25 İyun 2014 18:02

İraqın Baş naziri Nuri əl-Maliki kürd muxtariyyətinin rəhbəri Məsud Bərzanini terrorçulara dəstək göstərməkdə təqsirləndirir.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Baş naziri bildirib ki, M.Bərzaninin "hazırda İraqda hər şey başqa cürdür" sözləri administrasiyanın "İraq və Şam İslam Dövləti" təşkilatının silahlıları ilə sıx əlaqələrinin olduğunu təsdiq edir.

Onun sözlərinə əsasən, terrorçular İraqa təhlükə törədir və ölkədə bütün qüvvələr onlara qarşı mübarizə aparmalıdır.

Qeyd edək ki, daha əvvəl İraqın kürd muxtariyyətinin rəhbəri M.Bərzani muxtariyyətin müstəqillik haqqında referendum keçirməyə hazır olduğunu bildirmişdi.

O, İraqda hazırda ciddi siyasi xaosun hökm sürdüyünü deyib: "İraq ordusu ölkəyə nəzarəti itirib. Müxtariyyət hər zaman ölkənin bütövlüyünü dəstəkləsə də, kürdlərin qorunması məqsədilə müstəqillik haqqında referenduma hazırdır".

Onun sözlərinə görə, İraqda baş verən qanlı toqquşmaların tək səbəbi hakimiyyətin sünni müsəlmanlara və digər siyasi qruplara qarşı birmənalı siyasəti olub. M.Bərzani onu da qeyd edib ki, ölkənin Baş naziri istefaya getməlidir.

Xatırladaq ki, iyunun 10-da "İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə İŞİD yaraqlıları İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.


Müəllif: