17 İyul 2016 23:15

Hüquq mühafizə orqanları silahlı qruplaşmanın zəbt etdiyi polis məntəqəsinə əlavə qüvvələr cəlb ediblər. Hadisə yerinə polis əməkdaşlarının olduğu daha 2 avtobus, 4 yük maşını cəlb olunub.

Qeyd edək ki, Yerevanda silahlı şəxslərin ələ keçirdiyi post-patrul xidmətinin binasında 6 polis əməkdaşı girov saxlanılır.

***

İrəvanda güc qurumları girovların azad edilməsi üzrə xüsusi əməliyyata başlayıb.

Bu barədə Publika.az RİA Novosti-yə istinadən məlumat verir.

14:28

Ermənistan parlamentinin deputatı Nikol Paşinyan silahlıların ələ keçirdiyi binadan buraxılıb. Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Yeqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar.

"Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verməsini tələb edir", - deyə deputat qeyd edib.

Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına sonadək mübarizə aparmağa kökləniblər.

Qeyd edək ki, silahlıların polisin binasına hücumu zamanı 1 polis əməkdaşı öldürülüb, iki asayiş keşikçisi yaralanıb. Erməni mətbuatının məlumatına görə, silahlı şəxslər arasında da yaralanan var. Ermənistan polisi tərəfindən silahlıların əməliyyatının gedişi barəsində hər hansı rəsmi açıqlama verilmir.

12:18

Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir. Bu barədə Trend TASS-a istinadən xəbər verir. Lakin hələ rəsmi məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar da var.

Müxalif qruplaşmanın bəyanatında deyilir ki, cinayətkar qrupun təşkilində təqsirləndirilərək iyunun 20-də həbs olunan müxalifət nümayəndəsi Jirayr Sefilyanın tərəfdarları “Ermənistanda vəziyyəti dəyişmək niyyətində” olduqlarını elan edirlər.

Qeyd olunur: “Biz artıq İrəvanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni (qədim türk adı Ərbun) məhəlləsinə nəzarət edirik”.

11:40

Bir qrup silahlı şəxsin Ermənistanın paytaxtı İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücumu zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Report.az erməni mətbuatına istinadən xəbər verir ki, hələlik öldürülmüş şəxsin və xəsarət alanların kimliyi barədə məlumat verilmir.

İlkin məlumatlara görə, hücum edənlər polis rəisinin müavini Valeri Osipyanı girov götürüblər.

11:30

Bir qrup silahlı şəxs Ermənistanda polis bölməsinin binasını ələ keçirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt İrəvan yaxınlığındakı Erebuni (qədim türk adı Ərbun) rayonunda baş verib. Silahlılar qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham edilərək həbs olunmuş müxalif "Yeni Ermənistan" ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə əraziyə qoşun göndərilib. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polis rəsmi bəyanatla çıxış edəcək.

Hüquq-mühafizə orqanları hadisə zamanı yaralananların olduğunu açıqlayıblar. "Kommersant"ın məlumatına görə isə hücum zamanı bir nəfər ölüb.

Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.


Müəllif:
Загрузка...