20 May 2016 16:17
2 060

“O illərdə məni Mirzə İbrahimov himayə elədi”

“Brifinq” layihəsinin qonağı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlıdır. Bu gün 70 yaşı tamam olan yubilyarla söhbəti təqdim edirik:

Nərgiz Ehlamqızı: Sabir bəy, 70 yaşın təəssüratı necədir? Siz redaksiyaya gəlməzdən öncə aramızda söhbət edirdik, heç kəs sizə o yaşı vermədi...

- 70 yaş zarafat kimi gəlir. Kənddən gələn adam 25-30 ilini Bakıda özünə yurd-yuva qurmağa sərf eləyir, xeyli zaman itirməli olursan. Halbuki ilk şeirim 11 yaşında rayon qəzetində çıxmışdı. Şeirə də əvvəl-əvvəl zarafat kimi baxmışam, riyaziyyatçı olmaq istəyirdim. Dostlara məktubu şeir formasında formasında yazırdım.

1967-ci ildə 4-cü kursda oxuyanda “Ədəbiyyat qəzeti”ndə işə düzəldim, 21 yaşında ədəbi yaradıcılığa başladım. Ev-eşik alıb Bakıda möhkəmlənəndə, özünü rahat hiss etməyə başlayanda da baxırsan ömrün bir hissəsi sona yetib...

Meydana ilk çıxanlardan, onu idarə edənlərdən biri olmuşam, Xalq Hərəkatının liderləri, Azərbaycan Xalq Cəbhəsini yaradanların sırasında dayanmışam. Millətimizin taleyində önəmli illər oldu, müstəqillik qazandıq, amma müstəqilliyimizə zəhər qatıldı, müharibə acısı yaşadıq. Yaradıcı həyatımızın bir hissəsini də o illər aldı, halal yazı-pozu işinə az vaxtımız qaldı.

Gəlib 70 yaşa çatmışıq. Bir yaxşı söz var, deyir, kim 70-80 yaşa dolanda desə ki, özümü 25 yaşdakı kimi hiss edirəm, deməli, həmin adam qocalıb, boynuna almaq istəmir... Hər yaşın öz qaydaları var, ona uyğun yaşamalısan. Gərək özünü yaşına görə aparasan. Mən yol aşiqiyəm, səyahətləri sevirəm, ömrüm yollarda keçib. Hərdən yola çıxmağa tənbəllik edəndə deyirəm, bax bu, artıq yaşın əlamətidir.

Əvvəllər əllə axşam 20-25 səhifə yazırdım, indi 5 səhifə yazan kimi gözüm yorulur, kompüter də gözə ziyandır. Hiss edirəm ki, yaş sözünü deyir. 70 yaşımı Mədəniyyət və Turizm Nazirliyi mayın 25-də Akademik Milli Dram Teatrda qeyd edəcək. Yubileyi, təmtərağı o qədər də sevmirəm, ancaq ondan qaça da bilmirəm. 50 yaşım ən yüksək səviyyədə qeyd edilib, başda Heydər Əliyev olmaqda ölkənin bütün rəhbərliyi tədbirə qatılıb. Oxucularımıza hər 5 ildən bir hesabat xarakterli yaradıcılıq gecəsi də keçirirdim. Yaşa dolduqca insan istəyir doğum günü unudulsun, üstündən keçib getsinlər. Bu il unudulmadı.

Dilqəm Əhməd: Bu yaxınlarda yubileyiniz İstanbulda qeyd olundu. O törənlə bağlı məlumat verməyinizi istərdik. Türkiyədə də sevilirsiniz, haqqınızda verilişlər yayımlanır...

- Mayın 14-də İstanbul Fateh mədəniyyət mərkəzində Böyük Şəhər Bələdiyyəsi böyük tədbir keçirdi. Mərasimə Türkiyədəki ziyalılar, azərbaycanlılar, təxminən 500 nəfərdən artıq adam gəlmişdi, elitar bir görüş idi. Təxminən 3 saat yarım davam elədi. BengüTV həmin tədbiri yayımladı. Şeirlərimdən ibarət irihəcmli kitab 10 min tirajla buraxıldı. Kitaba ön sözü Kadir Topbaş yazıb. İndi bizdə 10 min tirajla kitab çap eləmək fantastikadır.

Türkiyədə böyük sayğı ilə yubileyimi qeyd elədilər. İnşallah, Bakıda da davamı olacaq. Ondan əvvəl Kırşəhərə getdim, vali ilə görüşdüm. Kırşəhər Universitetinin “Koroğlu” dərgisinin 140 səhifəlik bir nömrəsi bütövlükdə mənə həsr edilmişdi. Türkiyədə yaşayan qələmə dostlarımın, Azərbaycandan Musa Yaqubun dərgidə gözəl yazısı vardı. Hacı Bektaş dərgahını ziyarət etmək çoxdankı arzum idi, ziyarət elədim. Bektaşinin, Yunus Əmrənin vətəni, türklük ruhunun Anadoludakı ocaqlardan biridir. “Türk dərgahı” adlı yazı da yazdım.

“RƏSUL HƏMZƏTOVA DEDİM, AZƏRBAYCANA XƏYANƏT ETDİZ”

Dilqəm Əhməd: Milli Azadlıq Hərəkatından söz açdınız, hər il AXC-nin yaradılması ildönümü, yaxud Elçibəyin doğum günü ərəfəsində Əbülfəz bəyə qarşı kampaniya başladılır. Sizcə, bunun səbəbi nədir?

- Buna pis baxıram, yəqin Nemət Pənahlını nəzərdə tutursunuz, dünyasını dəyişmiş adam haqqında o cür danışmaq düz çıxmır. Gizli deyil, Nemətlə mən 18 gün meydanda çiyin-çiyinə danışmışıq, meydanı idarə eləmişik. Rəhmətlik Elçibəy də ordaydı. Elçibəylə mübahisə etmək olardı, açıq süfrənin yüz eybi, bağlı süfrənin bir eybi olur. Elə adamlar var heç bir iş görmür, bağlı süfrədir, eybi də yoxdur. Uzun müddət universitet müəllimi olmuş, əsl vətənpərvərlik mövqeyinə görə həbs edilmiş, hərəkatda öz yeri olan adamın şübhəsiz səhvləri də ola bilər. Amma bunu o vaxt Elçibəyin özü ilə müzakirə etmək olurdu.

Bəzən Elçibəy bizə gəlib, səhər 5-ə kimi oturub söhbət eləmişik. Amma bu gün o, həyatını dəyişib, haqqında belə danışmağı düz saymıram. Elçibəy Azərbaycanda Milli Azadlıq Hərəkatının simvolu olan və dünyada o statusla tanınan bir insandır. O, xəstə olanda “Elçibəyin xəstəliyi” adlı yazı yazmışdım. Aparmışdılar, yazını gözü yaşara-yaşara oxuyub demişdi ki, Sabir məni yazmayıb, həm də özünü yazıb. Çünki bizim hamımızın taleyi o cəhətdən eynidir. Elçibəy xüsusən Nemət kimi adamların yetişməsində rol oynamış adamdır.

Vaxtilə Elçibəylə bir yerdə “Varlıq” dərnəyini qurmuşduq, 11 nəfər üzvü vardı. Sonrakı dövrdə “Varlıq” cəmiyyətinin böyük təsiri oldu, hamı o dərnəyin ətrafına toplanırdı. Bu gün keçmişi ittiham etmək, keçmişdə qüsur axtarmaq çox asandır. Həmin illərdə Azərbaycan müstəqillik uğrunda mübarizə aparırdı. Müstəqillik özü tarixi hadisədir, insanların həyatını dəyişir. Bunun həm sevinci vardı, həm də düşünürdün nədən başlayıb haraya, necə aparaq? Əvvəlki rəhbərlər – Vəzirov, Mütəllibov buna hazır deyildilər. Elçibəy başda olmaqla bizim dəstə deyirdi ki, müstəqilliyə hansı şəraitdə olursa-olsun nail olmalı, sonra da onu qorumalıyıq.

Əvvəla, müstəqilliyi kommunistlərin əlindən qoparmaq lazım idi. 25 nəfər Azərbaycan Xalq Cəbhəsindən seçilmiş deputat, daha 17 nəfər bizə qoşuldu, 1991-ci ilin martında ümumilikdə 42 nəfər referendumla SSRİ-nin qorunmasının əleyhinə səs verdi. O vaxt yerdə qalan deputatlar və ölkə rəhbərliyi xalqın böyük əksəriyyətini məcbur edirdi ki, SSRİ-də qalmaq üçün “hə” desinlər. O vaxt “Azərbaycan” qəzetini buraxmışdım, onda sərt yazı yazmışdım, qeyd eləmişdim ki, dünyada tək bir heyvan var ki, düşməni ona kolun arxasından göz ağardanda ardınca düşüb gedir. Bu, təhqiramiz yazı idi, yandığımdan bilmirdim nə yazım... Bilirsiniz, qurd göz ağardır, uzunqulaq da onun dalınca qaçır ki, gəlirəm, məni ye. Yazmışdım belə olmaz, görürsünüz ki, SSRİ dağılır. Əslində isə SSRİ hələ dağılmırdı, mart ayı idi. Sonra QKÇP baş verdi, avqustun 30-da müstəqillik bəyannaməsini qəbul elədik. 1990-cı ilin yanvarında qurbanlar vermişdik, ölkədə fövqəladə vəziyyət idi, erməni yaddan çıxmışdı, Moskva bizim üstümüzə düşmüşdü, bütün qoşun Azərbaycana yeridilirdi. Qarabağ da bir bəhanə idi ki, biz SSRİ-dən çıxmayaq.

Belə olan vəziyyətdə Azərbaycan kommunistləri dünyanın heç yerində olmayan şəkildə SSRİ-nin ətəyindən yapışmışdı. Bir dəstə təcrübəsiz adam isə qətiyyətlə deyirdi ki, yox, biz SSRİ-dən çıxırıq. Bizim başladığımız hərəkatın hesabına başqa respublikalar da SSRİ-dən ayrıldı. Avqustun 30-da müstəqillik haqqında bəyanat qəbul olundu. Sentyabrın 1-də başısarıqlı vəziyyətdə bir dəstə hərəkatçı və yeni seçilən deputatla bir yerdə Moskvaya, SSRİ Ali Sovetinin sessiyasına getdik. Qorbaçovun çıxışı nəzərdə tutulmuşdu, bəzi respublikalar artıq özünə prezident seçib o sessiyaya gəlmişdilər. Qorbaçov gördü ki, artıq SSRİ-nin müxtəlif prezidentləri var, bu, kimin prezidentidir? SSRİ-nin mövcudluğuna xitam veriləndə yazmışdım, xoşbəxtəm ki, bu şər imperiyasının dağıldığı günü gördüm.

SSRİ Ali Sovetin son iclasında Rəsul Həmzətovla rastlaşdım, o, bizim əleyhimizə bir məqalə yazmışdı, üzümə baxıb dedi ki, nəsə mənə tanış gəlirsən. Dedim, əlbəttə, tanış olacaq, Bakıya gəlmisiniz, mənim işlədiyim nəşriyyatda kitablarınız çıxıb, rəhmətlik Tofiq Bayramla dəfələrlə bir yerdə olmuşuq. Soruşdu nə rəhmətlik Tofiq Bayram, o bəyəm ölüb? Dedim 6 ay qabaq dünyasını dəyişib. Başını tutub dedi, o, mənim yaxın dostum idi, kitablarımı tərcümə edirdi, yubileyimə Dağıstana balaca maşınıla gəlmişdi, Nəbi Xəzrinin bacısı öldü gedə bilmədim, Tofiq Bayramın ölümündən xəbərim olmadı, bütün kitablarımı Azərbaycandan üstümə göndərdilər.

Dedim, siz Azərbaycana xəyanət etdiniz, ona görə də kitablarınızı üstünüzə göndərdilər. Dedi, kefli olmuşdum, ermənilər qol çəkdirmişdilər. Dedim, yazıb mətbuatda təkzib verəydiniz. Qayıtdı ki, sən yaz, dedim sonra da deyərsən Sabir Rüstəmxanlı içdirib belə bir şeyə qol çəkdirib, imkanınız varsa, özünüz yazın. Olmadı, amma sonra mərhum Heydər Əliyev onu Azərbaycana bir tədbirə dəvət elədi. O da çıxışında dolayı yolla etiraf elədi ki, Azərbaycana münasibətdə səhv edib. Mənə də dedi ki, sonra başa düşdüm, mənim və ermənilərin mövqeyindən yanaşsaq, Dağıstan kənd-kənd bölünər, Dağıstan adlı bir yer qalmaz, o, mənim böyük səhvim idi.

Nəisə Ali Sovetin sessiyasından gəldik, Azərbaycan müstəqilliyik haqda bəyannamə qəbul etdi. O vaxt ayrılıqlar yaranmamışdı, partiyalar yox idi, qarşılıqlı ittihamlar səslənmirdi. Mütəllibov demişdi ki, Xalq Cəbhəsi ilə körpü yaratmaq istəyirəm, onların içərisində gözüm alan intellektual insanları hakimiyyətə cəlb etmək istəyirəm, siz bizi hərəkatla yaxınlaşdırmalısınız. Mən də cəbhə ilə, Elçibəylə razılaşdım, gedib mətbuat naziri oldum, Tamerlan Qarayev də Ali Sovetə sədr müavini. Buna baxmayaraq mövqeyimiz qalırdı. O vaxt qəzetlər yazmışdı ki, ehtiyatlı olun, Nazirlər Kabinetində müxalifət var. Çox çətin şəraitdə dövlət quruculuğu gedirdi, müqavimət qırılırdı, təcrübəsizlik və səhvlər vardı. Amma o səhvlərə bugünkü gözlə qiymət vermək olmaz.

Bir daha deyirəm, Əbülfəz Elçibəy tarixi şəxsiyyətdir, Azərbaycanın müstəqillik tarixinə adını yazmış bir insandır. Hesab edirəm ki, onun ruhunu sakit buraxmalıyıq. Elə adamlar var, adı bəlkə də özündən böyükdür. Elçibəyin bütün dünyadakı adı, şöhrəti bəlkə də özündən daha böyükdür. Hərəkat başlayanda Elçibəy arxa planda idi, amma hamı elə bilirdi, hərəkatı Elçibəy başlayıb. Sağlığında sözüm olub, demişəm, hətta mətbuatda da bəzi şeylər yazılmışdı, sual vermişdilər ki, Elçibəy Kələkidən qayıdanda nə deyərsən, dedim ki, soruşaram niyə getdin, niyə gəldin? Gələndə də özündən soruşdum, dedim biz sənin nazirlərin idik, gərək xəbər edəydin, niyə səbəb nəydi?

“QARANLIĞA DÜŞƏNDƏ DEYİRDİLƏR, BİZ DƏ SİZİNLƏYİK”

Nərmin Ehlamqızı: Cavabı nə oldu?

- Bir neçə yerdə Elçibəy bu suala belə cavab verib: “Mən və Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən qurtardıq”. Bir şeyi də deyim, Nemət Pənahlının da hərəkatdakı xidmətini azaltmaq olmaz. O gün hansısa qəzetdə oxudum, Nemət haqda yazılıb ki, bu cür adamlar kürsüyə camaatın qabağına necə gətirilmişdi? Yanlış fikirdir, Nemət fəhlə idi, leytenant Şmidt zavodunda görüşlər keçirirdi, Novruz bayramı, şeir gecələri təşkil edirdi, bizləri dəvət edirdi. O, fəhləlikdən fəal idi, danışığını bilirdi, meydan onu getdikcə yetişdirdi. Nemət öz təşəbbüsü ilə meydana gəlmişdi, cəsarətli, bacarıqlı idi, 26 yaşında sözünü deyirdi.

Şöhrətlənəndən sonra yüz yerdən qarmaq atıla bilər, kimsə öz tərəfinə çəkə bilər... Bizim bir yerdə olmağımız çoxlarına mane olurdu. Meydan başa çatandan sonra yüzlərlə uydurmalar başladı. Gah Neməti mənə qarşı qoydular, gah məni ona. Arada şayiələr yayılırdı ki, bu, hökumətin, o, KQB-nin adamıdır. Hamısı boş şeylər idi. KQB vardı onda? Hökumət yanımızda idi, gəlirdilər ki, amandır mənə də söz verin, necə danışım millət əl çalmasın... Qaranlığa düşəndə deyirdilər, biz də sizinləyik. Meydan Mərkəzi Komitədən də, KQB-dən də, Ali Sovetdən də qat-qat güclü idi, onlar bizim ağzımıza baxırdılar. Bir kəlmə söz desəydik, meydan binaları əllərində qaldırıb dənizə tökərdi.

Bir gecə nümayiş komitəsinə gedəndə gördüm qabaqdan bir qaraltı gəlir, mənə yaxınlaşıb dedi ki, narahat olmayın biz də sizinləyik. Çevrilib baxanda gördüm ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavinidir, mənim köhnə jurnalist dostumdur, “Abşeron” qəzetində işləmişdi. O vaxtdan tanıyırdım. Təsadüfən Dövlət Təhlükəsizlik Komitəsinə düşmüşdü, millətini sevən adam idi. Namiq Abbasov idi. Sonadək münasibəti qoruduq. Bu, o demək deyil ki, KQB-nin adamıydım, yaxud KQB ilə hər hansı əlaqəm vardı. Namiq heç özü razı olmazdı ki, mənim kimi bir adam o sistemin çirkin oyununa qoşulsun.

Meydanla bağlı başqa bir epizod deyim. Bir gün dedilər ki, hökumət evində səni gözləyirlər. Getdim, gördüm ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov oturub, yanında iki-üç nəfər rus məmuru... Çəkinə-çəkinə getmişəm ki, daha geri qayıtmayacam, kimin çağırdığını da deməmişdilər. Vaqif Hüseynov məni çox mehriban salamladı, dedi ki, qəhrəman, necəsən? Dedi, bu şəxslər Moskvadan gəliblər, nə baş verdiyini bilmirlər, Ermənistanla bizim münasibətlərimizin kökündə nə dayandığından xəbərsizdilər, sən o meydanda nə demisənsə, 5 qat artığını bunlara de.

Gördüm ki, o, meydanın gur olmasında maraqlıdır. Çünki nə Mərkəzi Komitə, nə də DTK Moskvaya başqa cür təsir edə bilmirdi. Özü də arxada oturdu. Ruslar suallar verdi, mən də bildiklərimi danışdım, hətta meydanda demədiklərim, Ermənistan çıxan kitablar, millət olaraq təhqir olunmağımızla bağlı danışdım. Mən kəskin danışanda Vaqif Hüseynov barmağı ilə işarə edirdi ki, əla, davam elə. O zaman gördüm ki, bu məsələyə münasibətdə millətin hamısının fikri eynidi, bu gün hamını düşmən elan etmək, kim kimə salam veribsə, o dəqiqə onu günahlandırmaq olmaz.

Moskvadan istintaq qrupu gəldi, 1 həftə məni dindirdi, 80 səhifə cavabım vardı, dedim, gedin Nemətin üzündəki yonqar şırımlarına baxın, fəhlədir. Heç nəyi yoxdu, evsiz-eşiksizdi. Nemətlə mənim aramda gözəl tandem yaranmışdı. Sonra siyasi mühit, hakimiyyətə gəlmək istəyənlər bizi üz-üzə qoymağa çalışdılar, amma mən elə şeylərdə mümkün qədər münasibətləri qorumağa çalışıram. Bu gün Nemət səhv edə bilər, Elçibəy məsələsində səhvi də var, amma o illərdəki zəhmətini də unutmaq olmaz.

Nərgiz Ehlamqızı: Həbsdən çıxandan sonra görüşmüşünüz?

- Yox, telefonla danışmışam.

Dilqəm Əhməd: Siz həm müxalifət, həm də iqtidar düşərgəsində qəbul olunursunuz. Bunu necə bacarırsınız?

- Siyasi anlayışlar tarixin müxtəlif dövrlərində müəyyən xalqların həyatının tələbi kimi ortaya çıxır. Fransız inqilabından sonra bu şeylər daha da gücləndi. Vaxtilə Parisin ətrafında 15-16 faiz adam fransız dilində danışırmış, yerdə qalan əhali müxtəlif etnik kökənli olub. Hakimiyyət öz siyasətini elə qurub ki, dövlətin qorunması üçün hamı bir dildə danışmalıdı, hər kəs fransızca danışıb. Demokratiya, yaxud bu gün dəbdə olan siyasi partiya anlayışı yerli şəraitə uyğun gəlmirsə, onun heç bir mənası yoxdur. Mənim millətimə bu gün birlik, vətəndaş həmrəyliyi lazımdır. Bu gün sağ və sol anlayışlarının çoxu öz əvvəlki əhəmiyyətini itirib. Sağların çoxu sola meyl edir, solların çoxu sağa meyl edir. Bu, dünyanın hər yerində gedən proseslərdir.

Almaniyada millətçilik hərəkatı gedib faşizmə çıxa bilər, ancaq Azərbaycanda millətçilik heç vaxt faşizmlə əvəzlənməz. Bizim millətçiliyimiz ancaq insani dəyərlərə qiymət verməkdir, bizdə erməni millətçiliyi də deyil. Xaricdən nə qədər istəsən partiya adları götürüb yaratmaq olar, ancaq 3-4 partiya olsa, məncə, bu, kifayət edər. 1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasını yaradanda artıq müəyyən adlar vardı, Müsavat vardı, ənənəvi partiya idi, bərpa olunmuşdu, Etibar Məmmədovun Azərbaycan Milli İstiqlal Partiyası, Sosial-Demokrat və digər partiyalar vardı. Amma ölkədə xarici qüvvələrin təsiri ilə qarşıdurma yaranmışdı, buna görə siyasi konyunkturanı nəzərə almadan vətəndaş həmrəyliyi adını seçdim. Çox da yayğın söz deyildi, düşünürəm ki, düzgün eləmişəm, çünki siyasi leksikonumuzda vətəndaş həmrəyliyi ciddi şəkildə özünə yer qazanıb.

“YAZIÇILAR BİRLİYİNDƏN BİR NARAZILIĞIM VAR”

Qurban Yaquboğlu: Yubileyinizi Mədəniyyət və Turizm Nazirliyi təşkil edəcək. İddia etmək olarmı Azərbaycan Yazıçılar Birliyi kənarda qalır?

- Yazıçılar Birliyi kənarda qalmayıb, məncə, yubiley təşəbbüsü bu qurumdan gedib. Anar Mədəniyyət və Turizm Nazirliyinə məktubla müraciət edib.

Qurban Yaquboğlu: Son illər gənclərin, elə lap orta nəslin bu birliyə qarşı iradları var, AYB-yə bir yaradıcı struktur olaraq sizin münasibətiniz necədir?

- Yazıçılar Birliyindən narazı qalanlar onda nə isə umanlardı, mən bu qurumdan heç nə ummuram. Tədbirləri olanda gedirəm, Natəvan klubunda yoldaşların görüşlərinə, kitab təqdimatlarına qatılıram. Anarla da görüşürəm, salamlaşırıq, böyük yazıçımızdır. Yazıçılar Birliyinin sədri kimi hər kəs ondan narazı qala, bir şey uma bilər. Anar deyir, hamı Yazıçılar Birliyindən narazıdır, amma bura gələn ərizələrin də qabağını almaq mümkün deyil.

Mən Yazıçılar Birliyinin indiki işində bir şeydən narazılığım var, bu qədər ədəbiyyata dəxli olmayan adamları ora yığmaq olmaz. Azərbaycanda 200 nəfər normal yazıçı tapsanız, böyük şeydir.

Qurban Yaquboğlu: Fəaliyyət sferanız zəngin və çoxşaxəlidir. Nəşriyyatda işləmisiniz, Azərbaycanın ilk müstəqil qəzetinin baş redaktoru olmusunuz, hərəkata qoşulmusunuz, partiya yaratmışınız. Xatirələrinizi yazmaq istəyirsinizmi? Bəlkə indiyədək işıq salmadığınız, bundan sonra deyə biləcəyiniz fikirlər var...

- Əslində hər bir yazıçı ömrü boyu özünü yazır. Budu, əlimin altında “Şair və şər” kitabı var, burda həm də özümü yazmışam, ömrü boyu şərlə üz-üzə olmuşam. “Göy tanrı”da Oğuz xanı yazmışam, Oğuz xanda da məndən nəsə var. Hesab edirəm ki, insanlar 2 min il ərzində sevgisi, ruhu, düşüncəsi, təbiətə baxışı ilə çox az dəyişib. İnsan sürətlə dəyişə bilsəydi, min illər ərzində şərə, pisliyə qarşı kitablar yazılıb, insanı kamilləşdirmək yolları göstərilib, nəsihətlər verilib, insan heç olmazsa, bir az o şərdən uzaqlaşardı. Neçə min ilin yazı-pozusu o yerə gətirib çıxarmayıb ki, insan heç olmazsa, öz həmcinsinə al qaldırmasın. Bu, dəhşətli şeydir.

Əslində yazdığım kitablar yan-yana düzüləndə hər birində mənim həyatımın, tərcümeyi-halımın bir hissəsi var. Mənə elə gəlir ki, yazıçıların ən səmimi kitabları elə onların xatirələri olur. İnsan öz həyatını yazanda içdən gələn duyğuları ifadə edir.

Ömrüm boyu cızma-qara xatirələr, gündəliklər yazmışam. Qəribə vərdişlər də var, hər il həvəslə gündəliklər yazıram, sonra işlər çıxır və gündəliklər unudulur. Xüsusən təzə kitab yazanda, nəsr vaxt alır deyə gündəlik də, şeir də yaddan çıxır. Hərdən baxıram, 2014-cü ildə yazmışam ki, bu gün “Şair və şər” romanının ilk bölməsini yazdım. Heç o bölmə sonra kitaba düşmədi, Allaha müraciət idi, Allah da yaradıcıdır həmişə şeytanla, şərlə vuruşub.

Qurban Yaquboğlu: Müntəzəm gündəlik yazmısınız?

- Yox. Məsələn o qeyddən sonra heç nə yazmamışam, bir də bitirəndə yazmışam ki, kitabı qurtardım. “Göy tanrı” yazılanda Zaqulbada dənizin qırağındaydım. Hələ dənizə girmək mümkün deyildi, soyuğa baxmadan suya girdim, sonra qumun üstünə uzanmışdım, sanki göydən şüa düşdü. İçimdən titrəyiş keçdi, nəsə oldu, amma bilmədim nə oldu.. Birdən beynimə bir şey doldu ki, millətin ən qədim tarixi, tanrıçılıqla bağlı bir şey yazım, tanrı mənə nə isə göndərdi. Pilləkənləri qaça-qaça çıxdım, bir cümlə yazdım: “Tanrım, bu boyda yeri-göyü, insanları, canlıları yaradan sən, bir qarışqa yükü daşımaq qədər istedadı da bizə vermisən”.

Görəcəyim işi qarışqa yükü hesab edib o cümləni yazdım. Hərdən qırıq-qırıq olan gündəlikləri qarşıma qoyuram, bu gündəliklər təxminən 9-cu sinifdən başlayıb. Yarısı itib gedib, uşaqlar cırıb tullayıb. Yazmaq zəruridir, çox şeyi unudursan. O qədər gözəl duyğular gəlib gedir ki... Elə bilirsən unudulmayacaq, amma bir-iki ildən sonra unudulur. İnsan beyni elədir ki, təzə xatirələr gələndə köhnələr bəzən silinir, yazmaq lazımdır. İndi iki yarımçıq yazım var, birini demək olar, tamamlamışam

“Akademikin son əsəri” adlı əsərim dünyada gedən genetik savaş haqdadır. Prototip də var, ümumi yazıdır, sonra gəlib bir adam üzərində dayanıb, o da daha çox repressiya haqqında yazmış Ziya Bünyadovdur, mənim dostum idi.

Neçə illərdir xırda-xırda “Vətəndaşlığın əlifbası” adlı yazı yazıram, bəlkə də informasiya o qədər çoxdur ki, o yazılar əvvəlki kimi oxucular üçün böyük kəşf sayılmayacaq. İkinci dəfə oxuyanda görürəm ki, artıq oxucularımızın çoxu bunu bilir, ancaq bizim həyatımızdan gələn faktlara və millətimizin psixologiyasına söykənəndə maraqlı olur. Bunlardan sonra imkan olsa, xatirə yazarıq.

“MİRZƏ İBRAHİMOV MƏNİ OTAĞINA APARDI”

Qurban Yaquboğlu: Sizin ədəbi-ictimai yönümünüz asan xətt olmayıb, sovet dövründə istər şeirləinizdə, istərsə də publisistikanızda milli vətənpərvərlik başlıca xətti idi, bu, həyatınız boyu davam edib. 70-80-ci illərdə yaradıcılığınızla bağlı hər hansı basqı, təzyiq, yönləndirmə oldumu?

- “Tanımaq istəsən” adlı birinci kitabımın 1970-ci ildə çıxıb, redaktoru İlyas Tapdıq idi. İlyas məni çağırdı, 3-4 şeiri göstərdi. Mən də onda senzor nədi bilmirdim, qayıtdı ki, senzor deyir bu şeirləri çıxar. Güneylə bağlı şeir idi, torpaq şırımına həsr olunmuşdu. Mən sərhəddə doğulmuşam, yazmışdım ki, bizdə torpağı əkirlər, xeyir-bərəkət olsun, amma bu nə torpaqdır, quş da ora qonanda ləpir düşür.

İlyas bir də “Vətən” şeirini göstərdi, dedi, Cavad xan Gəncə xanıdır, onun adını çıxarmaq lazımdır. Mən də qayıtdım ki, İlyas müəllim, nə Gəncə xanı? Əslində elə onun özündən yazmışdım, Abbas Zamanov hətta məni çağırıb o şeirə görə Cavad xanın şəklini də vermişdi. Dedim, bu, mənim babam Cavaddır, gedin axtarın, Rüstəmxanın babasıdır, Cavadxanı qətl ediblər, qan düşmənçiliyi olub, vurub öldürüblər, mən də onu yazmışam. İlyas gülüb dedi yaxşı tapmısan... Senzordan o yolla keçirmişdi.

Bütün kutablarımızda 3-4 şeir çıxarılırdı, ona vərdiş eləmişdim, yaxud misralar dəyişilirdi. Bakıda kitabxanalarda dərnəklərə gedirdik, Yazıçılar İttifaqında KQB-nin kuratoru vardı, dəfələrlə gəlib bizi qorxurdurdu, soruşurdu ki, dərnəkdə nə danışırdınız? 4-cü kursdan “Ədəbiyyat qəzeti”nə işə düzəldim, tədricən tanınmağa başladım.

Mənə rəhmətlik Mirzə İbrahimov himayədarlıq etdi. Onun “Közərən ocaqlar” pyesi vardı, tamaşaya qoyulmuşdu, universitetdə müzakirəsi keçirilirdi. 5-ci kursda oxuyurduq, iclası rəhmətlik Mir Cəlal aparırdı. Bir neçə professor və alim çıxış elədi. Yerdən qalxdım, dedim ki, tələbələrə də söz verin, cavanlar da danışsın. Pıçıldaşdılar, mənə söz verdilər, mən də köhnə ötkəmliklə dedim ki, indiyə kimi müəllimlərimin pyesə yanaşmasının heç birini qəbul eləmirəm. Tələbələr məni alqışladı. İclasın səhəri günü tanıdığım alim vardı, Pedaqoji İnstitutda işləyirdi, Mirzə müəllimin qohumu idi. Məni tapdı, qayıtdı ki, Mirzə müəllim dedi, o cavan oğlanı tap, onu “Ədəbiyyat qəzeti”ndə işə götürəcəm. Dedim ki, Mirzə müəllim çox sağ olsun, artıq “Ədəbiyyat qəzeti”ndə işləyirəm. Bu hadisənin üstündən 10-15 gün keçmişdi. Maaş almaq üçün Yazıçılar İttifaqına getdim, pilləkənləri çıxanda gördüm Mirzə müəllim qabaqdan gəlir.

Məni görüb dayandı, soruşdu ki, universitetdə çıxış edən sən idin? Dedim mən idim, qayıtdı, məni öz otağına apardı. Çox diqqətlə, atamı, anamı, doğulduğum yeri soruşdu, öz həyatından xeyli danışdı, aramızda ünsiyyət yarandı. Yazılarım çıxanda məni çağırdı, dedi ki, sən mənim cavanlığımı yadıma salırsan, mən də sənin kimi idim, ədəbiyyata gəldim, gördüm heç kəs məni saymır, tanıyan yoxdur. Onda qılıncımı sıyırıb ortaya düşdüm, sağa da, sola da vurdum. Bir də gördüm hamı məni tanıyır, mənimlə hesablaşırlar, sən də ağına, bozuna baxmırsan, elə düz eliyirsən.

Ondan sonra Yazıçılar İttifaqında hansı tədbir olsa, Mirzə müəllim qəzetə xəbər yazmaq üçün məni çağırırdı. SSRİ gənc şairlərinin, yazıçılarının yığıncaqlarına dəvət olunardım, festivalları, yazıçıların qurultaylarında məruzələrdən biri mənim olardı. Mənə himayə edirdi, hamı elə bilirdi onun qohumuyam. O şeyləri mən də nəzərə almışam, ömrüm boyu çalışmışam ki, cavanlara himayədarlıq edim.

Kənddən gəlmiş, kasıb, heç kimi olmayan bir gənc sərgərdan bir həyat sürürdü, birdən-birə Mirzə İbrahimov çıxıb dedi ki, narahat olma, ürəkli ol, sənin keçdiyin yolu mən də keçmişəm. Onda düşünürsən, bu dünyada nə yaxşı ki, belə adamlar var. Təəssüf, indi elələri azdır.

Nərmin Muradova: Bu yaxınlarda qızınız ailə həyatı qurdu, təbrik edirik. Bu münasibətlə bir şeir yazdınızmı?

- Mən qızıma çox şeirlər həsr etmişəm. Bir kitabımda Aydana həsr olunan şeirdə belə bir cümlə var: “Bakılı olsa da, dağlar qızıdır”. Övladlarımız Bakıda doğulub, amma biz haralıyıqsa, onlar da ordan sayılırlar.

Bu yaxınlarda bir dəftərçəmi vərəqləyirdim, gördüm, Aydana həsr etdiyim şeirlər ordadı, vərəqi çevirdim ona həsr olunan ikinci şeiri, sonra üçünçü, dördüncü şeiri tapdım. Baxdım ki, bir- birinin ardınca ona altı-yeddi şeir həsr etmişəm. Zəng elədim Aydana, dedi, ata, o şeirlərin hamısını sən mənə telefonla göndərmisən.

Aydan çox istedadlı uşağıdı. Balaca vaxtı qış aylarında bir müddət kənddə -xalasının yanında qalmışdı. Qayıdanda soruşdum ki, oralar necə idi? Dedi, istəyirsənsə sənə kənddə olanları danışım. Başladı mənə uşaq nağılları danışmağa... Adətən, öyrəşmişik ki, nağılın əvvəli “Biri vardı, biri yoxdu” cümləsi ilə başlasın. Aydanın bütün nağılları “nə” sözü, yanında sualla başlayırdı.

Bir ara düşünürdüm ki, biz uşaq təfəkkürü bankı yaratmalıyıq. Çünki onların içərisində elə şey ola bilər ki, gələcəkdə hansısa elmi kəşfə səbəb olsun. Yadımdadır, 9-cu sinifdə oxuyanda çoxlu fantastik hekayələr yazırdım.

Nərmin Muradova: Kitablarınızı ancaq “Qanun” nəşriyyatında çap etdirirsiniz?

- Yox, başqa nəşriyyatlarda da çap olunan kitablarım var. Bu yaxınlarda İstanbulda bir kitabım çıxdı, ondan başqa Rusiyanın “Bədii ədəbiyyat” nəşriyyatı “Ölüm zirvəsi” kitabımı nəşr etdirdi. Burda “Təhsil”, “Elm və təhsil” nəşriyyatlarında çap olunan kitablarım var. Şahbaza hirslənəndə kitablarımı “Qanun” nəşriyyatına vermirəm (gülür)...

Nərgiz Ehlamqızı


Müəllif: