26 İyul 2016 10:10
670

İrəvanda polis alayını tutan silahlı şəxslərə dəstək məqsədi ilə keçirilən yürüş başa çatıb.

Teleqraf.com news.am saytına istinadən xəbər verir ki, bununla bağlı "Təsis parlamenti"nin nümayəndəsi Alek Yeniqomşyan məlumat verib.

Onun sözlərinə görə, xalq hakimiyyətə səhər saat 9-a kimi vaxt verib. Göstərilən vaxta qədər nümayiş iştirakçıları Xorenatsi küçəsinə qida məhsulları gətirəcək və deputat Zarui Postancyanla həmin məhsulları polis alayını tutan şəxslərə verəcəklər.

Yeniqomşyan əlavə edib ki, nümayişçilərin əsas məqsədi hakimiyyətin istefasına nail olmaqdır.

Bu arada, polis alayına hücum edən şəxslər təhlükəszilik işçilərinin avtomobillərinə od vurublar: "İlk olaraq, polis avtobusuna, daha sonra "Qazel" markalı mikroavtobusa od vuruldu. Bu gün səhər isə "Samand" markalı polis avtomobili yandırılıb".

Qeyd edək ki, silahlı şəxslər iyulun 17-də polis alayına hücum edib və oranı ələ keçiriblər. Hücum zamanı 1 polis əməkdaşı öldürülüb, 3-ü xəsarət alıb. Hazırda silahlılar 4 polis əməkdaşını girovluqda saxlayırlar. Onlar Serj Sarkisyanın istefasını və "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Səfilyanın azad edilməsini tələb edirlər.

İyulun 20-dən başlayaraq, İrəvanda silahlı şəxslərə dəstək məqsədilə yürüş təşkil edilib. Həmin gün gecə saatlarında polislə nümayişçilər arasında toqquşmalar baş verib. Hadisələr zamanı 29-u polis olmaqla 51 nəfər xəsarət alıb, 130-dan çox yürüş iştirakçısı saxlanılıb.

Samir


Müəllif: