14 İyul 2015 11:33

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin idarə heyətinin sədri Vüsalə Hüseynli “Brifinq”in qonağıdır. Uzun illərdir QHT sektorunda çalışan Vüsalə xanımla vətəndaş cəmiyyətinin hazırkı vəziyyəti, mövcud problemləri barədə danışdıq. Ailə həyatında yenilik olacağını deyən Vüsalə Hüseynli türk həyat yoldaşı ilə Şah İsmayıl və Sultan Səlim mövzusunda apardığı müzakirələrdən söz açdı, Almaniyaya köçməməsinin səbəblərinə aydınlıq gətirdi. O, biznes və digər karyera imkanlarını geri çevirib QHT sektorunu seçməsindən də bəhs etdi.

Nərgiz Ehlamqızı: Artıq tətil başlayıb, insanlar dincəlmək üçün Azərbaycanın bölgələrinə və ya xarici ölkələrə axın edir. Siz necə dincəlməyi düşünürsünüz?
- Hələ məzuniyyətə getməmişəm. Hər il tətilim müxtəlif cür olub. İstirahət deyəndə ən çox uşaqlıq illərimi xatırlayıram. Uşaqlığımın bir hissəsi sovet illərinə düşüb, o zaman Türkiyə, Avropa ölkələrinə yox, SSRİ-nin tərkibində olan istirahət məkanlarına gedərdik. Bu gün təəssüf ki, Krıma gedə bilmirəm, işğal zonası sayılır. Uşaqlığım Krımda keçib, Ukraynanın şəhərlərində, Yaltada çox olmuşam. Hər il heç olmazsa, 1 ay müddətinə ailəlikcə dincəlirdik. Atamın işi ilə bağlı ölkədən çıxa bilməyəndə doğulub böyüdüyüm Gəncəyə gedirdik. Hacıkənd, Göygöl, Maralgölə gedib, Toğana, Xoşbulaqda istirahət edirdik. Türklər demiş, pırıl-pırıl, qayğıdan uzaq uşaqlıq xatirələrim var. Sonra birdən-birə hər şey döndü. Topxana meşəsi problemi başladı və gözəl notlara nöqtə qoyuldu. Özümüz də bilmədən bir də xəbər tutduq ki, böyümüşük.

N.Ehlamqızı: İndi istirahət üçün istiqamət hara olacaq?
- Keçən il Avropa ölkəsində istirahət etmişəm, bu il isə “Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar bu yarışmaya kökləndik. QHT sektoru ilə bağlı qanunvericilikdə dəyişikliklər oldu, onunla bağlı işlər gördük, üstəlik şəxsi həyatımda da bəzi yenilik baş verir deyə istirahətə gələn həftə çıxacağam. Ola bilsin, builki tətilim qısamüddətli olsun. Gəncə, yaxud Bakıda dincələcəyəm.

Aqil Lətifov: Şəxsi həyatınızda hansı dəyişiklik baş verir?
- Hələ baş verəcək (gülür).

Nərmin Muradova: Bu dəyişiklik yaxşıya doğrudur?
- Əlbəttə (gülür). Hər bir qadının həyatında ola biləcək çox önəmli addımdır. Ancaq yaşadığımız ölkənin mental dəyərlərini nəzərə alaraq düşünürəm ki, vaxtında açıqlasam, daha yaxşı olar.

N.Ehlamqızı: Avropa Oyunları çərçivəsində arenalardakı bir çox yarışları izlədiniz, bu idman bayramı haqda təəssüratlarınız necədir?
- Şahanə açılış və bağlanış törəni oldu. Sovetlər dönəmindən ayrılıb dünyaya açılan Azərbaycan kimi yeni müstəqil ölkə üçün böyük hadisə idi. İnsan psixologiyası belədir ki, istənilən məsələyə onu necə görmək istəyirsənsə, elə də yanaşa bilirsən. Sən nəyisə pis görmək istəyirsənsə, pis görə bilirsən, yaxud əksinə. Ümumilikdə prosesin özünün çəkisi yüksək səviyyədə idi. “Eurovision”un ardından elə də böyük müddət keçməmiş qısa zamanda professionallıqla hazırlanmış idman yarışına ev sahibliyi etmək, tarixə yazılmaq prosesin ağırlığını, sanbalını ortaya qoyurdu. Hamı deyir ki, qiymətlər dəyişdi, dollar qalxdı, avro düşdü, ancaq illər keçəcək dolların qalxması xatırlanmayacaq, amma Avropa Oyunlarının Azərbaycanda keçirilməsi yadda qalacaq.

“Azərbaycan xalqı Avropa Oyunlarında komanda halında iştirak elədi”

A.Lətifov: Sizcə, QHT-lər Avropa Oyunlarında necə iştirak elədi?
- Məncə, çox yüksək səviyyədə iştirak elədi. “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yarandı, QHT nümayəndələri yürüşə çıxdı. Təkcə vətəndaş cəmiyyəti yox, Azərbaycan xalqı komanda halında bu prosesdə iştirak elədi. Hətta küncdə-bucaqda danışanları yarış keçirilən arenalarda gördüm. Əslində, bilirdim ki, belə olacaq, təəssüf ki, danışmaq xətrinə danışanlar da olur da.

“Rəqabətə dözümün yoxdursa, kimsə səni gündəmdən sıxışdırıb çıxarır”

Bəxtiyar Məmmədli: Amma bir çox hallarda bizim QHT-lərin xaricə çıxmaq hallarının az olduğu müşahidə edilir. Bu, nədən qaynaqlanır?
- Çox ciddi sahəyə toxundunuz. Bu gün təxminən 3 mindən artıq QHT rəsmi qeydiyyatdan keçib. Mən 10 ildən artıq müddətdir QHT sektorunda olan adamam. Gəlin təhlil aparaq, xalq dilində desək, nə qədər QHT-miz Biləcəridən o yana keçə bilib? Belə QHT-lərin sayı çox azdır. Sizi inandırım ki, elə QHT-lər var ki, qeydiyyatdan keçsələr də, 4-5 ildir bu günədək 1 layihə belə işləyə bilməyiblər. Bəlkə də, müqayisəm uğurlu olmayacaq, amma sadə dillə ifadə etməyə çalışacağam ki, fikrimi izah edə bilim, bir zamanlar kommersiya dükanları açılırdı, şadlıq evləri dəbdə idi, hamı şadlıq evi tikdirirdi, QHT-yə axın da bir növ buna bənzəyir. Elə bir dövr idi ki, QHT-nin mahiyyətini və fəlsəfəsini anlamayanlar pul qazanmaq üçün nizamnamə götürüb özlərini Ədliyyə Nazirliyinin qapısında tapırdılar. Düşünürdülər ki, QHT biznes sektorudur, layihəni udursan, onu işləsən də, işləməsən də olar. Azərbaycan yeni müstəqilliyə qovuşan vaxt beynəlxalq təşkilatların ölkəmizə axını vardı, qrantın qapısı açılmışdı, QHT sektorundan başı çıxan da, çıxmayan da, monitorinqin, davamiyyətin nə olduğunu bilən də, bilməyən də müraciət edib maliyyə alırdı. Təbii ki, donor ölkəyə girməyə çalışırdı, ona görə də irili-xırdalı bütün müraciətləri maliyyələşdirirdi. QHT sədrləri var idi ki, ofissiz idi, möhürləri maşının baqajında maliyyə alıb sənəd yığıb hesabat verirdilər. Deyir sel gələndə çör-çöp çox gəlir, amma sonra su durulur. Bugünkü vəziyyət gec-tez olmalıydı, işləyənlər, bişib formalaşmış QHT-lər qalacaqdı, üzdəniraqlar, işləməyənlər, rəqabətə dözümlü olmayanlar sıradan çıxacaqdı. Qanunvericiliyə dəyişiklik oldu, təbii ki, xaricdən gələn maliyyə axınının qarşısı dayandıqda artıq kimin nə cür işlədiyi ortaya çıxdı. Demək olmaz ki, xaricdən alınan bütün qrantların hamısı pozucu fəaliyyətə yönəlib. Çünki tanıdığımız yetərincə professional QHT-lər var ki, xaricdən maliyyə alırdılar, normal fəaliyyət göstərirdilər. Bizə gəlincə, işimizdə o qədər problem hiss olunmadı, sadəcə, kollektivimiz və ofisimiz kiçildi. Maliyyəni çatdırmaq lazım idi, kommersiya qurumu deyilik, layihə varsa, QHT yaşayır, yoxdursa işçiyə maaş vermək çətin olur. İşlək təşkilatların əksəriyyətində bu kimi problemlər oldu. Ancaq işləməyən təşkilatlar üçün hava yenə xoşdur.

N.Muradova: Nə qədər layihəni xaricdən alırdınız?
- Bu gün Azərbaycanda milli donor institutları yeni yaranıb. Biz gənclərlə işlədiyimizə görə qrant aldığımız milli donorlar Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) idi. Mütəmadi olaraq bu nazirliklərlə layihə işləyirdik. Hətta Dünya Bankının Bakı ofisi ilə RYTN-in müştərək layihələri də olurdu. Azay Quliyevin rəhbərlik etdiyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yarandı, ardınca Gənclər Fondu fəaliyyətə başladı. Bu milli donorlarla birgə layihələr üzərində çalışırıq. QHT-lərə Dövlət Dəstəyi Şurası əvvəllər layihəyə 6-7 min manata yaxın maliyyə ayırırdı, bu ildən etibarən məbləğ artdı. Gənclər Fondunda da eyni vəziyyət idi. Ancaq xaricdən təxminən 4 fonddan 14 min dollar dəyərində layihə alanda bunlar üst-üstə 60 min manata yaxın vəsait edirdi ki, bir il müddətində ofis və işçilərin maaş xərclərini ödəyə bilirdik. Ölkənin milli donorlarından alınan maliyyə eyni qədər deyil. 2-3 layihə olur, o da maksimum 4 işçi saxlamağa imkan yaradır. Mühasib, ekspert, təlimçinin maaşını da nəzərə alanda xərc daha da artır. Bundan başqa rayonlarda seminar və ya təlim zamanı otellərin qiyməti ilə Nazirlər Kabinetinin elan etdiyi qiymətlər üst-üstə düşmür. Xaricdən qonaq dəvət edirsənsə, ölkənin adına görə çalışırsan ki, onu yüksək səviyyədə qarşılayasan, Azərbaycanın təbliğatı gedir, ona hədiyyə də almalı olursan və s. bunlar isə layihəyə yazılmır. Gənclər Fondunun layihələrində bu şeylər diqqətə alınır. Bir sözlə, kiçik də olsa, bu cür problemlərlə üzləşirik. Xarici qrantlarda o problemlər olmur. Otelin qiyməti nə qədərdirsə, onu yaza bilirik, məni Bakıdan Gəncəyə aparmaq üçün icarə elədiyim maşın neçəyə aparırsa, onun qiymətini rahat yaza bilirik. Düşünürəm ki, zamanla problemlər həllini tapacaq.

“Mənə maneə yaradan şəxs özü vəzifədən getdi”

B.Məmmədli: Sizin bir vaxtlar Dünya Gənclər Bankı adlı ideyanız vardı. Təəssüf ki, alınmadı. Onunla bağlı Sizə qarşı ittihamlar da irəli sürürdülər. Maliyyəni başqa istiqamətə yönəltdiyiniz barədə iddialar səslənirdi.
- Dünya Gənclər Bankı Azərbaycanda qeydiyyata alınmadı. Qeydiyyata alınmayan bir layihəyə haradan maliyyə gələ bilərdi? Dünya Gənclər Bankı modeli biznes sektoru ilə QHT sektorunun birgə proyekti idi. Avropa ölkələrində bu format çox gözəl işləyir və sırf gənc iş adamlarından ötrü nəzərdə tutulmuş layihə idi. O vaxt seçki keçirildi, çox cəhdlə istəyirdim ki, keçmiş Sovet ölkələri üzrə mərkəz Azərbaycan olsun. Türkiyə və Rusiya variantları da vardı. Bəlkə də o zaman mərkəz bu ölkələrdən birində olsaydı, çox rahat şəkildə qeydiyyatdan keçirəcəkdik, bu gün də fəaliyyəti olacaqdı. Amma mən çox istəyirdim ki, mərkəz Azərbaycanda yerləşsin. Bu, ölkənin təbliğatı üçün yaxşı vasitə olacaqdı, iş adamları və investorlar gələcəkdi. O zaman gənclər sektorunun inkişafına nəzarət edən bəzi qüvvələrin cəhdləri buna imkan vermədi. Nəticə etibarilə alınmadı. Düzdür, Gənclər və İdman Nazirliyinin dəstəyi çox oldu. Bir şeyi də qeyd edim ki, Azərbaycana birinci dəfə qadın nobelçi o qurumun xətti ilə dəvət olundu. Heydər Əliyevin anım günü ilə əlaqədar “Yaşıl texnologiyalar” adlı layihə keçirdik. Dəstək verənlər də oldu, ancaq maneələr edildi, layihə dayandırıldı, biz kənarda qaldıq, sonra həmin maneə yaradan şəxs də o sektordan getdi. İlahi ədalətin qüdrəti böyükdür. Bu günədək adım sənədlərdə Dünya Gənclər Bankının rəsmi rəhbəri kimi gedir. Ədliyyə Nazirliyi neçə ildir hələ də sənədlərimizi geri qaytarmayıb. Proses dondu, mənim xüsusi marağım yox idi deyə öz işimə qayıtdım. Azərbaycan üçün nə isə etmək istəyirəmsə, fərqi yoxdur, Dünya Gənclər Bankındayam, yoxsa “Demokratik İslahatçı Gənclər” İctimai Birliyindəyəm və ya müxbirəm. Ən əsası odur ki, mən nə isə edirəm.

N.Muradova: Sonra “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədrliyindən İdarə Heyətinin sədrliyinə keçdiniz?
- Düşündüm ki, yerimə daha gənc birisi gələ bilər. QHT mənim rəhbərliyim altında bir neçə beynəlxalq təşkilata üzv olub, işlər görmüşəm, bəlkə məndən sonra gələn daha üstün şeylər ortaya qoya bilər. Gənclərimiz vardı, durub gözləyəsi deyildilər ki, Vüsalə Hüseynli nə vaxt gedəcək, mənə özümü sədr kimi sınamaq üçün imkan yaranacaq?

N.Ehlamqızı: İndi İdarə Heyətinin sədrisiniz, elə deyilmi?
- Gənclər özləri işləyir, haradasa problem yaranırsa, onlara istiqamət verirəm. Düşünürəm ki, düzgün yoldayam. Yaşım, təcrübəmlə bağlı elə zaman gəlib ki, özümü başqa sahələrdə sınaya bilərəm.

N.Muradova: QHT sektorundan başqa sahələrdə?
- Təbii, QHT sektoru insanı formalaşdırmaq üçün çox gözəl vasitədir. Necə ki, insanı jurnalistika formalaşdırır, QHT də elədir. BAXCP sədri Qüdrət Həsənquliyev çox gözəl fikir söyləyib. Deyib ki, bu gün Azərbaycan mediasında siyasətə hazır olan media işçiləri var, çünki onlar illərdir bu siyasətin içində bişirlər, sosial, siyasət, iqtisadiyyat, hansı sahəni desəniz, istər ölkə, istərsə də dünyada nə baş verdiyindən xəbərdardırlar. İllərin təcrübəsi ilə bunu qazanırıq. QHT də tam olmasa da, siyasətə hazırlığın bir növüdür. Ölkənin sosial proseslərini, hansı sahədə problemlər olduğunu, beynəlxalq baxımdan təzyiqlərin hansı istiqamətdən gəldiyini, kimin sənin ölkəni sevdiyini və ya sevmədiyini gözəl bilirsən.

N.Ehlamqızı: QHT Sizi siyasətə yönləndirə bilər?
- Ola bilər. Niyə də olmasın.

“Müxalifətdə olan siyasilərin əksəriyyəti ilə debatda olmuşam”

N.Ehlamqızı: Parlament seçkilərinə çox az qalıb, şansınızı yoxlayacaqsınız?
- İyun ayından artıq 44-cü jurnalistsiniz ki, bu sualı verirsiniz (gülür). Hər bir insan üçün istər QHT sahəsinin nümayəndəsi, istərsə də müəllim yaxud müxbir olsun yaşadığı dövlətindən, xalqından mandat almaq əlçatmaz bir arzudur. Fəal insan üçün bu, gözəl etimaddır. Amma “siyasətdə varam” demək üçün Milli Məclisdə heç nə etmədən oturmaq, ölkəyə siyasi təzyiqlər olanda mənim sahəm deyil deyib danışmamaqdansa, millət vəkilli olmamaq daha məsləhətlidir. Ancaq əgər sən nüfuzuna güvənirsənsə, özündə dövlətin, xalqın üçün işləməyə güc görürsənsə, niyə də deputat olmayasan? Konkret mənə gəlincə, zamanında YAP aktivistlərindən olmuşam, beynəlxalq təşkilata keçdiyim üçün partiya fəaliyyətim dondurulub. 2009-cu ildə referendumda gənclərin səlahiyyətli nümayəndəsi kimi debatlarda iştirak etmişəm, ondan əvvəl 2005-ci ildə parlament seçkilərində namizəd olmasam da, YAP-ın fəallarından olmuşam. Hərənin bir taleyi olur, mənim taleyim elə olub ki, 18 yaşından özümdən böyüklərlə siyasi debatlarda çıxış etmişəm. Bəlkə də gənclər təşkilatlarının çox azsaylı qadın sədrləri var ki, Azərbaycanın siyasi partiya liderləri ilə birbaşa canlı debatlarda olub, onlardan biri də mənəm. Bu gün müxalifətdə olan siyasilərin əksəriyyəti ilə televiziyalarda debatlarda çıxış etmişəm. Yaşıma görə də çox uğurlu debatlar idi. İllər keçir, heç kəs deyə bilməz ki, sabah sən özünü haradasa görə bilməzsən. Siyasətə gəlmək qismətdə varsa, deməli, gələcəyəm. Qismətdə evdar xanım olmaq varsa, deməli, gedib evdə oturacağam (gülür). Siyasətlə məşğul olmaq mütləq sənin millət vəkili olmağın anlamına gəlmir.

“Roman yazıram”

B.Məmmədli: Boş vaxtlarınızda kitab oxuyursunuz?
- Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm, amma bir gün də olsun filoloq kimi çalışmamışam (gülür). Bədii ədəbiyyatı bu gün də oxuyuram, roman yazıram.

B.Məmmədli: İnşallah nə vaxt işıq üzü görəcək?
- Yaşlananda (gülür).

N.Ehlamqızı: Romanınız hansı mövzudadır?
- Sizcə bir qadın hansı mövzuda yazar? (gülür).

"Xəstə olub "Porşe"də getməkdənsə, sağlam olub piyada yerimək daha yaxşıdır"

N.Muradova: Bəs, hansı janrda əsərlər oxuyursunuz?
- Daha çox sevgi romanları oxumağı sevirəm. Özüm sevgiyə inanan bir insanam, sevib ailə qurmuşam. Düzdür, gec, 32 yaşında oldu, amma sevib seçdiyim adamla həyatımı birləşdirmişəm. Bir qadının həyatında sözün əsl mənasında sevgi varsa, onun aşmayacağı heç nə yoxdur. Çox qadınlara o sevgini yaşamağı arzulayıram. Şöhrət, vəzifə, pul insana lazımi elementlərdir, amma sən daxilən özünü xoşbəxt sanmırsansa, onların heç biri sənə ləzzət vermir. Çox imkanlı insanlar var, ən xoşbəxt qadın görüntüsü yaratsalar da, amma daxilində özlərini o qədər bədbəxt və tək hiss edirlər ki... Hər qadına qadın xoşbəxtliyi arzu edirəm. Eybi yox, maşının olmaz, istədiyin yerə piyada gedərsən. Allah insana can sağlığı versin, ayaqla getməyi bacarasan, o, ayıb deyil, xəstə olub “Porşe”də getməkdənsə, sağlam olub piyada yerimək daha yaxşıdır.

N.Ehlamqızı: Səhv etmirəmsə, həyat yoldaşınız azərbaycanlı deyil.
- Həyat yoldaşım Almaniyada yaşayan türkdür.

N.Muradova: Necə tanış olmusunuz?
- Tədbirlərin birində tanış olmuşuq, 4 il dost olduq, sonra evləndik (gülür).

A.Lətifov: Qadınla kişinin dostluğu necə olur?
- Hərənin bir taleyi olur. Qarşıma çıxan azərbaycanlı namizədlərin hamısının bir tələbi var idi ki, evlənəndən sonra evdar qadın ol. Onlara izah edə bilmirdim ki, artıq çox gecdir, mənim 21 yaşım olsaydı, bu, mümkün olardı. Bu boyda yol gəlmişəm, axı bu yolu buraxa bilmərəm. Gördüm ki, alınmayacaq. Qismət deyilən bir şey də var. Hərdən həyat yoldaşıma deyirəm ki, gərək italyanlardan biri ilə ailə qurardım (gülür). Mənə azərbaycanlılardan çox xaricilər ailə qurmağı təklif edirdi. Çünki tipajımda Avropa simasına oxşarlıq var. Ailə qurandan sonra yenə nə qədər təkliflər gəldi, hətta qınaq da oldu ki, nə tez evlənmisiniz (gülür). Allahın yazısıdır da, həyatımdan razıyam, qarşımda məni tam başa düşən həyat yoldaşım var. Özü media, QHT, siyasət adamı deyil, sırf bizneslə məşğul olan insandır. Biz Almaniyada tanış olmuşuq, işinin böyük hissəsi Almaniyada olduğuna görə tez-tez getməyə məcburdur. İldə 2-3 aydan bir 2 həftəlik ezamiyyətə gedir. Bu dəqiqə internet əsridir, işlərini rahat həyata keçirir. Mən Almaniyada yaşaya bilmirəm, o da tam olaraq işini buraya köçürə bilmir, Avropa strukturuna öyrəşmiş adam üçün çətindir. 6 ildir ailə həyatımız normal davam edir.

N.Ehlamqızı: Gərgin iş qrafikiniz həyat yoldaşınızı sıxmır?
- Bəzən sıxır. Səfərlər çox olanda deyir ki, bilsəydim sən evdə bu qədər az olacaqsan, heç evlənməzdim (gülür). Elə olub ki, 2 il ardıcıl yeni il günü başqa-başqa Avropa ölkələrində olmuşuq, dekabrın 31-də Almaniyaya gəlib bayramı qeyd edib səhəri hərəmiz öz işimizin dalınca getmişik.

N.Ehlamqızı: Siz də biznes sahəsinə yönəlmədiniz?
- İnsan gördüyü işdən zövq almalı, iş yorucu olmamalıdır. Mən QHT-də və siyasətdən danışanda aldığım zövqü biznesdə ala bilmirəm. Halbuki, həyat yoldaşımın biznesi var, bir sahəni götürüb rahat onun başına keçərdim. Düşünürəm ki, özümü harada rahat hiss edirəmsə, orada qalmalıyam. Yoldaşıma hərdən deyirəm ki, Almaniyada rahat siyasətə qatıla bilərsən, çünki ölkənin vətəndaşısan, imkanların genişdir, o da qayıdır ki, biz siyasətçiləri bizə uyğun qanunları qəbul etsinlər deyə maliyyələşdiririk, mənim yerim rahatdır (gülür). Onun dostları sual verir ki, yoldaşın siyasətlə məşğul olur, bunu necə qəbul edirsən? Deyir ki, mən bu insanı görəndə tribunadan çıxışlar edirdi, bilirdim ki, belədir. Yorğunluq olanda ya o, ya da mən çıxıb gedirəm parka, məsələ onunla da həll olunur.

“Həyat yoldaşımla Şah İsmayılla Sultan Səlimin üstündə mübahisəmiz düşür”

N.Muradova: Daha çox nəyin üstündə mübahisə edirsiniz?
- Ən çox Şah İsmayılla Sultan Səlimin üstündə mübahisəmiz düşür. Onlar bizə İsmayıl çocuqları deyirlər. İki dəfə hətta boşanmaq səviyyəsinədək mübahisəmiz olub. Onun yanaşması tamam başqa cürdür. Həyat yoldaşımla ailə qurmağımın əleyhinə olan birinci şəxs anam idi. Anam Bakı ailəsində böyüyüb. Rəhmətlik atam sağ olsaydı, türk olsaydı da, başqa ölkənin vətəndaşı ilə ailə qurmağıma icazə verməzdi. Toydan 5-6 ay əvvəl qohumlarımızla möhkəm gərginliklər oldu. Bəlkə də 23 yaşım olsaydı, ailəmin qabağından geri çəkilərdim, həm də qismət deyilən şey var. Gəncə mühafizəkar yerdir, anamın qohumları bir yana, atamın qohumları türklə ailə qurmağımı partlayışla qəbul elədilər. Hətta bibim toyuma qatılmadı.

“Keniyadan uçub gələndə, Bakıya düşəndə torpağı öpmüşəm”

N.Ehlamqızı: Övladınızın hansı ölkənin vətəndaşı olmasını istərdiniz?
- İnşallah övladım Azərbaycanda dünyaya göz açacaq. Dünyanın harasına getsəm, lap professor kimi getsəm də, üçüncü adamam. Keniyadan uçub gələndə, Bakıya düşəndə torpağı öpmüşəm.

B.Məmmədli: Dediniz ki, Almaniyada yaşaya bilmərəm. Bir sıra QHT sədrləri var ki, Avropa ölkələrinə mühacirət etdilər...
- Belə bir deyim var: “Harada çörək varsa, ora sənə vətəndir”. Bu, bəzi insanlar üçün birmənalı belədir. Qabilin şeirində deyir: “Yaman olur halımız, səhv düşəndə yerimiz”. Ayaz Mütəllibovu götürün, neçə il xaricdə yaşadı, Azərbaycana qayıtdı, insan yaşa dolanda torpaq insanı çəkir. Bu gün Bakıda yaşayıram, hərdən deyirəm ki, yəqin 60 yaşından sonra Gəncəyə köçəcəyəm. Gəncə kənar deyil, Azərbaycanın bir hissəsidir, Gəncədə Xan arxının yanı ilə gedəndə uşaqlığım yadıma düşür. Müslüm Maqomayev yenə döndü gəldi Bakıya. Bilirəm ki, gec-tez, müəyyən yaşdan sonra dönəcəyim yer Gəncədir.

Nərgiz EHLAMQIZI

Foto: İsmi ŞAHZADƏ


Müəllif:
Загрузка...