27 İyul 2016 15:13
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda polis alayını tutduqdan sonra 4 həkimi də girov götürən silahlılar şərtlərini açıqlayıblar.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, onlar Ermənistan səhiyyə nazirinin dərhal ora gəlməsini tələb ediblər. Silahlılar nazirin yaralı qruplaşma üzvlərini əməliyyat edəcəyini bildiriblər.

Saat 12:39

Xəbər verdiyimiz kimi, silahlı şəxslər iyulun 17-dən İrəvanda polis alayını ələ keçiriblər. Dünən silahlılarla polis arasında atışma baş verib. Hadisələr zamanı iki silahlı yaralanıb.

Hadisədən dərhal sonra polislər silahlılara tibbi yardım təklif ediblər. Silahlı şəxslər tibbi yardım üçün polis binasına daxil olan 4 həkimi də girov götürüblər.

Faktı Ermənistan Səhiyyə Nazirliyi təsdiq edib: "Həkimlər Narayr Tevanyan və Salvador Xeçoyan, tibb işçiləri David Tonoyan və Malina Markaryan girov götürülüb".

Saat 09:59

İyulun 17-də İrəvanda polis alayını ələ keçirən silahlı şəxslərdən ikisi təslim olub.

Teleqraf.com news.am saytına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan verib.

Onun sözlərinə görə, təslim olanlar Qaqaik Yeqiazaryan və Aram Akopyandır: "Dünən baş verən atışmada isə silahlı şəxslərdən iki nəfər - Pavel Manikyan və onun oğlu Aram, eləcə də bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Danışıqlar davam edir".

Bu arada, İrəvanda silahlı şəxslərə dəstək məqsədi ilə keçirilən yürüş zamanı polislə nümayiş iştirakçıları arasında toqquşmalar yaşanıb. 30-dan çox aksiyaçı saxlanılıb.

Qeyd edək ki, silahlı şəxslər iyulun 17-də polis alayına hücum edib və oranı ələ keçiriblər. Hücum zamanı 1 polis əməkdaşı öldürülüb, 3-ü xəsarət alıb. Hazırda silahlılar 4 polis əməkdaşını girovluqda saxlayırlar. Onlar Serj Sarkisyanın istefasını və "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Səfilyanın azad edilməsini tələb edirlər.

İyulun 20-dən başlayaraq İrəvanda silahlı şəxslərə dəstək məqsədilə yürüş təşkil edilib. Həmin gecə polislə nümayişçilər arasında toqquşmalar baş verib. Hadisələr zamanı 29-u polis olmaqla 51 nəfər xəsarət alıb, 130-dan çox yürüş iştirakçısı saxlanılıb.

Samir


Müəllif: