16 İyul 2016 14:58
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ölkə çevrilişlərdən çox acılar çəkdi. Hər cür çevrilişə “yox” deyirik. Bunun adı əsgərin hakimiyyətə əl qoyması deyil. Bunun adı xəyanətdir. Bu ölkəni belə hala gətirənlərin Allah bəlasını versin”.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni, rejissor Mahsun Kırmızıgül Tvitter hesabında paylaşıb.

M.Kırmızıgül kimi digər məşhur sənətçilər də ötən gecə Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd hadisəsini qınayıb. Bəzi məşhurlar prezident Ərdoğanın insanları meydanlara səsləməsinə birmənalı reaksiya verməyib, insanları bundan yayındırmağa çalışıblar.

Müğənni Gülbən Ərgən: “Bölünmədik, bölünməyəcəyik”.

Aktyor Murad Yıldırım: “Çevriliş istəmirik. Çevriliş edənlər lənətə gəlsin. Bu ölkəni xaos halına gətirənlərə lənət olsun”.

Müğənni Hadisə: “Allah gözəl Türkiyəmizi qorusun. Ötən gecəki kimi qaranlıq bir gecəyi bir daha yaşamamaq ümidi ilə…keçmiş olsun, Türkiyə!”

Türkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı aktrisa, rejissor Məlahət Abbasova: “Allahım, sən Türkiyəmizi qoru! Qardaş qanı axmasın. Hələ də şokdayıq”.

Müğənni İbrahim Tatlıses “Millət çevrilişin qarşısını aldı” başlıqlı telekanal xəbərinin fotosunu şəxsi İnstaqram hesabında paylaşaraq, bu sözləri əlavə edib: “Budur, Türkiyə Cümhuriyyəti. Milləti bu…!!!”

Jurnalist Ayşe Arman: “90 nəfər həyatını itirdi…1154 nəfər isə yaralandı. Çox pis. Kabus kimi…Allah bir daha yaşatmasın!!! Demokratiyadan başqa çarə yoxdur. Çevrilişə yox. Gördüyünüz və oxuduğunuz hər şeyə inanmayın. Heç bir şey göründüyü kimi olmaya bilər. Soyuqqanlı olmaqda fayda var”.

Prodüser, TV8 kanalının rəhbəri Acun İlicalı: “Millətcə demokratiyaya sahib çıxdığımız bu gün türk olmaqdan qürur duyuram. Demokratiyanı müdafiə edərkən şəhid olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalər diləyirəm”.

Gənc aktrisa Özge Özpirinçi: “Xahiş edirəm evinizdən çıxmayın. Yalvarıram, evinizdə qalın. Ailənizlə, sevdiklərinizlə qalın”.

Son dönəmdə məşhurlaşan aktrisa Yasemin Allen: “Əsgərin boğazını, başını kəsən canilərlə İŞİD-çilər arasındakı fərqi tapın: Qara, loqolu tişört”.

Müğənni Demet Sağıroğlu: “Çevriliş tamaşası…Heç bir halda küçəyə çıxmayın. Demokratiya üçün zamanında küçəyə çıxmayın deyənlər sizə indi küçəyə çağırır. Aldanmayın, dostlar. Məhmətçiklə polisimizi əl birliyi ilə kim qarşı-qarşıya gətirdisə, bu xalqı bir-birinə kim düşürdüsə, sizə yazıqlar olsun”.

Pərvin


Müəllif: