28 İyul 2016 12:05
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 12-ci gündür ki, silahlı şəxslər İrəvandakı polis alayının binasını ələ keçiriblər. Silahlılarla aparılan danışıqlar heç bir fayda verməyib.

Teleqraf.com news.am saytına istinadən xəbər verir ki, İrəvanda gecə boyu vəziyyət gərgin olub. İrəvanla yanaşı Gümrüdə də bir qrup şəxs silahlılara dəstək məqsədilə yürüş təşkil edib.

Təhlükəsizlik işçiləri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Bir neçə fəalın saxlanıldığı bildirilib.

Məlumatlara görə, İrəvanda saxlanılan şəxslərin isə bir qismi azad edilib. Bununla bağlı İrəvan polisinin nümayəndəsi Ayvazyan nümayiş iştirakçılarını məlumatlandırıb.

O, aksiyaçıları dağılmağa çağırıb. Ayvazyanın bu çıxışı kütlənin etirazına səbəb olub və onlar polis rəsmisini fitə basıblar.

Gecə saatlarında nümayiş iştirakçılarından bəziləri Xorenatsi küçəsini tərk ediblər. "Təsis parlamentinin" üzvü Arutyun Aqlamazyan xalqı dağılmamağa çağırıb. Ancaq bir çox aksiyaçılar onun bu sözlərinə məhəl qoymayıblar.

Erməni mediasında yayılan məlumatlara görə, aksiya iştirakçıları cümə günü axşamdan etibarən yenidən yürüş təşkil etməyə hazırlaşırlar.

Qeyd edək ki, silahlı şəxslər iyulun 17-də polis alayına hücum edib və oranı ələ keçiriblər. Hücum zamanı 1 polis əməkdaşı öldürülüb, 3-ü xəsarət alıb. Hazırda silahlılar 4 polis əməkdaşını girovluqda saxlayırlar. Onlar Serj Sarkisyanın istefasını və "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Səfilyanın azad edilməsini tələb edirlər.

İyulun 20-dən başlayaraq, İrəvanda silahlı şəxslərə dəstək məqsədilə yürüş təşkil edilib. Həmin gecə polislə nümayişçilər arasında toqquşmalar baş verib. Hadisələr zamanı 29-u polis olmaqla 51 nəfər xəsarət alıb, 130-dan çox yürüş iştirakçısı saxlanılıb.

İyulun 26-da silahlılarla polislər arasında atışma baş verib. Hadisə zamanı 2 silahlı və 1 polis yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Oxşar hadisə iyulun 27-də də baş verib. Yaralı qruplaşma üzvlərinə tibbi yardım göstərmək üçün polis alayının binasına daxil olan 4 həkim də girov götürülüb.

Samir


Müəllif: