19 İyul 2016 13:42
803

Türkiyədə iyulun 15-də baş verən hakimiyyət çevrilişi cəhdi diqqəti Türkiyə Silahlı Qüvvələri, onun personalı, general və zabit heyətinə yönəldir.

Teleqraf.com xəbər verir ki, Türkiyə tarixində “xəyanət gecəsi” kimi adlandırılan 15 iyulda qanlı çevriliş cəhdinə qarşı başlanan əməliyyat hazırda davam edir. İndiyə qədər 112 general və 61 admiral həbs edilib.

Hazırda saxlanılan general və admiralların sayı ümumilikdə Türkiyə Silahlı Qüvvələrində xidmət keçən general və admiralların ümumi sayının üçdə birini təşkil edir. Bu günə qədər qanunsuz hərbi çevriliş cəhdinə görə aralarında əsgər, polis, məmur və vətəndaşların da olduğu 8314 nəfər nəzarətə alınıb, 9577 nəfər isə vəzifəsindən çıxarılıb.

Teleqraf.com “Sözcü”yə istinadən bildirir ki, hərbi qiyamın başında duran şəxslər artıq müəyyən edilib. Çevrilişin beyinləri zərərsizləşdirilərək tam kontrola götürülüb.

“Xəyanət gecəsi”nin “memar”ları və beyinləri əsasən aşağıdakı yüksək çinli hərbçilərdir:

Hərbi Hava Qüvvələrinin sabiq komandanı, Yüksək Əsgəri Şuranın üzvü ordu generalı Akın Öztürk, Ordu generalı Adəm Hüdud, İkinci Ordu Baş Qərargah rəisi və Malatya Qarnizon komandiri general Avni Anfun, Yeddinci Jey Üst komandiri Emin Ayıq, general-leytenant Erdal Öztürk, general Fəthi Alpay, general Məhmət Özlü, general Haluk Şahar, general Sərdar Gülbaş, general Şaban Umit, general İrfan Can, general Erdal Akyıldız, general İmdad Bahrı Biber, general Əhməd Bicer, general Özkan Aydoğdu, general Eyyub Gürlər, general Ömər Məsud Akın və digərləri.

Teleqraf.com həmçinin Türk Silahlı Qüvvələrinin 2016-cı ilin yanvarına qədər olan personalının sayını da təqdim edir.

Bu ilin yanvarının məlumatına görə Türkiyə Silahlı Qüvvələrində 358 general və admiral xidmətdə olub. 39.782 zabit, 97.110 çavuş, 21.978 jandarma mütəxəssisi, 73. 975 mütəxəssis erbaş və 8.611 müqavilələri əsgər olmaqla 241.814 nəfər Türk Silahlı Qüvvələrində müxtəlif vəzifə tutur. Eyni zamanda Türk Silahlı Qüvvələrində 7.377 ehtiyatda olan zabit, 332.509 əsgər və çavuş var.

Türk Silahlı Qüvvələrində 574.323 nəfər hərbi, 51.681 mülki məmur olmaqla 626 mindən çox personal var.
Bundan başqa hər il hərbi xidmətə çağırılan Türkiyə Cümhuriyyətinin vətəndaşlarının sayı 700 min civarında olur.

2016-ci ilin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin personalı 675 min 23 nəfərdir.

Eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin büdcəsi 2012-ci ildə 18,02 milyard ABŞ dolları olub.

Onu da qeyd edək ki, Türk Silahlı Qüvvələri 6 istiqamətli ordu birləşməsindən ibarətdir. Bura Quru Qoşunları, Dəniz Qüvvələri, Hava Qüvvələri, Jandarma, Sahil Təhlükəsizlik və Xüsusi Təyinatlı Qüvvələr daxildir.

Türkiyə Silahlı Qüvvələri 3 may 1920-ci ildə qurulub. Türk Silahlı Qüvvələrinin ali baş komandanı Türkiyə Cümhuriyyətinin prezidentidir.

NEMƏT


Müəllif: