21 İyul 2016 12:00

Xəbər verdiyimiz kimi, İrəvanda gecə saatlarında polislə etirazçılar arasında toqquşmalar baş verib.

Etirazçı kütlə dağıdıldıqdan sonra şəhərdə kütləvi həbslər başlayıb. İrəvan polisinin mətbuat xidmətindən verilən məlumata görə, hadisələrdə şübhəli bilinən 136 nəfər saxlanılıb:

"Etirazçılar Xorenatsi, Tiqran Mets, Nar-dos küçələrində polisə daş atıblar. Hadisə nəticəsində 28 polis yaralanıb. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib".

Saat 10:01

Ermənistanın paytaxtı İrəvanda polislə etirazçılar arasında toqquşmalar baş verib.

Teleqraf.com news.am saytına istinadən xəbər verir ki, toqquşmalar silahlı şəxslər tərəfindən ələ keçirilən polis alayının qarşısında yaşanıb.

İnsident zamanı 50 nəfərdən çox insan saxlanılıb. İrəvan polisindən verilən məlumata görə, toqquşmalar nəticəsində 28-i təhlükəsizlik işçisi olmaqla 51 nəfər yaralanıb. Onlar İrəvandakı xəstəxanalara yerləşdirilib.

Gecə boyu davam edən toqquşmalardan sonra polis etirazçıları dağıtmağa müvəffəq olub. Ermənistan prezidenti və dövlət hakimiyyəti orqanları hələ də baş vermiş hadisələrə münasibət bildirməyiblər.

Silahlılar isə təslim olmaq niyyətində deyil. Onlarla aparılan danışıqlar heç bir nəticə verməyib. Silahlı şəxslər 5-ci gündür ki polis alayında 4 nəfəri girov saxlayır.

Qeyd edək ki, İrəvanda naməlum şəxslər polis şöbəsinə hücum edərək, bir neçə nəfəri girov götürüblər. Onlar radikal müxalif Müəssislər Məclisi təşkilatının rəhbəri Jirayr Səfilyanın həbsdən azad edilməsini tələb edirlər.

Hadisədən bir gün sonra yüzlərlə insan silahlılar tərəfindən ələ keçirilmiş polis alayının binası yaxınlığında toplaşıblar. Etirazçılar silahlı şəxslərə dəstək nümayiş etdirib və onları qəhrəman adlandırıblar: “Onlar öz həyatlarını bizim hamımızın daha yaxşı gələcəyi naminə təhlükə altına qoyublar. Onlar terrorçu deyil. Terrorçunun necə olduğu və nə etdiyini hamımız bilirik. Onlar ümidsizlikdən bu addımı atmağa məcbur olublar. Onlar qəhrəmandırlar”.

Samir


Müəllif:
Загрузка...