22 Aprel 2014 13:26
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər nazirliyi ABŞ və Çexiya nümayəndələrini Ukrayna ilə sərhədində monitorinq aparmağa dəvət edib.

Rusiya XİN rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin sözlərinə görə, bu təklif ABŞ-ın 14-16 aprelə təyin olunmuş müşahidə uçuşunu təxirə salması ilə bağlıdır.

Əldə olunmuş razılıq nəticəsində, Rusiya ərazisi üzərində həyata keçirilməli olan bu uçuşun təxirə salınması, ABŞ KİV-lərində müxtəlif fərziyyələrə səbəb olub.

“Rəsmi mənbələrdən əldə edilən informasiyaya əsaslandığını iddia edən jurnalistlər yazırlar ki, bu qərar Rusiyanın Ukraynada əməliyyat keçirməyə hazırlaşması və Rusiyanın ABŞ-a müşahidə uçuşunu qadağan etməsi ilə bağlıdır. Bizi razılaşmanı pozmaqda ittiham edirlər. Lakin, razılaşmaya əsasən, uçuşlar yalnız hava şəraiti ilə əlaqədar olaraq təxirə salına bilər. Jurnalistlər isə həmin günlərdə hava ilə heç bir problemin olmadığını, uçuşla bağlı heç bir təhlükənin yaranmadığını iddia edirlər”, - deyə, XİN rəsmisi bildirib.

Lukaşeviç bütün ittihamları rədd edərək, bildirib ki, aprelin 14-ü nə ABŞ, nə də Çexiya nümayəndələri təyin olunmuş vaxta Rusiya-Ukrayna sərhəddinə gəlməyib.

“ABŞ tərəfinin xahişinə əsasən görüş vaxtı 24 saat təxirə salınıb. İkinci dəfə müraciət daxil olanda, biz çəkdiyimiz maliyyə xərclərimizi nəzərə alaraq, imtina etdik. Lakin, gizlədəcək bir məsələmiz yoxdur. İmkan yaranınca, Rusiya, ABŞ və Çexiya nümayəndələri monitorinq keçirərək, sərhəddə rus qoşunlarının olmadığının şahidi ola bilərlər”, - deyə Aleksandr Lukaşeviç bəyan edib.

Ülviyyə


Müəllif: