6 Fevral 2016 14:48
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"in qonağı əməkdar artist, tanınmış xanəndə Fərqanə Qasımovadır. Onunla uzun müddətdir söhbətləşmək istəsək də, xarici səfərlər, Bakı konsertləri ilə əlaqədar görüşümüz təxirə düşürdü. Nəhayət, Portuqaliyadan qayıdar-qayıtmaz danışıb razılaşdıq və Fərqanə xanımı redaksiyamıza dəvət etdik. Səmimi söhbət əsnasında əməkdar artist "Leyli və Məcnun" operası ilə bağlı fikirlərini bölüşdü, bu operanın interpretasiyaya ehtiyacı olduğunu dilə gətirdi. "Nəva" eşqindən danışan xanəndə seçib oxuduğu qəzəllərdən söz açdı, hətta ərəb dünyasında İslam adına olan proseslərə münasibətini bildirdi. Fərqanə xanımla maraqlı söhbəti təqdim edirik:

Rəqsanə Həsənova: Bu yaxınlarda Portuqaliyada konsert proqramı ilə çıxış etdiniz. Hansı təəssüratlarla qayıtmısınız?
- Portuqaliyadan xoş hisslərlə qayıtmışam. Bu ölkənin insanları xarakterimizə bir az uyğun idi. Onlar da istiqanlı, səs-küylü xalqdırlar. Yanvarın 17-də baş tutan konsertimiz 1300 nəfərlik zalda keçirildi. İfamızı çox maraqla qarşıladılar. Əslində, hər konsertimiz bizim üçün imtahan sayılır, hər ifadan sonra insanların reaksiyasına diqqət edirik. Ümumi atmosferdən tamaşaçının hansı nəticəyə gəldiyini bilmək olur. Portuqaliyadakı konsertimizə tamaşaçılar çox sakit tərzdə qulaq asıb böyük alqışlarla yola saldılar. Konsertlə yanaşı 4 master-klasımız oldu. Biz çox ustad dərslərində iştirak etmişik, ancaq ilk dəfə idi ki, uşaq bağçasında olduq. 3-4 yaş arası uşaqlarla görüşdük, onların təfəkküründən gördük ki, Avropa elə Avropadır. Dedik sual verə bilərsiniz, inanmırdıq sual verələr, gördük 3-4 uşaq əl qaldırdı. Uşağın biri soruşdu ki, niyə belə çox hərəkət edirsiniz? Atam da qayıtdı ki, Bakıda bu sualı verən az idi, sən də burada mənə bu sualı verdin (gülür). Hətta bir uşaq ustad dərsindən aldığı təəssüratın təsiri ilə rəsmimizi çəkmişdi. Atam onlar üçün rəqs elədi, oxudu. Uşaqlar çox diqqətlə qulaq asırdılar. Həm konsertimiz, həm də ustad dərslərimiz dünyaca məşhur "Ağaxan" fondunun təşəbbüsü ilə baş tutdu. Bu fond insanlara yardım edir, muzeylər açır, immiqrantlara kömək edir. Biz Afrika, Hindistan, Özbəkistan, Çindən olan immiqrantlarla görüşdük, onlar üçün ifa etdik. Orada afrikalı elə ah-nalə ilə oxudu ki, gözümdən yaş axdı. Portuqaliyanın çox gözəl havası vardı, o cür hava görməmişdim.

R.Həsənova: Yenidən ABŞ-a səfəriniz gözlənilir. Tez-tez Birləşmiş Ştatlarda konsertlər verirsiniz, heç orada fəaliyyətə başlamaq haqda düşünmüsünüz?
- Biz çoxdan ABŞ-da konsertlər veririk, 10 ildən artıq vaxtdır ki, məşhur Yo-Yo-Ma orkestrinin üzvləriyik. ABŞ-da əsas layihəmiz dahi bəstəkarımız Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası ilə bağlıdır. Biz 3 saatlıq operanı 1 saat ərzində oturaqlı vəziyyətdə oxuyuruq. Səhnənin fonunda proyektorda ifamızın ingilis dilində tərcüməsi yayımlanırdı. Operanı aranjeman olunmuş formada təqdim etdik. Orkestr orijinal varianta toxunmamaq şərtilə Şərq rəngləri də qatıb, skripkaçılar özlərindən əlavə bəstələr qoşublar. Böhranla əlaqədar 2 ildir, bu layihəyə ara verilmişdi. Bu il təklif gəldi ki, yenidən "Leyli və Məcnun" layihəsinə başlayırıq, opera böyük rəqs qrupu ilə obrazlaşdırılacaq və tamaşa formasında nümayiş olunacaq. İnşallah bu ildən ABŞ-a səfərlərimiz "Leyli və Məcnun" üzərindən başlayacaq. Keçən ilin mart ayında "Ağaxan" fondu özümü tək çağırmışdı, Bostonda 11 gün qaldım, ali məktəb tələbələrinə və orta məktəb şagirdlərinə ustad dərsləri keçdim. Tək getsəm də, əlimdən gələn qədər çalışdım ki, həm Azərbaycan mahnıları, həm də muğamlarımız, rəqslərimiz barədə məlumat verim.

Nərgiz Ehlamqızı: Yeni formatda "Leyli və Məcnun"u oturaq ifa edəcəksiniz?
- Bəli, biz oturub ifa edəcəyik, amma rəqslər olacaq, opera bir növ balet kimi təqdim ediləcək.

N.Ehlamqızı: Amma tamaşaçılar "Leyli və Məcnun"u tamaşa formasında görməyə alışıb...
- Mənə elə gəlir ki, tamaşaçılar bu formanı görsə, daha çox bu versiyaya üstünlük verəcəklər. Hərdən ailədə bunu müzakirə edirik, düşünürəm ki, artıq "Leyli və Məcnun"un obrazlarını dəyişdirmək lazımdır. Bu, mənim böyük arzumdur.

N.Ehlamqızı: Necə?
- Bəzi obrazları çıxarmaqla 3 saatlıq operanı saat yarımlıq etmək olar. Bəzi nüansları sufiləşdirmək, eşq halında göstərmək mümkündür. Amma bunun üçün böyük rejissor lazımdır.

Nərmin Muradova: Həm də cəsarət lazımdır...
- Bəli, cəsarət lazımdır, layihənin maliyyələşdirilməsinə də ehtiyac var. Demək lazımdır ki, Alim müəllim və Fərqanə xanım, buyurun, biz sizə bu məbləği veririk, "Leyli və Məcnun"u istədiyiniz formada göstərin. Bəzi fikirlər dəyişilməli, bəlkə də, xaricdən rejissor dəvət edilməlidir. Bizim layihəmiz "Leyli və Məcnun"un dəyişikliyinin başlanğıc nöqtəsidir. İnanıram ki, bu layihəni izləyənlərdə belə fikir formalaşacaq ki, operamızda mütləq dəyişiklik olmalıdır.

Mövlud Mövlud: Bizdə belə mövzulara mühafizəkar yanaşırlar. Düşünürlər ki, rejissor böyük bir əsərə yozum verirsə, "Leyli və Məcnun" əldən gedəcək.
- Hər şey sanki özəlləşmiş formadadır. Mənə indiyədək "gəlin, "Leyli" obrazını oynayın" təklifini edən olmayıb.

"Bu elin xanəndəsiyəmsə, niyə "Leyli"ni mənə təklif etmirlər"

Qurban Yaquboğlu: Əvvəlki versiyada da oynamamısınız?
- Xeyr, oynamamışam. Bu xalqın, elin xanəndəsiyəmsə, nə üçün təklif gəlmir? Mədəniyyətimizdə boşluqlar çoxdur, mən də o boşluğun qurbanıyam. Hansısa qruplar dəyişikliyə imkan vermir, yad insanın gəlişini qoymurlar.

N.Muradova: Xanəndələrin böyük əksəriyyəti "Leyli"ni oynamaq istəyir, elələri var bununla bağlı Opera və Balet Teatrına özü müraciət edir...
- Əslində, belə olmamalıdır. "Leyli" obrazına kim layiqdirsə, səsi, görünüşünə əsasən rejissor həmin insanı seçməlidir. "Leyli" oynamağı istəməklə deyil ki. Bəlkə heç bu obrazı yarada bilmərəm. Kino çəkiləndə gedib demirsən ki, bu rolu oynamaq istəyirəm. Rejissor gəzir, özünə lazım obrazı tapır və xahiş edir ki, gəl, filmimdə oyna. Bu cür incə məqamlar var ki, ona kobud yanaşmaq istəyirik.

M.Mövlud: Orijinal varianta heç bir zərər dəymədən opera, muğama və ya mahnıya interpretasiya olursa, bunu niyə süngü ilə qarşılayırlar? Xalqın yaddaşındakı orijinal versiya onsuz da qalır da, sadəcə yeni yozum var.
- Bəli. Muzeydə əsərləri, heykəlləri saxlayıb tərpətmirlər ki, zərər dəyməsin. Ancaq muğam, musiqiyə hər bir sənətçi dəyişiklik etməlidir, buna məhkumdur, əks halda həmin musiqi bizdə də muzey əsəri kimi qalacaq. Niyə görə Alim Qasımova deyirlər ki, siz muğamı canlandırdınız, ona görə ki, o, muğamı canından keçirdi. Ay aman, buna toxunmayın, dəyişməyin kimi fikirlər həmişə mədəniyyəti geri salır.

N.Ehlamqızı: Alim Qasımovun interpretasiyası digər xanəndələr tərəfindən də birmənalı qarşılanmırdı. Yəqin kənarda deyilən söz-söhbətlər qulağınıza çatır...
- Allaha çox şükür, tənqiddən çox sevgi görürük. Arxamızca bilmirəm, amma üzümüzə sevgi dolu sözlər deyilir (gülür). Muğamı oxuyuramsa, bu, mənim əlimdədir, onun gediş formasını dəyişə bilərəm. Ancaq "Leyli və Məcnun" mənim əlimdə deyil, onu gərək oturub müzakirə edəsən. "Leyli və Məcnun"u atamla birgə oynamaq böyük arzumdur, ancaq indiki versiyada istəmirəm, möhtəşəm formada arzulayıram.

Q.Yaquboğlu: ABŞ-da fərqli formada oynadığınız "Leyli və Məcnun"un rejissoru kim idi? Öz ideyanızın məhsulu idi?
- Demək olar ki, özümüz dəyişdik. Bizə təklif gələndə, dəyirmi masada əyləşib müzakirə apardıq. Dedilər ki, biz sizinlə iş görmək istəyirik atam təklif etdi ki, gəlin "Leyli və Məcnun" əsərini işləyək. Biz notları onlara göndərdik, hər şey iş prosesində, səhnədə alındı. Xüsusi bir rejissor yox idi. Onlar dedi ki, biz bura əlavələr etmişik, icazə verirsinizmi? Qulaq asdıq, dedik ki, əlbəttə, bu, bunun üçün doğulub, Üzeyir bəyin ruhu da şad olar ki, musiqi heç bir xətər dəymədən inkişaf edib, ABŞ-da təqdim olunur.

R.Həsənova: Fərqanə xanım, toylarda çox iştirak etmirsiniz, əsasən, xarici səfərlərdə olursunuz, qazandığınız qonorar Sizi qane edir?
- Dolanışıq üçün pulumuz qonorardan çıxır. Bu qonorarlar da maaş kimidir. Bir səfərdən digər səfərədək o qonorarı çatdırıb ailəmizi dolandırmalıyıq.

M.Mövlud: Onda azı ayda bir dəfə səfərə getməlisiniz...
- Qismətimizə nə düşür, ora da gedirik.

Aqil Lətifov: Qonorarın miqdarını Siz müəyyənləşdirirsiniz, yoxsa Alim Qasımov?
- Alim müəllim müəyyənləşdirir, çünki atam həmin məbləği 6 nəfərin arasında bölür. Məbləği deməyəcəyəm, bəzi müğənnilərin bizim toylarda yarım saat ərzində qazandığı qonorarı biz günlərlə sürən səfərdən qazanırıq. Təyyarə ilə gedirik, konsertlə yanaşı ustad dərsləri keçirik, həmin məbləği əldə edirik.

M.Mövlud: Azərbaycan daxilində gəlir yeriniz yoxdur?
- Asəf Zeynallı adına musiqi məktəbində müəlliməyəm, 200 manata qədər maaş alıram, bir də aylıq təqaüdüm var, demək olar, ayda 700 manat maaşım olur. Olmasaydı nə edəcəkdim, min şükür, əlimizdən tutur. Hər kəs ayağını yorğanına görə uzatmalıdır.

A.Lətifov: Alim Qasımovun qızı olmaq necə hissdir, Sizin üçün nə deməkdir?
- Bu, bir növ missiyadır. Bir var sadə insan olasan, heç kəs səni tanımır, istəsən, küçədə qaça-qaça da gedə bilərsən. Amma bu, missiya olduğuna görə, həm səhnədə, həm küçədə, bir sözlə cəmiyyətdə bu adın daşıyıcısıyam. Bu, həm şərəfdir, həm də çərçivədir. Xarakterimə uyğun gəldiyinə görə özümü nədənsə çəkindirmirəm ki, ay aman, atamın adı var.

A.Lətifov: Öz məşhurluğunuzu nə dərəcədə düşünürsünüz?
- Bunu düşünmürəm. Hərdən atama deyirəm ki, dədə, sən çox sadəsən, elə bil Alim Qasımov deyilsən. Diqqətlə nəzər salıram ki, o, insanın özündən asılı olan hiss deyil. Bəzən, Allah-təala bir insana paxıllıq, təkəbbür, qorxu və ya sadəlik hissini daha çox verir. Allah-təala bizim ailəyə sadəlik hissini çox verib. İstəyirəm özümü bir az çəkim, görürəm, alınmır (gülür). Biz proqram kimi özümüzü sadə göstərməyə çalışmırıq, bu, içdən gələn bir hissdir.

R.Həsənova: Sadəliyinizi insanlar necə qəbul edir?
- Sosial şəbəkədə Feysbuk səhifəmi özüm işlədirəm, İnstaqramla isə qızım məşğul olur, ona tam həvalə etmişəm, hərdən qaça-qaça gəlir ki, ana, gör sənin üçün nə gözəl söz yazıblar. Görürəm, buna görə çox sevinir. Öz atamdan görürəm, çox şükür 60-ı haqlayır, sadəlik Alim Qasımova ancaq şərəf və uğur gətirib. Bəzən çox sadə olur, əsəbiləşirəm, deyirəm bu qədər sadə olmaq olmaz.

N.Muradova: Hansı anlarda?
- Hansısa iş məqamında, yaxud xüsusi situasiyalar olur ki, insanlara dəlaləti yoxdur, ancaq o anda belə atam çox sadədir. Ancaq mən bu baxımdan siyasətçiyəm, həmin işi yoluna qoymağı bacarıram (gülür).

N.Ehlamqızı: Siyasətlə aranız necədir?
- Əslində, bu dünyada siyasət olmamalı idi. Bu müharibələr, aclıqlar, ölüm halları siyasətin ucbatından olub, ona görə də bu haqda heç nə danışa bilməyəcəyəm.

N.Ehlamqızı: Misir, Tunis, Suriyada və digər ərəb ölkələrində İslam adı altında baş verən hadisələrə reaksiyanız necədir?
- Çox pis, ürək ağrısı ilə seyr edirəm. Əvvəllər belə şeyləri başa düşmürdüm. 20 Yanvar hadisələri zamanı 12 yaşım vardı, o yaşdan sonra şəhidlik, Vətən haqda anlayışları bilməyə başladım. Yaşa dolduqca görürəm ki, belə hadisələr mənə çox pis təsir edir. Evdə uşaqlar yemək yeyəndə xatırladıram ki, biz rahat nəfəs alsaq da, bir tikə çörəyə möhtac olan, didərgin düşmüş insanlar var. Onların halına görə çox pərişanam.

"Ailəmizdə ilk namaz qılan mən olmuşam"

N.Ehlamqızı: Bəzən küçədə görürük ki, valideynləri 5-6 yaşlı uşağa hicab taxıb, bəs Siz ailənizdə dini fikirlər aşılayır, nəyəsə sərhəd qoyursunuz, yoxsa seçimi öz ixtiyarlarına buraxmısınız?
- Bu barədə hər insan müxtəlif cür düşünür. Ola bilər kimsə mənim fikirlərimi qəbul etməsin. Ailəmdə çox şükür 3 qız övladım var, onlara nə məcbur hicab geyindirir, nə də məcbur namaz qıldırıram. Bəlkə də, bu, mənim səhvimdir, bilmirəm, ancaq mən də seçimimi özüm etmişəm. Ailəmizdə ilk namaz qılan mən olmuşam, onda 20 yaşım vardı. Bəzi adamlar deyir ki, uşağa körpəlikdən hicab geyindirmək lazımdır ki, onu öz libası kimi qəbul etsin. Ancaq hansısa məqamda sonradan başını açıb, hicabı atan da görmüşük. Ona görə düşünürəm ki, övlad hansısa məqamda hicabı sevib, dərk edib bağlamalıdır.

"Xoşbəxt xanəndəyəm ki, hicabıma görə hələ heç bir söz deyilməyib"

N.Muradova: Siz hicaba keçəndə ailədə narazılıq olmadı?
- Yox, kiçik bacım hicaba keçdi, içimizdə hicab sevgisi yarandı. Öyrəndik ki, belə bir tərz, qanun var, onunla maraqlanmağa başladıq. Düzdür, başımızı bağlayana qədər çox götür-qoy elədik, ancaq sevgi olanda bütün sərhədləri keçirsən. Ən böyük sərhədim o ola bilərdi ki, xanəndəyəm, səhnəyə çıxıram, amma bu sərhədi də keçdim. Bu gün çox xoşbəxt xanəndəyəm ki, hicabıma görə hələ heç bir söz deyilməyib.

R.Həsənova: Xarici ölkələrdə hicablı xanımlar birmənalı qarşılanmır. Orada heç bir problem yaşamamısınız?
- Əvvəllər xaricdə küçədə çox rahat gəzirdim, terrorizm məsələsinə görə son səfərimdə ehtiyatlı olmağa başlamışam.

"Bütün müsəlmanlar siyasətin qurbanıdır"

M.Mövlud: O baxışlardan özünüzü diskomfort hiss edirdiniz?
- İçimdə özümü pis, elə bil terror törədənlərin daşıyıcısı kimi hiss edirdim. Əslində, terrorizm müsəlmanların törətdikləri deyil. Elə bilirlər ki, başımızı bağlayıb binaları partladırıq. Halbuki, müsəlmanları Avropa, ABŞ nə günə qoyub? Hamımız bu siyasətin qurbanıyıq. ABŞ-da konsert verəndə “Leyli və Məcnun”u ifa edirdik, bir kişi öz uşaqlarının əlindən tutub bizə yaxınlaşdı, dedi ki, övladlarımı bu başıbağlı qıza görə gətirmişəm. Ki, bilsinlər, müsəlmanlar terrorçu deyil, onlar öz hicabı ilə dünyaya öz musiqilərini, sevgilərini paylayırlar. Əslində, əsl müsəlmanlar dünyanı xilas edəcək qədər gözəl işlərə layiqdirlər.

R.Həsənova: Hansısa səfərdən qayıdanda problem də yaşamısınız...
- Bir dəfə Piterdən gəlirdik, yanımda bir xanım da vardı, ailəvi gəzməyə getmişdik, sərhəd məntəqəsindən keçəndə məntəqə işçisi dedi ki, sizi hicabla keçməyə qoymayacağam. Bir az mübahisə etdik, dedim ki, mümkün olan şey deyil, burada qalaram, Vətənimə getməyə bilərəm, ancaq bu işi görmərəm. Arxaya keçdim, digər işçiyə yaxınlaşdım, rahat şəkildə keçdim. ABŞ-ın özündə belə problem olmayıb, ancaq son dəfə Piterdən gələndə belə problemlə qarşılaşdım.

N.Ehlamqızı: Övladlarınız yolunuzu davam etməsini istəyərdiniz?
- İstərdim övladlarım çox xoşbəxt, cəmiyyətə yararlı insan olsunlar, hansı sənəti seçirlərsə seçsinlər, öncə insanları sevsinlər, onlara yaxşılıq etməyi bacarsınlar, pislik haqda düşünməsinlər. Onda nə məslək sahibi olsalar, cəmiyyət üçün yararlı olacaqlar.

M.Mövlud: Sovet dövründən bəri muğam oxuyan, böyük talant sahibi olan ifaçılarımız belə ən adi izafətləri, qəzəllərin sözlərini səhv oxuyublar, bəzən sözlərin mənasını bilməyiblər. Alim Qasımovun və Sizin oxuduğunuz qəzəllər yüksək səviyyəli bədii zövqlə seçilir. Kiminləsə məsləhətləşirsiniz, yoxsa özü seçir?
- Atamın birinci müəllimi Ağaxan Abdullayev olub, birinci dərs qəzəlləri ilə başlayıb, sonra Hacıbaba Hüseynovun sinfində oxuyub və ondan çox qəzəllər mənimsəyib. Alim müəllim Seyid Əzim Şirvani, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Xəqani, Nəsimi, Cəfər Cabbarlını çox oxuyur.

M.Mövlud: Füzulinin hansısa qəzəlini oxumuşam, diqqətimi çəkməyib, amma Alim müəllim oxuyandan sonra ona diqqət etmişəm.
- Atam qəzəlləri musiqidə elə qəlibə salıb ki, artıq onunla tanınır. “Küfr-i zülfün salalı rəxnələr imanımıza”, “Daş qəlbli insanları neylərdin ilahi” kimi qəzəllər var ki, artıq Alim müəllimin içindən gələn qəzəllər oldu. Mən də həmişə atamın oxuduğu qəzəlləri öyrənmişəm. Çünki duet oxuyanda, konsertlərdə bir-birimizin bildiyi qəzəlləri oxuyuruq, çünki bizə doğmadır. Qəzəl də nağıl, söhbət kimidir, gərək onu biləsən.

"Qəzəl əzbərləmək uşağı tərbiyə etməkdən çətindir"

M.Mövlud: Dönə-dönə oxuduğunuz və muğam üçün qəzəllərini seçdiyiniz şairlər var?
- Bəxtiyar Vahabzadə, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavidin şeirlərini, Sabirin, Baba Pünhanın qəzəllərini tez-tez oxuyuram. İmkanım olsaydı, onların hamısını əzbərləyərdim. Ancaq ana üçün qəzəl əzbərləmək uşağı tərbiyə etməkdən çətindir. Çox oxuyuram, ancaq ifa edəcəklərimi əzbərləyirəm.

N.Muradova: Səhnədə qəzəli unutduğunuz anlar yəqin olur, vəziyyətdən necə çıxırsınız?
- Elə olmayıb ki, səhnədə qəzəli unudub dayanım. Beyin sürətlə düşünür ki, bu sözdən sonra nə gəlir? Elə insanlar var çox yaddaşlıdır, oturub 3 saat danışırlar, düşünürəm, görəsən, bu sözü haradan tapırlar? Mənim yaddaşımda hansısa limit var, limitdən artıq nəyisə saxlamaq çətin olur (gülür). İngilis dilini öyrənəndə 4 səviyyəyə qədər gəldim, sonra nə qədər elədim, qabağa gedə bilmədim. İndi fikirləşirəm ki, mütləq kurslara gedim, çünki xaricdə dil mənə çox lazım olur. Demək olar ki, qrupumuzun tərcüməçisi mənəm. Yeməkdən tutmuş, nəqliyyata qədər hər şeyi mən soruşuram, hərdən deyirəm, mən olmasaydım, nə edərdiniz? Qayıdırlar ki, sənsiz neyləmişik, onu da edərdik. Deyirəm mənə gərək çox pul verəsiniz ki, sizə tərcüməçilik edim (gülür).

N.Muradova: Yəqin Alim müəllim də ingiliscə danışa bilmir...
- Yox, qrupda heç kəs bilmir. Demək olar ki, rus və ingilis dilində mən tərcüməçilik edirəm.

Q.Yaquboğlu: Şirvan şikəstəsini Alim Qasımov fərqli oxuyur, o ifa zirvədir, qəzəlin müəllifi kimdir?
- Qəzəl Racinindir. Alim Qasımovun ifa etdiyi “Şur”, “Bayatı-Şiraz”, “Zabul”, “Cahargah” böyük zirvələrdədir. Alim müəllimin hələ dərəcəsi bilinmir, onun dərəcəsi çox sonralar bilinəcək.

"Şirvan şikəstəsini hələ indi öyrənirəm"

Q.Yaquboğlu: Siz Şirvan şikəstəsini oxumamısınız?
- Desəm ki, Şirvan şikəstəsini hələ öyrənirəm, inanmazsınız. Bu yaxınlarda yalvarmışam ki, dədə, nə olar onu mənə öyrət (gülür). Muğamdan çox aşıq sənətini sevirəm, çünki saz ifası gələndə başqa hisslər duyuram. Muğamda o hissə bəlkə 10 dəqiqəyə qapanıramsa, aşığın sazından aldığım hiss uzun müddət məni tərk etmir. Bir ara aşıq müəlliməsinin yanına getdim, uşaqlara görə yarımçıq saxladım. Şirvan şikəstəsini duymaq lazımdır. Yəqin ki, onu da öyrənərəm.

Q.Yaquboğlu: Şirvan aşıq məktəbinin oxuları hardasa dini, sufi ənənəyə gəlib birləşir.
- Urmiya, Gədəbəy, Qazax, Şirvan aşıqlarının hamısı bir başqa aləmdir. Düzdür, Şirvan aşıqlarının ifası çox şirindir, canayatımlıdır.

N.Muradova: Bəs “Nəva” eşqi Sizdə nə vaxtdan yarandı?
- Məndə “Nəva” eşqini atam yaratdı. 6-7 il bundan qabaq atam İrana getmişdi və oradan disklər gətirdi, mənə dedi ki, sən bunun öhdəsindən gələrsən, öyrən. Məndə mübarizlik hissi var, deyilən tapşırığı yerinə yetirməyi özümə borc bilirəm. Çətin muğam olsa da, qəzəlləri oxudum, öyrəndim. Ustadlarımıza göstərdik, çox bəyəndilər. Muğam Mərkəzinə toplaşdıq, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və atamın dostları oturdu, “Nəva”ya qulaq asdıq. Səyavuş Kərimi dedi ki, bunu tarix kimi qeyd etmək lazımdır. Bu gün “Nəva” dünyaya gəldi. Uzun müddətli əziyyətlər və məşqlərdən sonra xalqımıza təqdim etdik. “Nəva” dəstgahı haqqında çox böyük fikirlərim var. Mədəniyyətin içində olan boşluq mənə mane olur. İstərdim böyük bəstəkar onu simfonik əsər kimi yazsın və onu oxuyum. Kimin səbri çatıb yazarsa, buna şad olaram.

N.Muradova: Bu mübahisə mövzusudur, nə qənaətə gəlmək olar “Nəva” Azərbaycanındır, yoxsa İranın?
- Bütün muğamlar nə Azərbaycanın, nə də İranındır, əslində bir millətin muğamı olub, sonradan parçalanma əmələ gəlib, yaşayış tərzinə görə dəyişiklik olub. İranda muğamın elmi çox böyükdür. Bəlkə də, sözümdən inciyərlər, amma bizim muğam elmimiz İran muğamının yanında cüzidir. Biz Azərbaycanda muğamı ahənglə, qulaqdan-qulağa şifahi şəkildə öyrənirik, onlar isə bunu tək-tək, not kimi öyrənirlər. İran, Türkiyə, Hindistan musiqisində böyük elm var. İranda deyirlər ki, Alim müəllim, necə etdiniz Avropada muğam deyəndə ağla Alim Qasımov gəlir? Çünki ortada hərəkət, enerji, hiss var.

N.Ehlamqızı: Atanız başqa qadın ifaçı ilə eyni səhnəni bölüşsə, qısqanarsınız?
- Bəlkə də bu, qadınların qısqanclıq hissindən irəli gəlir. Bizim sənət yolumuz uzun yoldur. Körpəliyimdən atamla oxuyuram. 9 yaşımda Bakı konsertində “Arazbarı”nı oxumuşam, ona görə də bu fəaliyyəti kiminləsə bölməyə gücüm çatmır (gülür). Alim müəllim kişi ifaçıları ilə çox oxuyub. Muğamı hansısa xanım xanəndə ilə ifa etsə, mənə qəribə gələr ki, məqsəd nədir? (gülür). Ancaq çox adamla duet və mahnı oxuyub, adi bir şeydir, ona heç nə demirəm.

N.Ehlamqızı: Özünüz də başqa tərəf müqabili ilə ifa etməzsiniz?
- Təklifdən asılıdır. Bəlkə, mahnı yaxud layihə ola bilər, hələ ki elə bir təklif gəlməyib.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: