prosesi o qədər sürətli gedir ki, işçinin üzərində işləməyə, ona treninq keçməyə, öyrətməyə vaxt olmur. Kimin ki azca nitq qabiliyyəti yaxşıdır, danışmağı bacarırsa, onu qabağa itələyirlər. Yazı işi elədir ki, səhvlər olanda redaktor yazını müxbirə qaytarır, onun üzərində yenidən işləyir. Qəzet işində vaxt da çoxdur, jurnalistin üzərində işləmək imkanı da var. Televiziya sanki fabrikdir, gündəlik prosesdir, verilişi çatdırmaq lazımdır, qurtardı getdi.
- Sizin qənaətiniz doğrudur, tamamilə razıyam. Amma şəxsən mən televiziyada rəhbər olsaydım, qəzet təcrübəsi keçməyən heç kəsi işə götürməzdim. Jurnalistin mütləq yazı qabiliyyəti olmalıdır. İstər şou, istər sosial proyekt və ya siyasi tok-şou olsun, fərq etməz, jurnalistin yazı anlayışı yoxdursa, o adam bəsitdir.

Naibə Qurbanova: Telekanallar reytinqi şou üzərində qurub. Sosial-iqtisadi layihədə uğur qazanmaq çox çətindir. Bəs Sizin layihənizin uğurunun sirri nədə idi?
- Verilişin yaranmasından 2 il keçmişdi, hamı məni tənqid edirdi ki, o boyda “Jdi menya” var, ona baxın, proqramı onun kimi edə bilərdiniz. Əslində, ideya “Jdi menya”dandır, amma onu tamaşaçıya olduğu kimi çatdırsaydım, 5 il reytinqdə qala bilərdi? Biz istiqanlı xalqıq, insanların taleyi bizə təsir edir. Mən verilişi özümüzünkiləşdirdim, elə uğurumun da səbəbi, mənə elə gəlir ki, budur. “Jdi menya”da 3 aparıcı vardı, bizdəsə 1 aparıcı. Amma digər aparıcıları əvəz edən ekspertlər dəvət etdim. İndi bütün kanallara baxsanız, “Səni axtarıram”laşma gedir. Bu, məni üzür. Xatırlayırsınızsa, illər öncə hansı kanalı açırdın, şou proqramlar göstərilirdi, reytinq cədvəlində yuxarı yerdə o verilişlər dayanırdı. Bir kanalda 2-3 maqazin proqramı hazırladılar, verilişlər bir-birini təkrarladı deyə reytinqlər düşdü. İndi hansı kanalı açsam “Səni axtarıram”ın bu və ya digər formada əlavəsini yayımlayırlar. Mənə hər kəs deyir ki, bəlkə, yeni layihə edəsən. Həqiqətən də, yeni layihə, siyasi istiqamətli proyekt haqda düşünürəm.

N.Qurbanova: Bir ara “Çətin söhbət” layihənizin anonsu getdi, sonra nədənsə dayandı...
- Bəli, o, çox böyük layihə idi, onu “ATV Gündəm”lə əvəz elədilər. Adam var deyir ki, 5 veriliş aparım. Mən elə deyiləm. Bu, tam siyasi proqram idi. Kristian Amampurun “This week” (Bu həftə) proqramına bənzər proqram olacaqdı. Orada dünyada baş verən ən aktual, gündəmdə olan hadisələri birbaşa yayımlamağı planlaşdırırdıq. Hansısa ölkənin baş naziri, prezidentinə qoşulub canlı yayım düşünürdük.

Q.Yaquboğlu: Ancaq ölkə xarici ilə bağlı proqram idi?
- Yox, daxili xəbərlər də yer alacaqdı. Layihəni mənim düşündüyüm kimi həyata keçirə bilsəydik, orada imkansız hesab etdiyimiz şeylər olacaqdı. Necə ki “Səni axtarıram”da oldu. O verilişdə ilk mövzu narkotik vasitələrin keçdiyi tranzit ölkələr barədə idi. Hətta bunun üçün Əfqanıstana gedib Qəndəhardan reportaj hazırlamışdım. Daha sonra bunu daha tez eləmək qərara alındı və hər şənbə günü saat 21.00-da təhlillər də daxil olmaqla xəbər proqramı efirə getməyə başladı. Haradasa Mehmet Əli Birandı xatırladacaq nəsə olmasını istəyirdik. “ATV Gündəm”də komandam yox idi. Mənim üçün uğur qazanmağın bir nömrəli səbəbi komandadır. Yaxşı komanda yoxdursa, insan təkbaşına heç bir işə getməməlidir. Birincisi, o komanda yox idi, ikincisi, “Səni axtarıram”ın reytinqi düşməyə başladı. Veriliş birdən-birə 23-24 faizdən 19 faizə endi. O zaman verilişdəki uşaqlar qabağımı kəsdi (gülür). Dedilər ki, Xoşqədəm xanım, Sizə “ATV Gündəm” lazımdır, yoxsa “Səni axtarıram”? Fikirləşdim ki, “ATV Gündəm”i hamı apara bilər. Rəhbərlik fikrimə hörmətlə yanaşdı və o verilişdən istəyərək getdim. İndi baxıram verilişlər bir-birini təkrarlayır, bütün gün tamaşaçı ağlayır, stress keçirir, ondan sonra fikirləşdim ki, bəlkə, yeni layihəyə ehtiyac var? Bilirəm ki, bu da uğur qazanacaq və onun kopyaları yaranacaq. Olsun, mən razıyam. Əsas odur ki, “Səni axtarıram” telehərəkatı xatırlatdı.

Q.Yaquboğlu: Yəqin, itkinlərin sayı azalıb?
- Yox, azalmayıb. İtkinlərin sayı o qədər çoxdur ki, istəyirdim ki, “Səni axtarıram” yanvar ayında gündəlik rejimə keçsin. Çünki buna çox ehtiyac var. Yüzlərlə insan bizə müraciət edir.

N.Qurbanova: Fəaliyyətiniz çox uğurludur deyə kimin nəyisə itibsə, insanlar yarızarafat deyirlər ki, Xoşqədəm Hidayətqızı tapa bilər. Sizə o zarafatalar necə təsir edir?
- Hətta deyirdilər ki, Putini də mən tapa bilərəm (gülür). Mən qəzetdə işlədiyim vaxt bu zarafatları eşitsəydim, bəlkə də, çox təsir edərdi. Amma televiziya elədir ki, mənə təsir eləmir, əksinə, məşhurluğumun göstəricisidir. Reklamın mənfisi, müsbəti yoxdur. O, sırf mənim reklamıma işləyir. Məsələn, mən Suriyada olanda 1 həftə bütün ölkə məndən danışdı, mətbuat yazdı. Ailə quranda 1 həftə eyni şeylər baş verdi. Toy da oldu, yenə məndən yazırlar. Təbii insanı incidən məqamlar da olur, amma fikirləşirəm ki, bütün yazılanlar, deyilənlər, hətta gülüş doğuran kollajlar da reklamıma işlədi. Onlara təşəkkür edirəm, daha da məşhurlaşdım.

N.Qurbanova: Şəxsi həyatınızla bağlı yazılanlar arasında Sizi incidən nə oldu?
- Əgər bir qadın gedib özünə sevgili, sponsor axtarmayıbsa, ki, o, bunu edə də bilərdi, o, sadəcə Azərbaycan qadınına xas adət-ənənə ilə ailə qurursa, onu müzakirəyə çıxaranlar barədə kobud ifadə işlətmək lazımdır. Bunu dilimə gətirmirəm. 40 yaşında qadın ailə qura bilməz? 20 il bütün həyatımı övladıma sərf edəndə, gecələri evdə tək qalanda, uşağımın çətin anlarında təkbaşının üstündə qalanda o irad tutanları görmədim. Düzdür, onların sayı az idi. Hər bir qadına, kişiyə də ailə lazımdır. Çünki insana uğur qazandıran da, uğursuzluq gətirən də ailədir. Məni ən çox narahat edən o oldu ki, mənim kimi ciddi adamın ailə qurmasını reklam kimi qiymətləndirdilər.

“Heç vaxt Azərbaycandan başqa yerə getməyəcəyəm”

F.Hənifəyeva: İndi hamını bir sual düşündürür: Doğuş Türkiyədə tanınmış sənətçidir, Xoşqədəmi apara bilər, biz onu itirə bilərik...
- Arzuları gözündə qalacaq (gülür). Mən Türkiyədə iş görə bilərəm, Doğuşla hansısa proyekt icra edə bilərik. Amma heç vaxt Azərbaycandan başqa yerə getməyəcəyəm. Çünki mən məşhur olmaq üçün başqa ölkələrə yola çıxan insanların həmişə əleyhinə olmuşam. Məni öz ölkəm, xalqım, tamaşaçım, öz insanlarım Xoşqədəm edib.

N.Qurbanova: Birdən Doğuş bəy getmək istəsə və qarşınıza seçim qoysa?
- O, zatən Türkiyədədir. Biz evlənəndə şərt kəsib evləndik. Nə mən onu buraya dəvət edəcəyəm, nə də o məni. Doğuşun işi yoxdursa, Azərbaycana gəlir. Məsələn, martın 14-də Almaniyada konserti vardı, səhəri gün Azərbaycandaydı. İndi “Aşkopat” filminin qalasına hazırlaşır. Mənim ailə tərəfdən xoşbəxtliyim odur ki, cameəmiz, maraqlarımız eynidir. O da, mən də işimizi çox sevirik. Nə Doğuş işini Xoşqədəmə qurban verəsidir, nə də Xoşqədəm işini Doğuşa.

Nərgiz Ehlamqızı: Həyat yoldaşınızın yeni filmi çəkildi. Heç Sizə hansısa filmdə baş rolda oynamağı təklif edib?
- Mən onun davasını edirəm, o, məni qoymur (gülür). Birinci filmi “Aşkopat”ın aprelin 1-də qalası olacaq. İkinci filmi sevgidən bəhs edən filmdir. Ssenarisi çox təsirlidir, gecə oxumağa vermişdi, səhərə qədər ağlamışdım. Hərdən deyirəm ki, Doğuş, bəlkə mən də bir filmdə çəkilim. Deyir, yox, sən otur, öz işinlə məşğul ol.

N.Qurbanova: Sevgi mövzusunda filmdə başqa qadın çəkilsə, qısqanmayacaqsınız?
- Mən hədsiz qısqanc qadın idim. Yaxın rəfiqəmi belə qısqanacaq dərəcədə olmuşam. Amma ailə qurandan, Doğuşun mənə münasibətini, sədaqətini görəndən sonra qısqanclıq hissini xatırlamıram. Artıq 6 aydır evliyik, bu müddətdə qısqanclığı hiss etməmişəm. Hava limanında, restoranda, yaxud ticarət mərkəzində olanda qadınlar, qızlar Doğuşla şəkil çəkdirmək üçün yaxınlaşırlar. O da üzümə baxır, mən də deyirəm ki, onlarla rahat şəkil çəkdir, onlar sənin fanatlarındır. Düşünürəm ki, kişi və qadın arasında əgər etibar, sevgi, inam varsa, filmdə tərəf müqabili dünyanın ən gözəl qadını olsun, o, heç vaxt dəyişməyəcək.

N.Ehlamqızı: Həyat yoldaşınız Sizdə başqa nələri dəyişdirdi?
- Məni səbirli etdi, bir də ki, şükür etməyi öyrətdi. Çox naşükür idim. Bir işim alınmayanda deyinirdim ki, Allah həmişə pis insanlara nəsə verir. Doğuş mənə səbr etməyi, namaz qılmağı öyrətdi. Biz ziyarətgahlara gedəndə o, mütləq ziyarət namazı qılır. Amma mən qıla bilmirdim.

“Hicaba da keçə bilərəm”

T.Şahsuvarlı: Hicaba da keçə bilərsiniz?
- Hicaba da keçə bilərəm. Sadəcə, hicab başqaları üçün siyasi simgə olub. Bizim nənələrimizin, analarımızın başı örtülü olub. İndi elə səviyyəyə gətiriblər ki, hicab deyəndə qorxuruq. Bayaqkı suala qayıdıram, Doğuş mənə şükür etməyi öyrətdi. Çox səbirsiz idim, son sözümü həmişə əvvəldə deyirdim, buna görə uduzurdum. Mən ziyarətlərə çox gedirəm. Məcbur idim, həmişə gözləyəm Doğuş namaz qılsın, sonra gəlsin. Mənə dedi ki, mütləq namaz qılmağı öyrənməlisən ki, ən azından ziyarət namazlarını qılasan. Dünən yaxşı imtahan verdim. Həftə sonu Mir Mövsüm Ağanın ziyarətgahına gedəcəyik, ilk dəfə orada ziyarət namazı qılacağam.

“Doğuşun anasını yalvarıb Azərbaycana gətirmişəm”

F.Hənifəyeva: Hamı Xoşqədəm Hidayətqızını güclü qadın kimi tanıyır. Doğuş zahirən yumşaq xasiyyətli insan təəssüratı bağışlayır. İndi Doğuşun anası da buradadır. Bu, Xoşqədəmin, yoxsa sevginin gücündəndir, ana-bala hər ikisini Azərbaycana gətirib. Və güclü Xoşqədəm Hidayətqızının Doğuşu idarə etməsi təəssüratı doğrudurmu?
- Kənardan həmişə çox güclü görünürəm, amma o qədər zəifəm ki (gülür). Əvvəla, Doğuşun anasını yalvarıb bura gətirmişəm. Doğuşu tanıyanlar bilir ki, idmanla məşğuldur, xüsusi qida rejimi var. Mən də bütün gün işdəyəm, səhər çıxıram, bir də gecə qayıdıram. Gördük ki, olmur. Bizim yeməklərimiz də yağlı olduğu üçün bəyənmir. Axırda Nurhəyat xanımdan xahiş etdim ki, bir müddət bizi yola versin (gülür). Əslində, yanvarda Türkiyəyə getmişdi, fevralda əlinə-ayağına düşdüm, təkrar Azərbaycana gətirdim, indi bizdədir. Bu gün deyir ki, qızım ,İstanbul üçün çox darıxmışam, məni burax gedim. Doğuş idarə olunmayacaq insandır. Doğuş bir çox insanların kənardan gördüyü kimi yumşaq adam deyil. Bəzən qorxuram ki, onu hirsləndirə bilərəm. Doğuşdan başqa heç kəsdən qorxmuram. O hirslənəndə sakitləşdirməyə çalışıram. Xatırlayıram ki, küçədə kimsə itini gəzdirirdi, biz yolun kənarında maşında bir nəfəri gözləyirdik. Balaca pişik də yolda dayanmışdı, it pişiyin üstünə cumdu, hər kəs baxıb gülürdü. İt pişiyi pis vəziyyətə salırdı. İtin sahibi də itin ipindən tutub baxıb gülürdü. İnanın mən olmasaydım, Doğuş orada skandal yaradacaqdı. Doğuşun qolundan tutub dedim ki, maşının qapısını açsan, bil ki, özümü atacam. Çünki bilirdim ki, böyük qalmaqal olacaq. Doğuşda belə ağlagəlməz hərəkətlər var, amma çox səbirlidir. O, 17 ilini küçədə, uşaq evlərində yaşayan adamdır, həyatın hər üzünü görüb.

N.Qurbanova: Yetəri qədər tanınan qadınsınız, gözəlliyiniz yerindədir. Həm də əks-cinsin marağında olan xanımsınız. Niyə seçiminiz Doğuş oldu?
- Mənə, xüsusilə, son 3 ildə gələn evlilik təkliflərinin siyahısında iş adamı, məmur, siyasətlə məşğul olanı, bütün təbəqələrdən insanlar vardı. İranlı, türkə ərə gedən qızlarımızı görəndə deyirdim ki, yox ey, mən getmərəm. Öz də sənətçi ilə ümumiyyətlə ailə həyatı qurmaram. Bu, mənim üçün ən son baş verəcək hadisə idi (gülür) Demirəm, sənətçilər pisdir. Amma onlarla mənim baxışımın eyni olması qeyri-mümkün idi. Hələ türk sənətçisi olması inandırıcı deyildi. Bilirsiniz evliliyimə nə zaman inandım? Bir də baxdım ki, Doğuş instagramda bizim şəklimizi paylaşıb ki, biz evləndik. Oktyabrın 21-də Türkiyədəki rəsmi nikahda düşündüm ki, həqiqətən, mən bir sənətçi ilə evləndim? Rusların bir sözü var: heç vaxt heç vaxt demə.

N.Qurbanova: Amma demədiniz, necə oldu ona bağlandınız?
- O, məni tapdı. Heç vaxt kimisə axtarmıram. Məni axtarıb tapırlar.

“Yollarımız ayrılsa belə, Doğuşdan zərbə gözləmirəm”

F.Hənifəyeva: Necə böyük ziddiyyət...
- Yox, şəxsi həyat məsələsində bu belədir (gülür). İşdə o heç. Birinci növbədə Doğuşun çətinlik çəkməsi məni özünə cəlb etdi. Çünki çətinlik çəkən, əzab-əziyyətlər görən insan səni heç vaxt ata bilməz. Sabah ayrıla da bilərsən, amma o insan sənə zərbə vurmayacaq. Onun evlilik təklifini necə qəbul etdim? Bizdə sərhəddə avqustda baş verən hadisə zamanı 11 şəhidimiz oldu, səhəri gün Doğuşun konserti vardı. 1 həftə idi Azərbaycana gəlmişdilər. Məşqlər davam edirdi. Təşkilatçılardan biri mənə zəng etdi ki, Sizin Doğuşla yaxın münasibətləriniz var, konsert təxirə salınır, biz konsert verə bilmərik, ona deyə bilərsinizmi konserti başqa vaxta keçirək. Gedib dedim, bəs, Doğuş, bir məsələ ilə bağlı səninlə danışmaq istəyim. Qayıtdı ki, qoy öncə sənə bir söz deyim: təşkilatçıları necə tapa bilərik, dəvət edə bilərsənmi buraya, istəyirəm konserti təxirə salım. Soruşdum nəyə görə? Dedi ki, “qızım, sən nasıl qazetecisin, görmüyormusun, sınırda nələr baş verib? Sonuçta türkəm, bu qədər şəhid verilibsə, burada göbək atıb, dans edəsi deyiləm”. Bu məsələlərə hədsiz həssas yanaşan adam olduğuma görə, gözümdən elə yaş axırdı. Bura hər halda pul qazanmaq üçün gəlmişdi, onun bu fikri mənə böyük təsir bağışladı. Dedim Doğuş, sən mənə 6 ay öncə evlilik təklif etmişdin, mən bu gün insanların içində sənə “evet” deyirəm. Dedim, biz türkük, eyni millətik, sən ki mənim şəhidimi öz şəhidin hesab etdin, deməli, səninlə bir yola çıxmaq olar.

Dilqəm Əhməd: Doğuş hər halda Azərbaycana tez-tez gələcək, yerli şou-biznesə də daxil ola və bizim müğənnilər kimi toya gedə bilər. Belə bir imkan varmı?
- Doğuş 1997-98-ci illərdə toylara dəvət olunub. İndi çox az gedir. Ancaq konsertlərə gedirik (gülür). Doğuş elə adamdır ki, istəməsə, nəsə eləmir, məsələn yol gedirik, birdən deyir ki, maşını saxlayaq, şeir yazıram.

N.Qurbanova: Sizə nəsə yazıb?
- Toyda mahnı yazmışdı. “Mələklər sayğı duyar” mahnısı çox gözəl idi. Toyda birgə ifa etmişdik.

T.Şahsuvarlı: Sizin də səsiniz yaxşıdır...
- Yox, Doğuş bəyənmir, mən oxuyan kimi deyir, lütfən sənin səsin yoxdur (gülür).

T.Şahsuvarlı: Qarşıdan parlament seçkiləri gəlir. İştirak etməyi düşününürsünüz?
- Düşünmürəm.

T.Şahsuvarlı: Yeri gəlmişkən, 1 dəfə də iştirak etmisiniz...
- Elə bir dəfə mənə yetər. O mövzunu 2005-ci ildə qapatdım. Amma bütün seçkilərə qatılan həmkarlarıma uğurlar diləyirəm. Nə lazımdırsa, onlara kömək etmək, kampaniyalarında iştirak etmək istərdim.

N.Qurbanova: İndi nüfuzunuz həmin dövrdən daha çoxdur. Nə əcəb fikirləşmirsiniz?
- İnanın, bir gün necə əsəbləşmişdimsə, studiyada verilişi yarımçıq qoyub çıxdım. Qapıdan çıxanda baxdım ki, sağ tərəfdə bir kişi əyləşib, əlində də şəkil vardı, əli əsir. Texniki problem vardı, bərk əsəbləşmişdim. 80 yaşı olardı o kişinin, pilləkənləri çıxanda birdən yerdə oturdum və yaş məni boğdu. O kişinin gözləri, əlinin əsməyi gözümün qabağına gəldi. Geri döndüm və verilişi davam etdirdim. Mənə elə gəlir ki, “Səni axtarıram” kiminsə nə deməsindən asılı olmayaraq, elə bir müqəddəs missiyanı həyata keçirir ki. O qədər parlamentin “kreslo”sunda oturub dövlətimizə xidmət edəcək insanlar var. Qoy onlar getsinlər, biz də onları dəstəkləyək. Mən ailə qurandan sonra Doğuş studiyaya gəlmişdi, bir qadın onun əlindən tutub qucaqladı, ağladı ki, yalvarıram, Xoşqədəmi Türkiyəyə aparma, bəs bizim uşaqlarımız necə olacaq, bura ümid yeri kimi baxırıq. Onlar hardasa qəlbimi yaralayıblar. Bəzən bezirəm, həmişə deyirdim ki, 5 il tamam olsun, sonra istəmirəm. Çünki insanların həyatı, faciəsi ilə birgə yaşayıram. Yenə də o fikirdəyəm.

N.Qurbanova: Sizi müvəqqəti də olsa əvəzləyəcək kimsə var?
- Narahat olma, əvəzləyəcək o qədər insan çıxacaq ki (gülür).

N.Qurbanova: Necə düşünürsünüz, bu verilişləri kişi aparsa daha yaxşı olmazmı? Mən də əsirlərlə müsahibələr eləmişdim, danışdığınız hiss o qədər tanışdır ki. Müsahibəni yarımçıq qoyub getdiyim vaxtlar da, əsir anası ilə baş-başa verib ağladığım anlar da olub.
- Oğlanla aparmaq istəyərdim, yaxşı ideya verdiniz.

Q.Yaquboğlu: 5 ildir “Səni axtarıram” verilişi gedir. İtkilər mənsub olduğumuz xalq, cəmiyyət haqda hansı informasiyalar verir? Bu itkilər nədən törəyir?
- Sevgisizlikdən, laqeydlikdən. Deməli, ötən efirimizdə bir nəfər uzun illərdir gedib Bişkekin mərkəzində yaşayır, evi, eşiyi, maşını, pulu, ailəsi var. Amma 1988-ci ildən 1-cə dəfə də ailəsinə zəng etməyib. Kamera arxasında soruşdum ki, ay Şakir qardaş, 1 zəngi niyə valideynlərinizə çox gördünüz? Deyir, günlərdir evə gəlmirdim, heç soruşan yox idi ki, haradasan? Deməli, ailəyə birinci növbədə sevgi lazımdır.

N.Ehlamqızı: Bayram süfrəsini özünüz hazırlayacaqsınız?
- Açıq deyim ki, evdə bayram əhval-ruhiyyəsi yoxdur.

N.Ehlamqızı: Niyə?
- Bəlkə də, bu neçə ildə ilk dəfədir belədir. Çünki o qədər səfərlərdə oldum, Doğuşgilin ailəsində də bu bayram keçirilməyib. Amma mənim qədər gözəl yeməklər, mürəbbələr hazırlayan, tortlar bişirən, turşular qoyan adam, bəlkə də, yoxdur (gülür). Evdarlıqla bağlı nə varsa onun hamısını bacarıram. Gördüyüm bütün işlərə sevgi qatıram. Hiss edirəm ki, indi yemək bişirməyə o ruhum yoxdur.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: